İslamiadada qələbə Azərbaycanın
əsas inkişaf göstəricilərindəndir
Prezident İlham Əliyev IV
İslam Həmrəyliyi Oyunlarının Azərbaycan
standartları əsasında ən yüksək səviyyədə
keçirildiyini bəyan etdi
Mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.
Azərbaycan Prezidenti İlham
Əliyevin nitqi
-Əziz
dostlar.
“Bakı-2017”
İslam Həmrəyliyi Oyunları başa çatdı. Azərbaycan
bu Oyunlarda növbəti qələbə qazandı. Bu parlaq qələbə
münasibətilə bütün idmançıları, məşqçiləri,
idman mütəxəssislərini ürəkdən təbrik
edirəm və sizə yeni qələbələr, yeni
uğurlar arzulayıram.
Bizim
idmançılar bu Oyunlarda 75 qızıl, 50
gümüş, 37 bürünc medal qazanaraq komanda
hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir.
Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə
iştirak edirdi və ölkələr ən peşəkar
idmançılarını bu Oyunlara göndərmişdilər,
əlbəttə, bu qələbənin əhəmiyyəti
artır. Əlbəttə, biz hamımız yaxşı
bilirik ki, bu qələbə təsadüfi qələbə
deyil. Çünki idmançılarımız müxtəlif
beynəlxalq yarışlarda, dünya, Avropa
çempionatlarında, Olimpiya Oyunlarında artıq öz
güclərini göstərmişlər və Azərbaycan
dünya miqyasında güclü idman dövləti kimi tanınır.
Bizim son
nailiyyətlərimiz də deməyə əsas verir ki, bu qələbə
təsadüfi qələbə deyil. Azərbaycan
idmançıları 2015-ci ildə Avropa Oyunlarında 56 medal
qazanmışlar və komanda hesabında ikinci yerə
çıxa bilmişlər. Keçən il Yay Olimpiya
Oyunlarında medalların sayı 18-ə çatdı. Bu,
bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində
ən böyük rəqəmdir və medalların sayına
görə Azərbaycan 14-cü, Avropa ölkələri
arasında 7-ci, müsəlman ölkələri arasında isə
1-ci yerdə idi. Yəni, bugünkü qələbənin
çox möhkəm təməli var və bu, onu göstərir
ki, Azərbaycan idmanı inkişaf edir, Azərbaycan dövləti
inkişaf edir. Çünki ancaq inkişaf etmiş ölkələrdə
idman həm dövlətə, həm xalqa böyük qələbə
gətirir. Biz idmançılarımızla fəxr edirik. Mən
bütün idmançılarımızı bu böyük qələbə
münasibətilə bir daha ürəkdən təbrik edirəm,
onlara yeni uğurlar arzulayıram.
Bu Oyunlar,
eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan
düşünülmüş siyasət, o cümlədən
idman sahəsində öz bəhrəsini verməkdədir.
İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin
prioritetlərindən biridir. Son illər ərzində bu
istiqamətdə atılmış addımlar,
apardığımız siyasət bu gözəl nəticəni
bizə verdi.
Bu gün
Azərbaycanda idman ictimai proseslərin inkişafında
xüsusi yer tutur. İdmançılara cəmiyyətdə
çox xoş münasibət var. İdmançılara olan
hörmət göz qabağındadır və hər bir vətənpərvər
Azərbaycan vətəndaşı
idmançılarımızın uğurlarını
alqışlayır, bu uğurlarla fəxr edir. Hər dəfə
bizim bayrağımız qaldırılanda, dövlət
himnimiz səslənəndə hər bir vətənpərvər
insan qürur hissi keçirir. Bu 10 gün ərzində
idmançılarımız xalqımıza qələbə
sevinci bəxş etdilər. Bu 10 gün ərzində Azərbaycan
cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik
göstərdi, tribunalarda yarışları izləyən
tamaşaçılar böyük coşqu, böyük sevgi
ilə sizin qələbələrinizi
alqışlayırdılar, sizinlə bərabər buna
sevinirdilər, bu qələbə sevincini sizinlə
bölüşürdülər.
İdman
hər bir ölkənin ictimai həyatında xüsusi yer
tutur və bu gün idmanın inkişafı, bax, bu gözəl
nəticələrə gətirib çıxarır. Biz
haqlı olaraq öz qələbələrimizlə fəxr
edirik, eyni zamanda, sizin nümunəniz, bu Oyunlarda
idmançılarımızın qələbələri, əminəm
ki, yaxın gələcəkdə idman bölmələrinə
uşaqların axınını daha da sürətləndirəcək.
