Möhtəşəm sonluq

 

Futbol üzrə milli komandamız “Bakı-2017”də tarix yazdı

 

Tofiq Bəhramov adına Respublika Stadionunda futbol bayramı yaşanırdı. Səbəbi isə 23 yaşlılardan ibarət yığma komandamızın IV İslam Həmrəyliyi Oyunlarının finalında Oman yığması ilə qarşılaşması idi.

İlk dəfə yaradılan U-23 millimizin “Bakı-2017”dəki çıxışı hamıda gələcək adına böyük ümidlər yaradıb. Matçdan öncə azarkeşlər nəticədən çox millimizin İslamiadadakı çıxışını, futbolçularımızın əzmkarlığını xüsusi olaraq qeyd edirdilər. Çünki fərdi idman növlərində qazanılan qələbələrin tədricən komanda yarışlarında da davam etdirilməsi hamıda böyük sevinc hissi yaratmışdı.

Final oyunundan bir gün əvvəl müxtəlif məkanlarda, sosial şəbəkələrdə komandamızın Oman üzərində qələbə qazanaraq çempion olacağı haqda müxtəlif fikirlərə rast gəlmək mümkün idi. Ən əsası isə millimizin yarımfinalda turnirin favoriti sayılan Əlcəzair seçməsini məğlub edərək finala yüksəldikdən sonra bu görüşü də qələbə ilə başa vuraraq tarix yazacağını deyir, yığmamızı dəstəkləmək üçün hamı stadiona dəvət olunurdu.

Tofiq Bəhramov adına Respublika Stadionunda kifayət qədər azarkeş var idi. Matçdan öncə futbolçularımızda həyəcan hiss olunurdu. Qızıl medalların bir addımlığında olan komandamız doğma meydan amilindən istifadə edərək tarixi şansdan yararlanmağın vacibliyini də anlayırdı. Millimizin kapitanı Ruslan Abışovun davamlı şəkildə gənc oyunçularla söhbət edərək onları oyuna motivasiya etməsi də diqqətdən yayınmadı.

Yığmamızın baş məşqçisi Yaşar Vahabzadə də oyunla bağlı göstərişlərini verirdi. Hələ matçdan öncə rəqibin təhlilini apararkən yarımmüdafiə xəttinə edilən təzyiqin, eyni zamanda müdafiə xəttinin arxasına atılan hər topun üstünlük yaradacağını söyləyirdi. Oyunun gedişində bunların şahidi olduq.

Bununla yanaşı, heyətdə taktiki düzülüşdə dəyişiklik olmasa da, oyunçu seçimində var idi. Belə ki, bundan əvvəl bütün qarşılaşmalarda forma geyən yarımmüdafiəçi Vüqar Mustafayevi Elvin Camalov əvəzləmişdi. Əslində, bu dəyişklik gözlənilən idi. Çünki Vüqar Əlcəzairlə yarımfinal görüşündə zəif təsir bağışlamış, bəzi epizodlarda ciddi səhvlərə yol vermişdi. Bu oyunda isə yarımmüdafiə xəttinə daha cəld və topla sürətli çıxa bilən bir oyunçu lazım idi. Elvin isə bunun öhdəsindən layiqincə gəlməyi bacardı.

Final matçını Birinci vitse-prezident Mehriban Əliyevanın və ailə üzvlərinin birbaşa stadiondan izləməsi futbolçularımızda əlavə bir ruh yüksəkliyi yaratmışdı. Gürcüstanlı hakimlər briqadasının idarə etdiyi görüşə daha sürətli başlayan milli komandamız oldu. Oman seçməsi də, millimiz kimi, 3-5-2 taktiki düzülüşlə meydana çıxmışdı. Əsasən mərkəz hissədə rəqibə ciddi təzyiq tətbiq edən millimiz hücumları daha çox sol cinahdan qurmağa çalışırdı. Belə epizodlardan birində omanlı futbolçunun meydançanın mərkəzində itirdiyi topu Ağabala Ramazanov sol cinaha ötürdü. Azər Salahlının qapı xətti istiqamətində ünvanladığı topu 17-ci dəqiqədə Mahir Mədətov qapıdan keçirdi.

Qoldan sonra millimiz meydançanın mərkəzində üstünlüyünü daha da möhkəmləndirdi. Bunun nəticəsində oyun qurmaqda çətinlik çəkən omanlılar məcburiyyət qarşısında topu müdafiə xəttinə ötürməli olurdular. Bu isə müdafiəçilərə ciddi çətinlik yaradır, onları səhv etməyə məcbur edirdi. Belə epizodlardan birində kobud səhv qolla yekunlaşdı. Fürsətdən istifadə edən Mahir Mədətov 27-ci dəqiqədə özünün və komandasının 2-ci qoluna imza atdı.

Fasilədən sonra millimiz müdafiəyə çəkilib hesabı qorumağa çalışdı. Lakin “ən yaxşı müdafiə hücumdur” məsəli burada özünü növbəti dəfə göstərdi. Hücumlarını artıran, mərkəz xəttini çox rahat şəkildə keçən Oman millisi 56-cı dəqiqədə Əl Yahyaeinin uzaqdan vurduğu mükəmməl qolla hesab arasındakı fərqi minumuma endirdi. Lakin bunun ardınca omanlı futbolçular real qol imkanından faydalana bilmədilər. Yekunda 2:1 hesabı ilə qələbə qazanan futbol üzrə milli komandamız İslamiadanın qalibi oldu.

Oyunla bağlı fikirlərini bildirən milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə dedi ki, əldə edilən çempionluq Azərbaycan futbolunun ən böyük uğurudur: “Görüşün ikinci hissəsi çox çətin keçdi. Düzünü desək, bir az həyəcan yaşadıq. Oyunçularda da çaşqınlıq yarandı, ancaq çalışdıq ki, axıra qədər hesabı qoruyaq, sağ olsunlar uşaqlar, əzmkarlıq göstərdilər. Bu gün üçün bu çempionluq Azərbaycan futbolunun ən böyük uğurudur, ancaq, ola bilsin, gələcəkdə yığmamız bundan da yaxşı nailiyyətlər əldə etsin”.

Millimizin kapitanı Ruslan Abışov əldə etdikləri nailiyyəti böyük uğur adlandırıb: “Qazandığımız nəticə 54 ölkənin mübarizə apardığı İslamiadada əldə olunub. Futbol yığmamız tarixə düşdü. İnanıram ki, bundan sonra istər klub, istərsə də yığma səviyyəsində uğurlarımız daha çox olacaq. Qrup doğrudan da çətin idi. Mərakeş və ya Kamerun digər qrupdan çıxsaydı, finalda ikisindən biri oynayacaqdı. Mən daha çox Mərakeşi fərqləndirərdim. Düzdür, biz də çempion olmağı çox istəyirdik. Çünki evdə oynayırdıq. Azarkeşlər daha çox bizdən uğur gözləyirdilər. İdmançılarımızın İslamiadada çoxlu medal qazanmaları bizim də üzərimizə böyük məsuliyyət qoyurdu. Sonda hər şey yaxşı oldu. Oyunları zədəsiz başa vurduq. Bütün idmançılarımıza uğurlar arzulayıram. Sağ olsunlar, İslamiadada çox böyük nailiyyətlər əldə etdilər. Bütün idmançılar uğurlarını azarkeşlər sayəsində əldə ediblər. Uğursuz idmançılar isə səbirli olsunlar, çalışsınlar. Qarşıda onların da uğurları olacaq”.

IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatına isə Kamerun yığmasını 2:0 hesabı ilə məğlub edən Əlcəzair millisi sahib olub.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 23 may.- S.7.