Antiazərbaycançı
dairələr bilməlidirlər ki, Rusiyada ölkəmizin
dostları onlardan dəfələrlə çoxdur
Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi ölkəmizin ictimaiyyəti arasında haqlı narahatlıq doğurub. Bu, Rusiyanın müxtəlif vilayətlərində yaşayan 2 milyondan çox azərbaycanlıya qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olan səhv addımdır. Əslində bu, qonşu ölkədə yaşayan soydaşlarımızın hüquqlarının pozulması deməkdir.
Xatırladaq ki, ÜAK 2001-ci ildə ulu öndər Heydər Əliyevin və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin təşəbbüsü ilə yaradılmışdır. Həmin vaxtdan təşkilat qonşu ölkədə vətəndaş sülhünün və millətlərarası həmrəyliyin möhkəmləndirilməsinin dəstəkçisi olmuşdur. Eləcə də iki ölkə arasında sosial, iqtisadi, mədəni əməkdaşlığın inkişafına öz töhfələrini vermişdir.
Rusiya Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatını ləğv edərkən irəli sürdüyü ittihamlar sırf texniki xarakter daşıyır. Bunların təşkilatın öz fəaliyyəti dövründə həll etdiyi əsaslı məsələlərə heç bir dəxli yoxdur. Həm də qeyd edək ki, Rusiyanın “İctimai təşkilatlar haqqında” qanununda təşkilatların ləğvi ilə yanaşı, onların fəaliyyətinin müəyyən müddətə dayandırılması barədə müddəalar da var. Belə ki, təşkilatın ləğv olunması qəbul ediləcək ən son qərardır. Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Fazil Qurbanovun öz bəyanatında dediyi kimi, “bütöv bir xalqın Rusiya Federasiyasında yaşayan nümayəndələrinin ictimai diaspor təşkilatını onun Rusiya Federasiyasının rifahı naminə böyük və faydalı işləri fonunda sənədləşdirmənin aparılmasında funksionerlərin xəta və səhvlərinə görə ləğv etmək olmaz, xüsusən də Azərbaycan xalqının diaspor təşkilatını. Bu xalq Rusiya xalqları ilə vahid tarixi-coğrafi məkanda yaşadığı 200 il ərzində heç vaxt dövlətin əleyhinə çevrilmiş qanunsuz terrorçu birləşmələrdə iştirak etməyib”.
Azərbaycan-Rusiya münasibətləri həqiqətən də həmişə yüksək səviyyədə olub. Bu, iki ölkə arasında bütün sahələr üzrə səmərəli əməkdaşlığın inkişafına kömək edib.
Ölkələrimizin dövlət başçıları arasında həmişə qarşılıqlı anlaşma və dostluq əlaqələri olmuş, bu da ikitərəfli münasibətlərin inkişafına mühüm təsir göstərmişdir. Azərbaycan daim Rusiyanın regiondakı strateji maraqlarını nəzərə almış, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurmuş və nəticədə iki ölkə arasında dostcasına qarşılıqlı dəstək ruhu hökm sürmüşdür. Belə olduğu halda, diaspor təşkilatını sənədləşmədəki xırda səhvlərə, düzəldilməsi heç də çətin olmayan xırda yanlışlıqlara görə ləğv etmək haqsızlıqdır. Təsadüfi deyil ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi təşkilatın birbaşa fəaliyyətinə dair heç bir ittiham irəli sürməyib. ÜAK-ın prezidenti, akademik F.Qurbanov bunun çox vacib bir şərt olduğunu qeyd edir: “Deməli, RF Ədliyyə Nazirliyi təşkilatın Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə yönələn müsbət fəaliyyətini, habelə azərbaycanlıların Rusiyanın hüquqi müstəvisinə inteqrasiyası istiqamətində böyük işlərini tam bəyənir”.
Bütün bunlarla yanaşı, rus xalqı istər Rusiyada yaşayan azərbaycanlıların, istərsə də ümumən Azərbaycan xalqının ona qarşı dost münasibətini yaxşı bilir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rus dilinin, mədəniyyətinin qorunub saxlanması, burada yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün atdığı addımlar hamıya bəllidir. Prezident İlham Əliyev tərəfindən də bu ənənə davam etdirilir. Azərbaycanda rusdilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyəti təmin edilir. Buna misal olaraq Azərbaycanın orta və ali məktəblərindəki rus bölmələrinin, Bakı Slavyan Universiteti kimi böyük bir təhsil müəssisəsinin fəaliyyətini göstərmək olar. Ümumiyyətlə, bizlərin rus ədəbiyyatına və mədəniyyətinə xoş münasibəti hamıya məlumdur.
Elə bütün bunlara görə, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycanda yaşayan rusların da narazılığına səbəb olub. Məsələn, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin qeyd edib ki, ÜAK ətrafında yaranmış vəziyyət Azərbaycanın rus sakinlərini narahat etməyə bilməz. O deyib: “Son dövrlərdə biz dəfələrlə Rusiyanın müxtəlif strukturlarına bu məsələ ilə bağlı müraciət etmişik. Azərbaycan kimi Rusiya da çoxmillətli ölkədir. Biz, Azərbaycanda yaşayan ruslar bu ölkənin mədəniyyətinə, dəyərlərinə və dilinə göstərilən hörməti yüksək qiymətləndiririk”.
Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərin körpüsü, bu əlaqələrin sağlam məcrada saxlanılmasının rəhnidir. Odur ki, Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli və polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibəti təhdid edən bir addımdır.
Sirr deyil ki, bu məsələdə Rusiyanın bəzi antiazərbaycan dairələrinin, orada yaşayıb Azərbaycanı və azərbaycanlıları sevməyən qüvvələrin də “əli var”. Belə bədnam işə qoşulanlar unutmamalıdırlar ki, xalqımızın Rusiyadakı dostlarının sayı onlardan qat-qat çoxdur. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin dediklərini xatırlatmaq kifayətdir. O bildirib ki, təsirli apelyasiya şikayəti hazırlamaq, hüquqi çərçivədə qərarın dəyişdirilməsinə nail olmaq lazımdır: “Madam ki, məsələ məhkəməyə kimi gedib, onda bu problemi Rusiya qanunvericiliyinə əsasən həll etmək lazımdır... İki ölkə və vətəndaşlar arasında çox yüksək səviyyədə əlaqələr mövcuddur. İllərlə, onilliklərlə, əsrlərlə qurulan, qorunan bu münasibətlərə lokal bir hadisə xələl gətirməməlidir. Məsələni həll etmək mümkün olmayacaqsa, yeni təşkilat yaratmaq, onun formalaşmasında qanunu bütün dəqiqliyi ilə əsas götürmək və tam həcmdə Rusiyada yaşayan azərbaycanlıların ictimai birliyini bərpa etmək lazımdır. Əminəm ki, nizamlı və keyfiyyətli işi bütün Rusiya və Azərbaycan vətəndaşları istəyər. Çünki xalqlarımız arasında dostluq hamımız üçün baza dəyəri olaraq qalır”.
Flora SADIQLI,
Azərbaycan.- 2017.- 23 may.- S.11.