“Güzəştli
mənzil” sistemi haqqında əsasnamə
Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 24 may
tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Bu əsasnamə “Azərbaycan
Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə
bağlı bəzi məsələlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113
nömrəli Fərmanına və Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Elektron hökumət” portalı
haqqında Əsasnamə”yə uyğun olaraq
hazırlanmışdır və Azərbaycan
Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinin sərəncamında
olan mənzillərin güzəştlə əldə edilməsini
təmin etmək məqsədilə “Güzəştli mənzil”
sisteminin (bundan sonra - elektron sistem) fəaliyyətinin
hüquqi, təşkilati və texnoloji əsaslarını
müəyyən edir.
1.2. Elektron sistemin fəaliyyətinin
təşkili və inkişafı elektron sistemin
inzibatçısı (bundan sonra - İnzibatçı) - Azərbaycan
Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyi (bundan sonra - Agentlik) tərəfindən
təmin edilir.
1.3. Elektron sistemin fəaliyyətinin
təmin edilməsi elektron sistemin operatoru (bundan sonra
- Operator) - “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti
tərəfindən təmin edilir.
1.4. Elektron sistem “Elektron hökumət”
portalında (bundan sonra - portal) yaradılır və ona
inteqrasiya edilir.
1.5. Elektron sistem Azərbaycan
Respublikası vətəndaşlarının Agentliyin sərəncamında
olan mənzilləri güzəştlə əldə etməsi
sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş
qaydada təqdim olunmasına xidmət edir.
1.6. Elektron sistem vasitəsilə Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinin sərəncamında
olan mənzilləri vətəndaşların güzəştlə
əldə etməsi Qaydası”nda (bundan sonra - qayda) müəyyən
edilmiş şərtlərlə güzəştli qiymətə
olan mənzillər satışa çıxarılır. Həmin
mənzillərə Agentliyin, “MİDA” Məhdud Məsuliyyətli
Cəmiyyətinin, habelə vətəndaşların
yaşayış sahələrinə ehtiyacının güzəştli
qaydada ödənilməsi məqsədi ilə Agentliklə və
ya “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə
bağlanmış müqavilə əsasında çoxmənzilli
binaları inşa edərək, üzərində mülkiyyət
hüququ dövlət qeydiyyatına, o cümlədən
qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara
qaydada müəyyən edilmiş şərtlərlə
güzəştli qiymətə satmaq öhdəliyi
götürmüş investorun sərəncamında olan mənzillər
aid edilir.
1.7. Agentliyin və “MİDA” Məhdud
Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan
mənzillərin satışı “MİDA” Məhdud Məsuliyyətli
Cəmiyyəti tərəfindən həyata keçirilir. İnvestorun sərəncamında olan mənzillərin
satışı investor tərəfindən həyata
keçirilir.
1.8. Elektron sistemin saxlanılma, fəaliyyət
və inkişaf xərcləri dövlət büdcəsindən
ayrılan vəsait, habelə Agentliyin öz vəsaiti
hesabına və qanunla qadağan olunmayan digər mənbələr
hesabına maliyyələşdirilir.
