Elm xadimləri
1970-ci
ilin soyuq dekabr günü idi. Kabinetimə ortaboylu, gənc,
qıvrımsaçlı bir oğlan daxil oldu. Onun
nüfuzedici baxışı o saat yadımda qaldı. Bu gənc
İbrahim Quliyev idi. O, özünü tox tutur, suallarıma ətraflı
və dəqiq cavablar verirdi. Azərbaycan Neft və Kimya
İnstitutunu yenicə bitirmiş İ.Quliyev doğma diyardan
uzaqlarda doğulsa da, vətəninə, xalqına məhəbbətini
bir an belə qəlbindən çıxarmamışdı.
Qeyri-adi istedadı, bir qədər romantikliyi,
ziyalılığı, xeyirxahlığı ilə elm
ictimaiyyəti tərəfindən sevilən görkəmli
alim bu il ömrünün parlaq 70 ilini tamamladı.
Həyatını
Elmlər Akademiyasına həsr edən İ.Quliyev
laborantlıqdan vitse-prezidentliyə qədər yüksəldi.
Bütün bunlardan başqa isə heç də asan olmayan
uzun yaradıcılıq və ömür yolu
keçmişdi. Repressiya olunmuş ailədə
doğulmuş və ilk təhsilini vətəndən uzaqlarda
almışdı. Atasının bəraətindən sonra
orta məktəbi öz ölkəsində bitirmişdi və
1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki
Azərbaycan Neft və Sənaye Universiteti) Geologiya fakültəsinə
daxil olmuşdu. Bu andan etibarən o, taleyini həmişəlik
elmə bağlamış və onun zirvəsinə doğru
yüksəlmişdi. Bu gün görkəmli alimin həyatı
elmə xidmətin parlaq nümunəsidir.
Kurs
yoldaşlarının dediyinə görə, hələ tələbəlik
illərindən o, özünün liderlik xüsusiyyətləri
ilə istər dostları, istərsə də institut
kollektivi arasında fərqlənirmiş. İctimai həyatda,
komsomol işində fəallığı ilə
seçilirdi. Bütün bu xüsusiyyətlərinə
görə ali məktəbin rəhbərliyi Estoniya HES-in
tikintisinə göndərilən tələbə inşaat dəstəsinə
başçılığı ona etibar etmişdi. O, bu vəzifənin
öhdəsindən yüksək səviyyədə gəlmiş
və HES rəhbərliyinin mükafatına - fəxri fərmanına
layiq görülmüşdür.
1970-ci ildə
ali məktəbi bitirən İbrahim Quliyev əmək fəaliyyətinə
Azərbaycan Elmlər Akademiyasının Geologiya
İnstitutunda (indiki AMEA Geologiya və Geofizika İnstitutu)
görkəmli Azərbaycan alimi, professor Fərid Həsən
oğlu Dadaşovun laboratoriyasında başladı. Onun
sonrakı yüksəlişində bu laboratoriya çox
böyük rol oynadı. İlk geoloji
axtarışlarını Filizçay polimetallik
yatağının geokimyəvi tədqiqatı ilə
başladı, tezliklə axtarışları neft
geologiyası problemlərinin həllinə yönəldi və
bütün sonrakı elmi uğurları məhz geologiya elminin
bu istiqaməti ilə bağlı oldu.
İbrahim
Quliyevin ilk böyük elmi işi 1978-ci ildə müdafiə
etdiyi namizədlik dissertasiyası idi. Tezliklə doktorluq
dissertasiyası üzərində çalışmağa
başlayan gənc alim 1989-cu ildə onu da uğurla müdafiə
etdi. Hər iki dissertasiyanın müdafiəsi Rusiyanın ən
nüfuzlu ali məktəblərindən birində - M.Lomonosov
adına Moskva Dövlət Universitetində keçirildi. Bu isə
həmin tədqiqatların yüksək elmi səviyyəsinin
bariz göstəricisi idi. Beləliklə, qısa bir zamanda
İbrahim Quliyev neft və qaz geologiyası və geokimyası
sahəsində gənc mütəxəssisdən yüksək
ixtisaslı alimə çevrildi.
Elmi
işlə yanaşı, İbrahim Quliyev ictimai həyatdan da
kənarda qalmır, institutun və Elmlər
Akademiyasının gənc alimlər cəmiyyətinin fəal
üzvlərindən biri kimi tez-tez müxtəlif beynəlxalq
və respublika forumlarında iştirak edirdi.
