Xəzərin ən nəhəng,
dünyanın müasir neft infrastrukturu
Prezidentin təşəbbüsü
ilə tikilmiş Heydər Əliyev adına Yarımdalma Qazma
Qurğusu Azərbaycanın neft sənayesinin inkişaf
göstəricisidir
Mayın
18-də Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin
dəniz təchizat və logistika bazasında Heydər
Əliyev adına yarımdalma qazma qurğusunun
açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev və “Caspian Drilling” Şirkətinin baş direktoru Fərid Axundov dövlətimizin başçısına qurumun 1996-2016-cı illər ərzində fəaliyyəti, əməliyyatlar üzrə səmərəli vaxt cədvəlinin dünyanın digər qazma şirkətləri ilə müqayisəsi, həmçinin Heydər Əliyev adına yarımdalma qazma qurğusu barədə məlumat verdilər.
Qurğunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıması xüsusilə əhəmiyyətə malikdir. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev Xəzər dənizində qazma işlərinin sürətləndirilməsi məqsədilə müasir qurğulardan istifadə olunmasını daim diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1970-1980-ci illərdə ölkəyə “Şelf” tipli qazma qurğuları gətirilib, müstəqillik illərində onlar yenidən qurularaq “Dədə Qorqud” və “İstiqlal” kimi üzən qazma qurğuları yaradılıb. Sonralar dənizin dərin hissələrində kəşfiyyat-qazma işlərinin həyata keçirilməsi məqsədilə “Dədə Qorqud” və “İstiqlal” yarımdalma qazma qurğularında yenidənqurma işləri aparılıb, dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işlərinin aparılması üçün imkan yaradılıb. 2000-ci ildə inşa edilmiş “Lider” qazma qurğusu isə dənizdə suyun dərinliyinin min metr olan hissələrində kəşfiyyat quyuları qazmağa imkan yaradıb.
Prezident İlham Əliyev SOCAR-ın və “Caspian Drilling” Şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
-Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bu hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir. Çünki bu günə qədər Azərbaycanda bu böyüklükdə qazma qurğusu tikilməmişdir. Bu qazma qurğusunun inşaatında iştirak etmiş bütün işçiləri, əməkdaşları təbrik edirəm, onlara minnətdarlığımı bildirirəm. Şadam ki, belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib. Bu qurğunun inşasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Burada biz xarici tərəfdaşlarla növbəti əməkdaşlıq layihəsinin uğurla icra edilməsini görürük. Əlbəttə, bu, reallıqdır. Çünki uzun illərdir Azərbaycan xarici tərəfdaşlarla uğurla əməkdaşlıq edir. Xarici şirkətlər Azərbaycana investisiyalar yatırırlar. Bu qurğuya isə investisiyalar Azərbaycan dövləti tərəfindən qoyulub.
Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır. Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər.
Bu qazma qurğusunun yaradılması tarixi hadisədir. Təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilmişdir. Heydər Əliyev Azərbaycanın müasir neft sənayesinin banisidir. Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlamışdır. Bununla bərabər, hələ 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft sənayesi üçün çox önəmli addımlar atılmışdır. O cümlədən dərin özüllər zavodunun tikintisi Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlamışdı. Əgər o vaxt bu zavod Azərbaycanda tikilməsəydi, - yəqin, siz də eşitmişiniz ki, başqa variantlar da var idi, - Xəzərin digər sahillərində belə zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində dərin özüllər zavodunun tikintisi üçün yer Bakı seçildi. O zavodun bu gün neft sənayemizin, ümumiyyətlə, ölkəmizin inkişafı üçün əvəzolunmaz rolu var. Yəni, hələ 1970-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. O ki qaldı, müstəqillik dövrünə, əgər 1994-cü ildə biz xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın, ümumiyyətlə, iqtisadi vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması tarixi hadisə idi və mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən hörmətli Xoşbəxt müəllimlə birlikdə biz danışıqlarda iştirak etmişik. Biz 1994-cü ilin may ayında İstanbulda və iyul-avqust aylarında isə Amerikanın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda, elə edək ki, xarici investorlar da qaçmasın və onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin kontraktı” imzalandı və bu gün uğurla icra edilir. “Əsrin kontraktı” imzalanmasaydı, indi Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir.