2. Əsas
anlayışlar
2.1. Bu əsasnamədə istifadə
olunan anlayışlar aşağıdakı mənaları
ifadə edir:
2.1.1. elektron
sistemin iştirakçıları - informasiya sistemləri və
ehtiyatları portala qoşulmuş, portal və ya elektron sistem
vasitəsilə informasiya mübadiləsində iştirak edən
dövlət orqanları və qurumları, hüquqi şəxslər,
habelə iştirakçı-operatorlar;
2.1.2. elektron
sistemin istifadəçiləri - Agentliyin sərəncamında
olan mənzilləri güzəştlə əldə etmək
üçün müraciət edən şəxslər, o
cümlədən qaydada nəzərdə tutulan ərizəçilər;
2.1.3. iştirakçı-operator -
“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti, habelə
vətəndaşların yaşayış sahələrinə
ehtiyacının güzəştli qaydada ödənilməsi
məqsədi ilə Agentliklə və ya “MİDA” Məhdud Məsuliyyətli
Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında
çoxmənzilli binaları inşa edərək, üzərində
mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən
qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara
qaydada müəyyən edilmiş şərtlərlə
güzəştli qiymətə satmaq öhdəliyi
götürmüş investorlar;
2.1.4. elektron kabinet - qaydaya uyğun
olaraq mənzilləri güzəştlə əldə etmək
hüququ müəyyən edilmiş istifadəçilərə
“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qərarı
əsasında verilən, elektron sistemin istifadəçisinin
yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə
portalda autentifikasiyadan keçməklə elektron sistemə
daxil olmasına imkan verən və həmin elektron sistemdə
yaradılan, istifadəçinin özü barədə olan məlumatlarla
tanış olmasını və onları əldə etməsini,
habelə onun sistemin iştirakçıları ilə
qarşılıqlı əlaqəsini təmin edən fərdi
elektron səhifə;
2.1.5. mənzil -
qaydada müəyyən edilmiş şərtlərlə
güzəştli qiymətə satılan yaşayış
sahəsi (sahələri);
2.1.6. mənzilləri güzəştlə
əldə etmək hüququ olan şəxslər - Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti
hesabına ipoteka kreditinin, o cümlədən güzəştli
ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində
nəzərdə tutulmuş şəxslər.
2.2. Bu əsasnamədə istifadə
olunan digər anlayışlar qaydada və ipoteka kreditləşməsi
sahəsində normativ hüquqi aktlarda nəzərdə
tutulmuş mənaları ifadə edir.
3. Elektron sistemin məqsədi
və fəaliyyət prinsipləri
3.1. Elektron sistemin tətbiqinin məqsədi
qaydaya uyğun olaraq satışa çıxarılan mənzilləri
güzəştlə almaq istəyən şəxslər
üçün bərabər şərait
yaradılmasından, onlar üçün mənzilləri
güzəştlə almaq prosedurunun sadələşdirilməsindən,
müraciətlərə baxılma zamanı şəffaflığın
və operativliyin təmin edilməsindən, habelə
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından
faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində
əldə etməklə, sərf olunan vaxta və xərclərə
qənaət olunmasına, göstərilən xidmətlərin
keyfiyyətinin və səmərəliliyinin
artırılmasına nail olmaqdan ibarətdir.
3.2. Elektron sistem bu əsasnamənin
6.1.16-cı yarımbəndində nəzərdə
tutulmuş sorğular keçirilməklə, Agentlik tərəfindən
tikintisi təşkil ediləcək çoxmənzilli
yaşayış binalarının tikinti yerlərinin (ərazilərinin),
həmin binaların və müvafiq mənzillərin həcmlərinin
(ölçüsünün), digər göstəricilərin
proqnozlaşdırılması məqsədlərinə də
xidmət edir.
3.3. Elektron sistemin fəaliyyəti Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət”
portalı haqqında Əsasnamə”də nəzərdə
tutulmuş prinsiplər əsasında həyata keçirilir.
4. Elektron sistemin
texniki-texnoloji infrastrukturu
4.1. Elektron sistemin texniki-texnoloji
infrastrukturu aşağıdakı əsas komponentlərdən
ibarətdir:
4.1.1. elektron
sistemin proqram-texniki vasitələri;
4.1.2. elektron
sistemin ehtiyat mərkəzi.
4.2. Elektron sistemin proqram-texniki vasitələri
elektron xidmətlər göstərilməsini, istifadəçilərin
onlardan istifadəsini, informasiya mübadiləsinin həyata
keçirilməsini, elektron sistemin fəaliyyətinin
etibarlılığını və təhlükəsizliyini
təmin edir.
4.3. Elektron sistemin fəaliyyətinin
dayanıqlığını və təhlükəsizliyini
təmin etmək məqsədi ilə elektron sistemin alternativ
ehtiyat mərkəzi yaradılır və elektron sistemin
proqram-texniki vasitələrinin və informasiya
ehtiyatlarının nüsxəsi bu mərkəzdə
saxlanılır.
4.4. Elektron sistem oxşar interfeysə
malik olan informativ və interaktiv hissələrdən ibarətdir.
