İdmançılarımıza
böyük mənəvi dəstək
Azarkeşlərin
fəallığı atletlərimizin qələbə
şansını daha da artırdı
Mayın 12-dən start götürən IV İslam Həmrəyliyi Oyunları maraqlı anları ilə davam edir. Sabah bitəcək yarışların mühüm tərəflərindən biri də o idi ki, Azərbaycan tamaşaçısı daim milli komandamızın yanında oldu, öz dəstəyini idmançılarımızdan əsirgəmədi. Bunun nəticəsidir ki, atletlərimiz müxtəlif yarış növləri üzrə çox uğurlu nəticələr əldə etdi. Azərbaycan qızıl medalların sayına görə bütün İslam ölkələri arasında birinci yerə yüksəldi. Bu baxımdan, deyə bilərik ki, atletlərimizin IV İslam Həmrəyliyi Oyunlarında bu günə qədər 66 qızıl, 39 gümüş və 29 bürünc medal qazanmasında yerli tamaşaçıların da payı var. Çünki onların alqışları, həyəcanlı hayqırtıları idmançılarımızı ancaq və ancaq qələbəyə ruhlandırdı.
Əvvəlcə onu deyək ki, yarışların keçirildiyi hər bir arenada tamaşaçı tribunalarında yüksək əhval-ruhiyyə yaşandığını gördük. Xüsusən də idmançılarımızın çıxışları zamanı tribunalarda yaşanan tamaşaçıların hərarətli alqışlarının birbaşqa hiss olduğunu duyduq. Bu mənada Oyunları izləyən tamaşaçıların da təəssüratlarını öyrənməyi özümüzə borc bildik:
Bu cür idman tədbirləri
gənclərimizin idmana olan marağını artırır
İslam
Əliyev,
Bakı şəhər
sakini:
- Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın, həm də dünyanın diqqət mərkəzindədir. Bu yarışlar zamanı ölkəmizə xeyli sayda xarici qonaqlar gəlib. Bunun özü ölkəmizə turistərin axını üçün son dərəcədə faydalıdır. Digər tərəfdən, bu cür idman tədbirləri gənclərimizin idmana olan marağını artırır. Məsələn, görürlər ki, idmana ölkə səviyyəsində necə ciddi önəm verilir. Ona görə də valideynlər çalışırlar ki, övladlarını hər hansı bir idman sahəsinə yönəltsinlər.
İdmançılarımız da çox yaxşı nəticələr göstərdi. Sevindirici haldır ki, qızıl medallarımızın sayı günbəgün artır. Buna görə idmançılarımızı təbrik edirəm.
Onlar nə qədər
güclü olsalar, biz də o qədər qürur duyarıq
Rauf Məmmədov,
Abşeron rayon sakini:
-
Yarışlar çox maraqlı keçir. Azərbaycan
idmançıları ilə qürur duydum. Mənim güləşə
marağım olduğundan bütün güləş
yarışlarına bilet almışam. İki il əvvəl
Birinci Avropa Oyunlarını da canlı olaraq izləmişdim.
Elə o vaxtdan böyük oğlumu güləşə
yazdırmaq qərarına gəlmişəm. Əvvəla,
idman sağlamlıqdır. Digər tərəfdən isə
ölkəmizdə idmana, xüsusən də güləşə
böyük maraq var.
İslam
Həmrəyliyi Oyunları da Avropa Oyunları kimi həyəcanlı
keçir. Nəinki güləşçilərimizə,
bütün Azərbaycan idmançılarına uğurlar
arzulayıram. Onlar nə qədər güclü olsalar, biz də
o qədər qürur duyarıq!
Bütün dünya inanılmaz
şouya şahidlik etdi
Sevil Məmmədova,
Abşeron rayon sakini:
-
İdmançılarımızın qazandığı qələbələr
bizi çox sevindirir. Arzu edirəm ki, sona kimi bu qalibiyyət
davam etsin. Qızıl medallar nə qədər çox olsa,
bu, ölkəmizin gücünü, qüdrətini göstərəcəkdir.
IV İslam Həmrəyliyi Oyunlarının
açılış mərasimini də canlı şəkildə
izlədim. Hər şey çox möhtəşəm idi.
Bütün dünya inanılmaz şouya şahidlik etdi.
Xüsusən də Qarabağ atlarının müxtəlif
manevrləri məni heyrətləndirdi. Gözlərimə
inanmırdım ki, bunlar həqiqətən də atlardır.
Düşünürdüm ki, bu an biri o tərəf-bu tərəfə
qaçaraq nizamı pozacaq. Amma elə olmadı. Atlar saat əqrəbi
kimi dəqiq manevrlər etdilər. Çox maraqlı şou
idi.
IV
İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə
təşkili Azərbaycanın baş
ucalığıdır. Nəinki İslam ölkələri,
bütün dünya şahid olur ki, Azərbaycan inkişaf
etmiş bir idman ölkəsidir, onun güclü
idmançıları var. Bu, bir vətəndaş kimi bizi də
qürurlandırır.
Bu, bizim vətəndaşlıq
borcumuzdur
Salman Şirinov,
Bakı şəhər sakini:
- Bu
cür tədbirlərin keçirilməsi ölkəmizdə
idmanın inkişafına böyük töhfə verir.
