Azərbaycan nümunəsi
İlham Əliyev ölkəmizi İslam
dünyasının həmrəylik məkanına, siyasi mərkəzinə
çevirib
“Bakı -2017” IV İslam Həmrəyliyi Oyunları sona çatdı. Bu möhtəşəm tədbirin açılışı kimi, bağlanışı da yüksək təşkilatçılığı, düşündürücü məzmunu, parlaq kəhkəşanı ilə yaddaşlara yazıldı.
Hazırlıq işlərinə çəkilmiş gərgin əməyin xoş bəhrələrini hər birimiz böyük qürurla seyr etdik və belə bir ölkədə doğulduğumuza, belə bir cəmiyyətdə yaşadığımıza, belə günlər nəsibimiz olduğuna görə şükranlığımızı bildirdik.
Azərbaycanın müstəqillik tarixinin növbəti xoş bir hadisəsi, müsəlman aləminin birliyinə xidmət edən mədəniyyət törəni başlandı və bitdi.
Amma İslam həmrəyliyi bitmədi, bu həmrəylik davam edir.
Bu həmrəyliyin qorunmasına, daha da möhkəmləndirilməsinə, yeni imkanlara vəsilə olmasına ümidlər indi əvvəlkindən daha böyükdür.
İslam dünyasının
birliyinə aparan yollar indi daha aydın görünür.
Bu ümidləri Azərbaycan
közərtdi. Bu yolları Azərbaycan nişan
verdi.
XX əsrin əvvəllərində
“məhkum Şərq”in qaranlıqlardan işığa
çıxması üçün düşüncələrdə,
əməllərdə gur bir çıraq yandıraraq
müsəlman Şərqinin ilk demokratik cümhuriyyətini
qurmuş, bu mənəvi-coğrafi ərazinin ilk
operasını, ilk teatrını yaratmış,
qadınlarına ilk dəfə seçki hüququ vermiş
Azərbaycan xalqı yüz il sonra eyni missiyanı bir başqa
tərzdə, bir başqa formada yerinə yetirdi.
Azərbaycan IV İslam Həmrəyliyi
Oyunlarına tarixi məzmun gətirdi. İslam dünyasının birliyi məsələsinin
qətiyyən qeyri-real bir ideya olmadığını, əgər
hər kəs səmimi niyyətini ortaya qoyarsa, bu ideyanın
çox asanlıqla gerçəkləşə biləcəyini,
müsəlman aləminin gələcək tərəqqisinin,
yalnız və yalnız belə bir həmrəylikdən
keçdiyini, başqa mədəniyyətlərə hörmət
ruhunda, milli-mənəvi dəyərlər
işığında davamlı tərəqqidən
asılı olduğunu göstərdi.
***
İslam dünyasının
müqəddəs evinin ünvanı bəllidir.
Hər gün beş
vaxt namaz anında milyonlarla müsəlman üzü qibləyə
dayanır. Allahla sidq-ürəkdən ünsiyyətə
keçən dindaşlar eyni dualarla birgə, həm də
eyni istiqamətdə birləşirlər. Hər il milyonlarla müsəlman müqəddəs Kəbə
evini ziyarətə yollanır, burada bir araya gəlir, dinimizin
hökmlərini yerinə yetirir. Bütün
bunlar İslamın əsas şərtlərindən olan mənəvi
bir borcdur.
Son illər dünyada baş verən
proseslər, çağdaş dövrümüzün
reallıqları isə göstərir ki, bu gün İslam
dünyasının müqəddəs ziyarət məkanlarından
başqa, düşüncə mərkəzinə, müasir
inkişaf meyillərinə qol-qanad verəsi fikir
qaynağına, mütərəqqi ideyaların
paylaşımına, Şərq mədəniyyətinin Qərb
sivilizasiyası ilə təmasına şərait yaradan, bu
iki dünyanı həm coğrafi, həm də mənəvi
mənada qovuşdura bilən mədəni-siyasi məkana da
ehtiyacı var.
Azərbaycan İslam
dünyası üçün indi belə bir məkan
funksiyasını yerinə yetirməkdədir.
Azərbaycan ölkə rəhbərliyinin
qətiyyəti, illərin əziyyəti bahasına
yaratdığı cəmiyyət modeli ilə, gələcəyə
doğru müəyyənləşdirilmiş aydın
inkişaf istiqaməti ilə müsəlman aləmi
üçün bir örnəkdir həm də.
