Mehriban
Əliyeva:
“Azərbaycan növbəti tarixi qələbəyə imza
atdı”
Azərbaycan Prezidenti İlham
Əliyev IV İslam Həmrəyliyi Oyunlarının təntənəli
bağlanış mərasimində iştirak edib
Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə evsahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.
AZƏRTAC xəbər verir ki, mayın 22-də Bakı Olimpiya Stadionunda idman həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar bəxş edən Oyunların təntənəli bağlanış mərasimi keçirildi.
Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri hərarətlə salamladılar.
Bu gün “Bakı-2017”nin uğurunu şərtləndirən iki amili xatırlatmaq yerinə düşər.
Yarışların gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Bakının 16 idman arenası ötən on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Əminliklə demək olar ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyib: “Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı başa çatır. Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu. İslam Həmrəyliyi İdman Federasiyası adından Bakı sakinlərinə və Azərbaycan xalqına göstərdikləri fədakarlığa və çox böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Biz sizi 2021-ci ildə İstanbulda keçiriləcək Oyunlarda yenidən görməyi səmimiyyətlə arzulayırıq”.
Azərbaycanın gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun sözlərinə görə, Oyunlar İslam ölkələrinin dostluğunu təcəssüm etdirdi: “IV İslam Həmrəyliyi Oyunlarının həyəcan dolu 10 günü idman, bayram və dostluğun təntənəsindən xəbər verir. “Bakı-2017” Əməliyyat Komitəsinin işinin başa çatmasına baxmayaraq, paytaxt şəhərimizin dünyada beynəlxalq idman və mədəniyyət mərkəzi kimi fəaliyyəti davam edir. Biz Bakıda bu yay keçiriləcək “Formula-1” Azərbaycan Qran-Pri turnirində, 2017-ci ildə qadınlar arasında Avropa voleybol çempionatında və 2020-ci ildə UEFA-nın Avropa çempionatının dörddəbir final oyunlarında və üç qrup qarşılaşmasında bütün dünyanı yenidən salamlamağı səmimiyyətlə arzulayırıq”.
Oyunların uğurunu təmin edən digər mühüm amil son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. Azərbaycan ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula-1” kimi mötəbər yarışlara uğurla evsahibliyi edib, özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu.
Statistikaya diqqət yetirək: Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.
“Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi, o cümlədən Oyunların rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın 70-dək əməkdaşı işıqlandırıb.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək yarışları birinci pillədə başa vurublar. Hamıdan çox qızıl medal qazanan atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olublar. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar ümumilikdə 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var.
Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləmələri və qaliblərə medalları şəxsən təqdim etmələri Oyunlara marağı daha da artıraraq onu yeni məzmunla zənginləşdirib.
Tamaşaçılar gözəl və mükəmməl idman qurğusu olan Bakı Olimpiya Stadionunun tribunalarında öz yerlərini tutdular: 68 min yerlik stadion tamaşaçılarla doldu. Meydança müasir səs sistemi ilə təchiz olunmuş 360 dərəcəli nəhəng səhnəyə çevrildi.
Səhnə tərtibatı İslam incəsənətinin bənzərsiz həndəsi naxışlarına və ənənəvi Azərbaycan xalçalarının elementlərinə əsaslanır. Səhnənin mərkəzində döymə üsulu ilə hazırlanmış və hamarlanmış diametri 8 metr olan böyük su sinisi və hündürlüyü 25 metrə çatan “Həyat ağacı” yerləşdirilib.
Mayın 20-də atletika yarışları başa çatdıqdan sonra səhnə cəmi 36 saat ərzində qurulub. “Bakı-2017”nin açılış və bağlanış mərasimlərinin hazırlanmasına 31 ölkədən 5000-dən çox səhnə mütəxəssisi, texniki heyət və aktyorlar qrupu cəlb olunub. Bağlanış mərasimi 1500 könüllü tərəfindən canlandırıldı.
