Böyük zəfər salnaməsi
IV İslamiadadakı tarixi nailiyyətlər
Prezident İlham
Əliyevin yüksək təşkilatçılıq və
liderlik qabiliyyətinin təntənəsidir
İslam dünyasını sülh, tolerantlıq, həmrəylik və mərhəmət ruhu altında bir araya gətirən IV İslam Həmrəyliyi Oyunları başa çatdı. Mayın 12-dən 22-dək Azərbaycanın evsahibliyi etdiyi İslamiada möhtəşəm bağlanış mərasimi ilə tarixə damğasını vurdu. Bununla da Azərbaycan İslam dünyasını birləşdirmək, ona qarşı yönəlmiş qəsdləri zərərsizləşdirmək və bütövlükdə özünü dünyaya sülh, əmin-amanlıq carçısı olan ölkə kimi təqdim etmək imkanlarını bir daha ortaya qoydu.
Üzərinə götürdüyü daha bir ali missiyanı adına layiq uğurla yekunlaşdıran ölkəmiz həm də dünyaya sülh mesajı verdi. Odlar Yurdu bu Oyunlarla bir çox ilklərə imza atdı. Azərbaycan həm ilk Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən yeganə dövlət oldu. İki il öncə I Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazan Azərbaycan bu dəfə dörd qitənin İslam dünyasının insanlarını Bakıda birləşdirdi. Azərbaycan həm də İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrildiyini bir daha təsdiqlədi.
Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın söylədiyi kimi, İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifə açdı və beynəlxalq idman ictimaiyyəti üçün növbəti unudulmaz hadisə kimi tarixə qızıl hərflərlə yazıldı.
Hər keçən günü maraqlı anlarla yadda qalan “Bakı-2017”də Azərbaycan həm də idman ölkəsi olduğunu isbatladı. İdmançılarımız İslam dünyasının ən yaxşıları olduqlarını öz şanlı qələbələri ilə bir daha sübuta yetirdilər. Atletlərimizin İslamiadada möhtəşəm çıxışları Azərbaycanı 10 gün müddətində əsl bayram əhvali-ruhiyyəsinə bürüdü. Bütün beynəlxalq yarışlarda uğurla çıxış edən Azərbaycan idmançılarının İslamiadadakı zəfərləri hər kəsi qürurlandırdı. Milli Olimpiya Komitəsi tərəfindən “Gücümüz həmrəylikdədir” devizi altında təşkil olunan “Zəfər Günləri” adlı xüsusi tədbir isə bu idman bayramını daha da rəngarəng etdi. Medalçılarımızın tarixi zəfərləri şərəfinə təşkil olunan mərasimlərdə unudulmaz anlar yaşandı. Atletlərimiz yüksəlişdə olan Azərbaycan idmanının inkişafındakı rollarını İslamiadanın simvolik naxışlı lövhəsinə atdıqları imzaları ilə rəsmiləşdirdilər.
Mayın 14-dən start götürən “Zəfər Günləri” dünən xüsusi bayram tədbiri ilə yekunlaşdı. MOK-un və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abıyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, eyni zamanda MOK-un baş katibinin müavini Azər Əliyevin iştirak etdiyi təntənəli mərasimdə yarışların son günündə medal qazanan idmançılar mükafatlandırıldılar.
Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, on gün davam edən İslamiadanın hər anı Azərbaycan üçün bir tarix, hər günü yeni bir zəfər oldu. Atletlərimiz İslamiadanı Azərbaycanın idman salnaməsinə qızıl hərflərlə yazdılar. Bu qələbələr ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısı sayəsində reallaşıb: “Bu, tarixi zəfərdir. Heç bir beynəlxalq yarışda atletlərimiz bu qədər medal qazanmayıblar. İdmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizədə Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları 162 (75 qızıl, 50 gümüş və 37 bürünc) medalla birinci pillədə başa vurdular. Millimizin aktivinə ən çox medalı cüdoçularımız yazdırdı. Onlar ümumilikdə 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə etdilər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var. Bu qələbələrə görə bütün idmançılar adından Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
Sonra yarışların son günü medal qazanan atletlərimiz mükafatlandırıldılar və medalçılarımız jurnalistlərlə həmsöhbət olaraq xoş təəssüratlarını bölüşdülər.