Ötən həftəsonu
Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika
Sammitində izlədiyimiz məqamlar, bu mühüm
toplantıda səslənən fikirlər, gələcəklə
bağlı ümidlər qeyd etdiyim reallıqları bir daha təsdiqləmiş
oldu.
O anlarda Bakıda “Gücümüz həmrəylikdədir”
devizi altında IV İslam Həmrəyliyi Oyunları
keçirilir, uzaq Ər-Riyadda isə müsəlman liderləri
- Şərq sivilizasiyasının təmsilçiləri
ABŞ Prezidenti Donald Trampın timsalında xristian aləminin
və dünyanın fövqəldövlətinin rəhbəri
ilə bir masa ətrafında toplaşaraq ümumi problemləri,
onlardan çıxış yollarını müzakirə
edirdilər.
Bu sammitin də devizi “Birlikdə
güclüyük” idi. Çıxışlarda, müzakirələrdə səslənən
fikirləri dinlədikcə Azərbaycanın indiyə kimi nə
qədər uzaqgörən siyasət apardığına, həm
Qərb, həm Şərq üçün parlaq bir nümunəyə
çevrildiyinə, dünyanın indi həllinə can
atdığı məsələləri illərdən bəri
öz daxilində necə uğurla qaydasına qoyduğuna bir
daha əmin oldum.
“Cəmiyyətdə tolerantlıq”,
“dini ekstremizmin və radikalizmin zərərsizləşdirilməsi”,
“təriqətlərarası və dinlərarası
sülhün təmin olunması”... bunlar Azərbaycanın
çoxdan həyata keçirib başa vurduğu və bu
gün də ölkəmizdəki sülhün, sabitliyin əsasını
təşkil edən məsələlər deyilmi?!
Sammitin əsas nəticələri ilə
bağlı mətbuatın apardığı təhlillər
İslam ölkələri arasında sağlam və səmimi
həmrəyliyin əldə olunması, məzhəblərarası
ədavətə və dini radikalizmə son qoyulması,
müsəlman-xristian sivilizasiyası arasında yeni əməkdaşlıq
formatının yaradılması, beynəlxalq terrorizmə
qarşı daha effektli mübarizə aparmaq, bölgədə
sabitliyi bərqərar etmək kimi üç əsas istiqamətə
diqqət yönəldir.
Bunlar Azərbaycan
xalqının ümummilli lideri, ulu öndər Heydər
Əliyevin irəli sürdüyü strateji inkişaf kursunun
mühüm tərkib hissələridir.
Bu kursu davam etdirərək
ölkəmizə tarixinin ən böyük
uğurlarını gətirmiş Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin dünyaya təqdim etdiyi
birgəyaşayış modelidir.
Dövlət rəhbərinin dəstəyi,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən humanitar layihələrin əsas
qayəsidir.
Bu sammitdən sonra indi daha əminliklə
vurğulamaq olar ki, İslam dünyasını tərəqqiyə
aparan yol Azərbaycandan, məhz Azərbaycandan keçir.
Orta əsrlərdəki səlib
yürüşlərinin çağdaş tərzdə
davamı kimi bu gün Qərbin bir sıra gizli mərkəzləri
tərəfindən İslama qarşı yönəldilən
hücumlar, aparılan təxribatçı fəaliyyət, əfsus
ki, İslam dünyasına aid bəzi insanların da
düşüncələrinə mənfi təsir göstərir. Əslində,
hər hansı bir xalqı deyil, çoxsaylı toplumları
öz mənəvi işığında birləşdirən,
millət fərqi qoymadan ona iman gətirmiş bütün
toplumların əxlaq dünyasına nur saçan İslam,
görürsən ki, konkret bir xalqla eyniləşdirilir.
Daha çox ərəblərin dini kimi təqdim
olunur.
Əcdadlarımızın
bu dini tarixin sonrakı çağlarında qılınc
gücünə qəbul etdikləri əsas gətirilərək
bu torpaqlarda insanların İslamdan əvvəl sitayiş
etdikləri inanclara diqqət yönəldilir. O, inanclar İslam ayinləri
ilə qarşı-qarşıya qoyulur.