Bizim uğurlu inkişafımızın əsas mənbəyi “Əsrin kontraktı”dır və o layihədən əldə olunan gəlirlərdir. Biz gəlirləri uğurla digər sahələrə yönəltdik. Əlbəttə ki, neft-qaz əməliyyatlarının davam etdirilməsi prosesi getmişdir, “Şahdəniz” layihəsi 1996-cı ildən başlayaraq uğurla icra olunur. Hazırda biz digər layihələr üzərində işləyirik. Heydər Əliyev yarımdalma qazma qurğusu çox perspektivli “Abşeron” qaz-kondensat yatağında işləyəcək. Əminəm ki, biz tezliklə - bir neçə ilə “Abşeron” yatağından da yaxşı nəticələr görəcəyik.
Digər perspektivli layihələrimiz də
gündəlikdədir. “Ümid”,
artıq orada işlər gedir. “Babək”,
“Qarabağ” layihələrinə xarici şirkətlər yenə
də maraq göstərirlər. Vaxtilə
kontrakt imzalanmışdı, sonra ona xitam verildi. Ancaq indi biz bilirik və xarici tərəfdaşlar da
görürlər ki, “Qarabağ” yatağında da
böyük ehtiyatlar var. Yəni, bütün bu işləri
biz ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin
və ölkəmizə daha da çox gəlir gəlsin.
O ki qaldı, icra edilmiş neft layihələrinə, indi
onların hamısı uğurla işləyir. Bakı-Tbilisi-Ceyhan
neft kəməri 11 ildir ki, fəaliyyət göstərir, Cənub
Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Əminəm ki, biz bu layihənin də icrasına
vaxtında nail olacağıq. Biz bu layihənin əsas
hissəsi olan TANAP-ın gələn il
istifadəyə verilməsini qeyd etməliyik. Əminəm
ki, biz buna nail olacağıq.
Mən bu gün, eyni zamanda, xarici tərəfdaşlarla əməkdaşlığımızı
da qeyd etmək istəyirəm. Bu əməkdaşlıq
çox sağlam təməl üzərində qurulubdur.
Həm investor, həm də kontraktor şirkətləri
Azərbaycanda uğurla fəaliyyət göstərirlər.
Əlbəttə ki, onların öz korporativ
maraqları var. Bizim isə dövlət maraqlarımız var
və bu maraqlar üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar
üçün çox gözəl şərait
yaradılıb. Bütün kontraktlar
qanunla təsdiqlənir ki, bu da investorlarda inam yaradır.
Beləliklə, bu gün biz ölkəmizin tarixində
yeni gözəl hadisəni birlikdə qeyd edirik. Bu, nəhəng
qurğu istənilən yerdə qazma işlərini apara bilər.
Yəqin ki, neftçilər yaxşı bilirlər,
sovet dövründə suyun dərinliyinin 200 metrdən
çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz “Azəri-Çıraq-Günəşli”,
“Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan
üçün qoruya bilmişik. Əgər
o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən
çıxacaqdı. Necə ki, bizim
qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin
neft ehtiyatları çar Rusiyası zamanı və sovet
dövründə tükəndi. Amma bu
qurğu ilə biz istənilən yerdə qazma işləri
apara bilərik. Bu qurğu suyun min metr dərinliyində
işləyə bilər. Mənə verilən
məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə
bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə
göstərir ki, biz nə qədər böyük bir layihəyə
start verdik. Eyni zamanda, göstərir ki, bizim
işçilərimiz, mühəndislər, fəhlələr
nə qədər yaxşı iş görüblər. Sizi bu münasibətlə bir daha təbrik edirəm
və sizə yeni uğurlar arzulayıram.
***
Dövlətimizin
başçısı Heydər Əliyev adına
yarımdalma qazma qurğusunun açılışını
bildirən düyməni basdı.
Prezident İlham Əliyev tədbirin
iştirakçıları ilə söhbət etdi.
Sonra
dövlətimizin başçısı qurğu ilə tanış oldu.
