Azərbaycanlı
üzgüçülərin tarixi qələbəsi
Dünən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində üzgüçülük yarısları davam etmişdir. Azərbaycan idmançısı Maksim Şemberev daha iki yarışda qalib gələrək qazandığı qızıl medalların sayını 4-ə çatdırmışdır.
Əvvəlcə o, kişilər arasında 200 metr məsafəyə batterflyay üsulu ilə üzmə yarışında 1: 57.22 dəqiqə nəticə ilə qalib gəlmişdir. Gümüş və bürünc medallara isə türkiyəli idmançılar Kaan Özcan və Səməd Alkan sahib çıxmışlar.
800 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da Maksim Şemberev bütün rəqiblərini qabaqlayaraq ölkəmizə növbəti qızıl medalı qazandırmışdır. O, 7:54.34 dəqiqə nəticə ilə finiş xəttinə birinci çatmışdır. Gümüş medalı İndoneziya üzgüçüsü Aflah Pravira əldə etmiş, türkiyəli Ediz Yıldırımer isə bürünc medala sahib olmuşdur.
Xatırladaq ki, srağagün Maksim Şemberev daha iki qızıl medala yiyələnmişdir.
Dünən Azərbaycanın qadın üzgüçülərdən ibarət komandası da tarixi uğura imza atmışdır. Alsu Bayramova, İlahə Raciyeva, Fatimə Alkərəmova və Yuliya Stisyuk 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında İslamiadanın bürünc medalını qazanmışlar. Türkiyə komandası yarışın qalibi olmuş, indoneziyalı üzgüçülər isə ikinci yeri tutmuşlar.
Qadınların 200 metr məsafəyə sərbəst üsulla yarışında türkiyəli üzgüçülər Selen Özbilen və Gizem Bozkurt qızıl və gümüş medallara yiyələnmişlər. İndoneziyalı idmançı Sagita Krisdevanti bürünc medal əldə etmişdir.
50 metr məsafəyə arxa üstə üzmə yarışlarında da türkiyəli idmançı Yekaterina Avramova qalib olmuşdur. Onun həmyerlisi İlayda Kargin gümüş, əlcəzairli Amel Melih isə bürünc medala sahib çıxmışlar.
100 metr məsafəyə brass üsulu ilə üzgüçülükdə də türkiyəli idmançı Zeynəb Viktoriya Günəş qələbə qazanmışdır. İndoneziyalı üzgüçülər Əzzəhra Permatahani və Ressa Devi ikinci və üçüncü yerləri bölüşdürmüşlər.
Kişilərin 50 metr məsafəyə arxa üstə üzmə yarışında Gede Sudartava (İndoneziya) qızıl medala yiyələnmişdir. Türkmənistan idmançısı Mərdan Atayev gümüş medal qazanmış, türkiyəli üzgüçü İsgəndər Baslakov isə bürünc medala sahib olmuşdur.
100 metr məsafəyə brass üsulu ilə yarışda isə türkiyəli Dəmir Atasoy finiş xəttinə hamıdan tez çatmışdır. İkinci yeri daha bir türkiyəli idmançı Emre Hüseyin Sakçı tutmuş, üçüncü yerə isə suriyalı üzgüçü Azad Al Barazi yiyələnmişdir.
Rizvan CƏFƏROV,
Azərbaycan.-
2017.- 17 may.- S. 6.