Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən həmin dövlətin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi bütün soydaşlarımız kimi məni də bir alim kimi çox narahat edir. Azərbaycan Respublikası və Rusiya Federasiyası uzun müddət bir ittifaq dövlətində birləşən və bu gün beynəlxalq cəmiyyətə sıx inteqrasiya edən qonşu dövlətlərdir. Azərbaycan Respublikası digər qonşuları ilə yanaşı, Rusiya Federasiyası ilə də əməkdaşlıq münasibətlərini daim yenidən qurur və daha da inkişaf etdirir. Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsində deyilir ki, ölkəmiz başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
Uzun müddət qonşuluq və birgəyaşayış siyasətinə hörmətlə yanaşan Azərbaycan Respublikası bu siyasəti beynəlxalq təşkilatlarda da uğurla aparır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan beynəlxalq əməkdaşlıq siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda uğurla davam etdirilir. Belə ki, dövlətimiz təkcə insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, ATƏT, Beynəlxalq Əmək Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və s.) üzvüdür. Bu təşkilatlar içərisində kifayət qədər sazişlər imzalanan və Azərbaycan Respublikasının da mühüm önəm verdiyi Müstəqil Dövlətlər Birliyi xüsusi yer tutur. Baxmayaraq ki, digər MDB üzvü olan təcavüzkar Ermənistan tərəfindən hələ SSRİ dövründə 1988-ci ildən başlayan növbəti işğalçılıq siyasəti əzəli Azərbaycan torpaqları olan yerlərdən iki yüz mindən çox azərbaycanlının kütləvi deportasiya edilməsi və növbəti genosid faktı ilə nəticələnmişdir. Ermənistanın sonrakı təcavüzü Azərbaycan ərazisinin 20 faizindən çoxunu işğal etməsi və 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından didərgin düşməsilə nəticələnmişdir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 900 yaşayış məntəqəsi dağıdılıb talan edilmiş, 20 min nəfərdən çox azərbaycanlı öldürülmüş, 50 mindən artıq yaralanmış və əlil olmuş, bir neçə min nəfər itkin düşmüşdür. Məhkəməsiz edamlar, mülki əhalinin kütləvi gülləbaran edilməsi, götürülmüş girovların Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində məcburi qaydada ən ağır işlərdə işlədilməsi, döyülmə, işgəncə və başqa kobud, qeyri-insani rəftar ən adi hala çevrilmişdir. Xocalı soyqırımının dəhşətləri daha ağırdır. Bununla da təcavüzkar Ermənistan tərəfindən nəinki beynəlxalq hüququn ümumtanınmış prinsipləri kobud şəkildə pozulmuş, eyni zamanda insan hüquqları sahəsində mühüm beynəlxalq sənədlər: İnsan hüquqları haqqında Ümumi Bəyannamə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyaları və s. beynəlxalq normalar ayaq altına salınmışdır.
Azərbaycan Respublikası dünya dövlətləri ilə nəinki universal və regional əsasda, eyni zamanda ikitərəfli əsasda da sıx əməkdaşlıq münasibətləri qurmuşdur. Belə münasibətlər tam balanslaşdırılmış siyasətə söykənir. Müxtəlif istiqamətlərdə imzalanan ikitərəfli müqavilələr buna əyani sübutdur. Hərdən dövlətlərarası istiqamətlərdə yüksək səviyyədə qurulmuş əlaqələr həmin dövlətlərin bəzi təsisatları (ayrı-ayrı nümayəndələri) və hakimiyyət qolları tərəfindən qısqanclıqla qarşılanır. Belə ki, Rusiya Federasiyasının Ali Məhkəməsi 15 may 2017-ci il tarixdə Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi barədə gözlənilməz qərar vermişdir. Azərbaycanın Xarici İşlər Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin məhkəmə hökmü ilə qeydiyyatının ləğvi barədə qərarının tam haqlı olaraq təəssüf və təəccüb doğurduğunu bildirmişdir. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvilə əlaqədar Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin bəyanatında isə deyilir ki, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər.