Qızıl medalı Prezident İlham Əliyevin boynumdan asması məni çox qürurlandırdı
Hacı Əliyev,
IV İslam Həmrəyliyi Oyunlarının səfiri, sərbəst güləş yarışlarının çempionu:
- İlk növbədə Azərbaycan xalqını təbrik edirəm. Çünki xalqımız bizdən yalnız qələbələr gözləyirdi. Üzərimizə götürdüyümüz öhdəliyi layiqincə yerinə yetirdik. Azarkeşlərin, xüsusən də Prezident İlham Əliyevin yarışlarımızı izləməsi, bizi dəstəkləməsi və sonda şəxsən qızıl medalı təqdim etməsi qürurvericidir. Çox sevinirəm ki, cənab Prezident oyunumu izlədi. Bu, biz idmançılara dövlət səviyyəsində göstərilən qayğının bariz nümunəsidir.
İndi hədəfim Olimpiya çempionu olmaqdır. Çalışacağam ki, 2020-ci ildə Tokio Olimpiadasında qızıl medala sahib çıxım.
Oyunların Azərbaycanda keçirilməsi məsuliyyətimizi
daha da
artırmışdı
Mariya Stadnik,
IV İslam Həmrəyliyi
Oyunlarının qadınlar arasında sərbəst güləş
yarışlarının qalibi:
- Yarışlarda müəyyən psixoloji təzyiq, gərginlik var idi. Amma ümumilikdə İslam Həmrəyliyi Oyunları mənim üçün rahat keçdi. Oyunların Azərbaycanda keçirilməsi məsuliyyətimizi daha da artırırdı. Belə ki, doğma divarlar arasında İslamiada kimi mötəbər tədbir keçirilir və təbii ki, məsuliyyət böyük idi. Azarkeşlər səni dəstəkləyir, onları üzmək doğru olmazdı. Finaldakı rəqibim türkiyəli Evin Dəmirxana ayın əvvəlində Serbiyada keçirilən Avropa çempionatında da qalib gəlmişdim.
Bu qələbəm övladımın doğum gününə təsadüf etdiyi üçün ikiqat sevinc hissi yaşadım. Ailəm yanımda olmasa da, onlar televiziya vasitəsi ilə çıxışımı izləyiblər.
İslamiada Azərbaycan idmanının zəfəri
kimi tarixə yazıldı
Cəmaləddin Maqomedov,
IV İslam Həmrəyliyi
Oyunlarının sərbəst güləş
yarışlarının qalibi:
- Azərbaycan İslam Həmrəyliyi Oyunlarına çox yüksək səviyyədə evsahibliyi etdi. Biz bu yarışlarda uğurla çıxış edib ölkəmizə medallar qazandırmalı idik və bunu bacardıq. Möhtəşəm azarkeş dəstəyi bizə çox kömək oldu. Hər zaman azarkeşlər idmançıların yanındadırlar və bu bizi mübarizəyə çox ruhlandırır.
Keçirdiyim görüşlərə gəlincə isə deyə bilərəm ki, İslam ölkələrinin pəhləvanları həmişə seçiliblər. Bu yarışda da ən güclü idmançılar mübarizə aparırdılar. Sanki Yay Olimpiya Oyunlarında idik. Azərbaycan güləşçiləri bütün beynəlxalq yarışlarda olduğu kimi, İslamiadada da ən güclü olduqlarını bir daha təsdiqlədilər. Bütün bunlar isə Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsidir. Buna görə də idmançılar onlara bəslənən etimadı daim doğrultmaq üçün əllərindən gələni edirlər. İslamiada Azərbaycan idmanının zəfəri kimi tarixə yazıldı.
Son dəqiqədə özümü toplayıb qalib gəldim
Elis Manolova,
IV İslam Həmrəyliyi Oyunlarının qadınlar arasında sərbəst güləş yarışlarının qalibi:
- İslamiadaya yorğun halda qatılmışdım. Çünki mayın əvvəlində Serbiyada keçirilən Avropa çempionatında xeyli güc sərf etdim. Bu səbəbdən doğma divarlar arasında çox yorğun idim. Ancaq buna baxmayaraq, özümü toparlayaraq Oyunlarda ölkəmizi layiqincə təmsil etdim.
Keçirdiyim görüşlərə gəlincə isə deyə bilərəm ki, türkiyəli rəqibimlə görüş xeyli çətin keçdi. Öncə hesabda geri qalsam da, son dəqiqədə özümü toplayıb qalib gəldim.
Bir qədər istirahət edib dünya çempionatına hazırlaşacağam.
