Kiyevdə Azərbaycan mədəniyyəti günü

 

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan mədəniyyəti günü keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə xalqımızın qədim tarixi, zəngin musiqi mədəniyyəti, milli mətbəxi və əsrarəngiz turizm imkanları nümayiş etdirilib.

Gün ərzində dünyanın müxtəlif ölkələrindən olan minlərlə sərnişin bu dəfə Borispol hava limanında Azərbaycanın qədim və zəngin musiqi sədaları altında qarşılanıb və yola salınıb.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək xalqımızın qədim və zəngin adət-ənənələrindən söz açıb. Azərbaycanın Qərb ilə Şərqin multikulturalizm mərkəzinə çevrildiyini bildirən səfir Borispol hava limanından dünyanın müxtəlif ölkələrinə gedən turistləri, qədim abidələr diyarı kimi tanınan odlar yurduna səyahət etmək fürsətini əldən verməməyə çağırıb.

Azərbaycan ilə Ukrayna arasında qurulmuş diplomatik əlaqələrin 25 illik uğurlarından söz açan Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy, Borispol Beynəlxalq Hava Limanının baş direktoru Pavel Ryabkin və Ukrayna Nazirlər Kabinetinin nümayəndəsi Svetlana Podlesna ölkəmizin beynəlxalq arenada əldə etdiyi nailiyyətlərdən bəhs ediblər. Azərbaycanı tolerantlıq və multikultural dəyərlərin vətəni adlandıran natiqlər son dövrlər səfirlik tərəfindən həyata keçirilən rəngarəng tədbirlərin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın zəngin mədəniyyətinin təbliğ olunmasına xidmət etdiyini bildiriblər.

Ukraynanın nüfuzlu televiziya və kütləvi informasiya vasitələrinin işıqlandırdığı tədbirdə Azərbaycanın tanınmış tarzəni Arslan Növrəslinin, gənc və istedadlı müğənni Vaqif Nağıyevin, Ukraynanın Xalq Artisti Qurban Abbasovun və Anna Mariya bacılarının ifasında geniş konsert proqramı nümayiş olunub. Azərbaycan milli rəqs ansamblının rəngarəng rəqsləri böyük maraqla qarşılanıb. Həmçinin, dünyanın müxtəlif ölkələrinə gedən sərnişinlərə Azərbaycanın qədim tarixini və əsrarəngiz turizm imkanlarını əks etdirən fotobukletlər təqdim olunub.

 

Azərbaycan.- 2017.- 21 may.- S. 16.