İ.Quliyevin
yaradıcılıq uğurları və təşkilatçılıq
qabiliyyəti EA rəhbərliyinin gözündən
yayınmadı və ona Geologiya İnstitutunun elmi işlər
üzrə direktor müavini vəzifəsi təklif edildi. Bu
xəbəri o, Belarus Polesyesində olarkən aldı. Burada həmkarları
ilə birgə süni şəkildə yaradılmış
vibroseysmik sahədə flüidodinamikanın monitorinqi üzrə
təcrübi tədqiqatlar aparırdı.
Geologiya və
Geofizika İnstitutunun kollektivi qarşısında məsuliyyətini
dərindən dərk edən görkəmli alim Azərbaycanın
ağır dövründə - 1990-cı illərdə
geologiya elminin potensialının qorunmasına və
inkişafına öz töhfəsini vermiş oldu. Elmdə
prioritetləri dərindən duyan alim, Azərbaycan elminin
mürəkkəb bir dövründə geologiya və geofizika
elminin başlıca inkişaf istiqamətlərini müəyyənləşdirməyə
nail oldu.
Görkəmli
Rusiya alimlərindən professorlar Dmitri Fyodorov və Leonid
Levinlə (“GEON” mərkəzi) birlikdə çap etdirdiyi
monoqrafiyada bütün Xəzər regionunda, o cümlədən
Azərbaycanda karbohidrogenlərin başlanğıc potensial
resursları üzrə proqnoz verilmişdir.
İlk dəfə
almaniyalı həmkarları ilə birlikdə Azərbaycanın
palçıq vulkanlarından qazların
çıxmasının elmi-texnoloji prinsipləri müəyyən
edilmiş, uzunmüddətli telemetrik monitorinqi təşkil
edilmiş, geoloji və kosmik amillərdən asılı
olaraq onların zamanla dəyişmə dövriyyəsi müəyyən
edilmişdir. Bu tədqiqatlar “istixana effekti” mexanizminin öyrənilməsinə
böyük töhfə verməkdədir.
Xəzər
dənizində submarin palçıq vulkanlarının və
palçıqvulkan qazohidratlarının aşkar edilməsi və
geoloji-geokimyəvi baxımdan öyrənilməsi prioriteti də
həmkarları ilə birlikdə İbrahim Quliyevə məxsusdur.
Görkəmli
alimin tədqiqatlarının nəticələri onlarla
nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda məruzə
edilmiş, dünyanın aparıcı geoloji nəşrlərində
işıq üzü görmüşdür. Onun 10
monoqrafiyası, 222 elmi əsəri var ki, bunlardan 111-i xaricdə,
50-si isə indeksləşmiş jurnallarda nəşr
olunmuşdur.
2008-ci ildə
ona Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri
adı verilmişdir. İbrahim Quliyevin böyük elmi
uğurları respublika rəhbərliyinin diqqətindən
yayınmamışdır. Cənubi Xəzər hövzəsinin
palçıq vulkanizmi və neftqazlılığının
öyrənilməsi sahəsindəki əsərlərinə
görə o, bir qrup həmkarı ilə 2010-cu ildə
müstəqil Azərbaycan Respublikasının Dövlət
Mükafatına layiq görülmüşdür.
Gənc
kadrların hazırlanmasında da İbrahim Quliyevin
böyük xidmətlərini unutmaq olmaz. Hamıya məlum
olan “Kadrlar hər şeyi həll edir” devizini rəhbər
tutan alim bütün elmi-təşkilati fəaliyyəti boyunca
bu işə böyük əhəmiyyət vermişdir.
Mövcud
problemləri o, başqalarından eşitməmişdi,
çünki 1988-ci ildən 1995-ci ilə qədər Azərbaycan
Neft Akademiyasının (indiki ADNSU) professoru olmuş, neft və
qazın geologiyası və geokimyası üzrə mühazirələr
oxumuş, diplomant və dissertantların hazırlanması ilə
məşğul olmuşdur. Bundan başqa, bir neçə
müddət İbrahim Quliyev universitetin diplom müdafiəsi
üzrə Dövlət Komissiyasının sədri
olmuşdur. Məhz bu dövrdə İbrahim Quliyev elm və təhsili
birləşdirmək ideyasını irəli
sürmüş və ADNSU və BDU-nun AMEA institutlarında
baza kafedralarının yaradılmasının təşəbbüskarı
kimi çıxış etmişdir. Bu isə magistrantlara
imkan verirdi ki, ən müasir akademik laboratoriyalarda işləyərək
görkəmli alimlərdən məsləhətlər
alsınlar.
