Müqəddəs Ramazan ayı
mayın 27-də başlayır
Mayın
24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
Qazılar Şurası mübarək Ramazan ayının
başlanması ilə əlaqədar fətva verib.
AZƏRTAC
xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə
çıxış edən QMİ-nin sədri şeyxülislam
Allahşükür Paşazadə deyib ki, dini və milli zəmində
ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin
tüğyan etdiyi, miqrant böhranının
yaşandığı bir dövrdə Azərbaycan Prezidenti
İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi
irsinə söykənərək qlobal miqyasda ümumbəşəri
ideyaların himayədarı kimi çıxış edir. Azərbaycanda
2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə
“İslam Həmrəyliyi İli” elan edilməsi təqdirəlayiq
haldır. Bu qərarlar Azərbaycanda dini tolerantlığın
dövlət siyasəti olmasını bir daha təsdiq etdi.
Müqəddəs dinimizin sülhsevər mahiyyətinin
dünya miqyasında təbliği istiqamətində əməli
səylər göstərən dövlətimizin
başçısının “İslam Həmrəyliyi
İli” ideyası yalnız İslam dünyası daxilində
deyil, İslam dini ilə digər dinlər arasında həmrəyliyin
harmoniyasını ehtiva edir. Növbəti İslam Həmrəyliyi
Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın
təzahürüdür.
Sonra
ölkəmizdə dini-sosial dəyərlərin qorunması və
təşviqi, dövlət-din münasibətlərinin daha da
möhkəmləndirilməsində fəaliyyətlərinə
görə Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin
dekanı akademik Vasim Məmmədəliyevə, Ağdam rayon
Cümə məscidinin axundu hacı Barat Bağırova, Tərtər
rayon Cümə məscidinin axundu Sadiq Cəfərova və
Beyləqan rayon “Cərcis Peyğəmbər” ziyarətgahının
axundu Mirsəccad İmranova mükafatlar təqdim olunub.
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) sədri Mübariz Qurbanlı ölkəmizdə
dini radikalizmlə mübarizə sahəsində xeyli irəliləyişə
nail olunduğunu bildirib. Lakin bu sahədə hələ də
bəzi çatışmazlıqların mövcud olduğunu
deyən komitə sədri həmin problemlərin aradan
qaldırılması yollarından danışıb.
Şamaxı
Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov
ölkəmizdə elmin bu sahəsi üzrə görülən
işlərdən danışıb, qazanılan nailiyyətlərə
toxunub.
Sonra
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar
Şurasının Ramazan ayının başlanması ilə
əlaqədar fətvası oxunub.
Fətvada
deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı
Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən,
ölkə ərazimizin üfüqünə uyğun olaraq
Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi
təqvimlə 2017-ci il mayın 27-nə təsadüf edəcək.
Ayın göründüyü andan etibarən Ramazan ayı
başlayacaq. Oruc ibadəti fərqli qaydalar əsasında
bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən
vacib buyurulub. Oruc ibadəti insanları mənəvi cəhətdən
saflaşdırır, onların günahlardan tövbə etmələrinə
və Allah-Taala yolunda xeyirxah işlər görmələrinə
səbəb olur. Bu ibadətin sayəsində insan
aclığa və susuzluğa tab gətirərək öz nəfsinə
qalib gəlir. Mərhəmət və şəfqət
ayı olan müqəddəs Ramazan ayında ehtiyacı
olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə
imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən
iftar süfrələri açmaq Allah nəzərində bəyənilən
əməllərdəndir. Bu ayda ən böyük savab –
Quranı tilavət etmək, valideynlərin xeyir-duasını
almaq, dünyasını dəyişənlərin
ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə
ehtiram göstərmək, insanlar arasında ünsiyyət,
dostluq və qarşılıqlı hörməti təbliğ
etməkdir.
Hər il
olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi
AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə
Azərbaycan ərazisi üfüqünə uyğun olaraq
Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək
ayın gündəlik duaları, eləcə də bayram
tarixini müəyyənləşdirən xüsusi təqvim
tərtib edib. Digər mənbələrdən daxil olmuş,
təxribat və təfriqə xarakterli, məzhəb və
vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin
din xadimləri və dindarlar tərəfindən istifadəsi
yolverilməzdir. Fətvada deyilir: “Əminik ki, Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq
qurumları bu məsələdə bizə köməkçi
olacaq, kütləvi informasiya vasitələri və sosial
mediada QMİ-nin tərtib etdiyi, məzhəb
ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib
olan təqvimin təbliği və yayılmasına nəzarət
edəcəklər”.
Bildirilir
ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının
1-i - Ayın üfüqi ərazimizdə görünməsindən
asılı olaraq iyun ayının 26-na təsadüf edəcək.
Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan
və Qurban bayramlarına ehtiramının göstəricisi
kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur. Bu,
dövlətimizin dini dəyərlərə ehtiram və
qayğısının təzahürü, din-dövlət
münasibətlərinin yüksək səviyyəsindən
irəli gələn məqamdır. Bu ehtiramlı münasibət,
habelə 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən
Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması
dindarlar tərəfindən minnətdarlıqla
qarşılanır.
Orucun
mühüm əməllərindən biri olan fitrə zəkatının
vaxtı Ramazan ayının son günüdür. Fitrə
canın sədəqəsidir və hər bir imkanı olan
müsəlmanın ailəsinin hər bir üzvü
üçün fitrə zəkatı çıxarıb
imkansızlara, ehtiyacı olan ailələrə verməsi
vacibdir. Qazılar Şurasının qənaətinə
görə, bugünkü günə uyğun olaraq
adambaşına 5-10 manat arasında fitrə zəkatının
verilməsi məsləhət görülür.
QMİ
Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə
bir daha xatırladır ki, müqəddəs Ramazan ayı ərzində
iftar vaxtından qabaq açılan süfrələrdə
iştirak etmək şəriətə görə
böyük günahlardandır. Bu xəbərdarlığı
nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər
görüləcək.
Qazılar
Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz
günlərdə dinimizdə müqəddəs sayılan
şəxsiyyətlərlə yanaşı,
torpaqlarımız, Vətənimiz uğrunda canlarından
keçən qəhrəman şəhidlərin əziz xatirəsi
yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə
vətənpərvərlik hisslərinin təbliğinə
xüsusi diqqət yetirilsin.
“Duaların
qəbul olunduğu mübarək Ramazan ayında biz müstəqilliyimizi
əbədi edən ulu öndər Heydər Əliyevi rəhmətlə
yad edir, dövlətçiliyimizin möhkəmlənməsi
və xalqımızın rifahı naminə böyük
işlər görən dövlət rəhbərimiz
İlham Əliyev cənablarına Allah-Taaladan xeyir-dualar diləyirik.
Duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızın
qüdrətli və firavan gələcəyini, ölkəmizdə
və bütün dünyada sülhü bərqərar etsin,
gələn Ramazan iftarlarımızı doğma Qarabağda
açmağı nəsib etsin.
Qayıdışımızın rəmzi olan Cocuq Mərcanlı
məscidinin minarələrindən ucalacaq azan böyük zəfərimizin
müjdəsi olsun, inşallah!
Müsəlman
qardaş və bacılarımızı mübarək
Ramazanın gəlişi münasibətilə bir daha təbrik
edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə,
oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə
yardımçı olmasını Uca Rəbbimizdən diləyirik!
Allah oruc və namazlarınızı qəbul etsin!
Amin!”, - deyə fətvada bildirilir.