Bunları yaza-yaza, Əli bəy
Hüseynzadənin “Türklər kimdir və kimlərdən
ibarətdir” adlı məqaləsini xatırlayıram. Bayrağımızdakı
üç rəngin - göy türkçülüyün,
qırmızı müasirliyin və yaşıl
İslamın ideoloji müəllifi olan bu böyük
düşüncə adamı göstərirdi ki,
İslamı bizə həqiqətən ərəblər gətirsə
də, Azərbaycan xalqı olaraq milli özünəməxsusluğumuzun
qorunmasında bu dinin həlledici rolu olub. Tarixdən
azdan-çoxdan bildiyim qədər, ayrı-ayrı
coğrafiyalarda yaşayan çox türk toplumları olub ki,
başqa dinlərin mühitində öz milli izlərini
tamamilə itiriblər. Bu gün onların
milli mənşəyini, kimliyini ayırd etmək qətiyyən
mümkün deyil.
Bizsə əsrlər ərzində
məhz İslam dininin qoruyucu gücü sayəsində
slavyanların və başqa xalqların içində əriyib
itməmişik.
Ona görə də İslam bizim
üçün sadəcə bir din, inanclar, dini ayinlər
toplusu deyil, xalqımızın milli-mənəvi
dünyasının işıqlı bir parçasına
çevrilmiş, milli ruhumuza hopmuş ali
bir dəyərdir.
Azərbaycan IV İslam Həmrəyliyi
Oyunlarına evsahibliyi nümunəsi ilə ilk növbədə
bu dəyərə sahib çıxdı. Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
bütün Qafqazın şeyxi Allahşükür Paşazadə
başda olmaqla Rusiya dövlətinin tərkibindəki müsəlman
məmləkətlərinin dini rəhbərləri IV
İslam Həmrəyliyi Oyunları ilə maraqlanıb,
yarışların uğurlu keçməsinə xeyir-dua
verdilər. Bax bunun özü İslam həmrəyliyinin
canlı nümunəsidir.
İslamın onu siyasi vasitə
kimi yox, mənəvi dəyər olaraq uca tutan belə ölkələrin,
belə cəmiyyətlərin himayəsinə indi, bəlkə
də, heç vaxt olmadığı qədər
böyük ehtiyacının olduğu bir zamanda Azərbaycan
bu müqəddəs dəyərimizə hayan oldu. “İslam həmrəyliyi
ili”ndə keçirilən IV İslam Həmrəyliyi
Oyunları ilə təkcə müsəlmanların vəhdəti
məsələsini gündəmə gətirmədi, həm
də bu vəhdət nələrdə yaranar, İslam aləmini
nələr birləşdirər, nələr güclü edər,
- bunları hər kəsə əyan etdi.
Azərbaycan bu tədbirlə
İslama qarşı qərəzli hücumların
önünə keçdi. Məqsədli təbliğatın
ancaq qara rəngdə təqdim etdiyi bu dinin əlvan mədəniyyət
çalarlarına, işıqlı cəhətlərinə,
xoş məramlarına nəzərləri yönəltdi.
İslamın sülh, qardaşlıq, ədalət
və humanizm dəyərləri fonunda təqdim
olunmasının, terror çamurundan təmizlənməsinin
silahın, xurafatın yox, yalnız elmin, mədəniyyətin
gücünə tapınmaqdan keçdiyini anlatdı.
Göstərdi ki, İslam
dünyasını üzləşdiyi
çıxılmazlıqlardan cəhalət, xurafat, fanatizm
deyil, yalnız və yalnız bir vaxtlar bu aləmdə
mövcud olmuş zəngin elm-təhsil, mədəniyyət ənənələrinin
bərpası xilas edə bilər.
Şərq yalnız bu ənənələrin
gücü ilə tərəqqi tapar, öz gələcəyini
müasir dünyanın çağırışlarına
uyğun qurmağa müvəffəq olar.
