Jurnalist həmkarlarımız
Vüqar Rəhimzadə olmaq nə deməkdir? Əslində cavablar çoxdur. Ancaq mən bu yazını şərtləndirən səbəbi girişdəcə açıqlamaq istərdim. Vüqar Rəhimzadə olmaq ömrünün 50-ci ilinə üzüağ, alnıaçıq qədəm qoymaq deməkdir. 50 yaşın ən böyük həyat mükafatı məhz budur və yubilyar jurnalisti öncə bu münasibətlə təbrik edirəm.
Vüqar Rəhimzadəni lap çoxdan tanıyıram. O zaman 50 illik yubileyinə doğru gedən yolun heç tən yarısını haqlamamışdı. Tezliklə eşitdim ki, bu cavan oğlan “İki sahil” qəzetinin aparıcı simasına çevrildi-qəzetin baş redaktoru oldu. Amma məsələ bunda deyil. Həmin dövrün ab-havasında Azərbaycanı bir-birindən ayıran iki sahil xəttinin beyinlərdə doğurduğu dərin təsəvvürün fonunda hər kəs Vüqar Rəhimzadə obrazını ayrıca tanımağa başladı.
Bu obraz üçün xarakterik olan keyfiyyətlər həddən artıq çoxdur. Onların yalnız ikisi üzərində dayanmağa üstünlük verərdim: sadiqlik və prinsipiallıq. Mən Vüqar Rəhimzadəni ulu öndər Heydər Əliyevin ideyalarına sadiq, bütöv insan kimi tanımışam.
İndi çoxları özünü sadiq göstərir. Bəlkə də sadiqdirlər, ola bilər heç deyillər. Hər halda bilmək olmur. Bəzən lazım da gəlmir ki, nəyisə biləsən, yoxlayasan, aydınlaşdırasan. Bəzən isə sadiqliyin deyil, tamam fərqli dəyərlərin ön plana çəkildiyindən hiddətlənirsən. Hiddəti boğa bilmək də sadiqlik əlamətidir. Bu mənada 50 yaşlı Rəhimzadənin sadiqliyi zamanın çoxsaylı sınaqlarından çıxıb. O, ən çətin vaxtlarda yolundan dönməyib, dözüb, ruhdan düşməyib, doğru bildiklərini əzmlə müdafiə etməyi bacarıb. Daşıdığı sadiqlik keyfiyyətləri Vüqar Rəhimzadəyə prinsipiallığı qazandırıb. Başqa cür ola da bilməzdi. Axı mübarizə dövrünün sadiq adamı üçün prinsipiallıq vacib həyat normasıdır.
Bilirsiniz,
burada da bir vacib məqam qeyd edilməlidir. Əlbəttə,
mübarizə dövründə sadiq və prinsipial insanlara
çox rast gəlinir. Tədricən sular durulur, baxırsan
ki, onların özlərini ifadə tərzləri, hadisə
və proseslərə yanaşmaları yuxarıda
sadaladığım keyfiyyətlərini arxa plana keçirməkdədir.
Bir çox hallarda belələrinin sonrakı
özünütəsdiq cəhdləri ortaya eybəcər mənzərəni
yansıdır. Bəlkə bu eybəcərlik müəyyən
mənada şəxsiyyət natamamlığı məsələsidir.
Axı kimsə sadiq və prinsipialdırsa, ancaq böyük
ölçüdə ədalətsizdirsə, səmimi deyilsə,
qəbul olunmayacaqdır.
Sözüm
ondadır ki, Vüqar Rəhimzadənin
prinsipiallığı və sədaqəti üçün ədalət
və səmimilik anlayışı hər zaman ön planda
olub. Bu səbəbdəndir ki, əks düşərgədə
dayananlar belə onu qəbul edib, ideya və
baxışlarına hər zaman hörmətlə
yanaşıblar. Və buna görədir ki, Vüqar Rəhimzadə
həm də ictimai-siyasi xadimdir, ümumən cəmiyyətdə
çəkiyə malik dəyərli ziyalıdır.
Bəli,
ideya və baxışlara sadiqliyin prinsipiallıqla
çulğalaşmasının qazandırdığı
status cəmiyyət üçün faydalıqdır. Cəmiyyətə
faydalı insan dövlət üçün də
faydalıdır. Vüqar Rəhimzadə obrazı
üçün xarakterik olan keyfiyyətlərin mahiyyətindəki
cəmiyyətə fayda konsepsiyası isə ümummilli lider
Heydər Əliyevin qurduğu, ölkə Prezidenti cənab
İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi
müasir Azərbaycan dövlətçiliyi xəttinin, ideya
platformasının ruhundan, məfkurəsindən qidalanır.
Vüqar
Rəhimzadə əsl jurnalistdir, jurnalistikanın cəmiyyətə
qazandırdığı simadır. Hazırda Azərbaycan
jurnalistikası dedikdə yada beş-altı adam
düşürsə, onlardan biri məhz Vüqar Rəhimzadədir.
Elə bu yüksək statusuna görədir ki, Azərbaycan
jurnalistləri ona qurultaylarda etimad göstərir, Mətbuat
Şurasının İdarə Heyətinin üzvü
seçirlər.
Bu yerdə
Mətbuat Şurasının təşəkkül
tapdığı 14 il öncəyə qayıtmaq istərdim.
