Neft sənayesində tarixi
hadisə
Yeni Yarımdalma
Qazma Qurğusu Azərbaycan sərmayəsi ilə ölkə
daxilində inşa edilib
Heydər
Əliyev adına Yarımdalma Qazma Qurğusunun istifadəyə
verilməsi ilə Azərbaycanın neft-qaz sənayesinin
infrastrukturu daha da zənginləşdi. Bu qurğunun tikilib
istifadəyə verilməsi bir sıra səbəblərdən
əhəmiyyətlidir. Çünki indiyədək ölkəmizdə
bu nəhənglikdə qazma qurğusu tikilməyib. Həm də
bu qurğu Azərbaycan dövləti tərəfindən
qoyulmuş investisiyalar hesabına inşa edilib. Dəniz suyunun
1000 metr dərinliyində qazma əməliyyatı aparmaq və
12 min metrdən dərin quyuları qazmaq qabiliyyəti də
qurğunun nadir olduğunu təsdiqləyir.
Yeni
yarımdalma qazma qurğusunun ulu öndər Heydər
Əliyevin adını daşıması xüsusi əhəmiyyətə
malikdir. Çünki onun istifadəyə verilməsi
ümummilli liderin yeni neft strategiyasının daha bir təntənəsidir
və ölkənin təkcə neft-qaz sənayesində deyil,
bütün həyatında tarixi hadisədir.
Azərbaycanda
zəngin və nadir neft-qaz infrastrukturunun olması ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu
öndər hələ ötən əsrin 70-ci illərində
təkcə Neft Daşları ilə kifayətlənməmək,
Xəzərin Azərbaycan sektorunda axtarış və qazma
işləri aparmaq təşəbbüsünü irəli
sürdü. Buna müvafiq olaraq 1970-1980-ci illərdə
ölkəyə xaricdən “Şelf” tipli qazma qurğuları
gətirildi. Bakı Dərin Özüllər Zavodunun tikintisi
isə neçə-neçə illər irəliyə
hesablanmış, Azərbaycanın gələcək
uğurlarını təmin edən bir addım idi. Bu müəssisənin
keçmiş SSRİ-nin başqa bir şəhərində
deyil, məhz Bakıda inşa edilməsi ulu öndərin səyi
və nüfuzu sayəsində mümkün olmuşdur.
Mütəxəssislərin fikrincə, əgər Bakıda
belə bir müəssisə olmasa idi, “Əsrin müqaviləsi”
çərçivəsində nəzərdə tutulan
işlər çox ləng yerinə yetirilərdi.
“Əsrin
müqaviləsi” imzalandıqdan sonra Azərbyacanda neft-qaz
infranstrukturunun yaradılması daha geniş vüsət
aldı. Onlardan biri də SOCAR-ın “Caspian Drillinq” şirkətidir
ki, sözügedən nəhəng qurğunun tikintisi məhz
burada mümkün olub.
İnşaat
işlərinə 2013-cü ilin ortalarından başlanıb.
Qurğunun aşağı hissəsinin, yəni, üzən
gövdəsinin inşası Bakı Gəmiqayırma Zavodunda
aparılıb. Yuxarı - gövdə hissəsi isə
Bibiheybət ərazisindəki tərsanədə tikilib.
Tikinti
işləri bu ay yekunlaşıb. Mayın 18-də
keçirilən açılış mərasimində
Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan
xalqını təbrik edib və yeni qurğunu dəyərləndirərək
deyib: “Bu, Azərbaycan neft sənayesində çox tarixi bir
hadisədir. Çünki bu günə qədər Azərbaycanda
bu böyüklükdə qazma qurğusu tikilməmişdir...
Şadam ki, belə bir nəhəng qurğu Azərbaycanda
inşa edilib. Bu qurğunun inşasında iştirak edənlərin
mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Burada biz xarici tərəfdaşlarla növbəti əməkdaşlıq
layihəsinin uğurla icra edilməsini görürük.
Əlbəttə, bu, reallıqdır. Çünki uzun illərdir
Azərbaycan xarici tərəfdaşlarla uğurla əməkdaşlq
edir. Xarici şirkətlər Azərbaycana investisiyalar
yatırırlar. Bu qurğuya isə investisiyalar Azərbaycan
dövləti tərəfindən qoyulub”.
Maliyyələşmənin
90 faizi Dövlət Neft Fondu, 10 faizi isə SOCAR tərəfindən
həyata keçirilib. Qurğunun tikintinin idarə edilməsi,
dizayn-mühəndislik işlərinə nəzarət,
müvafiq təchizatçılar və
alqı-satqıların təşkil edilməsi “Caspian
Drillinq” şirkətinin üzərinə düşüb.
Yeni yarımdalma qazma qurğusu bir çox əlamət və xüsusyyətlərinə görə unikaldır. İndi o, Xəzərin ən nəhəng infrastrukturudur və dünyanın müasir neft infrastrukturunda özünəməxsus yeri var. Belə ki, çəkisi 26 min ton olan qurğunun ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metrə çatır. Qurğu suyun 1000 metr dərinliyində qazma əməliyyatları həyata keçirmək və dərinliyi 12,2 min metr olan quyular qazmaq kimi geniş imkanlara malikdir. Bundan əlavə, təchiz edildiyi müasir avadanlıqları ilə o, qazmanı indikindən dörd dəfə sürətlə aparmağa qadirdir. Çəkisi 5600, su tutumu isə 47500 tondur.
Dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğunun Azərbaycana məxsus olması, həm də məhz ölkənin özündə inşa edilməsi qürurverici faktdır. Yarımdalma qurğularının altıncı nəslinə mənsub olan yeni qazma qurğusunun tikintisində 2400-ə yaxın insan çalışıb. Onların 80 faizə qədəri Azərbaycan vətəndaşıdır. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər.
Dövlət başçısı İlham Əliyev Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun bütün bu xüsusiyyətlərini qeyd etmişdir: “Bu nəhəng qurğu istənilən yerdə qazma işlərini apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmişik. Əgər o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən çıxacaqdı. Necə ki, bizim qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik”.
Beləliklə, yeni qazma qurğusundan danışarkən dövlət başçısı eyni zamanda, ölkənin neft-qaz sənayesinin tarixinə və bu gün həyata keçirilən nəhəng layihələrə də toxunub. Belə ki, “Şahdəniz” layihəsi uğurla irəliləyir. Tezliklə, yəni bir neçə ildən sonra “Abşeron” yatağının da sevindirici nəticələr göstərəcəyi gözlənilir. “Ümid” yatağında artıq işlər gedir. “Babək”ə və “Qarabağ”a isə xarici şirkətlər maraq göstərməkdə davam edirlər.
11 ildir, səmərəli fəaliyyət göstərən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təcrübəsi böyük inam yaradır ki, “Cənub qaz dəhlizi” layihəsi də uğurla başa çatdırılacaq. Gələn il bu layihənin əsas hissələrindən biri olan Transanadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə veriləcək.
Bir sözlə, “Əsrin müqaviləsi”ndən başlanan uğurlu yol davam edir. İnkişafımızın əsas mənbəyi olan bu müqavilənin həyata keçirilməsi sayəsində əldə olunan gəlirlər neft-qaz sənayesinin əməliyyatlarının davam etdirilməsinə, yeni infrastrukturun yaradılmasına, eləcə də qeyri-neft sektorunun irəliləyişinə və şaxələndirilməsinə yönəldilir.
Flora SADIQLI,
Azərbaycan.-
2017.- 20 may.- S.11.