Azərbaycan göstərdi
ki, İslam aləminin gələcəyi Müqəddəs
Kitabımızdakı bir çox təlqinlərin məqsədli
şəkildə yanlış yozulması ilə hüquq və
azadlıqların məhdudlaşdırılmasında deyil, əksinə,
insanlara öz imkanlarını reallaşdırmaqdan
ötrü azadlıqların verilməsindədir. Öyrənmək,
bilgi toplamaq istəyən hər kəsə dəstək
göstərilməsindədir. Qadınların
təhsil, seçki, ictimai fəaliyyət hüququnun
tanınmasındadır. Mənasız qorxularda, məhdudiyyətlərdə
deyil xilas yolu, Bakı Olimpiya Stadionunda keçirilmiş
açılış mərasiminin Mina obrazlı talismanı
kimi istedadı kəşf olunan azərbaycanlı
qızcığazın üzündəki təbəssümdədir,
gəncliyin elmlərə vaqif olub Şərqi yalnız elmin,
maarifin intəhasız gücü ilə qaranlıqdan
aydınlığa, gerilikdən inkişafa
çıxarmasındadır.
***
Azərbaycan nümayiş
etdirdi ki, İslam həmrəyliyi aid olduğun dini dəyərlərin,
mədəniyyətin işığında birləşməklə
yanaşı, həm də başqa dinlərə, mədəniyyətlərə
hörmət ruhu deməkdir, onlardan
görüb-götürüb özünü inkişaf etdirməkdir.
I Avropa Oyunlarından 2 il sonra IV
İslam Həmrəyliyi Oyunlarını keçirməklə,
eləcə də 2016-cı ili ölkədə
“Multikulturalizm ili”, 2017-ci ili “İslam həmrəyliyi ili” elan
etməklə Azərbaycan fərqli sivilizasiyalar arasında
tutduğu mövqeyin cəmiyyətimiz üçün təkcə
coğrafi anlam daşımadığını bir daha sərgilədi.
Qərb və Şərq arasındakı ziddiyyətlərin az da olsa ortadan qalxmasından ötrü mənəvi
körpü rolunu növbəti dəfə üzərinə
götürdü və buna nail oldu.
Azərbaycan təşkilatçılıq
nümunəsi ilə, bütün İslam ölkələrini
bu tədbirdə bir araya gətirə bilməsi ilə,
İslam aləmində qazandığı yüksək
etimadla sübut etdi ki, xalqların, dövlətlərin, cəmiyyətlərin
inamını qazanmağın yeganə meyarı səmimiyyətdir. İrəli
sürülən istənilən təşəbbüs, istənilən
ideya ilə bağlı niyyətlərin sidq-ürəkdən
gəlməsidir. Azərbaycan İslam həmrəyliyinə
olan bu səmimi niyyəti ilə hər cür xırda
maraqların fövqünə ucalmağı bacardı. Müsəlman dünyasında indiyə qədər
də kifayət qədər güclü olan mövqelərini
daha da möhkəmləndirdi.
***
I İslam Həmrəyliyi
Oyunları Səudiyyə Ərəbistanında keçirilmişdi. Səudiyyə
Ərəbistanı iqtisadi imkanlarına görə
dünyanın, necə deyərlər,
sayılıb-seçilən ölkələrindəndir.
II İslam Həmrəyliyi Oyunları İranda
təyin olunsa da, baş tutmamışdı. Bu Oyunların növbəti silsiləsi isə
İndoneziyada təşkil olunmuşdu. İndoneziya
da son illər inkişaf sürəti ilə diqqətçəkən
ölkələrdəndir. Sosial-iqtisadi
sıçrayışını nəzərə alaraq bu
ölkəni əbəs yerə dünyanın “pələng
dövlətlər”indən biri adlandırmırlar.
IV İslam Həmrəyliyi
Oyunlarına evsahibliyini məhz Azərbaycanın etməsi isə
ölkəmizin sosial-iqtisadi inkişaf imkanlarına görə
dünyada, eləcə də İslam aləmində
tutduğu öncül mövqeyin nümayişi oldu. Azərbaycandakı
sabitlik və inkişaf mühitinin müsəlman Şərqinin
gələcəyinə hədəflənmiş mütərəqqi
təşəbbüslərin yerinə yetirilməsi baxımından
yaratdığı geniş imkanlar növbəti dəfə
reallaşdı.
