Avropa Parlamentinin
komitə sədri: Azərbaycan Avropa üçün çox
dəyərli tərəfdaşdır
AZƏRTAC
xəbər verir ki, bu fikri Avropa Parlamentinin Xarici Əlaqələr
Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan
olan deputatı Devid MakAlister mayın 22-də Milli Məclisdə
keçirilən brifinqdə deyib.
Dördüncü
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminin
keçirildiyi gün Azərbaycana səfər etməkdən
məmnunluğunu bildirən Xarici Əlaqələr Komitəsinin
sədri ölkəmizdə keçirdikləri
görüşlərin önəmini qeyd edib.
Devid MakAlister qeyd edib ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir. “Azərbaycan dünyəvi ölkədir. Hesab edirik ki, Azərbaycan Avropa ilə müsəlman dünyası arasında körpü rolunu oynaya bilər. Biz mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu yüksək qiymətləndiririk və coğrafi baxımdan bu ölkənin əhəmiyyətini yaxşı anlayırıq. Azərbaycanla əməkdaşlığı və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlara dəstəyi gücləndirməliyik”, - deyə Avropa Parlamentinin komitə sədri vurğulayıb.
Devid MakAlister Avropa İttifaqı və Azərbaycan arasında imzalanacaq Sazişin hər iki tərəf üçün gözəl bir imkan olduğunu söyləyib. Bildirib ki, Avropa Parlamenti Sazişlə bağlı danışıqların aparılması prosesini yaxından izləyir. Danışıqlar kifayət qədər yaxşı gedir.
Komitə sədri deyib k, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Eyni zamanda, turizm, nəqliyyat və digər sahələrdə də əməkdaşlığı inkişaf etdirmək üçün imkanlar var.
Brifinqdə çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyinə, beynəlxalq hüququn aliliyini həyata keçirmək istiqamətində səylərini bir daha ortaya qoyduğuna görə təşəkkür edib. “Biz əməkdaşlıq, dialoq və qarşılıqlı hörmət əsasında bütün görüşləri keçirməyə hazırıq. Ermənistan və Azərbaycan arasında sülh platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq. Bu mesajı həm Avropa Parlamentində, həm təşkilatın buradakı nümayəndə heyəti ilə görüşlərdə, həm də başqa beynəlxalq təşkilatlarda səsləndiririk. Ancaq bu münasibətlər qarşılıqlı olmalıdır. Azərbaycan danışıqlara hazırdır. Qarşı tərəfin razılığının olması isə sual altındadır”.
Səməd Seyidov
əmin olduğunu bildirib
ki, açıq, sərbəst dialoq, bu şəkildə
təşkil olunmuş komitələrarası
münasibətlər həm Azərbaycan parlamenti
ilə Avropa Parlamenti
arasında münasibətləri yüksək səviyyəyə
qaldıracaq, həm də Azərbaycanın ən ağır
problemi olan
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətlərin, eləcə də
Azərbaycan multikulturalizminin bir nümunə kimi Avropa ictimaiyyətinə
çatdırılmasında böyük
rol oynayacaq.