İlham
Əliyevin təşəbbüsü qlobal hərəkata
çevrilir
Azərbaycan Prezidentinin İslam həmrəyliyi yaratmaq, müsəlman-xristian sivilizasiyaları arasında yeni əməkdaşlıq formatı təsis etmək, terrorizmə qarşı daha effektiv mübarizə aparmaq barədə fəaliyyət strategiyası artıq beynəlxalq platformanın əsas proqramı kimi qəbul olunur
Ötən həftə sonu Ər-Riyadda baş tutan Ərəb-İslam-Amerika Sammiti son onilliklərdə davamlı olaraq gərginləşən İslam-xristian sivilizasiyalarının münasibətləri kontekstində mühüm hadisə oldu. Eyni zamanda zirvə görüşünün qlobal miqyasda baş verən məlum proseslərdə dönüş yaradacağı ehtimalı da yüksəkdir.
Düzdür, bu tədbiri seçki kampaniyasında qatı antiislamçı mövqeyini çəkinmədən bəyan edən, prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra isə siyasi reallıqlarla hesablaşmağa məcbur olan D.Trampın müsəlman liderləri ilə tanışlıq görüşü və onlara özünü yeni imiclə tanıtmaq istəyi kimi də qəbul etmək olar.
İslam-ABŞ əməkdaşlığı
məhz Azərbaycanla birlikdə güclüdür
Şübhəsiz, hamını sammitin məqsədindən daha çox nəticələri maraqlandırır ki, bu barədə indi danışmaq isə çox tezdir. Əsas məsələ dini zəmində ikiyə bölünən dünyanın real güclərinin - İslam dünyasının və xristian aləmi timsalında ən böyük fövqəldövlətin bir masa ətrafında ümumi problemləri müəyyənləşdirmələri və onlardan çıxış yollarını aramaları idi ki, bu da baş verdi.
Azərbaycanın da təmsil olunduğu zirvə görüşü “Birlikdə güclüyük” devizi altında keçirilirdi. Ölkəmiz bura İslam mənsubluğuna görə dəvətli olsa da, tədbirdə Prezident İlham Əliyevin xüsusi missiyası var idi və bu, zalın ümumi mənzərəsində, ən əsası, müzakirə edilən mövzuların mahiyyətində daha aydın görünürdü. Yəni çıxışlarda və diskussiyalarda səslənən “cəmiyyətdə tolerantlığa nail olmalıyıq”, “dini ekstremizmi və radikalizmi zərərsizləşdirməliyik”, “təriqətlərarası və dinlərarası sülhü təmin etməliyik” kimi fikirlər artıq Azərbaycanın həyata keçirib, hətta başa vurduğu məsələlərdir.
D.Trampın, həmçinin müsəlman liderlərin səmərəli fəaliyyət və real nəticələrin əldə olunması ilə bağlı irəli sürdükləri tezislər İlham Əliyevin illər öncə tam gerçəkləşdirdiyi proseslərdir!
Sammitdə təklif olunan layihələr Azərbaycanın və İlham Əliyevin ötən dövrdə dünyaya təqdim etdiyi nadir modellərdir!
Ərəb-İslam-Amerika Sammitinin müzakirə mövzularını və daha böyük problem kimi qeyd olunan məsələləri ümumiləşdirsək, əsas üç məqamı səciyyələndlirmək olar:
* İslam ölkələri arasında sağlam və səmimi həmrəyliyi bərqərar etmək, məzhəblərarası ədavətə və dini radikalizmə son qoymaq;
* müsəlman-xristian (bura yəhudiliyi də əlavə etimək zəruridir) sivilizasiyaları arasında yeni əməkdaşlıq formatı yaratmaq;
* beynəlxalq terrorizmə qarşı daha effektiv mübarizə aparmaq, bölgədə sabitliyi bərpa etmək.