Ölkəmə bir qızıl, bir gümüş medal qazandırdığım üçün
çox xoşbəxtəm
Elçin Muradov,
IV İslam Həmrəyliyi
Oyunlarının paraatletika
yarışlarının çempionu:
- İlk dəfə idi ki, Azərbaycanda paraatletika yarışları keçirilirdi. Azərbaycan paraatletləri bu Oyunlarda nəyə qadir olduqlarını bir daha nümayiş etdirdilər. Yarışların hər günü idmançılar medallar qazanaraq hər kəsi sevindirdilər.
Keçirdiyim yarışlarda Azərbaycana bir qızıl, bir gümüş medal qazandırdığım üçün çox xoşbəxtəm.
Artıq paraatletika yarışlarında mübarizə aparan idmançılar gücləniblər. Gərgin mübarizələr gedir. İndi hədəfim Olimpiya Oyunlarında iştirak edərək vətənə medalla qayıtmaqdır. Dünya çempionatına vaxt az qaldığı üçün iştirak edə bilməyəcəm. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmalıyam.
Zorxana yarışlarında müsəlman ölkələrinin
ən güclü pəhləvanları
mübarizə aparırdılar
Rüfət Gülalıyev,
IV İslam Həmrəyliyi
Oyunlarının zorxana
yarışlarının çempionu:
- Digər idmançılarımız kimi, biz də İslamiadaya çox ciddi hazırlaşmışdıq. Çünki bu Oyunların proqramına daxil edilən zorxana idman növü məhz müsəlman ölkələrində yaranıb. İslam dünyasının ən güclü pəhləvanları bu idman növü ilə məşğul olurlar. Elə İslamiadaya ancaq güclülər qatılmışdı.
Əsas rəqiblərimiz İran millisinin zorxanaçıları idilər. Lakin bizim komandamız da yarışlarda uğurlu nəticə göstərdi. Komanda yarışlarında ikinci yeri tutduq. Fərdi yarışlarda isə pəhləvanlarımız ayrı-ayrı növlərdə öz məharətlərini göstərərək medallar qazandılar. Mən isə zorxananın səngi növündəki çıxışımla bütün rəqiblərimi qabaqlayaraq qızıl medala sahib çıxdım.
Hesab edirəm ki, İslamiadadan sonra zorxana yarışlarına maraq daha da artacaq və Azərbaycan pəhləvanları digər yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklər.
* * *
Göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirən idmançılarımız birmənalı şəkildə vurğuladılar ki, bu uğurlarının, zəfərlərinin səbəbkarı Prezident İlham Əliyevdir.
IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkil olunması həm də idmançılarımızın üzərinə böyük məsuliyyət qoyurdu və atletlərimiz onlara olan ümidləri doğruldaraq Azərbaycanı böyük müsəlman dövlətləri sırasında lider ölkəyə çevirdilər.
Prezident İlham Əliyevin və ailə üzvlərinin yarışları izləməsi, fəxri kürsünün ən yüksək pilləsinə qalxan atletimizə qızıl medalları şəxsən dövlət başçısının təqdim etməsi idmançılarımızı daha qürurlandırırdı. Bu qayğı və şəxsən dövlət başçısının diqqəti atletlərimizi yeni qələbələrə səsləyirdi.
IV İslamiada həm də Azərbaycan idmanının səviyyəsini nümayiş etdirmiş oldu. Əgər əvvəllər ölkəmiz beynəlxalq yarışlarda idmanın güləş, cüdo, boks, karate növlərində qazanılan uğurlara görə fərqlənirdisə, İslamiada göstərdi ki, Azərbaycanda artıq atletika, həndbol, voleybol, atıcılıq, üzgüçülük, basketbol idman növləri də yüksəliş mərhələsindədir. Təkcə Azərbaycan idmançısı Ruslan Lunyovun atıcılıq yarışlarında qazandığı 5 qızıl medalı nümunə kimi göstərmək yetərlidir.
Beynəlxalq tədbirlərin, yarışların keçirildiyi məkana çevrilən paytaxtımız Bakıda İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələr yaratmaq üçün hər cür şərait yaradıldı. Bakının 16 idman arenası ötən on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu.
Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəldi. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmamışdı. Elə İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərliyi də bu Oyunları təşkilati baxımdan ən uğurlu İslamiada adlandırdılar.
Bütün bu fikirlərə əsaslanaraq əminliklə söyləyə bilərik ki, qazandığımız bu zəfər İslam dünyasında həmrəyliyə və birliyə nail olmağa yönəlmiş siyasət yürüdən Prezident İlham Əliyevin yüksək təşkilatçılıq və liderlik qabiliyyətinin təntənəsidir.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.-24 may.- S.3.