Antiazərbaycançı dairələr iki ölkənin strateji tərəfdaşlığını öz maraqlarına təhlükə kimi görürlər

 

Hansısa bir təşkilatın ləğvi barədə qərar verilirsə, mütləq çox ciddi şəkildə əsaslandırılmalıdır. Ümumrusiya Azərbaycanlıları Konqresinə (ÜAK) gəlincə, bu, hər hansı, sıradan bir qurum deyil. Bu təşkilat Rusiya ərazisində 2 milyondan çox azərbaycanlını əhatə edən ictimai təşkilatları öz sıralarında birləşdirib. Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ildə ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Fəaliyyətə başladığı vaxtdan üzərinə düşən vəzifəni lazımınca yerinə yetirib, Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına çalışıb, soydaşlarımızın Rusiya mədəniyyətinə, ənənələrinə, qanunlarına uyğunlaşmaşına kömək göstərib, onların təhsili, hüquqlarının və etnomədəni maraqlarının müdafiəsində fəal iştirak edib. Ümumrusiya Azərbaycanlıları Konqresi hər zaman Rusiya Federasiyasının qanunlarına böyük hörmətlə yanaşıb, qaydalardan kənara çıxmayıb.

Bu iki ölkənin - Rusiya Federasiyasının və Azərbaycan Respublikasının münasibətləri də göz önündədir. Siyasi, iqtisadi, mədəni əlaqələrimiz gündən-günə daha da möhkəmlənir. Azərbaycan regionda Rusiyanın ən yaxın tərəfdaşıdır.

Respublikamızda rus mədəniyyətinə, Rusiya ilə tarixi əlaqələrə qayğı ilə yanaşırlar. Azərbaycanda uşaq bağçalarından başlayaraq, orta və ali məktəblərədək rus dilində çox yüksək səviyyədə təhsil almaq olar. Həmin təlim-tərbiyə, təhsil müəssisələrinə ruslarla yanaşı, Azərbaycanda yaşayan digər xalqların nümayəndələri də maraq göstərir, böyük həvəslə bu dili öyrənirlər.

Azərbaycan multikultural ölkədir. Burada bütün millətlərin və xalqların nümayəndələri öz milli xüsusiyyətlərini, adət-ənənəlini yaşadır, dini ayinlərini icra edirlər.

Rusiya da çoxmillətli dövlətdir. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ona heç nə qazandırmır. Əksinə, bu cür ədalətsiz qərarın verilməsi Rusiyanın polietnik bir ölkə olduğu imicinə zərbə vurur.

Azərbaycan ictimaiyyətini narahat edən məqamlardan biri də budur ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Onun öz ölkəsində fəaliyyət göstərən ən böyük Azərbaycan diaspor təşkilatının qeydiyyatını ləğv etməsi Azərbaycan ictimaiyyətində bu ölkənin tərəfsizliyinə olan inamı zədələyə bilər.

Biz rus xalqının simasında da özümüzə yaxın qonşu, dost görürük. Ümumilikdə onların bizə hörmət və ehtiramlarından razıyıq. Nəinki Rusiyada və Azərbaycanda, dünyada yaşayan azərbaycanlılar və ruslar arasında bu cür səmimi, mehriban münasibət mövcuddur. Bu münasibətin kökündə böyük bir tarix dayanır. Azərbaycanlılar və ruslar əsrlərdir ki, bir-birlərinə qaynayıb-qarışıblar.

Belə olan təqdirdə, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən, həmin ölkənin Ali Məhkəməsinin verdiyi qərar bizi təəccübləndirməyə bilməzdi. Həmin qərara əsasən, Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi həm də çox böyük təəssüf hissləri doğurdu. Gətirilən “əsaslar” ÜAK-ın fəaliyyəti və qeyd etdiyimiz digər müsbət, iki ölkənin, onların vətəndaşlarının bir-birlərinə münasibətləri fonunda olduqca kiçikdir və daha çox da bəhanələri xatırladır. Ona görə də meydana bir çox suallar çıxır. Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə son qoyulmasının səbəbləri nədir? Bu, kimə və nəyə görə lazımdır?

Əslində, belə bir qərarın verilməsinin əsl səbəbi və mahiyyəti hər birimizə məlumdur. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qurulan və yüksək səviyyədə inkişaf etdirilən qarşılıqlı əməkdaşlıqdan, möhkəm tərəfdaşlıqdan təşvişə düşən qüvvələr var. Onlar bu münasibətlərə kölgə salmaq üçün hər vasitəyə əl atırlar. Erməni lobbisi öz “fəaliyyətini” davam etdirir, Rusiyadakı antiazərbaycan dairələrlə birləşərək Rusiya və Azərbaycan arasında münasibətləri mürəkkəbləşdirməyə çalışır. Bu, erməni lobbisinin ölkəmizə, xalqımıza qarşı məkrli planının bir hissəsidir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin dayandırılması barədə qərarın arxasında Azərbaycan-Rusiya strateji tərəfdaşlığını öz maraqlarına təhlükə kimi görən qüvvələrin izlərini görmək mümkündür. Bütün bunlar təsdiq edir ki, Rusiya Federasiyasının Ali Məhkəməsinin bu qərarı Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin sarsıdılması, ölkələrimizin xalqlarının bir-birindən uzaqlaşdırılması üçün ermənipərəst dairələr tərəfindən provokasiya məqsədi ilə törədilən siyasi təxribatdır. Rusiyanın bəzi antiazərbaycançı dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, eləcə də bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətlərini davam etdirirlər. Lakin biz əminik ki, Rusiyada olan antiazərbaycançı dairələr və erməni lobbisi arzularına çata bilməyəcəklər. Onlar indi yəqin ki, bəd əməllərini həyata keçirdiklərini düşünürlər. Amma niyyətləri puça çıxacaq, planları səmərəsiz qalacaq. Çünki başqa millətlərin yalnız bəbəxtliklərini istəyənlər, ara qarışdırmaqdan, şər qüvvələrə xidmət etməkdən zövq alanlar heç zaman qalib gəlmirlər.

Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı bizi incik salsa da, inamımız qırılmayıb. Problemin tezliklə aradan qaldırılacağına ümid bəsləyirik. Əminik ki, Rusiya Federasiyasının ictimaiyyəti, hökuməti və Prezidenti öz mövqelərini bildirərək, məsələnin müsbət həll olunmasına çalışacaqlar. Biz inanırıq ki, dostluq şər qüvvələrə qalib gələcək.

 

Sani HACIYEV,

Bakı Dövlət Universitetinin prorektoru, professor

 

Azərbaycan.- 2017.- 24 may.- S. 10.