Ümumrusiya Azərbaycanlıları Konqresi
2001-ci ildə yaradılmışdır. Konqres Azərbaycanın
xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır.
Diaspor təşkilatlarının
qarşılıqlı olaraq tanınması və onların
fəaliyyətinə kömək edilməsi Azərbaycan
Respublikası və Rusiya Federasiyası dövlətləri
arasında müxtəlif səviyyələrdə dəfələrlə
imzalanmış və ratifikasiya edilmiş beynəlxalq
müqavilələrin predmeti olmuşdur. Həmin
diaspor təşkilatları qonşu ölkədə
yaşayan Azərbaycan vətəndaşlarının və
azərbaycanlıların, o cümlədən Rusiya
Federasiyası vətəndaşlarının və
rusların hüquqlarının təminatında əhəmiyyətli
yer tutur. Bu münasibətlər beynəlxalq
konvensiyalarla - 1961-ci il tarixli Diplomatik münasibətlər
haqqında Vyana Konvensiyası, 1963-cü il tarixli Konsul
münasibətləri haqqında Vyana Konvensiyası ilə tənzimlənir.
Eyni zamanda
insan hüquqlarının təminatında diplomatik müdafiə
institutunun mühüm elementidir. Diplomatik müdafiə isə Beynəlxalq
Ədalət Məhkəməsi Daimi Palatasının
1924-cü il Qətnaməsində beynəlxalq
hüququn elementar prinsipi kimi təsbit edilmişdir. Diplomatik müdafiə hər bir dövlətin
dövlət suverenliyindən irəli gələn bir
hüququdur. Diplomatik müdafiə ilə əlaqədar
məsələlər Azərbaycan Respublikası
Konstitusiyasında da əks olunmuşdur. Belə
ki, Konstitusiyanın 53-cü maddəsinin 3-cü hissəsində
qeyd edilir ki, Azərbaycan Respublikası onun ərazisindən kənarda
müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının hüquqi
müdafiəsinə təminat verir və onlara hamilik edir.
Rusiya Federasiyası Konstitusiyasının 61-ci
maddəsinin 2-ci bəndi ilə Rusiya Federasiyası onun ərazisindən
kənardakı Rusiya vətəndaşlarını müdafiə
edir və onlara himayəçilik edir. Problemin
əhatəliliyi bu istiqamətdə dövlətdaxili
qanunvericilik aktlarının qəbul edilməsi ilə nəticələnmişdir.
Məsələn, 24 may 1999-cu ildə qəbul edilmiş
“Xaricdə yaşayan həmvətənlərə münasibətdə
Rusiya Federasiyasının dövlət siyasəti haqqında”
qanunu və s. Belə bir qanun Azərbaycan Respublikasında da -
“Xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasəti haqqında” 27 dekabr 2002-ci il tarixdə
qəbul edilmişdir. Qanunun 1-ci maddəsinə görə
xaricdə yaşayan azərbaycanlılar dedikdə, Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan və
özünü azərbaycanlı hesab edən
aşağıdakı şəxslər başa
düşülür: Azərbaycan Respublikası vətəndaşları
və onların övladları; əvvəllər Azərbaycan
SSRİ-nin və ya Azərbaycan Respublikasının vətəndaşları
olmuş şəxslər və onların övladları;
yuxarıda qeyd edilən şəxslər kateqoriyasına aid
olmayan, lakin əmlak, dil, mədəniyyət və ya xarici əlaqələr
baxımından özünü azərbaycanlı hesab edən
şəxslər və onların övladları. Qanunun 2-ci
maddəsində xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasətinin məqsədləri
kimi aşağıdakılar müəyyənləşdirilmişdir:
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş
prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun
olaraq, eləcə də müvafiq xarici dövlətlərin
qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan
azərbaycanlıların əsas hüquq və
azadlıqlarını həyata keçirməklə,
onların öz milli özgürlüyünü qoruyub
saxlamasına və inkişaf etdirilməsinə kömək
göstərmək; xaricdə yaşayan azərbaycanlıların
Azərbaycan Respublikasının dövlət orqanları, eləcə
də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr
qurmasına və inkişaf etdirməsinə, Azərbaycan
Respublikasının daxili və xarici siyasəti, ölkənin
iqtisadi, sosial və mədəni həyatı haqqında
informasiya almasına şərait yaratmaq, xaricdə yaşayan
azərbaycanlıların Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin və suverenliyinin
qorunmasına və möhkəmləndirilməsinə,
iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin
və dövlətin siyasi həyatına, habelə Azərbaycan
Respublikası ilə digər dövlətlər arasında
qarşılıqlı surətdə faydalı münasibətlərin
qurulması və inkişaf etdirilməsinə cəlb etmək;
beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin
qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların
milli-mədəni muxtariyyətlər və ictimai birliklər
yaratmaq hüququnun həyata keçirilməsinə yardım
göstərmək.