Bağlanış mərasiminin möhtəşəmliyini bu faktlardan aydın görmək olar: Oyunların açılış şousunda istifadə olunmuş 270 dönmə dərəcəli işıq dirəyini 360 dönmə dərəcəsinə çevirmək üçün 12 nəfər 36 saat çalışıb. Mərasim üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq generator gətirilib. Stadionda 300-dən çox səsgücləndirici qoyulub və 12 kilometr uzunluğunda kabel çəkilib. Mindən çox işıq avadanlığı 60 kilometrlik kabellərlə birləşdirilib. “Bakı-2017”nin açılış və bağlanış mərasimlərinin kostyumlarının tikilməsi üçün 15 min metr parçadan istifadə olunub.
Stadiondakı nəhəng monitorda İçərişəhər canlandı. Gənc qadın burada havaya qızılı toz üfürdü. Gilavar qonaqpərvərliyi və xeyirxahlığı ilə məşhur olan ölkəmizdə hər qapını açaraq onu bütün Azərbaycana yaydı.
Xəzərdən əsən, özü ilə hərarət gətirən külək - gilavar qışı yumşaldır, havanı mülayimləşdirir və nəhayət, baharın müjdəsini çatdırır, insanları dənizkənarı bulvara, əylənib şənlənməyə səsləyir. Hamını qoynuna alan gilavar küləklər şəhəri Bakıya qonaq gələn hər kəsi salamlayır. Məhz onun müsbət, güclü enerjisi bağlanış mərasiminin əsas qayəsini təşkil edirdi.
Böyük monitorda Azərbaycanın bir çox təbii və memarlıq abidələrini - Şəki Xan Sarayı, Qobustan Milli Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası və Heydər Əliyev Mərkəzini seyr edən tamaşaçının diqqəti yenidən Bakı Olimpiya Stadionuna yönəldi.
Sonra 10-dan 1-ə geriyə sayım başladı və bununla da IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə start verildi.
Bu axşamkı mərasimdə 1500 könüllü çıxış edirdi.
Stadionda Yaşar Baxışın “Əbədi birlik” əsəri səsləndi.
Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri tərəfindən stadiona gətirilərək dövlət himninin sədaları altında dirəyə qaldırıldı. Stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq oldu.
İdmançıların paradı başladı. İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil oldular. Paradı ev sahibi olan Azərbaycan atletləri tamamladı. Bu mərasim “Amarok” qrupunun ifasında “Naxçıvan halayı” ilə müşayiət olundu.
Xatırladaq ki, yarışlarda Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Kot d'İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən və Azərbaycan idmançıları iştirak ediblər.
İdmançıların paradı zamanı Tünzalə Ağayeva, Samirə Allahverdi, Samirə Əfəndi, Hafex & Sahil Umud, Nigar Camal, Aygün Kazımova, Rilaya, Diana Miro populyar Azərbaycan mahnılarını səsləndirdilər.
Səhnədə quraşdırılmış “Həyat ağacı”na su verildi və o, rişə atmağa başladı. Ağacın ümumi uzunluğu 80 metr olan kökləri səhnənin kənarından çıxdı.
Aktyorlar qrupu üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolaqla səhnəyə çıxdılar. Süni quşlar onların başları üzərində uçur və bu zaman ipək zolaqlar birləşərək gözəl mənzərə yaradır. Yaşıl rəng - meşələri, qəhvəyi - dağları, göy isə çayları təcəssüm etdirirdi.
İpək zolaqlar sonda Azərbaycan bayrağının formasını aldı.
Mindən çox ağ hava şarı buludlara çevrildi və aktyorlar onları ip vasitəsilə hərəkətə gətirdilər. İpək zolaqlar Azərbaycanın yerdən çıxan əbədi odlarını əks etdirdi.
Səhnə üzərində qanadlarının uzunluğu 3,4 metr olan 50 süni quş uçdu.
“Şərəfli ölkə” adlanan bu səhnənin nümayişi zamanı Azərbaycan musiqi qrupu “Amarok” “İncilər” mahnısını səsləndirdi.
Stadiondakı ekranlarda 10 günün idman yarışlarından epizodlar nümayiş etdirildi. Tamaşaçılar inanılmaz bacarıq, mübarizlik və sevinc anlarını bir daha seyr etdilər. Yarışların sevincli və kədərli anları da oldu. Bununla belə, son nəticədə dostluq qalib gəldi.
Yarış epizodlarının nümayişi zamanı Azərbaycanın “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsinə təqdim etdiyi “Hour of the Wolf” mahnısı səsləndirilirdi.
