İslamiada Azərbaycanın növbəti uğuru kimi tariximizə yazıldı

 

Gənc Azərbaycan Respublikasının müstəqilliyi ərzində əldə etdiyi nailiyyətlər çoxdur. Əgər müstəqilliyin ilk çağlarında biz ağrı-acılı günlər yaşayırdıqsa, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra uğurlarımız bir-birini əvəz etdi. Son illərdə isə respublikamız Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə yüksək templərlə inkişaf etdiyindən Azərbaycan tək özünün deyil, bütün Avropanın həyatında əhəmiyyət kəsb edən uğurlara, tarixi ilklərə imza atır.

Azərbaycanın tək uğuru yox, həm də möhtəşəm qələbəsi olan növbəti hadisə IV İslam Həmrəyliyi Oyunları oldu. Respublikamızda ilk dəfə keçirilən bu idman yarışının layiqincə təşkil edilməsi Azərbaycanın tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirdi. Bir daha sübut olundu ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.

İlk gündən təşkilatçılıq işi düzgün qurulanbuna görə qüsursuz keçirilən IV İslam Həmrəyliyi Oyunları artıq tarixə qovuşdu. Mayın 22-də Bakı Olimpiya Stadionunda idman həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar bəxş edən Oyunların təntənəli bağlanış mərasimi keçirildi. Haqlı olaraq tək Azərbaycanda deyil, beynəlxalq səviyyədə də tarixi, xalqımızın yaddaşında xoş təəssüratlar oyadan möhtəşəm hadisə kimi qiymətləndirilən İslamiadadan danışarkən onu bir neçə mərhələyə bölməliyik: hazırlıq, Oyunların gedişi və nəticə...

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul edilmişdi. Bu qərar qəbul olunarkən Azərbaycan müsəlman dünyasında yerimövqeyi, beynəlxalq tədbirlər keçirmək sarıdan potensialı, təcrübəsi, həmçinin ölkəmizdəki sabitlik nəzərə alınmışdı. 2015-ci il sentyabrın 18-də isə Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzaladı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi tərəfindən Oyunlarla bağlı geniş hazırlıq işləri görüldü. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlandı və digər zəruri təşkilati tədbirlər həyata keçirildi.

İslamiadanın açılış mərasiminin keçirildiyi mayın 12-si tarixi təkcə Azərbaycanın deyil, müsəlman dünyasının idman həyatında ən əlamətdar tarixlərdən biri idi. Həmin gün axşam Bakı Olimpiya Stadionunda səbirsizliklə gözlənilən Oyunlar özünün əsas mərhələsinə qədəm qoydu. Həmin gün Bakı Olimpiya Stadionuna toplaşmış 60 mindən artıq izləyici, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldu. Bu mərasimin ən mühüm cəhəti isə onun əvvəldən axıra kimi xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirməsi idi. Rəngarəng kompozisiyalar, səhnələr zəngin mədəni dəyərlərə malik azərbaycanlı obrazının, xalqımızın əsrlər boyu formalaşmış mənəvi-intellektual sərvətinin - milli düşüncə tərzinin, folklorunun, ədəbiyyatının, musiqisinin, incəsənətinin, humanizm və insansevərlik kimi bəşəri keyfiyyətlərə sadiqliyinin dolğun nümunəsini yaratdı.

Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak etdi. Bu rəqəmlər özlüyündə bir rekord idi. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. IV İslam Həmrəyliyi Oyunları 50-dən çox ölkədə izləndi. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçmişdi.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. Ölkəmizi bu Oyunlarda 425 atlet təmsil etdi. Qaliblərə ümumilikdə 1600 medal təqdim edildi. Fəxrlə qeyd etməliyik ki, “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın Dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazıldı. Onlar ümumilikdə 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşdı.

