İslamiada ruhu yurdumuzun hər bir guşəsində hiss olunur

 

IV İslam Həmrəyliyi Oyunları insanlar arasında birliyi təşviq edərək müsəlman ölkələrini bir araya gətirir. Bakı İslam ənənələrini özündə əks etdirən müasir və fəal cəmiyyətə malik, çoxmədəniyyətli və çoxdinli şəhərdir. Bu səbəbdən Azərbaycan paytaxtı dünya miqyaslı idman turnirinin təşkilini və İslamın sülhdən ibarət olduğunu nümayiş etdirmək üçün möhtəşəm yer kimi seçilmişdir.

Xüsusilə gənclərin və qadınların dəstəklənməsi, milli dəyərlərimizin sülh, sevgi və ahəngliklə çatdırılması, beynəlxalq idman tədbirinin mükəmməl şəkildə keçirilməsi, İslam dünyasının müxtəlif bölgələrindən olan idmançıların bir araya gətirilməsi müsəlman ölkələrinin gəncləri arasında dostluq və qarşılıqlı anlaşma mühitinin formalaşmasına öz töhfəsini verir.

21-25 iyul 2013-cü ildə Azərbaycan nümayəndə heyəti İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında Bakının IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi barədə namizədliyini irəli sürmüşdü. Azərbaycan Baş Assambleyada keçirilmiş səsvermədə səs çoxluğu ilə Oyunların təşkilatçısı seçilmişdir.

17 sentyabr 2015-ci ildə Prezident İlham Əliyev Bakıda keçiriləcək İslamiadanın Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Oyunların Təşkilat Komitəsinin sədri təyin edilmişdir.

IV İslam Həmrəyliyi Oyunlarının əsas dəyərləri birlik, sülh, hörmət və mükəmməllikdir. Bu Oyunların keçirilməsi ilə Bakının dünya səviyyəli idman məkanı kimi mövqeyi daha da möhkəmlənəcək.

Oyunlara hazırlıq işləri yüksək səviyyədə həyata keçirilmişdir. Təhlükəsizliyin təminatı, ictimai nəqliyyat, qida məsələlərinə nəzarət, dini ibadət otaqlarının hazırlanması ilə bağlı görülmüş işlər, yarış günlərində iştirakçı və qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün nəzərdə tutulan mədəni kütləvi tədbirlər dövlət tərəfindən bu yarışlara verilən əhəmiyyətin nəticəsidir.

Xatırladaq ki, olimpiya oyunları, eləcə də “Bakı-2015” I Avropa Oyunları başlamazdan əvvəl məşəl atəşlə alovlandırılaraq evsahibliyi edən ölkənin hər bir guşəsinə Oyunların ruhunu və həyəcanını gətirmək üçün bütün ölkə ərazisində daşınmışdır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının təşkili də eyni cür olmuşdur. Lakin bu dəfə səyahət od deyil, su ünsürünə həsr edilmişdi.

Ötən ayın 5-də Bakıdakı Daş Salnamə Muzeyində “Xəzər dənizindən başlayan səyahət”in ilkin təqdimat mərasimi keçirilmişdi. Prezident İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etmişdi. Daha sonra “Xəzər dənizindən başlayan səyahət” adlı tədbirlər proqramının tərkib hissəsi olaraq uşaqlar həmin suyu özləri ilə birlikdə yaşadıqları rayonlara aparmışdılar. Rayonların hər birində iki tədbir təşkil olunmuşdu. Ölkənin 15-dən çox şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət etmişdi. Nəhayət, su Bakıya gətirilmiş və 12 mayda Bakı Olimpiya Stadionunda keçirilmiş “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın İslamiada iştirakçılarının salamlamasını simvolizə etmişdir.

Şübhə etməmək olar ki,  İslamiada Azərbaycanın idman tarixinə parlaq səhifə kimi yazılacaq.

 

Rizvan HİLALOĞLU,

 

Azərbaycan.- 2017.- 21 may.- S. 9.