Günəş qalxdı və səhnə üzərində hərəkət etdi. Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən idarə olunurdu. Diametri 6 metr olan günəşin şüası səhnədə növbəti kompozisiyaya start verdi. “Xəzərin üzərində nur” adlanan bu səhnəciyi 454 aktyor canlandırdı. Stadionda “Qarabağ şikəstəsi”nin əzəmətli sədaları səsləndi.
Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən çox əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırdı. Kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənirdi. Günəş öz yerini tutduğu zaman həmin kitablar açılaraq göy işıq saçdı və havaya qaldırılaraq Xəzərin gözəl 3D görüntüsünü yaratdı.
Stadionda “Gilavar” kompozisiyasının nümayişi başladı. Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələr nümayiş etdirildi. Kimi çərpələng və hava şarları ilə oynayır, kimi şahmat taxtası arxasında əyləşib, kimi də küləyin əllərdən qopardığı qəzetlərin arxasınca qaçırdı. Bütün rekvizit və kostyumlar gilavarı əks etdirən dalğavari naxışlarla bəzədilmişdi.
Səhnə iştirakçıları “Yallı” getdiyi zaman buludlar qalxdı.
Mindən artıq hava şarı və gilavar “Həyat ağacı”nın yarpaqlarını gecə səmasına qaldırdı.
Stadionda Gülarə Əliyevanın “Şur fantaziyası” səsləndirildi.
Səmada işıq saçan aypara göründü və səhnə üzərində hərəkət etdi. Aktyorlar qlobus saxlayan əlləri və sülh rəmzi olan göyərçini formalaşdırdı.
“Həmrəylik ruhu” adlı bu kompozisiyada aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında işlədilən və alov mənasını daşıyan buta fiqurlarını yaratdılar.
Aypara səhnənin mərkəzinə doğru hərəkət etdi. Səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alov yandırdı. Onlar fəvvarəyə çevrilən su sinisini dövrəyə aldılar. Əllidən çox İslam ölkəsinin qovuşan suları gözəl fəvvarəyə çevrildi və ayparaya doğru yüksəldi.
Su yüksəldikcə Aydan parıltılı konfetti səpələndi.
Beləliklə, Bakı İslamiadanın birlik və həmrəylik ruhunu dünya ilə bölüşdü.
“Natiq” ritm qrupunun ifasında “Qarabağ” mahnısının sədaları stadiona yayıldı.
Diqqət yenidən monitorlara yönəldi. Ekranlarda təxminən 8000 könüllünün Oyunların uğurla keçirilməsinə verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olundu.
Stadionda Azad Vəliyevin “Yeni gün” mahnısı səsləndi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olundu.
Xanım Mehriban
Əliyevanın
çıxışı
- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Zati-aliləri Faisal Abdulaziz Al-Nasser,
İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri,
Zati-aliləri,
İslam
aləminin idmançıları,
Xanımlar
və cənablar,
Hörmətli
qonaqlar.
“Bakı-2017”
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə
xoş gəlmisiniz!
Əziz həmvətənlər!
Azərbaycan
növbəti tarixi qələbəyə imza atdı. IV
İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə
keçirilməsi bütün İslam dünyasının Azərbaycana
və Azərbaycan xalqına olan hörmət və dəstəyinin
təzahürüdür. Əminəm ki, 50-dən çox
ölkəni təmsil edən idmançılar və
paytaxtımızın qonaqları Azərbaycanla bağlı
xoş xatirələri öz qəlblərində qoruyub
saxlayacaqlar.
Bu
günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini
və mehribanlığını bir daha nümayiş etdirdi.
Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir.
Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə
ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən
təbrik edirəm. Bundan da böyük qələbə bu
günlər ərzində nail olduğumuz İslam aləminin
həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin,
hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini
gücləndirək. Qoy, Allah bütün müsəlmanları
qorusun!
Əziz
dostlar, son 10 gün ərzində İslam aləminin
idmançıları idman, dostluq və birliyin möhtəşəm
təntənəsi çərçivəsində bir araya gəldilər.
Onların mübarizliyi və fədakarlığı həqiqətən
valehedici oldu. Onların çıxışlarını seyr
etmək böyük hisslər yaratdı.