On gün davam edən yarışların gedişi isə bir daha təsdiqlədi ki, Təşkilat Komitəsi tərəfindən yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Təşkilatçılıq və hazırlıq baxımından özündə yüzlərlə əməliyyatı və xidməti birləşdirən bu Oyunlarda ən xırda məsələlər belə zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi. Bu müddətdə idman komplekslərinin hamısı tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Təkcə bağlanış mərasimində səhnənin cəmi 36 saat ərzində qurulması, bu işlərə 31 ölkədən 5000-dən çox səhnə mütəxəssisinin, texniki heyətin və aktyorlar qrupunun cəlb olunması Təşkilat Komitəsinin əzmkar və gərgin fəaliyyətindən xəbər verir.

Bağlanış mərasiminin süjet xətti orijinallığı və qeyri-adiliyi ilə seçilirdi. Mərasimdə çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti bu barədə deyib: “Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy Allah bütün müsəlmanları qorusun!”

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləmələri və qaliblərə medalları şəxsən təqdim etmələri Oyunlara marağı daha da artıraraq onu yeni məzmunla zənginləşdirdi.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün əlamətdar məqamlarından biri də respublikamızın beynəlxalq miqyasda təbliği oldu. Bu Oyunlar ölkəmizin tanıtımı, imicinin daha da yüksəldilməsi istiqamətində ən tutarlı vasitə idibiz bundan lazımınca yararlana bildik. Çünki həmin günlərdə İslam dünyasının idman nəbzi Bakı ilə döyündü. 30-dan çox ölkədə televiziyaların bu yarışı yayımlaması həm də ölkəmizin tanıdılması idi.

Diqqəti çəkən əsas məsələlərdən biriOyunlar zamanı həyata keçirilən yüksək təhlükəsizlik tədbirləri idi. Azərbaycanda vətəndaşların və cəmiyyətin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. IV İslam Həmrəyliyi Oyunları beynəlxalq səviyyəli idman tədbiri olduğundan ölkəmizə minlərlə idmançının, on minlərlə turistin gələcəyini nəzərə alaraq yarışların keçirildiyi günlərdə daha ayıq-sayıq və güclü təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi vacib idi. Məhz ölkəmizin hüquq mühafizə orqanlarının qarşılarında dayanan vəzifələrin öhdəsindən layiqincə gəlmələrinin, onların əməkdaşlarının əsl vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirmələrinin nəticəsi olaraq Oyunların təhlükəsizliyi ən yüksək səviyyədə təmin olundu. Bu, həm də onu göstərdi ki, Azərbaycan ictimai-siyasi baxımdan sabit ölkədir və burada hər hansı riyakar planın həyata keçirilməsi mümkün deyil.

Bütün beynəlxalq yarışlar zamanı şəhərdə nəqliyyatın hərəkətində xüsusi tənzimləmələr olur. Bunun Bakıda da olacağı istisna deyildi. Hələ Oyunlar başlamazdan öncə bəzi yollarda idmançılara və nümayəndə heyətlərinə xidmət edəcək, eləcə də tamaşaçıları idman komplekslərinə aparan xüsusi nəqliyyat vasitələri üçün zolaqlar ayrılmış, bəzi marşrutların hərəkətində dəyişiklik edilmişdi. Nəticə etibarilə 10 gün ərzində nəqliyyat məsələləri ən yüksək səviyyədə təmin olundu.

Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı. Bütün dünya, o cümlədən İslam aləmi bir daha Azərbaycanın nümunəvi təşkilatçılığına və qonaqpərvərliyinə şahidlik etdi. Lakin Bakı dünyada beynəlxalq idman və mədəniyyət mərkəzi olaraq qalmaqdadır. Gələn ay Bakıda “Formula-1” Azərbaycan Qran-pri turniri, 2017-ci ildə qadınlar arasında Avropa voleybol çempionatı, 2020-ci ildə Avropa çempionatının üç qrupbir dörddəbir final oyunu keçiriləcək. Bu idman tədbirlərinin hər birində ölkəmizə gələn xarici qonaqlar daha da inkişaf edən Azərbaycanı, ildən-ilə gözəlləşən Bakını görəcəklər.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.-25 may.- S.1; 6.