Sonralar bu
ideya daha da inkişaf edərək 2015-ci ildə AMEA-da
magistratura pilləsinin yaranmasına səbəb oldu. Onun ilk
buraxılışı bu il baş tutacaqdır.
Kadr
hazırlığı üzrə İbrahim Quliyevin fəaliyyəti
respublikanın sərhədləri ilə məhdudlaşmır.
O, dəfələrlə rəsmi opponent kimi Gürcüstana
(Gürcüstan Geologiya İnstitutu), Rusiyaya (VNİQRİ,
MDU) və Hollandiyaya (Delft Texniki Universiteti) dəvət
edilmişdir. O, həm də “Neft-qaz yataqlarının
geologiyası və geokimyası” ixtisası üzrə
İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz
Universitetinə aspirantların elmi rəhbəri kimi dəvət
edilmişdir.
İbrahim
Quliyev geologiya sahəsində 10 fəlsəfə və 2 elmlər
doktoru yetişdirmişdir. Buna görə də təsadüfi
deyil ki, 1994-cü ildə İbrahim Quliyev Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının Yer elmləri üzrə Ekspert
Şurasının sədri təyin edilmişdir.
İbrahim
Quliyev 2001-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə isə
həqiqi üzvü seçilmişdir. 2014-cü ildən o,
Rusiya Təbiət Elmləri Akademiyasının xarici
üzvüdür.
2013-cü
ildə AMEA-nın vitse-prezidenti təyin edilmiş İbrahim
Quliyev bu günə qədər həmin vəzifədə
çalışır. Eyni zamanda o, 2016-cı ildən AMEA
sistemində yeni yaradılmış Neft və Qaz
İnstitutunun direktorudur.
Azərbaycan
Respublikası Prezidentinin 22 may 2017-ci il tarixli sərəncamı
ilə İbrahim Said oğlu Quliyev Azərbaycan elminin
inkişafında xidmətlərinə görə
“Şöhrət” ordeni ilə təltif olunmuşdur.
İbrahim
Quliyev respublika və xarici KİV-lə fəal əməkdaşlıq
edir, maraqlı müsahibələr verir, tez-tez neft və qaz geologiyası,
onların istər ənənəvi, istərsə də
qeyri-ənənəvi proqnoz resursları barədə problem məqalələrlə
çıxış edir.
İbrahim
Quliyev “Azərbaycan geoloqu” jurnalının redaksiya heyətinin
üzvüdür, 2006-cı ildən isə Azərbaycan
Dövlət Neft Şirkətinin “Azərbaycan Neft Təsərrüfatı”
jurnalının baş redaktorudur.
İbrahim
Quliyev 40 il bundan əvvəl ideya və planlarla necə
coşub-daşırdısa, bu gün də həmin
axtarışda davam edir. Əgər bu dövr ərzində
onun gur saçları seyrəlibsə, çöhrəsi əvvəlki
təravətində deyilsə, elmdəki coşqun fəaliyyəti
bir mikron da azalmayıb.
İbrahim
Quliyevin gözəl ailəsi var, o, nümunəvi ailə
başçısıdır. Onun yaradıcılıq
uğurlarında həyat yoldaşı Minə xanımın
payı da az deyildir.
Oğlu Səid
fəlsəfə doktorudur, informasiya texnologiyaları sahəsində
çalışır. Qızı Sara turizm sistemində
işləyir. İbrahim müəllimin dörd nəvəsi
var.
Bir dəfə
dostlarının birindən soruşdum ki, İbrahimi lakonik
şəkildə necə səciyyələndirərdin? O,
çox mənalı şəkildə
gülümsünüb cavab verdi: “İbrahim - bütün
gözəllikləri və gözəlləri sevən bir
adamdır”. Bu sevgi isə artıq ümmana çevrilib,
bitib-tükənmir...
Akif ƏLİZADƏ,
Akademik
Azərbaycan.- 2017.- 24 may.- S. 11.