On bir
ayın sultanı Ramazan gəldi
Orucluğun ibadətlərlə
qarşılanması və
yola salınması müsəlman dünyasının
həm də mənəvi borcudur
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə
vacib olduğu kimi, sizə də vacib edildi”
(Quran, Bəqərə, 183)
Bu gün
müqəddəs və
mübarək Ramazan ayı başlayır. İnsanların on bir ay səbirsizliklə gözlədikləri gün
gəlib çatıb.
Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün vacib sayılır. Çünki
oruc İslamın beş fərzindən
biridir. Ağıllı, yetkinlik yaşına
çatmış hər
bir şəxs oruc tutmalıdır.
Bir ay ərzində müsəlmanlar
ulu Yaradanın buyuruğunu yerinə yetirib günün işıqlı vaxtında
oruc tutmaqla yemək-içməkdən və
bəzi əməllərdən
uzaq olacaqlar.
Müqəddəs “Qurani-Şərif”də buyurulduğu
kimi, Ramazan ayı müsəlmanlar üçün həm də bir sınaq
dövrü, özünə,
Tanrısına dönüş
məqamları ilə
xarakterizə edilir.
May ayının
27-dən (şənbə günü)
başlayan Ramazan ayı iyunun 25-dək davam edəcək. Orucluğun ibadətlərini
yerinə yetirmək istəyənlər bu müddəti həm fiziki sağlamlaşma, həm də mənəvi paklaşma kimi qəbul edirlər. Oruc ibadəti İslamdan
əvvəlki dinlərdə
də mövcud olub. Lakin o, ən mükəmməl
səviyyəsini İslamda
tapıb.
Ramazan ayların ən fəzilətlisidir. Quranın dünyaya nazil
olması bu ayda başlayıb. Bu ay Allaha itaət
və ibadət, yaxşılıq və ehsan, məğfirət və rəhmət zamanıdır. Ramazanda min aydan
xeyirli olan Qədir gecəsi var.
On bir ayın sultanı olan Ramazan müsəlmanın
din və dünya işlərinin düzəldilməsinə
köməkdir. Duaların daha
çox qəbul edildiyi Ramazanda oruc tutmağın fəziləti ilə əlaqədar həddindən
artıq hədislər
var.
Ramazan ayında baş verən tarixi hadisələr İslamın
hər bir işin haqqını verdiyini, orucun simvolunun güc, qüvvət, əməl olduğunu göstərir. Hər hansı
bir ibadət və ya başqa
dini vəzifə müsəlmanı həyatdan,
yaşayışını təmin etməkdən uzaqlaşdırmır. Buna
görə heç bir insan orucun
dünya işlərindən
onu uzaqlaşdırdığını,
cəmiyyətlərin geriləməsinə
səbəb olduğunu
deyə bilməz.
Unutmayaq ki, İslam dinlərin ən mükəmməlidir. Buna görə Tanrı yolçuluqda, savaşda orucu pozmağa icazə verib.
Sağlam olmaq istəyirsənsə
oruc tut. Müasir tibb orucu xəstəliklərə qarşı
qoruyucu dərman hesab edir. Müəyyən xroniki xəstəliklər
orucla müalicə edilir. Oruc tutmaq bəzi
dəri xəstəliklərinin
sağaldılmasında, mədənin
gün ərzində istirahət etməsində
də əvəzsiz müalicə üsuludur.
Buna görə bəzi ölkələrdə
bu üsulla müalicə edən xəstəxanalar fəaliyyət
göstərir. Belələrindən biri doktor Henri Lahmanın Almaniyanın Drezden şəhərindəki
xəstəxanasıdır.
Oruclu adam cəsarətli olur. Gün ərzində iki
dəfə yemək ən ideal qidalanmadır.
İmtahana girən tələbələr
üzərində aparılan
müşahidələr nəticəsində
məlum olub ki, orucun həyəcanlara,
qorxulara, unutqanlıqlara
qarşı da inkaredilməz müsbət
təsiri var. Tədqiqatlar
orucun cəsarət hissini artırdığını,
ruhu sakitləşdirdiyini
təsbit edib.
Oruc mənfi hisslərin qarşısını almaqda
da bənzərsizdir. Çox yemək
qandakı bəzi hormonların səviyyəsini
çoxaldır. Oruc isə
bu hissləri azaldaraq insanın işgüzar şüurunu
artırır. Oruc beyni
gücləndirir. Minlərlə kitabın Ramazan ayında və ya müəlliflərin oruc tutduqları günlərdə yazılması
barədə də kifayət qədər faktlar mövcuddur.