Bəşəriyyəti təhdid edən və hər gün eşitdiyimiz qanlı xəbərlərin, faciələrin mənbəyi məhz bu üç səbəbdir. Həmçinin bu üç məqamın Azərbaycan üçün indi zərrə qədər də təhlükə kəsb etməməsi isə uğurumuzun və sabit, sakit yaşamımızın rəhnidir.
Dünyanın
düşündüyü, İlham Əliyevin isə
artıq reallaşdırdığı üç məqam
Hər üç istiqamətdə Azərbaycanda həyata keçirilən proseslər məntiqi nəticəyə çatıb və nailiyyətlə yekunlaşıb.
Əvvəla, Azərbaycanda dini radikalizm ləğv edilib. Bunun təməli hüquq mühafizə orqanlarının səmərəli fəaliyyəti ilə yanaşı, - əslində, ondan daha çox, - düzgün dövlət-din münasibətlərinin formalaşması və hakimiyyət tərəfindən cəmiyyətdə ardıcıl olaraq aparılan maariflənmə işidir. Həmçinin ölkədə sosial-iqtisadi rifah halının, orta savadlılıq və məşğulluq səviyyəsinin digər dövlətlərlə müqayisədə çox yüksək olması da əhalinin ekstremist güruha meyillənməsinə effektiv maneədir.
Azərbaycanın bu məsələdə növbəti nailiyyəti daxildə bütün İslam məzhəblərinin sağlam əməkdaşlığa köklənən münasibətlər saxlamasıdır. Əgər məlum qonşu ölkələrdə sünnilər və şiələr qarşılıqlı şəkildə bir-birlərinə savaş açır, sələfilər (vəhabilər) isə hər ikisinə qarşı kütləvi terror təşkil edirsə, Azərbaycanda bu təriqətlər Heydər məscidinin minbəri altında çiyin-çiyinə dayanaraq bir olan Tanrıya eyni duaları edib, vəhdət namazı qılırlar və bu təşəbbüs bütün ölkə boyu yayılır. Azərbaycan dövləti hər bir məzhəbə normal fəaliyyət göstərməyə şərait yaradır, onların etiqad azadlığını təmin edir, ancaq onların fəaliyyətinin vahid və sağlam İslam platformasından kənara çıxmasına heç vəchlə imkan vermir.
Eyni zamanda ölkə daxilində tam bərqərar olan İslam həmrəyliyini daha geniş miqyasda əldə etmək məramı Azərbaycanın dövlət siyasətidir və bu yönümdə çoxsaylı təşəbbüslər həyata keçirilib. Respublikamızda İslam ölkələrinin ruhani rəhbərlərinin sammiti, idman yarışları, mədəniyyət tədbirləri keçirilir, bütün müsəlman dövlətləri ilə sıx əməkdaşlıq yürüdülür, İlham Əliyev həmkarları ilə şəxsi dostluq münasibətləri saxlayır. Ən nəhayət, Azərbaycanın illərdir həyata keçirdiyi İslam həmrəyliyini gücləndirmək məramı bu ilin əsas dövlət prioritetidir.
İkinci mühüm məqam 1500 ildir davam edən İslam-xristian qarşıdurmasının aradan qaldırılması, onların məhdud klerikal baxışlardan uzaqlaşaraq daha qlobal düşüncə və təfəkkür ətrafında - ümumbəşəri mənafe çərçivəsində fəaliyyətlərini əlaqələndirmək zərurətidir. Bu sahədə də Azərbaycanın mükəmməl nümunəsi var.
