Erməni
lobbisi Azərbaycan
dövlətinə qarşı təxribatlarını davam etdirir
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsində erməni diasporunun birbaşa izi aşkarlanmasa da, ehtimallar və bütünlükdə erməni diasporunun fəaliyyəti onu deməyə əsas verir ki, siyasətdə qaydasız döyüşlərlə mübarizə aparan bu əcaib təbliğat maşını 2 milyondan artıq həmyerlimizi ətrafında birləşdirən təşkilatın fəaliyyətinə xitam verilməsində aparıcı rol oynayan qüvvələrdən biri olmuşdur.
Bildiyimiz kimi, artıq neçə gündür ki, ÜAK-ın fəaliyyətinə xitam verilməsinə dair Rusiya Ali Məhkəməsinin qərarı ölkə mediasında ciddi rezonans doğurmuş, iki ölkənin əsrlər boyu davam edən dostluq münasibətlərinə kölgə salmışdır. Ölkə daxilində, Rusiyanın özündə və bir sıra xarici dövlətlərdə birmənalı qarşılanmayan bu qərar geniş diskussiyalara rəvac vermiş, cəmiyyətimizdə ciddi narahatlıqlar doğurmuşdur. Mövzunu araşdıran çoxsaylı siyasi xadimlər, politoloqlar verdikləri şərhlərdə, irəli sürdükləri fərziyyələrdə belə bir sensasiyon xarakterli qərarın əsl səbəbini açıqlayan amillərin sırasında erməni diasporunun məxsusi rolunun olmasını heç istisna etmirlər.
Məhz bu amili nəzərə alaraq son illər bir neçə ölkədə Azərbaycanın maraqlarını müdafiə edən politoloq və siyasi mövzuda yazan jurnalistlərlə saxladığımız əlaqələri yenidən nəzərdən keçirdik və erməni diasporunun təbliğat maşınının siyasi fəaliyyətindəki mübarizə üsullarını, taktiki gedişlərini üzə çıxarmağa cəhd etdik. Bu fəaliyyət bütünlükdə bizə erməni təbliğat maşınının fəaliyyət istiqamətlərini təyin etməyə imkan verdi.
Erməni diasporunun təbliğat məsələsində bilmədiyimiz, nəzərə almadığımız, həm də özünü açıq büruzə verməyən vacib məqam ondan ibarətdir ki, bu xalqın təbliğat “fədailəri”nin əsas hədəfi, rəqibləri, onların öz dili isə desək, düşmənləri bütün ölkələrdə erməni yalanlarını ifşa edən, iç üzünü elmi əsaslar və tarixi faktlarla açanlardır. Bu təbliğat “fədailəri” dünyanın istənilən yerində “əzabkeş” erməni surətinin cəfəngiyatdan, uydurmadan başqa bir şey olmadığını sivil qaydalarla sübut edən politoloq və alimlərə qarşı ölüm-dirim savaşına çıxmış, onları birdəfəlik susdurmaq, siyasi mübarizədən ləkələyərək aralamaq, yeri gələndə isə fiziki məhvinə belə fitva verməkdən çəkinmirlər. Bu yolda onlar üçün ən çirkin mübarizə üsulları belə, yolveriləndir, normal haldır.
Uzun illərdir ki, ermənilər, məsələn, Rusiya kimi nəhəng ölkənin informasiya məkanında mütləq söz sahibidirlər, üstünlük təşkil edirlər, sözün əsl mənasında, erməni məsələsində informasiya monopoliyasına malikdirlər. Onlar nəinki Rusiya, hətta Fransa, ABŞ və ermənilərin çoxluq təşkil etdiyi digər ölkələrin KİV-nə, politoloqlarına və hətta siyasi elitalarına təsir etmək, öz ambisiyalarını sırımaq gücünə qadirdirlər. Belə mütləq üstünlüyə malik olmaq, istənilən ölkədə siyasi elitanı erməni ambisiyalarının quluna çevirmək üçün çox böyük hiylə lazımdır. Bu hiyləgərlər “ağıllı fikirləşincə dəli vurub çayı keçir” taktikasını yaxşı mənimsəyiblər. “Ağlamayan uşağa əmzik verməzlər” atalar sözü bizə məxsus olsa da, erməni diasporu bu müdrik zərbi-məsəlindən də faydalana bilirlər. Böyük dövlətlərdən ağlamsınıb aldıqları əmzik dəstəyini ələ keçirən kimi siyasi rəqibləri ilə başqa dildə danışır, istənilən ölkədə yalanlarını ifşa edənlərlə ölüm-dirim savaşına çıxır, millətindən və cəmiyyətdə tutduğu ən yüksək mövqeyindən belə çəkinməyərək rəqiblərinin siyasi, imkan düşəndə fiziki məhvinə fitva verirlər. Tarixi saxtalaşdıran, yalanlardan ən qədim millət yaradan erməni ideoloqları bağırıb elə şivən qoparırlar ki, doğrunun bağrı yarılır.