Övladlarımın hər ikisi idmançı olduğundan
ailəmizdə idmana böyük maraq var. Bu gün cüdo
yarışlarını izləmək üçün gəlmişik.
Yarışları buradan izləmək daha həyəcanlıdır.
Televizor ekranlarına baxanda elə də maraqlı olmur. Amma
tribunadan canlı olaraq idmançılarımıza dəstək
oluruq, onları qələbəyə ruhlandırırıq.
Bu da bir növ bizim vətəndaşlıq borcumuzdur.
IV
İslam Həmrəyliyi Oyunları da Birinci Avropa Oyunları
kimi çox möhtəşəm və maraqlı keçir.
Artıq tam əminliklə demək olar ki, Azərbaycan bu
cür idman tədbirlərinin keçirilməsində mahirləşib.
Arzu edirəm ki, ölkəmizdə Yay Olimpiya Oyunları
keçirilsin. Biz də tamaşaçı kimi gəlib
idmançılarımıza dəstək olaq.
Belə maraqlı olacağını
bilsəydim...
Anar Baxşəliyev,
Tərtər rayonunun Dəmirçilər
kənd sakini:
-
Bakıya dünən gəlmişəm. Rayonda Bakıda belə
bir Oyunların keçiriləcəyindən xəbərdar
idim. Amma inanmırdım ki, mən də təsadüfən
yarışları canlı izləyə bilərəm.
Dostumun boks yarışlarına iki bileti vardı. Birini verdi
ki, mən də yarışa canlı baxım.
Razılaşdıq və bir yerdə döyüşləri
izləməyə gəldik. Açığını deyim
ki, bura gözlədiyimdən də maraqlıdır.
İdmançılarımız çox yaxşı
döyüşürlər.
Təəssüf
edirəm ki, digər yarışlara gedib baxmaq
üçün biletim yoxdur. Belə maraqlı
olacağını bilsəydim, əvvəlcədən bilet
alardım. Bütün idmançılarımıza
uğurlar arzulayıram.
İdmançılarımızın
uğurlu çıxışlarını görmək məni
sevindirir
Elnur Ziyaoğlu,
Bakı şəhər sakini:
- Biz
müstəqil ölkə olaraq dünyada bir çox ilklərə
imza atmışıq. İki il əvvəl ölkəmizdə
Birinci Avropa Oyunları, indi isə İslam Həmrəyliyi
Oyunları keçirilir. Mən özüm idmançıyam.
Bir neçə il sərbəst güləşlə məşğul
olmuşam. Ona görə də idmanın necə vacib bir məsələ
olduğunu yaxşı bilirəm. Hazırda İslam ölkələrinin
idmançıları Bakıda toplaşıb. Oyunların
adından da göründüyü kimi, bunun özü həmrəylikdir,
birlikdir. İdmanda bu, çox önəmli amildir. Azərbaycan
İslam Həmrəyliyi Oyunlarını keçirməklə
dünyaya birlik mesajı göndərir. Eyni zamanda, İslam
dünyasını həmrəy olmağa səsləyir.
Təəssüf
ki, bu Oyunlarda idmançı kimi deyil, tamaşaçı kimi
iştirak edirəm. Amma burada
idmançılarımızın uğurlu
çıxışlarını görmək məni
sevindirir. Bütün yarışlar boyu idmançılarımızı
dəstəkləməyə çalışacam. Hər kəsə
uğurlar!
Belə bir tarixi Oyunları canlı
izlədiyim üçün sevincliyəm
Seymur Quliyev,
Bakı şəhər sakini:
- Oyunlar
çox yaxşı keçir. Tamaşaçıların
tribunalarda öz yerlərində əyləşməsi
üçün könüllülər hər cür dəstək
göstərirlər. Birinci Avropa Oyunları zamanı da bir
neçə yarış növünü canlı izləmişəm.
Yarışların maraqlı keçəcəyini bilirdim. Bu
səbəbdən İslam Oyunlarının da bir neçə
idman növü üzrə yarışlarına tamaşa etmək
üçün bilet aldım. Əsasən, Azərbaycan və
Türkiyə komandalarını dəstəkləyirəm.
Şükürlər olsun ki, idmançılarımız
ümidlərimizi doğruldurlar. Onların hər bir qələbəsi
bizi daha da coşdurur. Belə bir tarixi Oyunları canlı izlədiyim
üçün sevincliyəm.
Digər tərəfdən, beynəlxalq əhəmiyyətli bu Oyunların ölkəmizdə keçirilməsi təbii ki, bizim üçün qürurvericidir. İnanıram ki, digər beynəlxalq tədbirlər kimi, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə yekunlaşdıracaq. Hamımız bu işdə dövlətimizin, dövlət başçımızın yanında olmalıyıq. Mən də öz payıma düşəni edərək bir tamaşaçı kimi Azərbaycan idmançılarını dəstəkləyirəm. Hər kəs bu məsələdə öz töhfəsini əsirgəməməlidir. Ümid edirəm ki, Oyunların medallarının əksəriyyəti elə bizim olacaq. İdmançılarımızdan böyük nailiyyətlər gözləyirəm.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2017.- 21 may.- S. 8.