Tədbirə hazırlıq
üzrə Təşkilat Komitəsinə rəhbərlik edən
Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində
Azərbaycan I Avropa Oyunları kimi İslam Həmrəyliyi
Oyunlarının da bütün parametrlər üzrə ən
yüksək standartlarını müəyyənləşdirdi. Gələcəkdə bu
silsiləni davam etdirəcək ölkələr
üçün indi həmin tədbirlərin bəlli bir
meyarı var. Azərbaycan standartına can atmaq bu Oyunların ən
yüksək səviyyədə təşkilinə cəhd
göstərmək deməkdir.
***
Mayın 12-dən 22-nə qədər
10 gün Azərbaycan yenidən Yer üzünün mərkəzi
oldu. Dünyanın diqqəti İlahinin Qərblə
Şərqin qovuşuğunda yaradıb min bir sərvət bəxş
etdiyi bu gözəl və maraqlı məmləkətə
yönəldi. Dünyanın idman nəbzi
Azərbaycanda döyündü. Əslində,
“siyasət nəbzi döyündü” yazmaq bəlkə daha
düzgün olar. Çünki idman da bir
siyasətdir və IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın
dünyaya ötürdüyü ismarıcların siyasi məzmun
yükü onun idman məzmunundan daha böyük idi. Bu, sadəcə bir idman tədbiri deyildi. Sivilizasiyaların dialoqunda tərəflərdən
birinin inkişafa, yeni bir intibah mərhələsinə
doğru dönüş nöqtəsi idi.
Şərqin yeni bir intibah
çağına doğru addımları məhz Azərbaycandan
başlandı, Azərbaycanla başladı. Əslində,
bu gün Azərbaycanda yaşanan inkişaf, bu Şərq
ölkəsinin dünya mədəniyyətinin mərkəzlərindən
birinə, qlobal düşüncə məkanına, mədəniyyətlərarası
dialoq meydanına çevrilməsi belə bir intibahın ilk əlamətləri
deyilmi?!
Azərbaycanda beynəlxalq əhəmiyyətli
tədbirlərin keçirilməsi illərdir xoş bir ənənəyə
çevrilib.
Ölkəmizin, demək olar, hər ay müxtəlif
beynəlxalq əhəmiyyətli tədbirlərə, qlobal
forumlara, beynəlxalq diskussiya məclislərinə evsahibliyi
etməsinə cəmiyyət olaraq artıq öyrəşmişik.
Bu toplantıların təşkilati
işlərinə çəkdiyi zəhmətlə Azərbaycan
beynəlxalq münaqişələrin diskussiya məcrasına
yönəldilməsi kimi nəcib bir missiyanı yerinə
yetirir. Qarşı duran tərəfləri səngərlərdən,
müharibə meydanlarından çəkindirib masa
arxasına əyləşdirir. Silahların
savaşından qoparıb düşüncələrin
qarşılaşması mühitinə çəkir.
Dünyanın fikir
insanları tez-tez Azərbaycanda toplaşır, bəşəriyyət
Azərbaycanda düşünür, Yer üzünün gələcəyi
ilə bağlı çağırışlar Azərbaycanda
səslənir.
Ətrafdakı ölkələrə
nəzər salsaq, qonşularımızda heç illərlə
belə toplantıların təşkil
olunmadığını görərik. Bu, ölkələr
arasındakı mövqe və inkişaf fərqlərini
göstərir, beynəlxalq proseslərdə hər dövlətin
daşıdığı statusu, təmsil etdiyi dəyərləri,
bu ölkələrə olan beynəlxalq maraq və etimad səviyyəsini
nümayiş etdirir.
Azərbaycan bu marağı,
bu etimadı, bu mövqeyi cəmiyyətdə ictimai-siyasi
sabitliyin qorunmasına, hüquqi dövlət quruculuğuna,
ölkənin demokratik inkişafına, davamlı sosial-iqtisadi
yüksəlişinə çəkilən illərin əziyyəti
ilə qazanıb.
Bu reallıq Azərbaycanın
gələcəyini aydın nəzərlərlə görə
bilən, bu gələcəyi yaradan ümummilli lider Heydər
Əliyevin əsəridir. Ulu öndərin
müəyyən etdiyi və bu gün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
yüksək əzmlə həyata keçirdiyi məqsədyönlü
siyasətin uğurlarıdır.
