Bilik Fondu fəaliyyətini genişləndirir
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının
üzvü, Azərbaycan
Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayev Bilik Fondunda müşavirə keçirib.
Müşavirədə ölkədə aparılan
ideoloji, sosial və elmi maarifləndirmə
işlərinin daha da genişləndirilməsi,
müxtəlif sahələr
üzrə fondun lektorlar qruplarının işinin yenidən təşkili və lektorların ölkə daxilində gələcək
fəaliyyət planı
müzakirə olunub.
Dövlət müşaviri
bildirib ki, Bilik Fondunun lektorlar qruplarının üzvlərindən ibarət
yenidən formlaşdırılmış
“Heydər Əliyev və azərbaycançılıq”,
“Multikulturalizm, tolerantlıq
və din siyasəti”,
“Ədəbiyyat və
incəsənət”, “Hüquq”,
“Dilçilik”, “Fizika,
riyaziyyat və informatika”, “Ekologiya və yer elmləri”,
“İqtisadiyyat”, “Fəlsəfə”,
“Tarix”, “Sosial, tibbi maarifləndirmə”,
“Cəmiyyət və
kitab” bölmələri
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun Nizamnaməsinə uyğun
olaraq, ölkə əhalisinin elmi-praktik, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, azərbaycançılıq
məfkurəsinin və
milli-mənəvi, dini
dəyərlərin təbliği,
dövlətin daxili və xarici siyasətinin mahiyyətinin
ictimaiyyətə çatdırılması
istiqamətində fəaliyyət
göstərəcək, ölkə
Prezidenti İlham Əliyevin hərtərəfli
fəaliyyəti, çıxışları
və imzaladığı
qərarlarla bağlı
davamlı mühazirələr
təşkil edəcək.
Ölkə əhalisinin müxtəlif
sosial qruplarının,
xüsusən gənclərin
elmi biliklərinin və peşəkar vərdişlərinin inkişafı,
onların vətənpərvər
ruhda tərbiyə olunması istiqamətində
Bilik Fondunun həyata keçirdiyi müxtəlif maarifləndirici
layihələr daha intensiv və sistemli xarakter alacaq.
Müşavirədə Bilik Fondunun lektorlar qruplarının tanınmış
ictimai-siyasi xadimlərdən,
Milli Məclisin deputatlarından, dövlət
qurumlarının məsul
əməkdaşlarından, Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) müxtəlif institutlarının
direktorlarından, AMEA-nın
həqiqi və müxbir üzvlərindən
ibarət sədrlərinin
səsləndirdiyi konkret
təkliflər ətrafında
geniş müzakirələr
və fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2017.-26 may.- S.7.