Erməni təbliğatçılarının hansı fantastik üsullarla mübarizə apardıqlarını üzə çıxarmaq üçün Rusiyadan başlamaq yerinə düşərdi. Artıq müəyyən müddətdir ki, bu ölkənin Qafqaz, ümumiyyətlə, Şərq siyasətində ciddi yeniliklər baş verir, erməni siyasətinə qarşı müxtəlif mövqelərin gündəmə gəlməsinə imkan yaradılır. Biz bu prosesi qlobal şəkildə başa düşmək və müəyyən nəticələri ortaya qoymaq, məsələyə bir qədər geniş yanaşmaq üçün iki ölkədə erməni təbliğatını ifşa etməklə məşğul olan alim və media mənsubları ilə söhbətlər apardıq və topladığımız məlumatları ümumiləşdirib müəyyən qənaətlərə gəlmək imkanı əldə etdik.
Hələ ötən ilin əvvəlindən Moskvada Türkiyə-Rusiya münasibətlərinə diş qıcayan erməni diasporuna qarşı sərt çıxış edən jurnalistlərdən biri Fuad Abbasov ermənilərin onu hədəfə götürdüklərini bildirmişdi. İş o yerə çatmışdı ki, onun qarşısını küçədə kəsirdilər və hətta hədələyirdilər. Səbəb isə o idi ki, Fuad Rusiya telekanallarında onların yalanlarının mahiyyətini canlı efirdə açır, onu canlı efirdə qışqırıq və bağırtılarla susdurmağa çalışan erməniləri istehzalı təbəssümlə yerinə otuzdururdu.
Fuaddan ermənilərin onlara qarşı çıxış edən jurnalistlərə həmlələrinin kortəbii və ya sistem halında olduğunu, onun yaratdığı İctimai Təşəbbüslər Mərkəzinin ermənilərin nə üçün təhlükə kimi qarşıladıqlarını soruşduq. Cavab verdi ki, ermənilər dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, ifrat dərəcədə siyasiləşirlər. Digər xalqlarda millətçilik hissləri qürbətdə zəifləsə də, onlarda əksinə olaraq güclənir: “Mən həm Türkiyədə, həm də Rusiyada yaşadığım illər ərzində iki ölkənin müxtəlif şəhərlərində bu siyasiləşmənin ən xəstə nümunələri ilə qarşılaşmışam. Təəccüblüdür ki, həm erməni ideoloqları, həm də sıravi, siyasətə dəxli olmayan ermənilər belə özləri haqqında yaxşı danışanı da, pis danışanı da yaxından tanıyırlar. Yəni, onlar rəqiblərini də, müttəfiqlərini də nəzarət altında saxlamağı bacarırlar. Bir sözlə, dostlarını və düşmənlərini ciddi izləyir, hər kəsin nə işlə məşğul olduğunu, kimlərlə oturub-durduğunu yaxşı bilir, lazımi adamları dəstəkləyir, onları ifşa edənləri isə birləşərək məhv etməyə çalışırlar.
O da reallıqdır ki, erməni təbliğatçıları uzun illərdir ki, Rusiya KİV-də nəyi necə istəsələr deyə bilirdilər və heç bir maneəyə rast gəlmirdilər. Lakin artıq xeyli vaxtdır ki, Rusiya mediasında alternativ mövqelər əks etdirilir, erməni hegemonluğunun qarşısı alınır. Odur ki, vəziyyətin ağırlaşmasını hiss edən erməni ideoloqları əvvəlki mövqelərinə qayıtmaq üçün hər cür təhdidlərə əl atırlar.