Çünki biz hər dəfə növbəti böyük
idman qələbəsindən sonra görürük ki, idmanla
məşğul olmaq istəyənlərin sayı artır,
uşaqlar, yeniyetmələr idman bölmələrinə
üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq
istəyirlər. Gənc nəsil, uşaqlar görəndə
ki, dövlət idmançıları qiymətləndirir,
onları mükafatlandırır, onlara bütün şəraiti
yaradır, əlbəttə, idmana daha da böyük maraq
olacaq. Bu da nəticə etibarilə Azərbaycan gəncliyinin,
xalqının sağlamlığına xidmət göstərəcək.
Əlbəttə ki, biz idmançılarımızın
uğurları ilə fəxr edirik və bu, bizim ölkəmizin
şöhrətini artırır. Ancaq, eyni zamanda, bundan az əhəmiyyət
daşımayan məsələ idmanın kütləviliyidir.
İdman sağlam həyat tərzidir və biz hamımız
çox istəyirik ki, Azərbaycanda sağlam həyat tərzi
yanaşması üstünlük təşkil etsin. Bu gün
bu, belədir, dövlət siyasəti də məhz bu istiqamətdə
aparılır və eyni zamanda, sizin qələbələriniz
bizim siyasətimizi dəstəkləyir.
Bu
Oyunların keçirilməsi əlbəttə ki, ölkəmiz
üçün tarixi hadisə idi. Şadam ki, bu qələbəni
şərtləndirən, qələbəyə aparan
bütün qurumlar çox yaxşı işlədilər. Həm
əvvəlki illərdə, həm Oyunlar ərəfəsində
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi,
federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi
korpusu, idman mütəxəssisləri, əlbəttə,
idmançılar bir komanda, bir ailə kimi bir amala xidmət edərək,
bu qələbəni mümkün etdilər. Bəzi ölkələrdən
fərqli olaraq Azərbaycanda bütün idman qurumları
çox sıx əlaqədə işləyirlər və
hesab edirəm ki, uğurlarımızın təməlində
bu amil dayanır. İdmançılar üçün isə
biz bütün şəraiti yaratmışıq. Bölgələrdə
50-yə yaxın müasir Olimpiya İdman Kompleksi, Bakı
şəhərində isə istənilən beynəlxalq
yarışı keçirmək üçün ən
müasir və gözəl idman obyektləri fəaliyyət
göstərir.
Oyunların
keçirilməsində Təşkilat Komitəsinin rolunu
xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi
Mehriban Əliyevanın rəhbərliyi ilə çox
böyük iş görüb, bütün hazırlıq
prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi
ən xırda məsələyə qədər bütün
lazımi tədbirləri görüb ki, həm
idmançılar, həm də qonaqlar üçün
yaxşı şərait yaradılsın. Ölkəmizə
minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat
Komitəsinin işini çox yüksək qiymətləndirirəm
və bu, artıq təbii bir haldır. Çünki
Mehribanın rəhbərliyi ilə üçüncü beynəlxalq
mötəbər yarışma keçirilir – 2012-ci ildə
“Eurovision” mahnı yarışması, 2015-ci ildə Avropa
Oyunları, - o, birinci Oyunlar idi, Oyunların standartları yox
idi və hazırlıq üçün bizim cəmi iki ilimiz
var idi, - və bu dəfə İslam Həmrəyliyi
Oyunları ən yüksək səviyyədə
keçirilmişdir. Əlbəttə, bu, onu göstərir
ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə,
şərəflə icra edib. Mən Təşkilat Komitəsinin
bütün üzvlərinə minnətdarlığımı
bildirmək istəyirəm.
Eyni
zamanda, Əməliyyat Komitəsi çox fəal işləyib.
Bu Əməliyyat Komitəsi Avropa Oyunlarının da təşkilini
təmin edibdir və xarici mütəxəssislər də bizə
kömək göstəriblər. Oyunların
açılış və bağlanış mərasimləri
də çox möhtəşəm idi. Mən yaxşı
bilirəm ki, Təşkilat Komitəsi bu iki möhtəşəm
təqdimatla çox ciddi məşğul olub. Həm
açılış, həm bağlanış mərasimi
ölkəmizin imkanlarını, xalqımızın
istedadını göstərir. Eyni zamanda, onu göstərir
ki, Azərbaycan və Azərbaycan xalqı öz milli, dini dəyərlərinə
sadiqdir, onları qoruyur.
