Azərbaycandan başlanan həmrəylik yolu

 

12-22 may 2017-ci il... Bu tarix İslam dünyasında bundan sonra hər zaman xoş hisslərlə xatırlanacaq, sabaha daha böyük mənəvi dəyər daşıyacaq.

Həmin günlərdə Azərbaycan paytaxtındakı məşhur Olimpiya Stadionunda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri dünyaya səs saldı. Bütün İslam aləmi milli düşüncə yükü, orijinallığı, dərin məzmunu, özünəməxsus maraqlı tərtibatı ilə insanı riqqətə gətirən bu möhtəşəm tədbirlərin sehrinə daldı, Azərbaycandan müsəlman dövlətlərinə ünvanlanmış birlik, həmrəylik çağırışı ilə əlamətdar oldu.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə ölkəmizin Yer üzünə sülh və əmin-amanlıq gətirmək, daha sabit, gərginliklərdən, qanlı qarşıdurmalardan azad bir dünya qurmaq arzusunu və bəşəriyyətin tərəqqipərvər qüvvələri ilə birgə bu niyyəti gerçəkləşdirmək əzmini göstərdi, həm də bu dəyəri layiq olduğu ucalıqlara yüksəltdi.

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə elan olunmuş “İslam həmrəyliyi ili”ndə Bakıda keçirilən bu möhtəşəm tədbirə verdiyi mənəvi-siyasi qiyməti yada salaq: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. ...“İslam həmrəyliyi ili”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir”.

İslamı siyasi vasitə kimi deyil, məhz mənəvi dəyər kimi uca tutan dövlətimiz bu böyük dəyərə qarşı qərəzli hücumların önünə keçdi. Diqqəti onun işıqlı cəhətlərinə, xoş məramlarına yönəltdi. İslamın sülh, qardaşlıq, ədalət və humanizm ruhunda təqdim olunmasının, terror çamurundan təmizlənməsinin silahın, xurafatın deyil, Hüseyn Cavidin təbirincə desək, yalnız mədəniyyətin gücünə tapınmalı olan İslam ümmətinin həmrəyliyindən keçdiyini təntənəli açılış və bağlanış mərasimlərinin parlaq məzmunu ilə bir daha anlatdı.

I Avropa və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsinə böyük töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva açılış mərasimindəki nitqində dedi: “Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik”. Bəli, Azərbaycan bunu real işdə, nəcib əməldə sübuta yetirdi!

IV İslam Həmrəyliyi Oyunları başladığı möhtəşəmliklə də sona çatdı. İdmançılarımız Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi bir qələbədir!

On gün ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik nümayiş etdirdi, tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu və sevinclə uğurlarımızı alqışladı, qürur hissi keçirdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi, İslam Həmrəyliyi Oyunları ölkəmizin dinamik inkişafında yeni parlaq səhifə açdı və beynəlxalq idman ictimaiyyəti üçün növbəti unudulmaz hadisə kimi tarixə qızıl hərflərlə yazıldı.

Bütün bunlarla yanaşı, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı bir daha idman dövləti kimi tanıtdı. Ölkəmizin bu sahədə qazandığı nailiyyətləri nümayiş etdirdi. Bu qlobal tədbirlər silsiləsinin təməli məhz Azərbaycanda qoyuldu. “Bakı-2015”də olduğu kimi, “Bakı-2017” də gələcəkdə digər ölkələrdə keçiriləcək bu Oyunların ənənələrini, norma və standartlarını müəyyənləşdirdi. Həm də elə bir səviyyədə müəyyənləşdirdi ki, Azərbaycan ənənələri illər sonra da bu Oyunların təşkilatçı ölkələrinin can atdığı ən yüksək meyar olacaqdır.

“Həmrəylik bizim gücümüzdür” devizi altında keçirilən IV İslam Həmrəyliyi Oyunlarının loqosuna diqqət edək: burada mədəniyyətlərin dialoquna və bu dialoqda Şərqin layiq olduğu mövqeyə yüksəlməsinə çalışan Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin, həm Qərb, həm də Şərq dünyasının xoşməramlı səfiri kimi Yer üzünün iki fərqli qütbünün mədəniyyət işığında bir araya gəlməsinə çalışan Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin nəcib təzahürləri aydın görünür.

Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan hər zaman bu iki dünyagörüşünün təmasına, dialoquna vəsilə olmuş, son illər isə sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun baş tutduğu əsas mərkəzə çevrilmişdir. Azərbaycanda əhalinin əksəriyyəti müsəlmanlardan ibarət olsa da, tarix boyu digər etnik qrupların və dinlərin nümayəndələri bu torpaqlarda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Ona görə tarixən Azərbaycanda tolerant dəyərlər mövcud olmuş və əsrlərdən keçərək daha da möhkəmlənmişdir. Həm coğrafi mövqeyi, həm malik olduğu mədəni müxtəliflik ölkəmizdə multikultural dəyərlərin təşəkkül taparaq möhkəmlənməsinə yol açmışdır. Bu gün multikulturalizm müasir və müstəqil Azərbaycan dövlətinin bütün dünyada təlqin etdiyi əsas dəyərlərdən biridir. Azərbaycan təşkilatçısı olduğu tədbirlərlə dialoq təşəbbüslərini təşviq etməklə bəşəriyyətdə ən ali dəyərlərin möhkəmlənməsinə layiqli töhfələr verir. Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin ilk növbədə böyük rəmzi mənası var. I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfələri özündə simvolizə edir.

“Biz fəxr edirik ki, Azərbaycan dünyanın multikulturalizm və sivilizasiyalararası dialoq paytaxtlarından biridir” deyən Prezident İlham Əliyev ölkəmizin bu sahədə dialoq məkanı olduğunu hər zaman çıxışlarında qeyd edir.

Oyunların Azərbaycanda keçirilməsinin digər bir önəmli cəhəti hazırda dünyanın bəlli gücləri tərəfindən müsəlman dövlətlərinə qarşı aparılan qərəzli kampaniya fonunda ölkəmizin əsl İslami dəyərlərə sahib çıxmasıdır, bu dəyərləri dünyaya öz ilahi işığında, mənəvi-tərbiyələndirici rolunda təqdim etməsidir.

Bəşəriyyət son onilliklərdə həssas bir mərhələyə qədəm qoyub. Sivilizasiyaların toqquşduğu, dini dözümsüzlüyün tüğyan etdiyi, irqi ayrı-seçkiliyin başağrısına çevrildiyi müasir dövr üçün xarakterik olan ikili standartlar yeni dünya nizamı üçün problemlər yaradır. “Böyük güclər”in birtərəfli siyasəti dünyanı çalxalayır. Bu da sirr deyil ki, beynəlxalq aləmdə baş verən humanitar fəlakətlər əsasən müsəlman dünyasını sarsıtmaq, onları öz iradələrinə tabe etdirmək məqsədi daşıyır. XXI əsrin ən böyük bəlalarından olan islamofobiya meyilləri gücləndikcə bu proses daha da sürətlənir. Dini dözümsüzlüyün bərqərar olduğu ölkələrin sayı çoxalır və beləliklə, müsəlman cəmiyyətləri müxtəlif istiqamətlərdən təsir hədəfinə çevrilir. Məhz buna görə son dövrlər daha çox qlobal əhəmiyyətli humanitar tədbirlərin təşkilinə diqqət yetirilir. Humanitar fəlakətlərin qarşısının alınmasına hesablanmış bu cür ümumdünya tədbirlərinin keçirildiyi məkan kimi Azərbaycan daim diqqət mərkəzindədir.

Ötən illər ərzində dövlətimizin dünyanın tərəqqisinə verdiyi zəngin töhfələrdən İslam aləmi də yetərincə bəhrələnmişdir. IV İslam Həmrəyliyi Oyunları da bu töhfələrdən biridir. Belə həssas bir dönəmdə müsəlman aləminin mötəbər tədbirə toplanaraq həmrəy olması mühüm hadisədir. Müsəlman dünyası üçün vacib olan bu tədbirin müasir, inkişaf etmiş və dünyəvi bir ölkədə, Qərblə Şərqin qovuşuğunda yerləşən, həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycanda keçirilməsi tədbirin siyasi-mənəvi önəmini daha da artırır.