Məsələ burasındadır ki, ermənilər öz rəqiblərini milliyyətindən asılı olmayaraq təqib edirlər. Bu baxımdan onlar özlərinə siyasi düşmən hesab etdikləri hər kəsin qarşısından çəkilmir, üstünə gedirlər. Kim düşməndirsə, ermənilərin “qara siyahı”sına düşür və total təzyiqlərə məruz qalır.
Azərbaycanın maraqlarını müdafiə edən rusiyalı politoloq Oleq Kuznetsov da təhdidlərin ona qarşı amansızlıqla aparıldığını bildirir: “Mənim skayp ünvanım hakerlər tərəfindən dağıdılmışdı, özümə qarşı isə ekstremizmlə bağlı cinayət işi açılmışdı. Mənə qarşı adi təhqirlərdən, elektron poçtumun ünvanına həftədə 2-3 dəfə gələn hədələrdən savayı, seçilmiş təzyiq formaları da tətbiq edilməyə başlanılmışdı. Məsələn, bir sayt məni nüfuzdan salmaq məqsədilə yazılan məqaləni yerləşdirən kimi digərləri onu tirajlayırdı. Nəticədə brauzerin axtarış sətrinə familiyamı daxil edən kimi başlıqlar gəlirdi ki, mən erməni tarixinin təhrifçisi və erməni xalqının düşməniyəm. Mənim personal saytımı bir neçə dəfə dağıtmağa cəhdlər edilib. 2013-cü ildə “Qarabağ münaqişəsi “əfsanəsi” haqqında həqiqət” adlı kitabım dərc ediləndə saytımı dağıtdılar. Bu, mənim informasiya müharibəsində aldığım ilk zərbə idi. Təxminən ötən ilin əvvəllərində dostlarımın mənim üçün Rusiya vikipediyasında yerləşdirdikləri məqalə də haker hücumuna məruz qaldı”.
Oleq Kuznetsovu alim kimi rahatsız edən ən ciddi məsələ onun informasiya məkanında aramsız təcrid edilməsi, ciddi federal mətbuata yolunun bağlanılması, teleefirlərdən ayağının kəsilməsinə edilən cəhdlərdir: “Jurnalist Fuad Abbasov məni Roman Babayanın verilişinə dəvət edəndə birbaşa deyilmişdi ki, ondan savayı kimi istəyirsinizsə çağırın. Belə hallarla başqa kanallarda da üzləşmişəm. Məndən qorxurlar. Ona görə də aramsız məni informasiya məkanında zəhərləyib yormağa, neytrallaşdırmağa çalışırlar”.
Hətta ermənilərin demək olar, çox məhdud sayda yaşadıqları İordaniyada da belə ciddi hadisələr yaşanır. Bakı Humanitar Forumunun iştirakçısı iordaniyalı jurnalist Maruan Sudah Əmmandan yazır ki, 5-6 il bundan əvvəl mətbuatda Qarabağla bağlı Azərbaycanın maraqlarını müdafiə edən bir neçə yazı ilə çıxış edən kimi erməni diasporunun güclü təzyiqinə məruz qalıb. Baxmayaraq ki, ermənilər Əmmanda cəmi bir kiçik məhəllədə yaşayırlar, onlar ərəb jurnalistinin həyatını əsl cəhənnəmə çeviriblər.
Bütün bunlar belə ehtimal etməyə əsas verir ki, əgər erməni diasporu adi bir jurnalist, politoloqla bu cür ölüm-dirim savaşına girirsə, deməli, Ümumrusiya Azərbaycanlıları Konqresi kimi 2 milyondan artıq azərbaycanlını birləşdirən təşkilatın da fəaliyyətini ən azından qısqana bilər. Odur ki, əllərinə fürsət düşən kimi zərbə endiriblər.
Bahadur İMANQULİYEV,
Azərbaycan.- 2017.- 20 may.- S.11.