***
Bir anlıq
düşünürəm ki, axı hadisələr tamam
başqa cür də cərəyan edə bilərdi. Bu gün milli
dövlətçilik tarixinin ən qüdrətli mərhələsini
yaşayan Azərbaycan tamam başqa vəziyyətlərlə
üz-üzə qalardı, acınacaqlı tale ilə üzləşərdi.
Necə ki, bu taleyin ağır zərbələrini
Heydər Əliyevin siyasi proseslərə təsir
imkanlarının məqsədli şəkildə məhdudlaşdırıldığı
80-ci illərin sonları, 90-cı illərin əvvəllərində
yaşamışdıq.
Bu mənada Heydər
Əliyevin dövlətçilik ənənələri və
bu ənənələrin indi də davam etdirilməsi tarixi
taleyimizin bizə xoş bir lütfüdür.
Ulu öndərin anadan
olmasının 94-cü ildönümünə və Heydər
Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr
olunmuş təntənəli mərasimdə Azərbaycan
Prezidentinin etdiyi çıxışın bəzi məqamlarını
xatırlayıram:
“Heydər Əliyev 2003-cü ildə
Azərbaycan xalqına son müraciətində
gördüyü işlər haqqında
danışmışdır və eyni zamanda demişdir ki, hələ
onun bir çox planları var. O öz ümidini ifadə
etmişdir ki, onun görə bilmədiyi işləri onun
davamçıları görəcək və belə də
oldu. 2003-cü ildən bu günə qədər
Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir,
Azərbaycan inkişaf edir. Heydər
Əliyev Azərbaycana sabitlik gətirdi. Bu
gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən
biridir və bizdə olan sabitlik xalqın iradəsinə əsaslanır.
Sabitliyin mənbəyi də Azərbaycan
xalqının iradəsidir. ...Bu gün xalq-iqtidar birliyi ən
yüksək səviyyədədir və sabitliyin əsasını
qoyan bax bu amillərdir. ...Ulu öndər həmişə
olduğu kimi, xalqa son müraciətində də
düzgün proqnoz verdi. O inanırdı və
bilirdi ki, onun davamçıları onun görə bilmədiyi
işləri görəcəklər, belə də oldu. Biz -
onun davamçıları bununla fəxr edirik. Fəxr
edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk
və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”.
Bəli, bu gün Azərbaycanın
yaşadığı xoş reallıqlar qurduğu dövlətin
taleyini 2003-cü ildə cismani ömrünün sonlarına
doğru İlham Əliyevin əmin əllərinə əmanət
edərkən bu məmləkətin parlaq gələcəyi
ilə bağlı ulu öndərin qəlbindən gələn
arzu və ümidlərin çin çıxmasıdır.
***
İslam həmrəyliyi də
Heydər Əliyevin arzularından biri idi. Bu ideyanın
reallaşmasına doğru addımlar Azərbaycanda dünənin,
bugünün məsələsi deyil. Azərbaycan
Heydər Əliyevin göstərdiyi istiqamətlə illərdir
yol gəlir bu həmrəyliyə doğru.
Ölkəmiz dövlət
müstəqilliyini elan edəndə Azərbaycan ərazisində
cəmi 17 məscid vardı. Heydər Əliyevin
xeyir-duası ilə tikilmiş məscidlərin sayı indi
respublikada minlərlədir. Azərbaycan
Prezidentinin İslam mədəniyyəti tarixinə əvəzsiz
memarlıq incisi kimi bəxş etdiyi, Qafqazın ən
böyük məscidi də elə ulu öndərin adını
daşıyır, bu, Bakıda ucaldılmış Heydər məscididir.
Heydər Əliyev müstəqil
Azərbaycan Respublikasının Prezidenti kimi ilk rəsmi səfərlərindən
birini Səudiyyə Ərəbistanına etmişdi,
böyük bir heyətlə ümrə ziyarətində
olmuşdu. Müqəddəs Kəbədə o, Azərbaycan üçün,
ümumən İslam dünyası üçün dualar
etmişdi.
Heydər Əliyevin
duaları müstəcəb oldu.
Ulu öndərin dualarını
eşidən Allah bu duaları saleh övladın -
İlham Əliyevin nəcib əməlləri
ilə yerinə yetirdi.