Prezident İlham Əliyevə burada
quraşdırılacaq sualtı əməliyyat aparatı barədə
məlumat verildi. Bu aparat sualtı görüntüləri
əldə edəcək və baş verə biləcək qəza
zamanı zəruri funksiyaları yerinə yetirəcək.
Prezident İlham Əliyev ölkəmizdə həyata
keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar
yaranmış tələbatı nəzərə alaraq Xəzər
dənizində analoqu olmayan 6-cı nəsil qazma qurğusunun
yaradılması haqqında göstəriş verib və bu layihənin
icrasını daim dəstəkləyib. Azərbaycanın
iqtisadi və sənaye potensialının daha da möhkəmləndirilməsində
mühüm rol oynayacaq bu qurğunun tikintisi respublikamızda həyata
keçirilən iri infrastruktur layihələrindən biridir.
Qurğunun tikintisi 2013-cü il iyunun 4-də
“Caspian Drilling” və Sinqapurun “Keppel FELS” şirkətləri
arasında podrat müqaviləsi çərçivəsində
aparılıb. Layihənin iqtisadi əhəmiyyəti nəzərə
alınaraq, maliyyələşmənin 90 faizi Dövlət
Neft Fondu və 10 faizi isə SOCAR tərəfindən icra edilib.
Qurğunun inşaat işlərinin idarə edilməsi,
dizayn-mühəndislik işlərinə nəzarət,
müvafiq təchizatlar və alqı-satqıların təşkil
edilməsi isə SOCAR-a məxsus “Caspian
Drilling” Şirkəti tərəfindən həyata
keçirilib. 2013-cü il sentyabrın 20-də
- Neftçilər Günündə Prezident İlham
Əliyevin iştirakı ilə Bakı gəmiqayırma
zavodunda qurğunun aşağı üzən gövdəsinin
– pantonlarının inşasına başlanması ilə
bağlı mərasim olub. Həmin ilin
dekabrında isə Bibiheybət ərazisindəki tərsanədə
qurğunun yuxarı gövdəsinin inşasına
başlanılıb. Qurğunun tikintisi
2017-ci ilin mayında tam yekunlaşıb. İstismara
verilən yeni qurğunun imkanları əvvəlkilərlə
müqayisədə daha genişdir. Dünyada
öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə
görə unikallığı ilə fərqlənən bu
qurğu qazma əməliyyatları üçün ən
müasir avadanlıqla, o cümlədən böyük həcmdə
avtomatik idarəetmə sistemi ilə təchiz edilib.
Ümumi uzunluğu 106,5, eni 69,5,
hündürlüyü isə 130 metr olan qurğunun ümumi
çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə
qədər hissələrində qazma əməliyyatları
həyata keçirə bilən qurğu ilə qazılacaq
quyunun maksimal dərinliyi 12,2 min metrdir. Bu göstərici ən dərin quyuları belə
qazmağa imkan verir. Bundan əlavə,
qurğunun müasir avadanlığı qazma işinin indikindən
4 dəfə daha sürətlə aparılmasını təmin
edir.
Dövlətimizin başçısı yarımdalma
qazma qurğusunun yaşayış blokunda da oldu. Burada ulu
öndər Heydər Əliyevin və Prezident İlham
Əliyevin ölkəmizdə həyata keçirdikləri
neft strategiyasından bəhs edən fotostend var.
Yaşayış blokunda ofis, yataq, istirahət və
kompüter otaqları yaradılıb. Blok
yeməkxana, camaşırxana, idman otaqları, kinoteatr,
kitabxana və konfrans zalı ilə də təchiz olunub.
Heydər
Əliyev adına yarımdalma qazma
qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan
ilk və yeganə qurğudur. Onun
yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500
tondur. Qurğuda 160 nəfər
işçi heyəti çalışa bilər. Altıncı nəsil yarımdalma qazma qurğusunun
tikintisində 2400-ə yaxın insan çalışıb
ki, onların da təxminən 80 faizi Azərbaycan
Respublikasının vətəndaşları olub.
Sonda xatirə şəkli çəkdirildi.