İdman iqtisadiyyatına İslamiada töhfəsi

 

Ölkəmiz daha bir möhtəşəm beynəlxalq idman yarışına uğurla evsahibliyi etdi. İslam Əməkdaşlıq Təşkilatına üzv olan 54 ölkənin üç mindən çox idmançısının 21 idman növü üzrə mübarizə apardığı IV İslam Həmrəyliyi Oyunları, başqa sözlə desək, İslamiada, Azərbaycanın yüksək səviyyəli təşkilatçılığı və idmançılarının uğurlu iştirakı ilə tarixə düşdü.

Bu tipli nəhəng idman tədbirləri müxtəlif aspektlərdən qiymətləndirilə və onların ölkəyə verdiyi faydalar sadalana bilər. İqtisadçılar isə bu tədbirlərin daha çox iqtisadi aspektinə diqqət çəkir və onların ölkə iqtisadiyyatına verdiyi töhfələri araşdırırlar. Belə ki, artıq XX əsrin sonlarından etibarən idman fəaliyyətləri mühüm iqtisadi sektorlardan birinə çevrilmiş və tədricən qloballaşaraq qlobal idman bazarını formalaşdırmışdır. “AT Kearney” Menecment Konsaltinq Şirkətinin apardığı araşdırmalardan birinin nəticələrinə görə, təkcə bilet satışları, media yayım hüquqları və sponsorluqdan ibarət olan idman bazarının həcmi 2005-ci ildə 46,5 milyard dollar olduğu halda, 2016-cı ildə 88 milyard dollara yüksəlmişdir. Eyni mənbənin verdiyi məlumatlar göstərir ki, bu bazarın həcmi 2017-ci ildə 91 milyard dollara, sonrakı bir neçə ildə isə 100 milyard dollara çatacaqdır. Bu rəqəmlərdən aydın olur ki, artıq yaxın gələcəkdə idman sektoru 100 milyard dollarlıq bazar həcmi ilə dünyanın 130 ölkəsinin milli gəlirindən daha böyük həcmdə olacaqdır. Buraya idman vasitələri, lisenziyalı məhsullar və idman mərkəzlərinin xidmətlərini də daxil etdikdə qlobal idman bazarının dövriyyəsi 600 milyard dollara qədər gedib çıxır ki, bu da qlobal məhsul istehsalının 1 faizdən çoxdur.

Bu gün qlobal idman bazarının 43 faizi Avropa, Orta Şərq və Afrikanın, 38 faizi Şimali Amerikanın, 13 faizi Asiya-Sakit Okean Hövzəsinin, 6 faizi isə Latın Amerikasının payına düşür. Eyni zamanda son illər dünyada idman sektorundan əldə edilən gəlirlərin artım sürəti ÜDM-in artım sürətini də ciddi şəkildə üstələyir. İdmana çəkilən xərclərin ən sürətlə artdığı region Avropadır. Məsələn, İngiltərədə bu xərclərin artım tempi milli gəlirin artım tempindən 3,9 dəfə, Fransada isə 3,1 dəfə çoxdur. Bu göstərici Braziliyada 1,8 dəfə, ABŞ-da 1,6 dəfə, Çində isə 1,1 dəfədir.

İdmanın qlobal sektora çevrilməsi bu gün dünya universitetlərinin bu sahəyə marağını da ciddi şəkildə artırmışdır. Artıq əksər nüfuzlu universitetlərdə “idman iqtisadiyyatı” (sport economics) adında fənlərin tədris edildiyi, bu sahə üzrə təhsil proqramlarının açıldığının şahidi oluruq. İqtisad elminin yeni sahəsi kimi formalaşan “idman iqtisadiyyatı” idman sektoru mal və xidmətlərinin istehsalı və istehlakı prosesində ortaya çıxan münasibətləri öyrənən elm sahəsi kimi özünü göstərir. Bu istiqamətdə UNEC-də də zəruri addımlar atılır və yaxın gələcəkdə ölkəmizin idman iqtisadiyyatına layiqli töhfələr verəcək idman menecerlərinin və tədqiqatçılarının yetişdirilməsi hədəflənir.

Tədqiqatlar göstərir ki, idman qurğuları, idman tədbirləri, idman firmaları, idman mediası, idman klubları, idman məhsulları, idman texnologiyası, idman marketinqi, idman turizmi, idman sponsorluğu kimi bir çox komponenti özündə birləşdirən idman sektoru iqtisadiyyata birbaşa və ya dolayı, qısamüddətli və ya uzunmüddətli olmaqla mühüm töhfələr verir ki, bu da idmanın ciddi səviyyədə kommersiyalaşmasının nəticəsidir. Məhz kommersiyalaşma nəticəsində idman kütləvi istehlak mərhələsinə daxil olmuş, həmçinin istirahət və əyləncə sektorunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir.

Mühüm iqtisadi sektora çevrilən idman, birbaşa idman fəaliyyətlərilə yanaşı, bu fəaliyyətlərlə əlaqəli bir çox iqtisadi fəaliyyətləri də ortaya çıxarmışdır. Nəticədə, idman sektoru iqtisadiyyata iqtisadi artım və məşğulluq baxımından ciddi töhfələr verməklə yanaşı, onunla əlaqəli inşaat, nəqliyyat, rabitə, turizm, qida, əyləncə, maliyyə və media kimi sektorları da canlandırır. Tədqiqatlar göstərir ki, idman sektoru kifayət qədər əməktutumlu sektordur və məşğulluq səviyyəsinin mühüm dərəcədə artımına səbəb olur. 2002-ci ildə Futbol üzrə Dünya Kubokunun təşkili məqsədilə Koreya Respublikası və Yaponiya 7,3 milyard dollar vəsait xərcləmişdir ki, bunun nəticəsində də hər iki iqtisadiyyatda birgə 600 minlik əlavə iş yerləri yaradılmışdır. 2006-cı ildə Almaniyada keçirilən Avropa Futbol Çempionatının təşkili məqsədilə çəkilən xərclər isə 28 minlik əlavə iş yerləri yaratmışdır. Həmçinin bu ölkələrin hamısında qeyd olunan idman tədbirləri doğurduğu investisiya və istehlak xərcləri vasitəsilə iqtisadi artıma pozitiv təsir göstərmişdir.