İnformativ hissə istifadə üçün daim
açıqdır, “Azərbaycan Respublikasının Prezidenti
yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti
ilə bağlı bəzi məsələlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 noyabr
tarixli 1113 nömrəli Fərmanının 4.1-ci və
4.4-cü bəndlərində nəzərdə tutulan məlumatlardan,
informativ xidmətlərdən və interaktiv xidmətlər
barədə məlumatlardan ibarətdir. Fərdi
məlumatların mühafizəsi, habelə elektron sistem vasitəsilə
həyata keçirilən əməliyyatların və istifadə
olunan elektron xidmətlərin dəqiq və ünvanlı həyata
keçirilməsi üçün interaktiv hissə gücləndirilmiş
elektron imza sertifikatı ilə daxil olmağa imkan verən
portalda autentifikasiya mexanizmləri ilə təchiz edilməlidir.
5. Təhlükəsizlik
tədbirləri
5.1. Elektron sistemdə məlumatların
işlənilməsi zamanı proqram-texniki vasitələrin
işinin pozulmasına gətirib çıxaran təsirlərə
yol verilməməlidir.
5.2. Məlumatların mühafizə
səviyyəsinin daim nəzarətdə saxlanılması,
onların təhlükəsizliyinə qarşı yönələn
təhdidlərin müəyyən edilməsi və ehtimal edilən
təhdidlərin neytrallaşdırılmasını təmin
edən mühafizə sisteminin işlənib
hazırlanması və daim təkmilləşdirilməsi
elektron sistemin təhlükəsizliyinin vacib elementi
olmalıdır.
5.3. İnzibatçı məlumatlara
qanunsuz müdaxilə faktlarının vaxtında aşkar
edilməsini, qanunsuz müdaxilənin, məlumatların surətinin
çıxarılmasının və (və ya) bu məlumatların
onlarla işləməyə icazəsi olmayan şəxslərə
ötürülməsinin qarşısının
alınması, dəyişdirilmiş və ya məhv
edilmiş məlumatların dərhal bərpası
imkanının olmasını təmin etməlidir.
5.4. Elektron sistem üzrə məlumatların
təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi,
yenilənməsi, dəyişdirilməsi,
çıxarılması, adsızlaşdırılması,
saxlanılması, ötürülməsi, məhv edilməsi
üçün mühafizə vasitələrinin və
üsullarının istismar və texniki sənədlərə
uyğunluğu barədə müvafiq sənəd olmalı,
onlar istismar və texniki sənədlərə uyğun
quraşdırılmalı və istismara verilməlidir.
6. Elektron sistemin
funksiyaları
6.1. Elektron sistem vasitəsilə
aşağıdakılar təmin edilir:
6.1.1. mənzillərin
güzəştlə əldə edilməsi üçün
tələb olunan sənədlərin siyahısı və
şərtlər barədə məlumatın olması;
6.1.2. mənzillər
barədə interaktiv formada ətraflı məlumatın
olması (mənzilin tərkib hissəsi olduğu binanın
nömrəsi, binada mənzillərin sayı, mənzilin sahəsi,
satış qiyməti, ünvanı, yerləşdiyi mərtəbənin
mərtəbə planı və s.);
6.1.3. mənzili
güzəştli qiymətə ipoteka krediti hesabına əldə
etmək istəyən şəxsin imkanının ipoteka
kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;
6.1.4. mənzili
güzəştlə əldə etmək istəyən şəxsin
elektron müraciətinin qaydanın 5.5-ci bəndinə əsasən
real vaxt rejimində qeydiyyata alınaraq Operatora göndərilməsi;
6.1.5. mənzil
seçildikdə, bu barədə məlumatın həmin mənzil
üzərində sərəncam vermək səlahiyyəti
olan iştirakçı-operatora göndərilməsi;
6.1.6. mənzili
güzəştli qiymətə ipoteka krediti hesabına əldə
