Voleybolçularımız İslamiadanın ikincisi oldular

 

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında kişilərdən ibarət komandaların voleybol yarışları başa çatdı. Həmin gün Türkiyə və Əlcəzair yığmaları bürünc medal uğrunda, Azərbaycan və İran milliləri isə qızıl medal uğrunda mübarizə apardılar.

İlk olaraq Türkiyə və Əlcəzair yığmaları medal uğrunda yarışdılar. Gərgin mübarizə şəraitində keçən oyunun birinci setində Türkiyə millisi 25:20 hesabı ilə qalib gəldi. İkinci və üçüncü setlərdə isə Əlcəzair yığması üstün oyun nümayiş etdirdi və müvafiq olaraq 25:22, 25:18 hesabı ilə qələbə qazandı. Üç setdən hesab 2:1 olduğundan qalibi müəyyən etmək üçün növbəti oyun keçirildi. Bu setdə də qalib gələn Əlcəzair komandası IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.

Voleybol üzrə kişilərin mübarizəsində son oyun isə Azərbaycan və İran yığma komandaları arasında keçirildi. Yarışların ilk günündən qızıl medal uğrunda inamlı mübarizə nümayiş etdirən hər iki komanda finala da əzmlə çıxmışdı. Oyunda 3:0 hesabı ilə qələbə qazanan İran yığması IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.

 

R.CƏFƏRLİ

 

Azərbaycan.- 2017.- 23 may.- S.8.