***
Tarixin gedişatını dəyişmiş
qüdrətli liderlərin böyüklüyü həm də
bundadır ki, zaman keçdikcə o dühaları daha dərindən
dərk etməyə başlayırıq. Heydər
Əliyev şəxsiyyətinə münasibətdə də
bunu aydın duyuram. Viktor Andriyanovla birgə qələmə
aldığımız “Görkəmli adamların həyatı”
seriyasından “Heydər Əliyev” kitabına bütün
dünyada getdikcə artan oxucu marağını, kitabın tərcüməsi
və nəşri üçün müxtəlif ölkələrin
elmi mərkəzlərindən, ictimai-siyasi dairələrindən
gələn müraciətləri gördükcə Heydər
Əliyevin çağdaş dünya tarixi üçün əslində
kim olduğunu bir daha anlayıram.
Kitab növbəti nəşr
taleyini uzaq Vyetnamda və Malayziyada yaşadı. Bu ölkənin
paytaxtı Hanoyda vyetnam dilində nəşr olundu. Təqdimat
mərasimində Vyetnamın dövlət rəsmiləri,
diplomatlar, bu ölkənin ali təhsil
ocaqlarının nümayəndələri, Azərbaycan universitetlərinin
vyetnamlı məzunları, KİV nümayəndələri
iştirak edirdilər.
Malayziyada isə mübarək
orucluq bayramından sonra kitabın təqdimatı baş
tutacaq.
Ulu öndər Heydər Əliyevin
Azərbaycan və Vyetnam xalqları arasında dostluq
münasibətlərinin inkişafındakı rolu barədə
fikirləri, 1983-cü ildə Heydər Əliyevin Sovet
İttifaqı Nazirlər Komitəsinin sədrinin birinci
müavini qismində Vyetnama səfərindən sonra yüzlərlə
azərbaycanlı mütəxəssisin Vyetnamın neft sənayesinin
qurulmasında iştirak etmək üçün bu ölkəyə
göndərilməsi, minlərlə vyetnamlı gəncin
Bakıda təhsil almağa gəlməsi barədə
faktları eşitdikcə, Vyetnamın dövlət rəsmilərinin
Heydər Əliyevin Kremldə
çalışdığı dönəmdə Vyetnama dəstəyini
necə sevgi və şükranlıq hissi ilə
xatırladıqlarını gördükcə məkan fərqindən
asılı olmayaraq insanın etdiyi yaxşılıqların
heç zaman itmədiyinə, əslində insanları hər
hansı milli, dini, mədəni mənsubiyyətin deyil, məhz
nəcib əməllərin, yaxşı işlərin birləşdirdiyinə
bir daha əmin oldum.
***
Heydər Əliyev şəxsiyyətinə
bu heyranlığı qardaş Türkiyədə də hər
zaman duymuşam.
Eyni hissi növbəti dəfə
Tarsus şəhərində yaşadım. Tarsus
Bakının Xətai rayonu ilə qardaşlaşmış
şəhərdir. Bu özünəməxsus
şəhərdə Xətai parkı salınıb. Ulu
öndər Heydər Əliyevin adına
körpü tikilərək istifadəyə verilib. Həmçinin
körpünün yaxınlığında yerləşən
2,5 hektar ərazidə Heydər Əliyev
adına yeni park salınıb və burada ulu öndərin
abidəsi ucaldılıb.
Heydər Əliyevin anadan
olmasının 94-cü ildönümü münasibətilə
mayın 9-da Tarsusda keçirilən tədbirlərdə Xətai
rayonu nümayəndələri olaraq biz də iştirak
edirdik. Xətai Rayon İcra Hakimiyyətinin
başçısı Razim Məmmədov ulu öndərin
iki qardaş xalqın dilində aforizimə çevrilən
“Bir millət, iki dövlət” və böyük
Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir” kəlamlarını sevə-sevə onminlərlə
toplantı iştirakçılarına çatdırdı.
Meydanı gurultulu alqış və “ura” səsləri
bürüdü...