etmək istəyən şəxsin “Elektron ipoteka” sisteminə
yönləndirilməsi və həmin sistemdə avtomatik
qeydiyyata alınması;
6.1.7. mənzillərin güzəştlə
əldə edilməsi üçün tələb olunan və
“Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə
bağlı bəzi məsələlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113
nömrəli Fərmanının 6.2.1 - 6.2.4-cü, habelə
bu əsasnamənin 6.2.1 - 6.2.5-ci yarımbəndlərində
nəzərdə tutulmuş məlumatların alınması;
6.1.8. Qaydanın 5.5-ci bəndində
nəzərdə tutulmuş hallarda mənzilləri güzəştlə
əldə etmək hüququ olan şəxslər
üçün elektron kabinetin yaradılması;
6.1.9. mənzilləri
güzəştlə əldə etmək məqsədi ilə
müraciət edən şəxslərin Operator tərəfindən
vahid və ictimaiyyət üçün açıq olan
qeydiyyatının aparılması;
6.1.10. Qaydada nəzərdə
tutulmuş hallarda bildirişlərin göndərilməsi,
habelə həmin bildirişlərin göndərilməsi ilə
bağlı məlumat mübadiləsi pəncərələrinin
yaradılması və onların elektron kabinetdə yerləşdirilməsi;
6.1.11. mənzilləri
güzəştlə əldə etmək hüququ olan istifadəçilər
üçün mənzillərin müxtəlif meyarlar
üzrə (yerləşdiyi binanın ünvanı, mərtəbəsi,
otaqlarının sayı, ümumi sahəsi üzrə) istifadəsi
sadə olan axtarış imkanının yaradılması;
6.1.12. mənzilin
ünvan əsasında elektron qaydada seçilməsi;
6.1.13. mənzilin
seçilməsi zamanı ödəniş üsulunun müəyyənləşdirilməsi;
6.1.14. bu əsasnamənin
6.1.12-ci yarımbəndində nəzərdə tutulmuş
qaydada seçilmiş mənzili digər şəxslərin
seçməsi imkanının məhdudlaşdırılması;
6.1.15. mənzilin
seçilməsi və seçilmiş mənzilə məhdudiyyət
qoyulması ilə bağlı müraciət edənin elektron
kabinetində məlumatın yerləşdirilməsi;
6.1.16. elektron
sistemin istifadəçiləri arasında sorğuların
keçirilməsi və nəticələrinin ümumiləşdirilməsi;
6.1.17. ödənişlərin
elektron formada həyata keçirilməsi imkanının
yaradılması;
6.1.18. maliyyələşdirilmiş
ipoteka kreditləri üzrə İnzibatçı ilə “Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti
arasında məlumat mübadiləsinin portal vasitəsilə
təşkil edilməsi;
6.1.19. mənzillər,
o cümlədən ipoteka krediti hesabına təqdim
edilmiş mənzillər barədə (onların
ünvanı, otaqlarının sayı və s. dəqiq
göstərilməklə) daim yenilənən statistik məlumatların
olması.
6.2. Elektron sistemin fəaliyyəti ilə
əlaqədar Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən
portal vasitəsilə müvafiq dövlət orqanlarının
və qurumlarının informasiya sistemlərindən
aşağıda qeyd olunan məlumatların elektron sistemə
ötürülməsi təmin edilir:
6.2.1. mənzili
güzəştlə əldə etmək istəyən şəxsin
şəxsiyyətini təsdiq edən sənəd üzrə
məlumatlar;
6.2.2. mənzili
güzəştlə əldə etmək istəyən şəxsin
nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi
üzrə məlumatlar;
6.2.3. mənzili
güzəştlə əldə etmək istəyən şəxsin
(birgə borcalanın) iş yerini təsdiq edən məlumatlar;
6.2.4. mənzili
güzəştlə əldə etmək istəyən şəxsin
ailə tərkibi barədə məlumatlar;
6.2.5. mənzili
güzəştlə əldə etmək hüququna malik olan
şəxslər barədə məlumatlar.