İdmançılar,
mən sizi nailiyyətləriniz münasibətilə təbrik
edirəm və İslam aləminin
tamaşaçılarına verdiyiniz sevincə görə sizə
təşəkkürümü bildirirəm. Bu, sizin Oyunlar
idi və sizin idman yarışlarında
çıxışınız onları möhtəşəm
etdi. Ümidvaram ki, Bakıdan ayrıldıqda ən xoş
xatirələrinizi bütün həyatınız boyu əziz
tutacaqsınız.
Azərbaycanın
milli komandası 162 medal, o cümlədən 75 qızıl
medal qazanaraq, medallar cədvəlində birinci yer tutaraq bizi
bir daha fərəhləndirdi. Azərbaycan
idmançıları, sizin fədakarlığınız və
ustalığınız həmvətənlərimizi
ilhamlandırmaqda davam edir və gələcək nəslə
ən parlaq nümunə kimi xidmət edəcək.
Son 10
gün ərzində burada, Bakıda bizim üçün və
hamı üçün bu Oyunlarda gördüyümüz
İslam aləminin həmrəyliyi növbəti böyük
qələbə oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan
xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz
hamımız gələcəkdə bu ülvi missiyanın
davam etdirilməsi üçün yorulmadan
çalışmalıyıq.
Mən
xalqlar arasında həmrəylik əlaqələrini gücləndirən
İslam aləminin idmançılarını Bakıda
salamlamaq üçün yaratdığı fürsətə
görə İslam Həmrəyliyi İdman Federasiyasına təşəkkürümü
bildirmək istəyirəm.
Bu Oyunlar
və bir çox digər mühüm beynəlxalq idman,
humanitar və siyasi tədbirlər Bakının
açıqlıq və tolerantlıq mərkəzi kimi
nüfuzunu daha da möhkəmləndirdi. Paytaxtımız
İslam idman ictimaiyyətini açıq qəlblə qəbul
etdi və bu Oyunların uğurlu olması bütün Azərbaycanın
fədakarlığına və qəhrəmanlığına
işarədir.
Bütün
dünyadan gəlmiş qonaqlarımız özünün qədim
irsinə və ənənələrinə sadiq olan, gələcəyinə
qətiyyətlə baxan ölkənin - Azərbaycanın zəngin
mədəniyyəti və məşhur qonaqpərvərliyi
ilə tanış oldular. Dünyanın ən gözəl
şəhərlərindən birində, Bakıda sizi görməkdən
məmnun olduq. Biz açıq qəlblə sizi yenidən Azərbaycanda
görməyimizi səmimiyyətlə arzulayırıq.
Əziz
könüllülər, çox sağ olun:
qonaqlarımız özlərini evlərindəki kimi hiss etdilər.
Siz bu Oyunların uğurlu olmasında böyük rol
oynadınız. Əgər atletlər “Bakı-2017”nin
döyünən ürəyidirsə, siz bu Oyunların
geniş qəlbi idiniz. Siz dünyaya səmimiyyətinizi və
iradənizi göstərdiniz. Mən gördüyünüz
işlərə görə hər birinizə olduqca minnətdaram.
Biz
dünyanı Bakıda salamlamaqda davam edəcəyik: bu yay
“Formula-1” Azərbaycan Qran-Pri turniri, sentyabrda qadınlar
arasında voleybol üzrə Avropa çempionatı
keçiriləcək və 2020-ci ildə burada, Bakı
Olimpiya Stadionunda futbol üzrə Avropa
çempionatının oyunları baş tutacaq.
“Bakı-2017”
Oyunlarının başa çatdığı bir anda, mən
bu möhtəşəm tədbirdə iştirak etmiş hər
bir şəxsə, idmançılara və
tamaşaçılara, təşkilatçılara və
könüllülərə təşəkkürümü
bildirmək istəyirəm.
Mən məmnuniyyətlə
elan edirəm ki, növbəti İslam Həmrəyliyi
Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək.
Biz türk qardaş və bacılarımıza böyük
müvəffəqiyyətlər arzulayırıq.
Beləliklə,
mən qürur hissi ilə IV Bakı İslam Həmrəyliyi
Oyunlarını bağlı elan edirəm.
