İnsan amilinə xidmət
edən kapital
Azərbaycanda
neftdən əldə edilən gəlirlər ölkənin
inkişafına yönəldilir
“Müstəqil
Azərbaycanın dövlət neft strategiyası uğurla həyata
keçirilir və bu, Azərbaycan iqtisadiyyatının
inkişaf etməsi üçün böyük imkanlar yaradır.
Bu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi
və daimi olması üçün çox böyük
imkanlar yaradır. Bunlar hamısı bizi sizinlə birlikdə
böyük gələcəyə aparır”.
Bu
sözləri ümummilli lider Heydər Əliyev hələ
2000-ci ildə demişdi. Müəllifi ulu öndər Heydər
Əliyev olan yeni neft strategiyası “Əsrin müqaviləsi”
imzalanandan cəmi bir neçə il sonra Azərbaycana həqiqətən
böyük vəsait gətirməyə başladı. Bu,
ölkənin iqtisadi imkanlarını genişləndirdi və
qarşısında böyük inkişaf perspektivləri
açdı. Ulu öndərin siyasi və iqtisadi kursunun
layiqli davamçısı Prezident İlham Əliyev neft
sektorunda yeni nailiyyətlərin qazanılmasını təmin
etdi və əldə olunan kapitalı Azərbaycanın
sabahı naminə məqsədyönlü işlərə
yönəltdi.
Hələ
2003-cü ildə Prezident İlham Əliyev bəyan etdi ki,
neft bizim üçün məqsəd deyil, vasitədir.
Dövlət başçısı neft hesabına ölkəni
inkişaf etdirməyi, gücləndirməyi, neftdən əldə
olunan gəliri sərmayə kimi insan kapitalına yönəltməyi
vəzifə kimi qarşıya qoydu.
2006-cı
ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəməri də artıq istifadəyə verildi.
Dünya bazarlarına ixrac olunan “Azəri-Çıraq-Günəşli”
neftindən gələn vəsait ölkədə
genişmiqyaslı işlər görməyə imkan
yaratdı. Bu, böyük infrastruktur layihələri - yollar,
körpülər, su kəmərləri və anbarları, məktəblər,
xəstəxanalardır... Ölkədə iqtisadiyyatın və
sosial həyatın elə bir sahəsi yoxdur ki, onun
inkişafına neftdən əldə olunan gəlirlər sərf
edilməsin. Məsələn, son illər ərzində Azərbaycanda
3 mindən çox məktəb binası təmir olunub və
tikilib. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə
çatır.
Bunlar
dövlətin yeritdiyi düzgün və uzaqgörən
iqtisadi siyasətin nəticəsidir.
Dövlət
neftdən asılılığı azaltmaq üçün
qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir.
Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında
çoxşaxəli işlər həyata keçirilir.
Bölgələrdə yaradılmış infrastruktur - rəvan
yollar, müasir hotellər və s. turizmin inkişafına təkan
verib. Son illərdə ölkə iqtisadiyyatını şaxələndirmək
üçün böyük səylər göstərilib.
Bunun sayəsində indi Azərbaycanın ümumi daxili məhsulunda
neft amili təxminən 30 faizdən bir qədər
çoxdur. Ümumi gəlirlərin əksəriyyəti
qeyri-neft sektoru hesabına formalaşır.
Qurulan
bütün infrastruktur və aparılan yenidənqurma işləri
də bu məqsədi daşıyır ki, Azərbaycan
iqtisadiyyatı çoxşaxəli olsun, biznes imkanları
genişlənsin, neftdən və qazdan asılılıq daha
da aşağı düşsün. Neftdən əldə
olunan vəsaitin şəffaf saxlanması və idarə edilməsi
üçün hələ 1999-cu ildə Azərbaycanda
Dövlət Neft Fondu yaradılıb. Bu, dünya miqyasında
ən şəffaf, suveren neft fondlarından biridir.
Hazırda mənfəət neftinin 75 faizi Azərbaycana qalır. Azərbaycan dövləti bundan istifadə edərək qarşıya prioritet kimi qoyduğu vəzifələrin həlli prosesini davam etdirir. İndi ən önəmli vəzifə məhz bundan ibarətdir ki, uzunmüddətli dayanıqlı iqtisadi inkişaf konsepsiyası icra edilsin və ölkə gələcəkdə, ümumiyyətlə, neftin qiymətindən asılı olmasın. İşlər də elə bu istiqamətdə davam edir.
Qeyri-neft sektorunun müxtəlif sahələrində istifadəyə verilmiş müəssisələrdə minlərlə insan öz məşğulluq problemini həll edir. Təkcə bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb ki, bunların da 70 mini daimidir. Həmin dövrdə 9 min iş yeri bağlansa da, insanların işlə təmin olunmasında müsbət dinamika danılmazdır.
İş yerləri demişkən, indi Azərbaycanda həyata keçirilən neft-qaz layihələrində çalışanların əksəriyyəti ölkənin öz vətəndaşlarıdır. Vaxtilə, danışıqlar gedərkən, bu, kontraktın şərtlərindən biri kimi müəyyən edilmişdi.
Qərara alınmışdı ki, Azərbaycan mütəxəssislərinin sayı müqavilə çərçivəsində görülən bütün işlərdə tədricən artacaq. İndi bu, bir gerçəklikdir. Əgər 1994-cü ildə xarici şirkətlərlə birgə həyata keçirilən layihələrdə yerli sakinlərin sayı cəmi 5-10 faiz idisə, bu gün həmin nisbət əksinədir. Başqa sözlə, müqavilələr üzrə aparılan işlərdə Azərbaycan vətəndaşlarının sayı 90 faizə çatıb və orada çalışanların yalnız 10 faizi xaricdən gəlmiş fəhlə və mütəxəssislərdir. Üstəlik də, azərbaycanlı kadrlar ən məsuliyyətli işlərdə, ən mürəkkəb texnoloji proseslərdə çalışırlar və çoxları rəhbər vəzifələr tutur. Başqa sözlə, “Əsrin kontraktı”nın əhəmiyyətini Azərbaycan xalqı artıq əyani görür.
Bunlar ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrələridir. Əgər 23 il əvvəl həmin müqavilə imzalanmasaydı, Azərbaycana investisiyalar yönəldilməsəydi, nə bugünkü qlobal layihələrdən söhbət gedə bilərdi, nə də belə genişmiqyaslı işləri həyata keçirmək mümkün olardı.
Prezident İlham Əliyevin dediyi kimi: “İnvestisiya, maddi imkanımız olmasa idi, istəyimiz olsa belə, bütün bu işləri görmək çətin olardı. Biz neftdən əldə olunan gəlirlərdən çox səmərəli şəkildə istifadə etdik. Ölkəmizi gücləndirdik, yeni infrastruktur yaratdıq, bütün şəhərlərimiz abadlaşdı, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrildi. Bütün bölgələrdə quruculuq-abadlıq işləri uğurla gedir”.
Flora SADIQLI,
Azərbaycan.- 2017.-25 may.- S.1; 4.