7. Elektron sistemin
İnzibatçısının və Operatorunun
funksiyaları
7.1. İnzibatçı
aşağıdakı funksiyaları həyata keçirir:
7.1.1. elektron
sistemin fəaliyyətini təşkil etmək;
7.1.2. elektron sistemə
qoşulan informasiya sistemlərinin və ehtiyatlarının,
elektron xidmətlərin dayanıqlı və etibarlı fəaliyyətinin
təmin olunmasını iştirakçılardan tələb
etmək;
7.1.3. elektron
sistemlə məlumat mübadiləsində iştirak edəcək
informasiya sistemləri və ehtiyatları müəyyən
edilmiş texniki və funksional tələblərə cavab
vermədiyi hallarda, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə
aparılmasını iştirakçılardan tələb
etmək;
7.1.4. müəyyən
edilmiş texniki və funksional tələblərə uyğun
olmayan informasiya sistemlərinin və ehtiyatlarının
elektron sistemlə məlumat mübadiləsindən imtina etmək;
7.1.5. elektron
sistemdən istifadə qaydaları barədə
iştirakçıları məlumatlandırmaq və onlara
metodiki köməklik göstərmək;
7.1.6. elektron sistemin
iştirakçıları tərəfindən sistemə
ötürülən məlumatların tamlığına, həmin
məlumatların sistemə qanunla müəyyən edilmiş
qaydada və müddətdə ötürülməsinə nəzarət
etmək;
7.1.7. elektron
sistemin komponentlərinin və proqram təminatının təyinatı
üzrə istismarına, texniki xidmətinə, təmirinə
və saxlanılmasına, tərtib olunmuş qrafik üzrə
müvafiq profilaktik işlərin aparılmasına nəzarət
etmək;
7.1.8. əsas
avadanlıqlarda hər hansı bir qəza (xəta) baş
verdiyi halda elektron sistemin iştirakçılarını bu
barədə məlumatlandırmaq;
7.1.9. elektron
sistemin funksiyaları ilə bağlı maarifləndirmə və
məlumatlandırma işi aparmaq.
7.2. Operator aşağıdakı
funksiyaları həyata keçirir:
7.2.1. elektron sistem
vasitəsilə iştirakçıların və istifadəçilərin
dayanıqlı, etibarlı və təhlükəsiz məlumat
mübadiləsi aparmasını təmin etmək;
7.2.2. elektron
sistemdən istifadə qaydaları barədə istifadəçiləri
məlumatlandırmaq və onlara metodiki köməklik göstərmək;
7.2.3. elektron
sistemin komponentlərinin və proqram təminatının təyinatı
üzrə istismarını, texniki xidmətini, təmirini və
saxlanılmasını təmin etmək, tərtib olunmuş
qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;
7.2.4. baş
vermiş qəzanın (xətanın) qısa müddətdə
aradan qaldırılması mümkün olmadıqda, elektron
sistemin ehtiyat mərkəzinin fəaliyyətə
başlamasını təmin etmək;
7.2.5. elektron
sistemin funksiyaları ilə bağlı maarifləndirmə və
məlumatlandırma işi aparmaq;
7.2.6. qanunla müəyyən
edilmiş qaydada informasiya təhlükəsizliyini təmin etmək
və fərdi məlumatların istifadəsini və
mühafizəsini təşkil etmək;
7.2.7. mənzilləri
güzəştlə əldə etmiş şəxslərin
reyestrini aparmaq, mənzillərin güzəştlə əldə
edilməsinə dair sənədlərin surətlərini
elektron sistemə daxil etmək;
7.2.8. mənzillərin güzəştlə
əldə edilməsi üçün tələb olunan və
“Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə
bağlı bəzi məsələlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113
nömrəli Fərmanının 6.2.1 - 6.2.4-cü, habelə
bu əsasnamənin 6.2.5-ci yarımbəndlərində nəzərdə
tutulmuş məlumatları almaq;
7.2.9. “ASAN xidmət” mərkəzləri
vasitəsilə təqdim edilmiş müraciətləri elektron
sistemə daxil etmək və bu barədə müraciət edən
şəxslərə məlumat vermək;
7.2.10. elektron
sistem üzrə aidiyyəti statistik məlumatlardan və
hesabatlardan istifadə etmək;
7.2.11. elektron
sistemin fəaliyyətinin təmin edilməsi və onun
inkişaf etdirilməsi ilə bağlı
İnzibatçının tapşırıqlarını icra
etmək;
7.2.12. elektron
sistem vasitəsilə digər xidmətlər, habelə
elektron sistemin istifadəçilərinə göstərilən
xidmətlər istisna olmaqla, digər ödənişli xidmətlər
göstərmək.