Bu tədbirlərin ən mühüm cəhətlərindən biri də ondan ibarətdir ki, Oyunlar zamanı dünya Azərbaycanı yenidən kəşf edir. Paytaxtımızı, ölkəmizin tərəqqisini, inkişaf səviyyəsini görür. Qonaqlar qədim tariximizlə yaxından tanış olur. Ən başlıcası isə mehriban, xoşməramlı, qonaqpərvər insanlarımızla ünsiyyətdən zövq alırlar. Müxtəlif mədəniyyətlərin, dinlərin beşiyinə çevrilmiş ölkəmizdə insanlar özlərini evlərindəki kimi hiss edir, çoxsaylı mədəni tədbirlərə qatılır, vətənlərinə xoş təəssüratla qayıdırlar. Son illər bir-birinin ardınca keçirilən qlobal əhəmiyyətli tədbirlər Bakını dünyanın mədəni paytaxtlarından birinə çevirməklə yanaşı, bu təhlükəsiz, çoxmədəniyyətli, tolerant şəhərə, ümumən Azərbaycana geniş turist axınına təkan verir. Bütün bunlar dünyanın ən müxtəlif səmtlərindən gəlmiş qonaqların Azərbaycan həqiqətləri ilə yaxından tanışlığına, erməni yalanlarının ifşasına, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına da şərait yaradır.

Bu cür tədbirlərə hazırlaşmaq istənilən ölkə üçün o qədər də asan məsələ deyil. Təhlükəsizlik, nəqliyyat, texniki təminat və digər təşkilati məsələlərin həlli, mövcud idman obyektlərinin yarışmalar üçün tam şəkildə hazırlanması, milli yığma komandanın Oyunlara hazırlığı, açılış və bağlanış mərasimlərinin ideyasının formalaşdırılması, medalların, loqotipin eskiz layihələrinin və dizaynının hazırlanması hər biri özlüyündə kifayət qədər gərgin zəhmət, yüksək təşkilatçılıq qabiliyyəti, ən xırda detallara belə xüsusi diqqət tələb edən işlərdir. Prezident İlham Əliyev mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə Təşkilat Komitəsinin işini yüksək qiymətləndirmişdir: “Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır. Çünki Mehribanın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir... Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib... Oyunların açılış və bağlanış mərasimləri möhtəşəm idi. Mən yaxşı bilirəm ki, Təşkilat Komitəsi bu iki möhtəşəm təqdimatla çox ciddi məşğul idi”.

Tarixən belə olub. Azərbaycan onu sevən, xoşbəxtliyi yolunda böyük əzmlə çalışan fədakar vətəndaşlarının sayəsində yüksəlib. Mehriban xanım Əliyevanın da fəallığı, nüfuzu islami inanclara, milli-mənəvi dəyərlərə böyük hörmətlə, ehtiramla yanaşması onu yalnız öz xalqının gözündə ucaltmayıb. Respublikamızın hüdudlarından uzaqlarda da ölkənin Birinci vitse-prezidenti yüksək intellektə, yenilməz qətiyyətə malik ədalətli, humanist mövqeli şəxsiyyət kimi qəbul edilir. O öz məqsədyönlü fəaliyyəti ilə xalqımızın, ölkəmizin adını hər zaman yüksəklərə ucaldır.