Oruc əxlaq məktəbidir. İbadətlərin özünəməxsus vaxtları
var. Fərz olan orucun vaxtı Ramazan ayıdır.
Allah-təala buyurur: “Ramazan ayı insanlara düz yol göstəricisi, bu yolun və
haqqı batildən ayırmağın aydın
dəlilləri olan Quranın nazil edildiyi aydır”. Bu ay Quran nazil olduğu
üçün Ramazana
“Quran ayı” da deyirlər.
Həzrəti Mühəmmədə (s.ə.v.)
peyğəmbərlik vəzifəsi
məhz bu ayda verilib. Min aydan daha xeyirli
olduğu “Qurani-Kərim”də
bildirilən “Qədr gecəsi” də bu ayın bəxtinə
düşüb. İslamın
əsas beş
şərtindən biri
olan oruc ibadəti bu aya məxsusdur. “Təravih” namazı
da, sadəcə, Ramazan ayında qılınır.
Oruc bir ay yalnız ac qalma hadisəsi deyil. O, insanın iradəsini
gücləndirən, pis
adətlərdən təmizləyən,
çirkin davranışlardan
uzaqlaşdıran və
bunları yaxşıları
ilə əvəz edən əxlaq təlimidir. Oruc ancaq yeyib-içməkdən
uzaqlaşmaq deyil, həm də günah sayılan bütün davranışlardan
özünü qorumaqdır.
Oruc ay təqviminə, yəni, qəməri aylara uyğun tutulur. Bilindiyi kimi, qəməri aylar günəş təqvimindəki aylara görə, 10 gün əvvəl gəlir.
Beləliklə, oruca hər il
on gün əvvəl
başlanıldığına görə Ramazan ayı təxminən 33 ildə bir dəfə
bütün fəsilləri
gəzir. Ona görə də
orucluğun günləri
dəyişir. Bu isə müsəlmanları
ilin müxtəlif dövrlərində oruc tutmasını, beləliklə,
hər fəslin çətinliyinə özünü
öyrətməsini və
yoxsulların ayrı-ayrı
mövsümlərdə yaşadıqları
sıxıntıları anlamağa
kömək edir.
Orucun vaxtı əvvəllər
hava ilə öyrənilir, bəzi yerlərdə isə xüsusi təyin edilmiş insanlar tərəfindən xəbər
verilirdi. Xatırladaq ki, imsaq və iftar vaxtları
hər gün, yaxud günaşırı
bir-iki dəqiqə dəyişir, rayonlarda isə dəqiqə fərqləri olur.
Oruc niyyət ilə başlayır. Niyyəti ürəkdə də etmək olar. Səhər yeməyinə durmaq
da niyyət deməkdir. Ramazan ayı adətən,
30, bəzi illərdə
isə 29 gün olur. Quranda orucun bir ay olduğu açıq-aşkar
bildirilir. Oruc
Allah tərəfindən əmr
ediləndən sonra Həzrəti Peyğəmbər
(s.ə.v.) doqquz il yaşayıb
və 9 dəfə Ramazan orucu tutub.
Başqa sözlə,
Peyğəmbərimiz (s.ə.v.)
4 dəfə 29 gün,
5 dəfə isə
30 gün Ramazan orucu tutub.
Onu da qeyd edək
ki, mübarək Ramazan ayının başlanması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin
Qazilar Şurası fətva verib. Fətvada
deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu
ilki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə
uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi
ilə Miladi təqvimlə 2017-ci il mayın 27-nə təsadüf
edəcək. Ayın
göründüyü andan
etibarən Ramazan ayı başlayacaq: “Duamız budur ki, qadir Allah doğma Azərbaycanımızın
qüdrətli və firavan gələcəyini,
ölkəmizdə və
bütün dünyada
sülhü bərqərar
etsin, gələn Ramazan iftarlarımızı
doğma Qarabağda açmağı nəsib
etsin. Qayıdışımızın
rəmzi olan Cocuq Mərcanlı məscidinin minarələrindən
ucalacaq azan böyük
zəfərimizin müjdəsi
olsun, İnşaallah!
Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!”
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan. - 2017.- 27 may.- S.8.