8. Elektron sistemdən
istifadə imkanları
8.0. Elektron sistemin istifadəçiləri
və iştirakçı-operator elektron sistemdən
aşağıdakı istifadə imkanlarına malikdirlər:
8.0.1. istifadəçilər:
1. elektron kabinet
yaratmaq;
2. mənzillərin
güzəştlə əldə edilməsi üçün
tələb olunan sənədlərin siyahısı və əldə
edilmə şərtləri barədə məlumat almaq;
3. mənzillər
barədə qaydanın 4.3.1 - 4.3.9-cu yarımbəndlərində
nəzərdə tutulan məlumatları əldə etmək;
4. axtarış
sistemi vasitəsilə mənzilləri müxtəlif meyarlar
üzrə (yerləşdiyi binanın ünvanı, mərtəbəsi,
otaqlarının sayı, ümumi sahəsi üzrə)
axtarmaq;
5. mənzilləri
ünvan əsasında elektron qaydada seçmək;
6. mənzilin
seçilməsi zamanı ödəniş üsulunu müəyyənləşdirmək;
7. mənzili
ipoteka krediti hesabına almaq imkanını ipoteka kalkulyatoru
proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirmək;
8. ödənişləri
elektron formada həyata keçirmək;
9. elektron sistem
üzrə aidiyyəti statistik məlumatlardan və
hesabatlardan istifadə etmək;
8.0.2. iştirakçı-operator:
1. mənzilin
güzəştlə əldə edilməsinə dair
müqavilənin rəsmiləşdirilməsi
üçün ərizəçinin elektron kabinetində
bildiriş yerləşdirmək;
2. elektron sistem
üzrə aidiyyəti statistik məlumatlardan və
hesabatlardan istifadə etmək;
3. sərəncamında
olan mənzilləri və ya göstərilən xidmətlər
barədə məlumatları və şərtləri
qaydanın və bu əsasnamənin tələblərinə
uyğun olaraq elektron sistemə daxil etmək;
4. sərəncamında
olan mənzillərin satışı ilə bağlı qərar
vermək və bununla bağlı bildirişi, tələb
olunduğu hallarda məlumat mübadiləsi pəncərələri
vasitəsilə məlumatları mənzili seçən istifadəçiyə
təqdim etmək.
9. Elektron sistemin fəaliyyətinin
təşkili
9.1. Elektron sistem portalda yaradılaraq
onun proqram-texniki imkanlarından istifadə etməklə,
istifadəçilərin autentifikasiyası və sistemdən
istifadəsi, iştirakçıların və
operatorların informasiya sistemlərinin və
ehtiyatlarının inteqrasiyası və təhlükəsiz məlumat
mübadiləsi əsasında fəaliyyət göstərir.
9.2. Mənzilləri güzəştlə
əldə etmək hüququ olan şəxslər elektron
sistemə gücləndirilmiş elektron imza sertifikatı ilə
daxil olurlar.
9.3.
İştirakçı-operatorların informasiya sistemlərinin
və ehtiyatlarının elektron sistemə qoşulması
onların İnzibatçıya ünvanladığı ərizə
əsasında həyata keçirilir.
9.4. Ərizə
İnzibatçıya daxil olduqdan sonra ərizəçinin
informasiya sistemlərinin və ehtiyatlarının elektron sistemə
qoşulmasına və təhlükəsizliyinin təmin edilməsinə
dair texniki imkanları 10 (on) iş günü müddətində
İnzibatçı tərəfindən yoxlanılır.
9.5. Yoxlamanın nəticəsi
müsbət olduqda, elektron sistemə qoşulmaq
üçün müraciət etmiş qurum ilə
İnzibatçı arasında müqavilə
bağlanılır və belə iştirakçının
elektron sistemlə qarşılıqlı fəaliyyəti
müəyyən edilmiş texniki tələblər əsasında
bağlanan həmin müqavilə ilə tənzimlənir.