Problemin digər bir tərəfi. Azərbaycan
xalqının digər qonşu xalqlarla yanaşı, rus
xalqı ilə də uzun əsrlərə söykənən
mehriban qonşuluq, dostluq münasibətləri var. Biz hər
zaman bir-birimizin adət-ənənələrinə, mədəniyyətinə,
ədəbiyyatına böyük hörmətlə, sevgi ilə
yanaşmışıq. Respublikamızda
digər dillərlə yanaşı, rus dilinə də
böyük hörmət göstərilir. Mənim də işlədiyim Bakı Dövlət
Universitetinin Hüquq fakültəsində Azərbaycan
bölməsi ilə yanaşı, həm bakalavr, həm də
magistratura pilləsində ingilis və rus bölmələri
fəaliyyət göstərir. Tələbələrə,
magistrantlara, gənc tədqiqatçılara tövsiyə
edilən ədəbiyyatlar sırasında Azərbaycan ədəbiyyatı
ilə bərabər, ingilis və rus dillərində ədəbiyyatlar
da birinci yerdə dayanır. Bakı
Dövlət Universitetində fəaliyyət göstərən
hüquq üzrə fəlsəfə və elmlər doktoru
üzrə dissertasiya şurasının tərkibinə
Polşa, Rusiya və Ukraynanın nüfuzlu alimləri daxil
edilmişlər. Şurada keçirilən
müdafiə və müzakirələrdə bu istiqamətdə
ciddi qarşılıqlı araşdırmalar aparılır.
Fakültəmizdə digər dövlətlərin
universitetləri ilə də sıx əlaqələr
qurulmuş və birgə uğurlu tədris aparılır (məsələn,
ABŞ-in nüfuzlu Tüleyn Universiteti ilə, Almaniyanın
Vürzburq Universiteti ilə və s).
Azərbaycan Respublikası müxtəlif istiqamətlərdə
digər dövlətlərlə imzaladığı ikitərəfli
sazişlərə və beynəlxalq müqavilələrə
həmişə sadiqdir. Rusiya Federasiyası ilə
imzaladığı ikitərəfli sazişlər dairəsi
isə daha genişdir. Bura miqrasiya problemləri, sosial təminat
məsələləri, mədəniyyət, elm və təhsil
sahəsində əməkdaşlıq, iqtisadi sferada əməkdaşlıq
və s. kimi çoxlu sahələr daxildir. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun digər dövlətlərlə bərabər, Rusiya
Federasiyasında həyata keçirdiyi mühüm
irimiqyaslı layihələr iki dövlət arasındakı
münasibətlərin inkişafına xüsusi dəstək
vermişdir. Azərbaycanda yaşayan rus millətinin
nümayəndələri öz ana dillərində çox
yüksək səviyyədə təhsil alır, dillərini,
milli xüsusiyyətlərini yaşadır, dini ayinlərini
tam azad icra edirlər. Biz təkcə rus
millətinin nümayəndələrinə deyil, digər millətlərə,
xalqlara da bu cür hörmət və ehtiramla
yanaşırıq. Onların hər birindən
də özümüzə qarşı eyni münasibəti
görürük. Azərbaycan
Respublikası multikultural və tolerant bir ölkədir. Burada tam mədəni müxtəliflik hökm
sürür. Bu bizim tariximizdən, adət-ənənələrimizdən
və soykökümüzdən irəli gəlir.
