Avrasiya regionunda unikallığı ilə
seçilən mühəndis qurğusu
BTC-yə ilk neftin vurulmasından 12 il
keçir
2005-ci il
mayın 25-də Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə Səngəçal
terminalından ilk neft
vuruldu. Bu, həm
də kəmərin Azərbaycan hissəsinin istifadəyə verilməsi
demək idi. Bütün regionun həyatında böyük əhəmiyyət
kəsb edən həmin hadisə ilə bağlı keçirilən tədbirlərdə
Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin,
Gürcüstanın və
Qazaxıstanın dövlət
başçıları da
iştirak etdi.
BTC bütün
Avrasiya məkanında
mövcud olan analoji mühəndis qurğuları arasında
öz unikallığı
ilə seçilir. Bu kəmər haqlı olaraq dünya enerji təhlükəsizliyinin
əsas elementlərindən
biri sayılır və üç ölkənin - Azərbaycanın,
Gürcüstanın və
Türkiyənin ərazisində
1768 kilometr məsafə
qət edir. Öz marşrutu boyu boruları torpaq altında basdırılmış kəmərin
bir sıra əzəmətli yerüstü
qurğuları, o cümlədən
səkkiz nasos stansiyası da var. Onlardan ikisi Azərbaycanda - Səngəçalda
və Yevlaxda yerləşir. Səngəçaldakı stansiya BTC-nin
baş nasos stansiyası rolunu oynayır. İki stansiya Gürcüstanda,
dörd stansiya Türkiyə ərazisindədir.
Kəmər Gürcüstan sərhədinə
çatanadək 443 kilometr
yol keçir. 2005-ci ilin
may ayında boru xəttinə vurulan ilk neft həmin ilin avqust ayında Azərbaycan-Gürcüstan sərhədini
keçdi. Ceyhan limanına isə
növbəti ilin mayında çatdı.
2006-cı il iyulun 13-də Ceyhanda kəmərin tam sistem kimi işə düşməsi hadisəsi
təntənəli şəkildə
qeyd edildi.
BTC gələcəyə
hesablanmış böyük
layihədir. O, Azərbaycanın
qarşısında geniş
üfüqlər açdı,
ölkə üçün
geniş iqtisadi imkanlar yaratdı. “Əsrin müqaviləsi” çərçivəsində, yəni “Azəri-Çıraq-Günəşli”
yataqlarından çıxarılan
və BTC-yə vurulan neftin gətirdiyi gəlirlər
Azərbaycanda bir sıra sosial məsələlərin qısa
müddətdə öz
həllini tapmasında,
ölkə iqtisadiyyatının
inamla dünyaya inteqrasiya etməsində böyük rol oynadı. Prezident İlham Əliyevin
sözləri ilə desək, “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
tikilməsi nəticəsində
biz artıq pəncərədən
başlayaraq böyük
qapı açdıq”.
Əvvəlcə gündə
1 milyon barel neft nəql etmək gücündə
layihələşdirilən kəmərin sonralar ötürücülük qabiliyyəti
artırılaraq 1,2 milyon barelə çatdırıldı. SOCAR-ın
verdiyi məlumata görə, istifadəyə
verildiyi gündən bu il may ayının
1-dək BTC-yə 330 milyon
262 min 445 ton neft vurulub.
2017-ci ilin aprel
ayı ərzində kəmər vasitəsilə
2 milyon 242 min 574 ton Azərbaycan
nefti nəql olunub. Cari ilin yanvar-aprel
aylarında isə boru xətti ilə 8 milyon 724 min 383 ton
neft ötürülüb.
Bundan başqa, keçən ay
BTC 546 min 171 ton Türkmənistan nefti nəql edib.
BTC kəmərinin
əhəmiyyəti barədə
Prezident İlham Əliyev demişdir: “Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və
ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı.
Xəzər dənizi-Qara dəniz-Aralıq
dənizi əməkdaşlıq
formatı formalaşmışdır.
Xəzər dənizini Aralıq
dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün
uğurla fəaliyyət
göstərir və başqa ölkələrə
də xidmət edir. Dəhliz formalaşandan sonra,
əlbəttə ki, Azərbaycan öz tranzit yolunu oynamağa başlamışdır.
Bu gün biz qeyd
edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən
və logistika imkanlarından tam şəkildə
istifadə edir”.
Flora
SADIQLI,
Azərbaycan.- 2017.-25 may.- S.8.