Gənclər yarışlara daha çox maraq göstərirlər

 

Onlar həm də Oyunların könüllüləridirlər

 

Möhtəşəm açılışı və idmançılarımızın parlaq qələbələri ilə idman tarixinə yazılan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları gəncliyin düşüncələrində də maraqlı və rəngarəngdir. Onlar həmçinin könüllülər olaraq bütün tədbirlərin yüksək səviyyədə keçirilməsinə xidmət göstərənlərdir. BDU-nun   Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi Taleh Mansurov  deyir ki, Azərbaycan öz inkişafı ilə bu gün nəinki Avropaya, Şərq dünyasına, İslam aləminə də nümunədir: “Tariximiz qədim, mədəniyyətimiz isə mənəviyyatımız kimi zəngindir. Bu Oyunlar  həm də  müasir Azərbaycanın  siyasi, iqtisadi, sosial və mədəni inkişafının göstəricisi, xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxması deməkdir. İslam Həmrəyliyi Oyunlarının 2015-ci ildə keçirilən I Avropa Oyunlarından o qədər də  fərqlənmir. O zaman Avropanı, bu  dəfə isə Şərq və müsəlman aləmini, daha doğrusu, İslam dünyasını bir araya gətirən Azərbaycan  bununla dinlər və mədəniyyətlərarası dialoqun  məkanı olduğunu təsdiqləyir.

I Avropa Oyunlarında könüllülərdən olmuşam. O zaman 17 min nəfər gənc könüllülük prinsipi ilə Oyunlarda iştirak edirdi.  Könüllülərin  sırasında BDU-nun tələbələri daha çox idi. Cənab Prezidentin könüllüləri qəbul etməsi heç zaman yaddan çıxmayacaq. Oyunlara ancaq bir beynəlxalq idman yarışı kimi baxmaq düzgün deyil. Onun siyasi əhəmiyyəti daha böyükdür. Azərbaycan özünü dünyaya həm də  tolerant bir dövlət kimi təqdim edib. Oyunlardan sonra isə İslam aləmi ölkəmizlə daha sıx əməkdaşlıqda maraqlı olacaq.

Müsəlman aləminin ayrılmaz hissəsi olan Azərbaycan bütün  İslam ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur. Sevindirici haldır ki, bu sahədə böyük uğurlara nail olunub. Lakin bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirənlər də var. Amma heç bir dinin terrorla əlaqəsi ola bilməz. Din özü-özlüyündə terroru rədd edən amildir. İslam isə sülh, mərhəmət dinidir. Bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevrilib, həm də müsəlman ölkələri arasındakı mövcud əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verir.

Fakültəmizdə 8 İslam ölkəsinin tarixi, dini, mədəniyyəti, inkişafı öyrənilir. Pakistan dilini öyrəndiyim üçün Oyunlarda iştiraka marağım hədsiz dərəcədədir.  22 ərəb dövləti var ki, onların arasında ən çox istifadə edilən ləhcə misirlilərinkidir. Mən könüllü  olaraq onlarla (xüsusən də atletika üzrə)  sıx ünsiyyətdə oluram”.

Bakı Slavyan Universitetinin II kurs tələbəsi Bakir Sadıqzadə də deyir ki, Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlətimizin verdiyi dəstək bütün dünya tərəfindən çox yüksək qiymətləndirilir: “Ötən il Rio Yay Olimpiya Oyunlarında idmançılarımız 18 medal qazandılar. Medalların sayına görə müsəlman ölkələri sırasında ilk yeri tutduq. I Avropa Oyunları zamanı yığma komandamız 56 medalla ikinci yeri qazandı. Əlbəttə, belə nəticələrlə bütün xalqımız fəxr edir və bu, Azərbaycan dövlətinin potensialının, xalqımızın qabiliyyətinin göstəricisidir. Yüksək təşkilatçılıqla hazırlanan IV İslam Həmrəyliyi Oyunlarının açılışı möhtəşəm və yaddaqalan oldu. Bunun ardınca idman yarışlarında idmançılarımız zəfərləri ilə bizə sonsuz sevinc bəxş edirlər.

İdmanın uşu-sanda növü ilə məşğul oluram. Arzu edərdim ki, növbəti beynəlxalq idman yarışlarında mən də iştirak edim”.

Oyunların əsas şüarı budur: “Həmrəylik bizim gücümüzdür”.  Bakı Slavyan Universitetinin Filologiya və jurnalistika fakültəsinin I kurs tələbəsi Zamin Quluzadənin  fikrincə, bu Oyunların Azərbaycan idmançıları üçün böyük əhəmiyyəti var: “Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub. İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər quran ölkəmiz bu gün dünyanın diqqətindədir. Oyunların Bakıda keçirilməsi və Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti uğurlu addımıdır”.

“IV İslam Oyunları zamanı bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünür”. Bu fikirləri Bakı Slavyan Universitetinin I kurs tələbəsi Mirsalam Şahverdiyev də təsdiqlədi. Futbola çox marağı olan bu gənc  beynəlxalq münasibət və regionşünaslıq fakültəsində oxuduğu üçün ölkəmizin əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə əmindir: “Yarışların proqramı Avropa Oyunlarınınkına çox yaxındır, lakin fərqli cəhətlər də var”.

Həmsöhbətim Oyunların təbliğatının əhəmiyyətindən danışarkən bildirdi ki, işlər iki istiqamətdə aparılır: “I Avropa Oyunları kimi yüksək səviyyədə keçirilən “Bakı-2017”nin beynəlxalq və yerli səfirləri var. Onlar incəsənət və idman aləmində öz sözlərini deyənlərdəndir.

İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunub. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar isə 24 iyul 2013-cü ildə qəbul edilib. Maraqlıdır ki, İslam Həmrəyliyi Oyunlarında, hətta sağlamlığı məhdud olan gənclər də könüllülərin sırasına qatılıblar”.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 21 may.- S. 10.