“Səfir
saatı” klubunda gənclərlə görüş oldu
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Səfir saatı” klubunun üzvləri ilə müstəqil Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqovun görüşü keçirilib.
Görüşdə Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisad, Bakı Slavyan, Azərbaycan Turizm və Menecment universitetlərinin “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə təhsil alan tələbələri və Bilik Fondunun əməkdaşları iştirak ediblər.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev “Səfir saatı” klubunun fəaliyyəti barədə məlumat verdikdən sonra klubun növbəti qonağını görüş iştirakçılarına təqdim edib.
İ.Vəliyev bilidrib ki, H.Sadıqov 1974-cü ildən diplomatik xidmətə başlayıb. SSRİ-nin Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə, 1988-1991-ci illərdə Azərbaycan SSR-nin xarici işlər naziri vəzifəsində çalışıb.
1991-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsinə təsdiq edilən H.Sadıqova 1989-cu ildə SSRİ-nin I dərəcəli fövqəladə və səlahiyyətli elçi-müşaviri, 1992-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik dərəcələri verilib.
H.Sadıqov 1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Qonağı Bilik Fondunda görməkdən məmnun olduğunu deyən aparat rəhbəri gəncləri məşhur diplomatın təcrübəsindən öyrənməyə çağırıb, bu təcrübənin mənimsənilərək cəmiyyətin inkişaf modelinə tətbiq edilməsinin vacib olduğunu vurğulayıb.
Müstəqil Azərbaycanın ilk xarici işlər naziri H.Sadıqov dəvətə görə Bilik Fondu rəhbərliyinə, onunla görüşmək istədiklərinə görə “Səfir saatı” klubunun üzvlərinə təşəkkürünü bildirdi. Qonaq görüş iştirakçılarına həyat və fəaliyyəti barədə ətraflı məlumat verərərək, qeyd etdi ki, gənclər Vətən, dövlət, xalq sevgisi ilə hədəfə doğru ardıcıl, yorulmadan və sistemli şəkildə biliklər almaqla irəliləsələr, bütün uğurlara çatarlar.
Diplomat gənclərlə ünsiyyətdə olmağa maraq göstərdiyini dilə gətirərək, yeni nəslin nüməyəndələrinin maariflənmək arzusi ilə ona ünvanladıqları müraciətlərə böyük ruh yüksəkliyi ilə cavab verdiyini dedi.
Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışan diplomat Azərbaycanın ümummilli liderinin sovet məkanında böyük nüfuza malik olduğunu, SSRİ-nin rəhbərliyindəki təmsilçiliyi zamanı ölkəmizin siyasi, ictimai, mədəni, sosial sferadakı inkişafında müstəsna xidmətlər göstərdiyini faktlarla diqqətə çatdırdı.
Görüşdə klub üzvlərinin suallarını cavablandıran H.Sadıqov müasir gəncliyin elmə, biliyə həvəs göstərmələrini təqdirəlayiq hal kimi qeyd etdi.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov görüşün maraqlı alınmasına görə qonağa minnətdarlığını bildirərək H.Sadıqovu fondun lektorlar qrupunun üzvlüyünə dəvət etdi. İcraçı direk-tor bildirdi ki, diplomat mühazirələr vasitəsilə biliklərini ictimaiyyətə çatdıracaq və nəticədə maariflənmə işinə töhvə vermiş olacaq. H.Sadıqov təklifi məmnuniyyətlə qəbul etdi.
Sonda H.Sadıqov Bilik Fondunun “Xatirə kitabı”na ürək sözlərini yazdı, ona fondun hədiyyələri təqdim olundu.
Bilik Fondunun “Səfir saatı” klubunun əsas məqsədi Bakıdakı diplomatik nümayəndələrin vasitəçiliyi ilə Azərbaycan və xarici ölkələrin müvafiq qurumları arasında elm, təhsil, mədəniyyət sa-hələrində qarşılıqlı əməkdaşlığın qurulması, ölkəmizi təmsil edən peşəkar diplomatların təcrübələrinin gənclərə aşılanmasıdır.
Azərbaycan.-
2017.- 21 may.- S. 16.