Tolerantlıq, multikulturalizm sahəsində qazanılan təcrübə dünya tərəfindən təqdir olunur, nümunə kimi qəbul edilir. Azərbaycan son illərdə sivilizasiyalararası əməkdaşlığa aid onlarla beynəlxalq tədbirə, qlobal foruma evsahibliyi edib, Roma papalarının ölkəmizə səfərləri olub, həmçinin pravoslav kilsə rəhbərləri, yəhudi sinaqoqlarının təmsilçiləri ölkəmizə mütəmadi gəlirlər. Azərbaycan Sivilizasiyalararası əməkdaşlığın Bakı Prosesi kimi qlobal təşəbbüsün müəllifi olaraq tarixdə bir ilkə - İslam və xristian ölkələrinin fəal əlaqələrinin yaradıldığı platformaya imza atıb. İslam ölkəsi olan Azərbaycana xristianlığın bütün təriqətləri - katoliklər, pravoslavlar, protestantlar və digərləri, həmçinin yəhudi dini icması eyni dərəcədə etimadla, böyük və səmimi dost kimi yanaşırlar.
Üçüncü məsələ. Beynəlxalq terrorizmə qarşı mübarizəyə Azərbaycanın verdiyi təmənnasız töhfə əvəzsizdir. Hələ 2001-ci ilin sentyabrında ABŞ-da dünya düzənini dəyişdirəcək terrorun baş verməsindən dərhal sonra rəsmi Bakı terrorizmə qarşı vahid cəbhənin formalaşması prosesinin ən fəal üzvlərindən olmuş, NATO-nun mandatı altında sülhyaratma missiyalarında iştirak etmişdir. Azərbaycan öz dəniz, hava və quru ərazilərindən hərbi tranzit kimi istifadəyə maneə yaratmır. Beynəlxalq terrorizmin bir elementi olan işğalçı separatizmin hədəfinə çevrilən ölkəmiz bu sahədə Prezident İlham Əliyevin şəxsində qətiyyətli mövqe nümayiş etdirir və əslində, bütün qüvvələri ikili standartları kənara qoyaraq bu prosesdə səmimi fəallığa çağırır.
İlham
Əliyev İslam dünyasına nə təklif edir?
D.Trampın çıxışının əsas leytmotivi, xüsusən də “Biz bura mühazirə oxumaq üçün, başqalarına necə yaşamalı olduqlarını demək üçün gəlməmişik. Yaxşı gələcək naminə birgə maraqlar və dəyərlərə əsaslanan tərəfdaşlıq üçün burdayıq” sözləri əgər qarşıdakı dövrdə reallığa çevrilərsə, Ərəb-İslam-Amerika Sammitinin uğurlu nəticələrinə ümid etmək olar. İndiyədək bölgədə baş verən proseslərə “dünya jandarmı” gözü ilə baxan və daim öz maraqlarını önə çıxaran fövqəldövlətin iştirakı, dəstəyi, istəyi olmadan nə beynəlxalq terrorizmə qalib gəlmək olar, nə də savaşların qarşısı alınar. İslam dünyası indi xristian aləmindən - ABŞ-dan və onun tərəfdaşlarından səmimi əməkdaşlıq, birgə fəaliyyət gözləyir.
Fəqət Azərbaycanın davamlı olaraq inadla həyata keçirmək istədiyi İslam həmrəyliyi məqsədi reallaşarsa, müsəlman ölkələri vahid güc mərkəzinə çevrilərsə, bu, geosiyasi düzən və qüvvələr nisbətini tamamilə dəyişə bilər. Özü də söhbət yalnız hərbi yönümlə məhdudlaşmır: neftin qiymətləri ilə tənzimlənən qlobal iqtisadi-maliyyə proseslərindən başlayaraq ölkələrin müstəqilliyinin, dövlətçilik müqəddəratının taleyinədək hər şey məhz müsəlmanların öz əlində ola bilər!
Necə ki, Azərbaycanın müqəddəratı, dövlətçiliyi öz əlindədir!
İlham Əliyev Ərəb-İslam-Amerika Sammitinə məhz bu təcrübə ilə, bu sadə təkliflə, öz nümunəsi ilə getmişdi...
Tarix isə sübut edir ki, real nəticələr sammitlərlə, çıxışlarla, çağırışlarla yox, məhz konkret fəaliyyətlə, mükəmməl nümunələrlə əldə olunur...
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2017.- 23 may.- S. 1.