Sağ
ol, Bakı!
Sağ
ol, Azərbaycan!
(Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” İslam
Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevanın çıxışı dəfələrlə
sürəkli alqışlarla qarşılandı).
* * *
Sonra
İslam Həmrəyliyi İdman Federasiyasının baş
katibi Faisal Abdulaziz Al-Nasser çıxış etdi.
Faisal Abdulaziz Al-Nasserin
çıxışı
- Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev,
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” İslam
Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin
sədri Zati-aliləri Mehriban Əliyeva,
İslam
Həmrəyliyi İdman Federasiyasının hörmətli
üzvləri,
Zati-aliləri,
İslam aləminin
idmançıları,
Xanımlar
və cənablar.
Bu
axşam keçirilən bağlanış mərasimi burada,
Azərbaycanın paytaxtında möhtəşəm idman və
dostluq bayramının başa çatmasından xəbər
verir. Bakı dövlətlərimizin atletlərinə
bacarıqlarını nümayiş etdirmək, dörd qitədən
gəlmiş insanlara birlik və anlaşma ruhunda
qarşılıqlı əlaqələrimizi qeyd etmək məqsədilə
yaradılmış gözəl şəraitləri təmin
etdi.
Bu əlamətdar
İslam Həmrəyliyi Oyunları Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
“Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım
Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi
Oyunları Təşkilat Komitəsində çalışan
heyətinin fəaliyyəti sayəsində qonaqpərvər
ev sahibinin səyləri ilə mümkün oldu.
Mən
İslam Həmrəyliyi İdman Federasiyası adından
idmançılara Oyunlarda iştirak etdiklərinə,
könüllülərə “Bakı-2017”yə verdikləri
töhfəyə və Azərbaycan xalqına göstərdiyi
fədakarlığa, çox böyük qonaqpərvərliyə
görə təşəkkürümü bildirmək istəyirəm.
Dörd ildən sonra “İstanbul-2021” Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram.
Sağ
ol, Bakı! Sağ ol, Azərbaycan!
* * *
Monitorlarda
2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına evsahibliyi
edəcək İstanbul şəhərindən
görüntülərin, idman qurğularının əks
olunduğu videoçarx nümayiş etdirildi.
Xüsusi
Dövlət Mühafizə Xidmətinin Milli
Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi
İdman Federasiyasının bayrağını endirdilər.
İslam
Həmrəyliyi İdman Federasiyasının baş katibi
Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə
Respublikasının gənclər və idman nazirinin
müavini, “İstanbul-2021” İslam Həmrəyliyi
Oyunlarının nümayəndəsi Kamuran Özdənə
təqdim etdi.
Bu səhnələr
Benjamin Brittenin “The Young Person's Guide to the Orchestra” musiqisi,
Rövşən Əsgərzadənin “Qəhrəmanlıq
uvertürası” ilə müşayiət olundu.
Türkiyənin
dövlət himni - “İstiqlal marşı” səsləndirildi
və Azərbaycan bayrağının yanında qardaş
ölkənin bayrağı qaldırıldı.
Bağlanış
mərasimi “Birlik” adlı konsertlə davam etdi.
Səmra
Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar
maraqlı ifaları ilə tamaşaçılarda xoş
ovqat yaratdılar. Rəngli döşəmədəki
proyeksiyalar səhnəyə canlılıq gətirdi.
Tünzalə
Ağayevanın ifasında “Sürət - 2017 Azərbaycan
Qran-Prisi” mahnısı səsləndi. İfa zamanı 30 səhnə
iştirakçısı Bakı şəhər
halqasını təsvir edən əsas səhnədə
işıqsaçan çubuqlarla rəqs etdi.
Müğənni
“Birlik” konsertini “Bakı-2017”nin könüllülərinə
həsr olunmuş “Salam Bakı” himni və “Mən azərbaycanlıyam”
mahnısı ilə yekunlaşdırdı.
Yaddaşlarda
dərin iz qoyan, artıq tarixə çevrilən IV İslam
Həmrəyliyi Oyunlarının bağlanış mərasimi
Bakı Olimpiya Stadionunun üzərində möhtəşəm
atəşfəşanlıqla başa çatdı.
Azərbaycan.- 2017.- 23 may.- S. 1; 4; 5.