Bu baxımdan Azərbaycan ictimaiyyəti ölkəmizin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı sarıdan qətiyyən nigaran deyildi. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinə rəhbərliyin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması bu mötəbər idman tədbirinin də təşkili səviyyəsinə görə dünyanın idman və mədəniyyət tarixində uğurlu bir nümunəyə çevriləcəyinə heç bir şübhə yeri qoymurdu. Çünki Mehriban xanım Əliyeva insanın fədakarlığının, vətən və xalq sevgisinin, misilsiz təşkilatçılıq və liderlik məharətinin, gördüyü işə yüksək məsuliyyətlə yanaşmasının, gözəl nəticələr üçün yorulmadan çalışmaq əzminin belə məqamlarda nələr yarada biləcəyini “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsində ortaya qoymuşdu. Eyni fədakarlıq, əzm, vətən sevgisi dünyanın idman tarixində ilk dəfə olaraq keçirilən “Bakı-2015” I Avropa Oyunlarında da misilsiz bir tarix yaratdı. Azərbaycan başqa ölkələrin bəzən illərlə hazırlaşdığı belə bir mötəbər idman tədbirinin təşkilati işlərini cəmi 2 il ərzində başa çatdırmaqla I Avropa Oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirən, bu tədbirin meyarlarını məhz bu səviyyədə müəyyənləşdirən ölkə kimi tarixə düşdü.

Eyni təcrübədən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesində də geniş istifadə edildi. Yeni yanaşma ortaya qoyuldu, müasir standartlar tətbiq edildi.

Paytaxtımızın xəritəsinə yeni daxil olan Bakı Olimpiya Stadionundakı maraqlı açılış və bağlanış mərasimləri, Azərbaycanın dünənini, bugününü və gələcək inkişaf istiqamətlərini dünyaya sərgilədi. Hədəflərinə doğru inamla irəliləyən dövlətimizin qüdrətinin, bəşəriyyətə sülh və rifah arzusunun tərcümanına çevrildi. Bütün bunlar I Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevanın milli dövlətçilik tariximizə xoş töhfəsi idi.

Müstəqil həyata doğru addımlarını atan minlərlə gənc vətəndaşımız ilk karyera uğurlarına bu tədbirin könüllüsü kimi iştirakla başladı. Qaynar iş mühitində əxz etdikləri zəruri təcrübə, vətənpərvərlik ruhu ilə bu uğur onları bir ömür boyu müşayiət edəcək. Yüksək səviyyədə təşkil olunan “Zəfər günləri” adlı xüsusi tədbir isə bu idman bayramını daha da rəngarəng etdi. Medalçılarımızın tarixi zəfərləri şərəfinə təşkil olunan mərasimlərdə unudulmaz anlar yaşandı. Atletlərimiz yüksəlişdə olan Azərbaycan idmanının inkişafındakı rollarını İslamiadanın simvolik naxışlı lövhəsinə atdıqları imzaları ilə rəsmiləşdirdilər. Qazanılan uğurlarda cüdoçularımızın, güləşçilərimizin, gimnastlarımızın böyük payı oldu.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya qoyulan vəzifələri uğurla həyata keçirdi.

Ötən əsrin 90-cı illərinin ortalarından başlayan ictimai fəaliyyəti ilə illərdən bəri bütün dünyada sülhün qorunmasına, mədəni dəyərlərin mühafizəsinə və təbliğinə, bəşəriyyətin xeyirxahlıq, mərhəmət, şəfqət, insana sevgi kimi ali duyğulara tapınmasına, fərdlərin maariflənməsinə, mədəniyyətlərarası dialoqa, multikulturalizm ideyalarının reallaşmasına böyük töhfələr verən Mehriban xanım Əliyeva Azərbaycan Prezidentinin, dövlətimizin, cəmiyyətimizin dəstəyinə güvənərək IV İslam Həmrəyliyi Oyunlarının təşkili səviyyəsi, bu idman tədbirinə gətirdiyi yeni məzmunla da müsəlman Şərqi üçün böyük bir dəyər yaratdı.

Bu dəyərin adı bir araya gəlmək, bəşəriyyətin ali məqsədlərinə doğru addımlamaq, dünyanı silahların, qan-qadanın deyil, mədəniyyətin gücünün hakim olduğu sülh və inkişaf məkanına çevirməkdir.

Müsəlman Şərqi bu yola yenə də Azərbaycandan başladı!

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2017.-26 may.- S.6.