Rusiya da çoxmillətli, çox zəngin və qədim
tarixə malik bir dövlətdir. Bu nöqteyi-nəzərdən
Ümumrusiya Azərbaycanlıları Konqresinin
qeydiyyatının ləğv edilməsi başa
düşülən deyil. Axı bu ən
azı insan hüquqlarının təminatına ciddi zərbə
vura bilər. Qloballaşma və beynəlxalq
münasibətlərin humanistləşməsi müstəvisində
insan hüquqlarına vətəndaşlıq prizmasından
deyil, “hər kəsin” və ya “hamının”
hüquqlarının təminatı prizmasından
yanaşılması isə bütün dövlətlərin
geri çəkilə bilmədiyi öhdəliklərdəndir.
Rusiya Federasiyası həm də ATƏT-in Minsk
qrupunun üzvü kimi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminin həllində vasitəçi kimi
çıxış edir. Başqa sözlə desək,
Azərbaycan ictimaiyyətini narahat edən məqamlardan biri də
budur ki, Rusiya Federasiyası Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinə
dair danışıqlarda vasitəçilik missiyasını
həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən
biridir.
Ümumrusiya Azərbaycanlıları Konqresi iki milyonadək azərbaycanlını təmsil edir. Uzun illərdir ki, fəaliyyət göstərən bu təşkilat heç vaxt öz işində ciddi nöqsanlara yol verməmişdir. Rusiya hökuməti tərəfindən ona qarşı kəskin addımlar atılmamışdır. Ümumrusiya Azərbaycanlıları Konqresi heç bir zaman Rusiya Federasiyasının qanunlarından kənara çıxmamışdır. Əksinə, iki dövlət arasındakı əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verməyə çalışmışdır. Rusiyanın bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, eləcə də bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini yenə də böyük fəallıqla davam etdirirlər. Belə bir təşkilatı ləğv etməklə Rusiya Federasiyasında yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini şübhə altına alırlar. Əlbəttə ki, Rusiya Federasiyasının dövlət siyasəti bunları qəbul etmir və dövlətimizlə sıx əməkdaşlıq münasibətlərini inkişaf etdirmək məqsədini daim diqqətdə saxlayır. Ona görə də biz ümidsiz deyilik. Əminik ki, Rusiya Federasiyasında fəaliyyət göstərən antiazərbaycançı dairələr məqsədlərinə nail ola bilməyəcəklər. Mayın 15-də verilən qərarın - Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən, bu ölkənin Ali Məhkəməsinin verdiyi qərarın son olduğunu düşünmürük. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı məsələsinə yenidən, daha yüksək instansiyalarda baxılacağına, bu işdə Rusiya Federasiyasının mühüm dövlət orqanlarının hərəkətə keçəcəyinə və bu dəfə ədalətli qərar çıxarılacağına ümid edirik. Bu, uzunmüddətli Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin tələbi, o cümlədən beynəlxalq hüquqa əməl edilməsi və insan hüquqlarının təmini zəruriliyi ilə birbaşa bağlıdır.
Əmir ƏLİYEV,
Bakı Dövlət Universitetinin professoru,
hüquq üzrə elmlər doktoru
Azərbaycan.-
2017.- 19 may.- S. 11.