Zorxana İslamiadanın güc məkanı

 

Pəhləvanlarımız yarışlara gümüş medalla başladılar

 

Dünən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarına start verilib. “Baku Crystal Hall-2”də keçirilən yarışlarda 9 ölkə - Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan və Uqanda millilərinin 49 pəhləvanı mübarizə aparır.

İslamiadanın maraq kəsb edən bu idman növü çox rəngarəngdir və digər növlərdən fərqlənir. Zor - “güc”, xana isə - “məkan” mənasını verir. Bu növün tarixi çox qədimlərə gedib çıxır. Əvvəllər zorxanalar döyüşçü və pəhləvanların fiziki hazırlıq hərəkətlərini icra etdikləri məkan olub. Onun damı gümbəz, döşəməsi isə yer səthindən aşağı olarmış. Zorxanalarda nizə, toppuz, qılınc, ox kimi silahlardan istifadənin məşqləri keçirilərmiş.

Yarışlar mürşidin ifa etdiyi ritmik musiqinin sədaları altında keçirilir. Mürşid zərb aləti ilə zorxana ritmlərini ifa edən şəxsə deyilir. O, sərdəm deyilən yerdə oturur. Qapı sərdəmə gedən dar və alçaq keçidə açılır. Sərdəm 1 və ya 1,5 metr hündürlüyündə taxtadan qurulmuş taxtdır.

Yarışların birinci günü komanda heyəti mübarizə aparır. Komandanın kapitanı   “ortaçı” adlanır. Kapitan ortada hərəkətləri göstərir və digər  idmançılar onunla sinxron olaraq bu hərəkətləri təkrarlayırlar. İkinci gün isə fərdi yarışlar başlanır.

Zorxananın milbazi, milsəngin, kəbbadə, səng, çərxi-tiz və çərxi-çəməni yarış növləri var. Bu yarışın alətləri qədim silahların formasından götürülüb. Səng aləti qalxana, mil əmud, toppuz və qılınca, kəbbadə kamana bənzəyir. Şeno aləti isə üzərində indiki “jim” hərəkətlərinə oxşar məşqlər etmək üçündür.

Yarışların ilk günü idmançılar bir-bir yarışın növlərində qarşılaşırlar. İlk olaraq mil alətləri nümayiş etdirilir. Bu qılınc və topuzun məşqidir. Millər müxtəlif çəkilərdə olur. Iki kiloluq “milbazi”dən tutmuş 20 kiloluq “milsəngi”yə qədər. Kəbbadə - burada zəncirə oxşar dəmir alət idmançı tərəfindən saga-sola yellədilir. Bu, yay və oxatmağın məşqidir. Kəbbadə ox atmaq qolları gücləndirir. Səng - səng daşları qalxanın məşqidir. Bir səng daşı 20 kilodur. Çərxi-tiz zamanı idmançı bir dəqiqə ərzində, yarım metr dairə radiusunda sürətlə, çərxi-çəməni zamanı isə  daha böyük radiusda 3 dəqiqə fırlanmalıdır.

Yarışmanın sonuncu günü zorxana güləşi baş tutur. Bu güləş növü sərbəst güləşə bənzəsə də, ondan iki fərqi var. Birinci fərq geyinilən şalvardır. Dizdən olan bu şalvar “nəti” adlanır. İkinci fərqi isə ondadır ki, bir idmançının kürəyi yerə dəyirsə, oyun bitir və o məğlub olur. Bu güləşdə 5 çəkidə idmançılar yarışır.

2013-cü ildən İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən bu idman növü üzrə ilk dünya kuboku Azərbaycanda keçirilib və milli komandamız birinci yeri tutub. Yığmamızın üzvü Vüqar Qurbanov “Dünyanın ən güclü pəhləvanı” adına layiq görülüb. Bundan başqa, Azərbaycan milli yığma komandası 2 dəfə dünya çempionu və qitə çempionu olub.

Bu gün start götürən İslamiadanın zorxana yarışlarında isə ölkəmizi 5 idmançı - Tural Əliyev, Rüfət Güləliyev, Orxan Xanlarov, Xəyyam Orucov və Məmmədəli Salamov təmsil edir.

 İlk yarış günündə 9 ölkənin pəhləvanları komanda şəklində qrup hərəkətlərini nümayiş etdiriblər. Maraqlı keçən komanda yarışlarında 831 xal toplayan İran millisi qızıl medala sahib çıxıb. 581 xal toplayan milli komandamız gümüş medal qazanıb. Əfqanıstan (526 xal) və İraq (418 xal) milliləri isə bürünc medalla kifayətlənməli olublar.

Bu gün pəhləvanlar fərdi yarışlarda medallar uğrunda mübarizə aparacaqlar.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 21 may.- S. 5.