Azərbaycan və Tacikistan həmkarlar
ittifaqları arasında Memorandum
imzalanıb
Mayın 25-də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında (AHİK) AHİK ilə Tacikistan Müstəqil Həmkarlar İttifaqları Federasiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, AHİK başqa ölkələrin həmkarlar ittifaqı mərkəzləri ilə qarşılıqlı əməkdaşlığa önəm verir, Ümumhəmkarlar İttifaqları Federasiyası ilə sıx əməkdaşlıq edir. Azərbaycan da Tacikistan kimi qədim mədəniyyətlər və ənənələr ölkəsidir. Hər iki ölkə dünyaya bir çox mütəfəkkirlər, filosoflar, alimlər, şairlər, musiqiçilər, rəssamlar bəxş edib.
S.Mehbalıyev diqqətə çatdırıb ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq ictimai-siyasi və idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Qeyd edib ki, bu günlərdə Tacikistanın milli komandası Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının iştirakçısı olub və idmanın bir sıra növləri üzrə yarışlarda uğurla çıxış edib.
Bu gün Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmasına baxmayaraq, öz potensialını səfərbər edərək demokratik inkişaf, hüquqi, dünyəvi, sosial dövlət quruculuğu yolunda böyük uğurlar qazanıb.
AHİK-in sədri Azərbaycan Həmkarlar İttifaqının strukturu və fəaliyyəti haqqında qonaqlara məlumat verib. Bildirib ki, Konfederasiyanın başlıca vəzifələri həmkarlar ittifaqı üzvlərinin maddi rifahının yüksəlməsinə, əmək şəraitinin, məişət və istirahətinin yaxşılaşdırılmasına hərtərəfli kömək göstərilməsi, onların maraqlarının və hüquqlarının dövlət və icra orqanlarında təmsil edilməsidir. Sahə kollektiv sazişləri və ərazi kollektiv müqavilələrinin uğurla həyata keçirildiyini deyən Konfederasiya sədri qeyd edib ki, 1996-cı ildən Azərbaycan hökuməti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarların (İşəgötürənlərin) Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Saziş iki il müddətinə bağlanır, bununla belə sosial tərəfdaşlarla hər il Sazişin yerinə yetirilmə şərtləri təhlil olunur. Azərbaycan Həmkarlar İttifaqları qanunvericilik sahəsində fəal iştirak edirlər və ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir göstərirlər. Son illərdə həmkarlar ittifaqlarının təklifləri ilə Əmək Məcəlləsinə, “Həmkarlar İttifaqı haqqında” Qanuna, “İnzibati hüquqpozmalar haqqında” və s. qanunlara 100-dən artıq dəyişiklik və düzəlişlər edilib. AHİK beynəlxalq həmkarlar ittifaqları arasında həmrəyliyin inkişafı mövqeyindən çıxış edərək dünyanın bir çox ölkələrinin həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq edir.
S.Mehbalıyev çıxışının sonunda deyib ki, bu gün Tacikistan Müstəqil Həmkarlar İttifaqları Federasiyası və AHİK arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanmasında başlıca məqsəd həmkarlar ittifaqı həmrəyliyinə əsaslanaraq ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, həmkarlar ittifaqı üzvlərinin və onların ailələrinin istirahətinin və sağlamlaşdırılmasının təşkil edilməsinə yardım göstərməkdir. Bu ikitərəfli əlaqələr muzdlu işçilərin hüquq və mənafelərinin qorunması sahəsində həmkarlar ittifaqının təcrübə mübadiləsinə yönələcək, həmkarlar ittifaqı quruculuğunun prinsipial məsələlərinə beynəlxalq təşkilatlarda öz mövqelərimizi və fəaliyyətimizi razılaşdırmağa səy göstəriləcək.
Tacikistan Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Qadiri Qosim Azərbaycanda mehriban və səmimi qarşılandığına görə AHİK-in sədri S.Mehbalıyevə təşəkkürünü bildirib. Qonaq ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən və qarşılıqlı əməkdaşlıqdan danışaraq gələcəkdə bu əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Qədim tarixə və mədəniyyətə malik olan xalqlarımızın bundan sonra da inkişaf etməsini və tərəqqisini arzulayıb. Azərbaycan və Tacikistan həmkarlar ittifaqları arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanmasının mövcud əməkdaşlığımız sayəsində yeni bir səhifə açacağını bildirib.
Sonra
qarşılıqlı fəaliyyət və əməkdaşlıq
haqqında Memorandumun imzalanması mərasimi
olub. Memorandumu Azərbaycan
tərəfindən Səttar Mehbalıyev və Tacikistan tərəfindən Qadiri
Qosim imzalayıblar.
Azərbaycan.-
2017.-26 may.- S.7.