O zaman Şuranı formalaşdırmaq, Azərbaycan jurnalistlərinin
I qurultayını keçirmək üçün təşkilat
komitəsi yaradılmışdı. Vüqar Rəhimzadə
həmin qurumun ən fəal üzvlərindən idi. Sonradan
bu fəallıq MŞ-nin İdarə Heyətində təmsilçilik
müstəvisində özünü göstərməyə
başladı. Beləcə Vüqar Rəhimzadə ilə
münasibətlərimiz ikinci və deyərdim ki, daha praktik mərhələsinə
qədəm qoydu. Əgər 2003-cü ilədək, yəni
Mətbuat Şurası yarananadək Vüqar nəzərimdə
jurnalistikadan çıxmış ictimai-siyasi xadim kimi
püxtələşmişdisə, həmin ildən sonra onu
eyni zamanda jurnalistikanın nüfuzunu qorumağa köklənmiş
mərd təəssübkeş olaraq görməyə
başladım. Gördüm ki, bu adam sözün həqiqi mənasında
peşəyə can yandırır. Şuranın
toplantılarında, iclaslarında fəal iştirak etməklə,
müxtəlif məsələlərlə bağlı qətiyyətli
mövqeyini ifadə etməklə jurnalistikanın ali prinsiplərinin
bərqərar olmasına çalışır.
Mətbuat
Şurası jurnalistikamızdakı siyasi qütbləşmənin
dərin olduğu zaman kəsiyində yarandı. Qurumda iqtidar
və müxalifət meyilli kütləvi informasiya vasitələrinin,
jurnalist təşkilatlarının nümayəndələri
birləşdilər. Ancaq Şuranın mahiyyətindəki
balans prinsipi bütövlükdə jurnalistikanın
özünü hədəf götürmüşdü. Yəni
jurnalistika qarşı duran qüvvələr arasında, bir
növ, tarazlıq yaradaraq onların hər ikisinin müsbət
keyfiyyətlərindən bütövlükdə ictimaiyyətin
yararlanmasını təmin etməli idi. Eyni zamanda
özünü də saflaşdırmalı, cəmiyyət
içərisində özü barədə yaranmış mənfi
ovqatı aradan qaldırmalıydı. İlk baxışdan
düşünülə bilərdi ki, Vüqar Rəhimzadə
kimi partiya mənsubiyyətli kateqorik adamın yazdıqları
narazılıq doğurmuş hansısa müxalifətyönümlü
kütləvi informasiya vasitəsinə münasibəti
obyektiv prizmadan ola bilməz. Ancaq o, Şuranın İdarə
Heyətinin üzvü olaraq jurnalistika meyarlarını rəhbər
tutdu, prinsipiallığını məhz bu aspektdən ortaya
qoydu.
MŞ tədricən
cəmiyyətdə, eləcə də media cameəsində
möhkəmləndi, nüfuz qazandı, özünü
medianın işlək özünütənzimləmə
strukturu kimi təsdiqləməyi bacardı və tam qətiyyətlə
deyə bilərəm ki, bu uğurlarda böyük pay sahiblərindən
biri məhz Vüqar Rəhimzadədir. Onun peşəkarlığı
ilə yanaşı, prinsipiallığa söykənən
yorulmazlığı və ən əsası fədakarlığı
öz sözünü dedi. Hərdən təəccüblənir
və düşünürəm ki, Vüqarda bu qədər
enerji hardandır? Ancaq çox da düşünmürəm.
Vüqar Rəhimzadənin 50 il ərzində keçdiyi yola nəzər
salıram.
Yubilyar
jurnalistin həyat yolu rəvan olmayıb. Orta məktəbi
bitirəndən dərhal sonra əmək fəaliyyətinə
başlayıb. Fəhlə kimi
çalışdığı “Azərneftkimyazavodtəmir”
trestində yaradıcılığa olan meylini həmin müəssisənin
çoxtirajlı “Böyük kimya uğrunda” qəzetində
gerçəkliyə çevirib. Əvvəl qəzetin
müxbiri, sonra redaktoru olub. Çox keçməyib ki, Rəhimzadənin
sədaqət yolçuluğunun 26 ili tamam olmuş “İki
sahil” mərhələsi başlayıb. Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü olan həmkarım
2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin
deputatı seçilib. 2005-ci ildə “Əməkdar jurnalist” fəxri
adına, 2011-ci ildə 3-cü dərəcəli “Vətənə
xidmətə görə” ordeninə və digər
çoxsaylı mükafatlara layiq görülüb.
Vüqar
Rəhimzadənin gələcəkdə daha böyük
uğurlara imza atacağına inanıram. Bunun
üçün geniş bazası, zəngin həyat təcrübəsi,
insani dəyər və keyfiyyətləri özündə
birləşdirən təkmil xarakteri var. Həyatda əldə
etdiklərinin hamısı gərgin əməyinin, halal zəhmətinin
məhsuludur.
Yubilyar
jurnalist peşə prinsiplərinə, dövlətçilik
ruhuna sədaqətini səmimiyyəti, təvazökarlığı
və həssaslığı ilə tamamlamağı bacaran dəyərli
həmkar olmaqla yanaşı, qayğıkeş ailə
başçısı və mehriban dostdur. Elə
oxuduğunuz yazı da dost barədə düşüncələrimdir.
Hesab edirəm ki, sözümün bu yerində
düşüncələri arzularla əvəzləməyin
tam zamanıdır.
Arzum isə
dostumu daim sağlam, gümrah, enerjili və faydalı görməkdir.
Arzum dostumun özü üçün arzuladığı ən
xoş günlərinə şahidlik etmək, onun sevincini
bölüşməkdir.
Əziz
dost, 50 yaşın həm özün, həm sənə dəyər
verən hər kəs üçün xeyirli-uğurlu olsun! Həyatın
bütün zirvələrinə layiqsən! Bir daha ürəkdən
təbrik edirəm!
Uca
Tanrı səni qorusun!
Əflatun
AMAŞOV,
Mətbuat
Şurasının sədri,
Milli Məclisin
deputatı
Azərbaycan.- 2017.- 23 may.- S.11.