Şərqdə idman yarışlarının tarixi Olimpdən başlanmış oyunlardan əvvələ gedib çıxır

 

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi bir zamanda tarixə və möhtəşəm idman oyunlarının keçmişinə qayıtmaq, ilk dəfə onların harada və necə təşkil edilməsini araşdırmaq təbii bir zərurətə çevrilir. Əslində, ilk Olimpiya Oyunlarına ərazisində eyniadlı dağ yerləşən Yunanıstan min illərdir ki, öz möhürünü vurub. Odur ki, biz digər mənbələrə müraciət edəndə heç də ona cəhd etmirik ki, qədim Yunanıstanın bəşəriyyətə bağışladığı ilk idman yarışlarının müqəddəsliyini şübhə altına alaq. Çünki əksər tarixi mənbələrdə ilk Olimpiya Oyunlarının qədim yunan əsatirlərindəki ilk allahların yaşadıqları ərazilərdə keçirildiyi bütün şübhələrdən yüksəkdə duran reallıq və tarixi həqiqətdir.

Lakin İslam Həmrəyliyi Oyunları məzmun və mahiyyətinə görə bizi keçmişə, bir daha ərazilərində İslam dini, İslam mədəniyyəti formalaşan ölkələrin və bütünlükdə Şərqin keçmişində kütləvi idman tədbirlərinin necə və hansı miqyasda keçirilməsini ötəri də olsa, nəzərdən keçirməyə sövq edir.

Maraqlıdır ki, müsəlman ölkələrinin tarixini və mədəniyyətini araşdıran alimlər Olimpiya tipli ənənəvi idman oyunlarının, yarışların qədim zamanlarda, hətta İslamdan xeyli əvvəl bir sıra Şərq ölkələrində - Babilistanda, Misirdə və İranda keçirilməsinə dair ciddi faktlarla qarşılaşdıqlarını bildirirlər. Bu məlumatlar sensasiya doğurmasa da, dünya mətbuatı tərəfindən maraqla qarşılanır, internet resurslarında müxtəlif xarakterli araşdırmalar yer alır.

Qədim Misir tədqiqatçılarından sayılan Əhməd Diab Əhməd (Alp-Adriatik Klagenfurt Universitetinin əməkdaşı) belə hesab edir ki, ilk Olimpiya Oyunlarının keçirildiyi məkan qədim yunan sivilizasiyasından tarixi daha qədim olan Misirdir. Tədqiqatçının gəldiyi qənaətə görə, qədim Misirdə fironların hökmranlığı zamanı XVIII dinastiyasının fironu

I Tutmosun qızı Xatşeptus (o, həm də “Tanrının qadını” - fivan allahı Amonun ali kahininin arvadı olub) idman oyunlarına qeyri-adi maraq göstərərmiş. Xatşeptusun sarayında sərbəst güləş, qılıncoynatma, üzgüçülük, topla oyunlar üzrə tez-tez yarışlar keçirilərmiş. Bundan başqa, “Tanrının qadını” saysız-hesabsız titulların sahibi kimi müqəddəs sayılsa belə, göydən çox yerə bağlı idi. Alimlərin qənaətinə görə, o, zəmanəsinin ən gözəl və güclü qaçışçılarından biri olubmuş. El-Minya şəhərində bu faktları təsdiq edən çoxsaylı freskalar günümüzədək gəlib çatmışdır.

Əhməd Diab belə bir fərziyyə irəli sürür ki, Olimpiya Oyunlarının qədim Yunanıstanda yaranması bir o qədər həqiqətə uyğun deyil. Onun qənaətinə görə, arxeoloji qazıntılar və araşdırmalar sübut edir ki, qədim Misir ərazisində kütləvi idman yarışlarını, onların müxtəlifliyini təsdiq edən nümunələrin tapılması miladdan əvvəl 2100-1800-cü illərdə yaşamış fironların dövrünə aiddir. Məhz sadaladığı amillərə istinadən alim belə hesab edir ki, ilk Olimpiya Oyunlarının vətəni Misirdir.

Maraqlısı odur ki, bütün Şərqdə idman oyunlarının, müxtəlif yarışların təşkili tarixini izləyəndə aydın görmək olur ki, Şərqdə idmana fərqli münasibət olmuş və yarışların təşkilinə ciddi fikir verilmişdir. Qədim Babilistanda ov səhnələrini, şikarın tələyə qovulmasını, ox-yay atılmasını, yumruq davasını, döyüş arabalarında yarışları əks etdirən təsvirlər günümüzədək gəlib çatmışdır. Həmçinin Babilistan şahı Xamurappinin daş kitabələrə həkk olunan qanun məcəlləsində də bu barədə məlumatlar mövcuddur. Həmin məlumatlar miladdan əvvəlki 1800-1750-ci illərə aiddir.

Bunlardan əlavə, Şərqdə hələ İslamdan əvvəl keçirilən idman oyunları və yarışlar barədə məlumatlara qədim yunan tarixçiləri Herodot və Ksenofontun əsərlərində rast gəlmək mümkündür. Hətta III minillikdə belə, qədim Şərqdə idman yarışlarının keçirilməsini təsdiq edən faktlar mövcuddur. Mənbələrdə yazılır ki, II Ramzesin (1290-1223-cü illər) məbəd şənliklərində güləş və qılınc oynadanların yarışları keçirilər, bu oyunlara müəyyən qaydaları güdən hakimlər nəzarət edərdilər. Həyat rəmzi sayılan suyun şərəfinə qayıq döyüşləri keçirilər və bu yarışlarda sonrakı Qərbi Avropadan fərqli olaraq uzun nizələrlə döyüşən iştirakçılar rəqiblərini suya atmaqdan savayı, hətta onların qayıqlarını da batırmağa cəhd edərdilər.

Bir sözlə, Şərq ölkələrində, hətta qədim Çində və Hindistanda möhtəşəm idman yarışlarının keçirilməsini təsdiq edən çoxsaylı mənbələr mövcuddur. Bütün bunlar onu deməyə əsas verir ki, Bakı İslamiadası mahiyyət etibarilə bu gün növbəti idman yarışması yox, Şərq xalqlarının mədəni tarixindən bəhrələnən, real köklərdən qidalanan möhtəşəm idman və həmrəylik tədbiridir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2017.- 21 may.- S. 10.