İdman sektorunun ən sıx əlaqədə olduğu sektor turizm sektorudur. Dünyanın bir çox şəhərinin və ya ölkəsinin turist cəlb etmək üçün mühüm idman tədbirlərinə evsahibliyi etmək istəmələrinin təməlində də məhz bu əlaqə dayanır. İdman turizmində turist hər hansı bir idman fəaliyyətinə qoşulma və ya ona tamaşa etmək məqsədilə səyahətə çıxır. Xüsusilə olimpiadaların keçirildiyi şəhərlərə ciddi miqdarda turist axınının olduğu müşahidə edilir. İdman turistinin nəqliyyat, mehmanxana, qidalanma, əyləncə, pərakəndə ticarət sektorlarında çəkdiyi xərclər multiplikasiya effekti ilə iqtisadiyyatda ciddi canlanma yaradır. Heç də təsadüfi deyil ki, İdman Turizmi Beynəlxalq Şurasının (STIC) apardığı tədqiqatlar göstərir ki, dünyada turizmdən əldə edilən gəlirlərin təxminən 32 faizi məhz idman turizminin payına düşür.

İdman sektorunun yuxarıda qeyd edilən pozitiv iqtisadi effektlərini nəzərə alan dövlətlər məhz buna görə də böyük beynəlxalq idman yarışlarının öz ölkələrində keçirilməsinə nail olmaq məqsədilə daim kəskin rəqabətdədirlər. Bu baxımdan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin son illər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsinə nail olması çox böyük nailiyyətdir. I Avropa Oyunları və “Formula-1” kimi beynəlxalq idman yarışlarından sonra 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının da Bakıda keçirilməsinə nail olunması bu istiqamətdə aparılan uğurlu siyasətin davamlı xarakterini və getdikcə daha geniş miqyas almasını ortaya qoyur.

Bütövlükdə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün iqtisadi faydalarından danışarkən aşağıdakıları qeyd etmək vacibdir:

1. İlk növbədə, Azərbaycan bu yarışları birinciliklə başa vuraraq, ən çox qızıl medal qazanan ölkə olmuşdur.

2. Oyunların təşkili ilə əlaqədar bir sıra əlavə idman qurğuları inşa edilərək istifadəyə verilmişdir ki, bu da iqtisadiyyatda həm əlaqəli sektorların inkişafına, həm də ölkənin idman sektorunun infrastruktur təminatının yaxşılaşdırılmasına və onun davamlılığının təmin edilməsinə xidmət edir.

3. Bu Oyunlar Azərbaycanın, xüsusilə də Bakı şəhərinin turizm potensialının dünyaya tanıdılması baxımından mühüm töhfə vermişdir. Belə ki, Oyunlar dörd qitəni əhatə edən 58 ölkədə telekanallar vasitəsilə canlı yayımlanmış və təxminən 1,5 milyard əhaliyə Azərbaycanı tanıtmaq imkanı yaranmışdır.

4. Bakı şəhərinə dünyanın dörd qitəsini əhatə edən müxtəlif ölkələrdən idman turisti axını olmuşdur. Həmin turistlərin bu məqsədlə çəkdiyi xərclər, eləcə də ölkəyə valyuta gətirmələri heç şübhəsiz ki, Azərbaycanda iqtisadi aktivliyə pozitiv təsir göstərmişdir.

5. Bu yarışların təşkili ilə əlaqədar olaraq çoxlu sayda insan iş yerləri ilə təmin edilmişdir.

6. Gənclərdən ibarət könüllülük hərəkatı daha da inkişaf etdirilmiş, gənclər müvafiq təhsil proqramları və treninqlərə cəlb edilmişdir ki, bu da ölkədə insan kapitalının zənginləşməsinə xidmət etmişdir.

Fəxrlə qeyd etməliyik ki, ölkəmizdə keçirilən bu möhtəşəm idman tədbirinin yüksək səviyyədə təşkil edilməsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti və tələbələri də iştirak etmiş və bu prosesə öz layiqli töhfələrini vermişlər. Belə ki, UNEC-in 2000 nəfərə yaxın könüllü tələbəsi ölkəmizin qonaqlara yüksək səviyyədə təqdim olunması işində aktiv iştirak edərək millətimizi, doğma vətənimizi, o cümlədən təhsil aldığı universitetlərini layiqincə təmsil etməyə çalışmışdır.

Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, Azərbaycan bu yarışlara evsahibliyi etməklə bir daha dünyaya cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış iqtisadi və siyasi qüdrətini göstərmiş, qlobal idman bazarında son illər əldə etdiyi mövqeyini daha da gücləndirmiş, idman sektorunu daha da təkmilləşdirmiş və bu sektorla əlaqəli iqtisadi sektorları üçün yeni fürsətlər yaradaraq iqtisadi inkişafının davamlılığının təmini istiqamətində növbəti uğurlu addımlardan birini atmışdır.

Ədalət MURADOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2017.- 23 may.- S.8.