9.6. Elektron sistemlə məlumat
mübadiləsi haqqında müqavilədə
aşağıdakılar göstərilməlidir:
9.6.1. elektron
sistemin iştirakçı-operatoru olan qurumun adı;
9.6.2. iştirakçı-operatorun
elektron sistemlə məlumat mübadiləsində iştirak edən
informasiya sisteminin və ehtiyatının adı;
9.6.3. iştirakçı-operatorun
elektron sistemə ötürdüyü məlumatların
siyahısı;
9.6.4. elektron
sistemin texniki infrastrukturuna məsul şəxs haqqında məlumat;
9.6.5. tərəflərin
hüquq və vəzifələri;
9.6.6. tərəflərin
məsuliyyəti və mübahisələrin həlli
qaydası;
9.6.7. tərəflərin
mühüm hesab etdiyi digər müddəalar.
9.7. İnformasiya sistemləri və
ehtiyatları yoxlanılmaq üçün elektron sistemin test
bölməsinə qoşulduqdan və test bölməsində
yoxlanıldıqdan sonra İnzibatçının
uyğunluğa dair rəyinə əsasən müəyyən
edilmiş texniki tələblərə cavab verdikdə,
onların 7 (yeddi) iş günü müddətində
elektron sistemlə məlumat mübadiləsi təmin edilir.
9.8. Həmin texniki tələblərə
cavab verməyən informasiya sistemləri və ehtiyatları
İnzibatçının əsaslandırılmış tələbinə
uyğun olaraq onların sahibi tərəfindən zəruri
texniki tədbirlər və təkmilləşdirmələr
aparıldıqdan sonra sistemlə məlumat mübadiləsi təmin
edilir.
9.9. Elektron sistemin
iştirakçıları (hüquqi varisi olmadan) ləğv
edildikdə, İnzibatçı 3 (üç) iş
günü müddətində həmin
iştirakçılar tərəfindən bu barədə məlumatlandırılmalıdır.
İnzibatçı öz növbəsində portalın
operatorunu 1 (bir) iş günü müddətində bu barədə
məlumatlandırmalıdır.
9.10. Elektron sistemin istifadəçiləri
və iştirakçıları elektron sistemə təqdim
olunan məlumatların məzmununa, dəqiqliyinə,
tamlığına və etibarlılığına görə
məsuliyyət daşıyırlar.
9.11.
İştirakçı-operatorlar normativ hüquqi aktların
tələblərini, müqavilənin şərtlərini
pozduqda, yaxud sistemin fəaliyyətini ləngidəcək,
dayandıracaq və ya ona zərər vura biləcək
davranışlara yol verdikdə, İnzibatçı tərəfindən
onun sistem üzrə fəaliyyəti bu nöqsanlar aradan
qaldırılanadək dayandırılır.
10. Yekun müddəalar
10.1. Elektron sistemin fəaliyyəti ilə
əlaqədar tələb olunan məlumatlar elektron sistemə
inteqrasiya olunmuş informasiya sistemlərindən və
ehtiyatlarından ödənişsiz şərtlərlə əldə
edilir.
10.2. Elektron sistemlə məlumat
mübadiləsində iştirak edən dövlət
qurumlarının informasiya sistemlərinin və
ehtiyatlarının məlumatlarından istifadə elektron
sistemin istifadəçiləri üçün ödənişsiz
əsaslarla təşkil edilir.
10.3. Elektron
sistem vasitəsilə güzəştlə mənzil əldə
edilməsinə dair bu əsasnamə ilə tənzimlənməyən
digər məsələlər qaydaya, Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti
hesabına ipoteka kreditinin, o cümlədən güzəştli
ipoteka kreditinin verilməsi qaydası”na, habelə ipoteka kreditləşməsi
barədə digər qaydalara və Agentliyin mənzillərin
güzəştlə əldə edilməsinə dair
hüquqi aktlarına uyğun tənzimlənir.
Azərbaycan.- 2017.-26 may.- S.2.