Biz
açılış mərasimində İslam dininin mütərəqqiliyini
göstərdik. Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət
dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan
xalqının istedadlı nümayəndələrini
açılış mərasimində göstərdik. Azərbaycanın
zəngin, qədim tarixini, mədəniyyətini bütün
İslam aləminə, bütün dünyaya nümayiş
etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı
mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni,
bu nadir vəhdət bu gün Azərbaycanı dünya
miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz
öz milli, dini dəyərlərimizə sadiqik, onları
qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya
açığıq, biz müasirik, biz inkişaf edirik və
bu önəmli amillər bu gün əslində müasir Azərbaycan
dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi
köklər üzərində müasir dövlət qururuq,
o dövlət ki, indi hər bir vətənpərvər insan
öz ölkəsi ilə fəxr edir.
Bizim
uğurlarımızın təməlində Vətən
sevgisidir və idmançılarımızı da qələbələrə
aparan əsas amil budur. Biz görürdük ki,
idmançılar necə sevinirlər, xalqımız necə
sevinir. Bu on gün ərzində biz bir daha gördük ki,
xalqımız, cəmiyyətimiz birdir. Bizi birləşdirən
bizim əqidəmizdir, tariximizdir və gələcəyə
baxışlarımızdır. Bu gün Azərbaycan
dünya miqyasında çox böyük hörmətə
layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində
çox böyük rəğbətə layiq olan bir ölkədir.
Bakıda
keçirilmiş Oyunlar sayca üçüncü İslam Həmrəyliyi
Oyunlarıdır. Birinci Oyunlar Səudiyyə Ərəbistanında,
ikinci İndoneziyada, üçüncü isə Azərbaycanda
keçirilib. Səudiyyə Ərəbistanı müsəlman
aləminin mərkəzidir, İndoneziya müsəlman aləmində
əhali baxımından ən böyük ölkədir.
Müsəlman aləminin bu iki aparıcı ölkəsindən
sonra üçüncü Oyunların, - halbuki bu Oyunların
adı dördüncüdür, amma biz bilirik ki, cəmi
üçüncü dəfə keçirilibdir, - Azərbaycanda
keçirilməsi, əlbəttə, bizə olan böyük
hörmətin və inamın təzahürüdür.
Bu
günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında
çox sevinirdim ki, elə bil hamı mənə bir fikri
çatdırmaq istəyirdi - hamı böyük minnətdarlıq
hissi ilə təşkilati məsələlərin yüksək
səviyyədə və peşəkarlıqla həll
olunduğunu deyirdi. Əlbəttə ki, bu, bizi çox
sevindirir. Oyunların bu səviyyədə keçirilməsi
ölkəmizin gücünü, qüdrətini göstərir.
Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən
yüksək səviyyədə təşkil edə və
eyni zamanda, öz standartlarımızı da tətbiq edə
bilərik və bunu edirik. Avropa Oyunları bundan sonra ancaq Azərbaycan
standartları əsasında keçiriləcəkdir. Bilirəm
ki, bu standartlara çatmaq çətin olacaq.
Biz
İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı
ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki,
bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin
təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə,
bizim siyasətimizi göstərir. Çünki biz istəyirik
ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə
keçirilsin. Ona görə də ölkəmiz inkişaf
edir, ona görə də Bakıya gələn bütün
xarici qonaqlar şəhərimizə heyran qalırlar.
Bakı
bu gün dünyanın ən gözəl şəhərlərindən
biridir. Azərbaycana gələn turistlərin sayı
milyonlarla ölçülür. Bu Oyunlardan sonra ölkəmizə
daha çox turist axını olacaq. Azərbaycanı bu
gün nəinki İslam aləmində, dünyada inkişafda
olan müasir, mütərəqqi, güclü dövlət
kimi tanıyırlar və idmançılarımızın qələbələri
bizim gücümüzü daha da artırır. Yəni, bu,
daha əyani şəkildə göstərir ki, Azərbaycan
güclü dövlətlər sırasındadır.
İdman
yarışları, Olimpiya Oyunları, İslam Oyunları,
Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə
həm idmançılar, həm ölkələr rəqabət
aparırlar. İqtisadi, siyasi sahələrdə, beynəlxalq
münasibətlər sahəsində bəzən birinciliyi
müəyyən etmək üçün bəzi qurumlar, təşkilatlar
çətinlik çəkirlər. Çünki müəyyən
meyarlar olmalıdır. İdmanda isə hər şey
açıq-aydındır. Azərbaycan birinci yerdədir, Azərbaycan
qalibdir.
