Ümumrusiya Azərbaycanlıları Konqresinin dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasında mühüm rolu olub

 

Belə bir vacib təşkilatın ləğvi ictimaiyyətdə haqlı narazılıq və təəccüb doğurdu

 

Azərbaycan dövlətinin xarici siyasətinin prioritetlərindən biri olan qonşuluq və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər birmənalı şəkildə daim dəstəklənib. Məhz bunun nəticəsidir ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu ildən-ilə artmaqda, ona göstərilən etimad isə güclənməkdədir. Belə olmasaydı, son illər Azərbaycan inkişaf etmiş Avropa ölkələrinə nümunə göstərilməzdi.

Azərbaycanla Rusiyanın əlaqələrinin kökləri yüzilliklərə bağlıdır. Qonşu ölkədə yaşayan milyonlarla soydaşlarımız, burada isə dost və qardaşlıq münasibəti görən və bərabərhüquqlu vətəndaşlar olan ruslar bir-birlərinə elə qaynayıb-qarışıblar ki, hələ keçmiş sovetlər birliyi dövründən vahid ailəyə çevriliblər. Azərbaycanın tolerant ölkə imici nəinki Rusiyada, yaxud Avropada,  həm də dünyada nümunəyə çevrilib.

Növbəti beynəlxalq tədbir - IV  İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə və təhlükəsizlik şəraitində keçirildiyi  bu günlərdə qonşu Rusiyanın Ali Məhkəməsinin qərarı ilə 16 illik fəaliyyəti nümunə göstərilmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi, açığı, həm çaşqınlıq, həm də  haqlı olaraq hər iki tərəfin geniş ictimaiyyəti tərəfindən ciddi narahatlıq və narazılıqla qarşılandı. İctimaiyyəti narahat edən qəfil vurulan zərbədir! Bu, dosta xəyanətdir ki, arxasında çirkin və bəd niyyət dayanır.

Bu təşkilatın Rusiya-Azərbaycan münasibətlərindəki mövqeyi  və daşıdığı önəmi yaxşı bilən erməni diasporunu çoxdan və həm də ciddi narahat etməsi özünü haqqında söz açılan qərarın qəbulunda göstərdi. Bu qərarın qəbulundan dərhal sonra işğalçı və təcavüzkar Ermənistan hakimiyyətinin və erməni lobbisinin sevincək olması  heç də təsadüfi ola bilməz. Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanın dünyadakı ən güclü diaspor təşkilatı idi. Konqresin sıralarında Rusiyada yaşayan tanınmış azərbaycanlılar - görkəmli mədəniyyət xadimləri, həkimlər, rəssamlar yer alırdılar.

Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə daim önəm verib və bu təşkilat rəsmi səviyyədə dəstəklənib. ÜAK 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis olunub. Təşkilatın I qurultayında ulu öndər Heydər Əliyev və onun rusiyalı həmkarı Vladimir Putin də iştirak ediblər.

Rusiya Prezidenti Vladimir Putin, dövlətimizin başçısı İlham Əliyev konqresin 2004-cü ildə Moskvada keçirilən II qurultayında iştirak ediblər. Həmin qurultayda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ÜAK-ın yaradılmasını Heydər Əliyev siyasətinin tərkib hissəsi kimi qiymətləndirib: “Mən çox şadam ki, Ümumrusiya Azərbaycanlıları Konqresi qısa müddətdə çox güclü və nüfuzlu təşkilata çevrilib. Konqres iki ölkə arasında əlaqələrin genişlənməsində çox mühüm rol oynayır”.

Konqresin 2011-ci ildə Moskvada keçirilən III qurultayında Azərbaycan dövlətinin ən yüksək rütbəli rəsmiləri iştirak edib. Ötən il keçirilən ÜAK-ın IV qurultayının iştirakçılarına dövlət başçısı İlham Əliyevin göndərdiyi təbrik məktubunda yenidən onun dünya azərbaycanlıları diaspor təşkilatları sırasında xüsusi yer tutduğu vurğulanıb: “Konqres təşkilati səviyyəsinə və əhatə dairəsinə görə Azərbaycan diaspor təşkilatının avanqardı sayıla bilər”.

Ümumrusiya Azərbaycanlıları Konqresinin qurultaylarında edilən çıxışların bəzi məqamları da göstərir ki, rəsmi Bakı bu təşkilata ciddi əhəmiyyət verib. Əslində, ÜAK iki dövlət arasındakı münasibətlərin əsas elementi sayılıb.

Güman edirik ki, Rusiya dövlətinin yüksək hakimiyyət orqanları hər iki tərəfin geniş ictimaiyyətinin narahatlığını erməni lobbisinin saxta və uydurma siyasətinə qurban verməyəcək.

 

Şahnaz ŞAHBAZOVA,

Azərbaycan Texniki Universitetinin professor

 

Azərbaycan.- 2017.- 21 may.- S. 15.