Dostluq körpüsündən düşmən keçməməlidir

 

Hansısa qüvvələr ölkələrimiz arasında münasibətləri korlamaqda maraqlıdırlar

 

Azərbaycan daim Rusiya ilə bağlı hər hansı bir məsələdə öz neytrallığını qoruyub saxlayır, tərəfsiz siyasət həyata keçirir. Eləcə də ölkəmiz regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir və münasibətlərdə qarşılıqlı dəstək ruhu hökm sürür. Rusiya eyni zamanda, postsovet məkanında ən qanlı münaqişə kimi xarakterizə olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiya regionun gələcəyi ilə əlaqədar qəbul edilən qərarlarda məsuliyyət daşıyan güclü regional aktorlardan biridir.

Rusiya Federasiyası Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması barədə qərarına gəlincə, deyə bilərik ki, məsələ haqlı olaraq, hər iki ölkənin geniş ictimaiyyəti tərəfindən birmənalı şəkildə narazılıqla qarşılandı. Əlbəttə, bu ağlagəlməz hadisənin Azərbaycanda yeni bir beynəlxalq tədbirin keçirildiyi  günlərdə baş verməsi təsadüfi ola bilməz. Burada Azərbaycanın regionda Rusiya ilə sıx əməkdaşlıq və qonşuluq siyasəti yürütməsindən əndişələnən qüvvələrin təxribat əməlləri olmamış deyil.

O da həqiqətdir ki, Rusiya Federasiyası Ali Məhkəməsinin qəbul etdiyi 15 may tarixli qərar ölkələrimiz arasında qurulmuş və inkişaf etməkdə olan münasibətlərə mənfi təsir göstərə bilər. Uzun illərin təcrübəsi göstərir ki, regional və bir çox mühüm strateji məsələlərdə Azərbaycanla Rusiyanın mövqeyi üst-üstə düşür. Bu qərarın qəbul edilməsində maraqlı olan antiazərbaycançı qüvvələr başa düşməlidirlər ki, onların məqsədləri baş tuta bilməz. Hər iki dövlət rəhbərinin yeritdiyi siyasi xətt və Rusiyada yaşayan çoxsaylı azərbaycanlı icması, sağlam düşüncəli insanların fəaliyyəti buna imkan verməz.

Bu, iki ölkə arasındakı siyasi dialoq və tərəfdaşlığın ruhuna ziddir. Görünür, hansısa qüvvələr münasibətləri korlamaqda maraqlıdırlar. Rusiyanın bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.

Bu məsələ ilə bağlı Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Fazil Qurbanovun verdiyi bəyanatda göstərilir ki, bu gün iki ölkə prezidenti arasında dostluq münasibətləri və əlaqələrin səviyyəsi bütün problemləri həll etməyə imkan verir: “Ali Məhkəmənin qərarı uzağa gedən nəticələrə səbəb ola bilər. Mən regional və yerli təşkilatların rəhbərlərinə müraciət edərək sakitliyi qorumağa və ekstremist qüvvələrin təxribatlarına uymamağa çağırıram. Biz Ali Məhkəmənin qərarını qəbul etmirik. Ümid edirik ki, Rusiyanın ali məhkəmə instansiyaları bizim əsaslandırma və narahatlıqlarımızı anlayışla qarşılayacaq. Mən ölkənin siyasi rəhbərliyindən və şəxsən Vladimir Putindən xahiş edirəm ki, baş vermiş hadisəyə diqqətlə yanaşsın”.

Bu gün Rusiya Federasiyasının ərazisində yaşayan azərbaycanlılar həmin ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında öz fəallıqları ilə diqqət çəkirlər. Əlbəttə, bu da erməni  lobbisini rahat buraxmır. Düşünmək olardı ki, Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xəttlə davam etməsi işğalçı Ermənistanın hazırkı hakimiyyət  dairələrində hökm sürən xofu  bir qədər də artırıb. Bu təxribat əməlində əli olacağı istisna edilməyən erməni lobbisinin üzvləri Rusiyanın müxtəlif ictimai-siyasi qurumlarında, birliklərində, şirkətlərində, hətta daha yüksək dairələrdə təmsil olunurlar. Onlar hər iki ölkənin sosial-iqtisadi və mədəni əməkdaşlığının inkişafından və dərinləşməsindən vahimələnərək, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın daşıdığı missiyaya ağır zərbə vurduqlarının fərqindədirlər.

Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinə kölgə salacaq qədər əhəmiyyət daşımayan, süni surətdə yaradılan, sadəcə, təxribat xarakterli addımdır. Bunun qarşısının alınmasını isə hər iki ölkənin xalqları arasındakı dostluq və qardaşlıq münasibətləri tələb edir.

 

İbrahim ZEYNALOV,

Bakı Dövlət Universitetinin professor

 

Azərbaycan.- 2017.- 20 may.- S.11.