Əlbəttə,
bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək.
Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas
məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini
təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə
olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini
sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin.
Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi
hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də
yaxın münasibətləri olmayan ölkələrin
nümayəndələri bir-birini təbrik edir, bir-birinin
uğuruna sevinir, bir-birinin əlini sıxırlar.
Bax, bu
Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Azərbaycan
apardığı siyasətə idman vasitəsilə əlavə
töhfə verdi. Çünki bizim müsəlman aləmində
siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin,
müsəlman ölkələri arasındakı bəzi
ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman
aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə
xalqlarımız gələcəkdə rahat və firavan
yaşaya bilərlər. Ona görə, bizim
apardığımız siyasət və bu Oyunlarda verdiyimiz
töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə
gətirib çıxaracaq.
Eyni
zamanda, Azərbaycan müsəlman aləmini Qərb aləmi
ilə birləşdirən ölkədir. Təsəvvür
edin, iki il ərzində bir ölkədə, bir şəhərdə
Avropa və İslam Oyunları keçirilir. Bu Oyunlarda 100-dən
çox ölkə iştirak edir. Heç bir başqa ölkə
bax, bu nailiyyətlə öyünə bilməz. Haqlı
olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz
həm Qərb dünyasında, həm müsəlman aləmində
etibarlı tərəfdaş, dost və qüdrətli
dövlət kimi tanınır.
Bir məsələni
də qeyd etmək istəyirəm. Bizim
uğurlarımızı əldə edən
idmançılar müstəqillik dövründə
yetişiblər. Bir çoxları müstəqillik
dövründə doğulublar, müstəqillik illərində
bu nailiyyətlərə gəlib çıxıblar. Bu, bir
daha onu göstərir ki, müstəqillik bizim ən
böyük sərvətimizdir. Bizim xalqımızın
çox böyük tarixi var. Ancaq müstəqillik tariximiz
müasir dövrdə o qədər də böyük deyil.
Biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi
yaşayırıq və idman sahəsində, iqtisadi, sosial və
digər sahələrdə görün, nə qədər
böyük uğurlar əldə etmişik. İdman isə
ölkələrin gücünü, siyasətini göstərir,
xalqların gücünü göstərir. Sovet
dövründə heç vaxt bizim ağlımıza gələ
bilməzdi ki, Azərbaycan idmançıları bu qədər
medal qazanacaqlar, Olimpiya Oyunlarında bu qədər qələbələr
qazanacaqlar, müsəlman aləmində birinci, Avropa ölkələri
arasında ikinci olacaqlar. Bütün bunlar ancaq müstəqillik
dövründə mümkün olub. Ona görə, bu qələbə
bir daha onu deyir və göstərir ki, ancaq müstəqillik
dövründə xalqımız uğurla inkişaf edə
bilər. Ancaq taleyimiz öz əlimizdə olduğu təqdirdə
Azərbaycan xalqı sürətlə inkişaf edə bilər.
Biz
müstəqillik gününün ərəfəsindəyik.
Bir neçə gündən sonra Respublika Gününü
qeyd edəcəyik. Bu qələbə əlbəttə ki,
müstəqilliyimizə, müstəqilliyimizin möhkəmlənməsinə
verilən növbəti töhfədir.
Eyni
zamanda, biz mübarək Ramazan ayının başlaması ərəfəsindəyik.
İslam Həmrəyliyi Oyunlarının Ramazan
bayramının başlaması ərəfəsində
başa çatması, Azərbaycan üçün
böyük qələbə ilə sonuclanması hesab edirəm
ki, təbiidir. Bu, təsadüfi deyil, bu, təbiidir.
Bir daha
qayıdıram çıxışımın əvvəlinə.
Bütün bu qələbələri bizə
idmançılar bəxş ediblər. Ona görə, mən
onları bir daha təbrik edirəm, onları qucaqlayıram,
bağrıma basıram və onlara yeni qələbələr,
uğurlar arzulayıram.
***
Sonra IV İslam
Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o
cümlədən Azərbaycan idmançılarının
çıxışlarını əks etdirən
videoçarx nümayiş olundu.
Sonda xatirə şəkilləri çəkdirildi.