Azərbaycanın
xarici işlər naziri avropalı deputatların
suallarını cavablandırıb
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Devid MakAlister Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdikləri görüşdə faydalı müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Avropa Parlamenti deputatlarının səfərinin və bu kimi dialoqun Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlıq perspektivləri müzakirələr edilib, ölkəmizlə təşkilat arasında strateji tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri barədə məlumat verib, bu layihələrin üstünlüklərindən danışıb. O, həmçinin Cənub Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətinə diqqət çəkib. Nazir Azərbaycan və Aİ arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu qeyd edib və bu xüsusda strateji tərəfdaşlığa dair sənədin imzalandığını yada salıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında qeyri-seçimli və vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb. Nazir Elmar Məmmədyarov əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.
Görüşün sonunda nazir Elmar Məmmədyarov
nümayəndə heyətinin müxtəlif mövzularda,
xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan danışıqlara dair suallarını
cavablandırıb.