Az sonra Azərbaycan
Respublikasının Türkiyədəki səfiri Faiq
Bağırov, Xətai Rayon İcra Hakimiyyətinin
başçısı Razim Məmmədov, icra hakimiyyətinin
şöbə müdiri Pənah İmanov, Xətai Bələdiyyəsinin
sədri Əliyar Əliyev, Mərsin Böyükşəhər
Bələdiyyə sədri Bürhanəttin Kocamaz, Tarsus Bələdiyyəsinin
sədri Şövkət Can, Canlıyayla Bələdiyyə
sədri İsmail Təpəbağlı və digər rəsmi
şəxslərlə əfsanəvi, əzəmətli,
ağ köpüklü suları şahə qalxan Tarsus şəlaləsinin
yanında nahar edirdik. O an xəyala dalıb min bir nəğmə
kimi çağlayan şəlalənin səsini dinləyirdim;
gah həzin, gah coşqun təlatümlü dalğaların səsi
sanki uzaq keçmişin qəmli xatirələrini
qulaqlarıma pıçıldayırdı. Əzəmətli
Bizans imperiyasının haylı-küylü yüksəliş
dövrü və sonra süqutu gözlərimin önündə
canlanır. Türk sultanlarının
möhtəşəm və əfsanəvi döyüş zəfərləri
tarixin yaddaşından mənə boylanır.
Dünyanın ən məşhur sərkərdəsi,
“Avropanın imperatoru” titulunu qazanmış Atilla, İstanbulun
Fatehi Mehmet Sultan, Misir Fatehi Sultan Səlim və digər
türk sultanları gözlərimin önündə
canlanır. Bir-birinə hücum edən,
bir-birini didib parçalayan bu sular yaraqlı-yasaqlı əsgərləri
xatırladırdı. Dalğaların
şaqraq cingiltili səsi qılıncların
toqquşmasına bənzəyirdi. Gözlərimin
önündə orta əsrlərin qanlı-qadalı
döyüş səhnələri canlanırdı. Deyilənlərə görə, bu şəlalənin
altında neçə-neçə kralların, cəngavərlərin,
kahinlərin sərdabaları yatır.
Fəqət, zaman ən
böyük həkimdir.
Və zaman ən
böyük hakimdir.
İllər, qərinələr, əsrlər
yaralara məlhəm olub, bəşəriyyət az da olsa ədaləti bərpa etməyə
çalışıb.
Dünən düşmən olanlar
bu gün dost olublar. Bəli, xəyalım,
varlığım, düşüncələrim bu dupduru
sularda üzür, türk ruhu əlində qılınc əfsanəvi
aylı gecədə sanki dupduru şəlalənin keşiyini
çəkir.
Aydın axan sulara baxıb
düşünürəm: kaş bəşəriyyəti
idarə edən nəhəng dövlət
başçılarının qəlbindəki kinləri, nifrətləri
bu çayın suları yuyub aparaydı... Heç vaxt
xaç yürüşləri, dini savaşlar və təriqət
ayrı-seçkiliyi olmasın, hamı dost, hamı qardaş,
hamı sirdaş olsun! Bax, bəşəriyyətin xilas yolu
budur!..
***
Həmin gün Heydər
Əliyev parkında başlanan tədbir folklor oyunları, məktəblilərin
çıxışları ilə yaddaqalan oldu. “Kampus
Okulları” orta ümumtəhsil məktəbindəki konfrans mərkəzinə
ulu öndər Heydər Əliyevin adının verilməsi
münasibətilə daha bir tədbir keçirildi. Bu
toplantılardakı çıxışlarda şəhər
rəsmiləri, ziyalılar Heydər Əliyevin Türkiyədə
də Azərbaycandakı qədər sevildiyini, ulu öndərin
təkcə Azərbaycanın deyil, bütün türk
dünyasının lideri olduğunu vurğulayırdılar.
Dinlədikcə
düşünürdüm: Türkiyə liderlər məmləkətidir.
Əsrlər boyu bu ölkə tarixə
bir-birindən əzəmətli liderlər bəxş edib.
Daha qədim çağları hələ kənara qoyaq, bu
ölkə təkcə XX əsrdə Atatürkdən Turqut
Özala, İsmət İnönüdən Süleyman Dəmirələ,
Bülənt Ecevitdən Rəcəb Tayyib Ərdoğana qədər
qüdrətli şəxsiyyətlər yetişdirib. Bunlar elə liderlərdir ki, təkcə Türkiyənin
ictimai-siyasi həyatında deyil, ümumən dünyada gedən
proseslərdə əhəmiyyətli rol oynayıblar. Dünyanın siyasi mənzərəsi, müəyyən
mənada, həm də bu liderlərin qərarlarından
asılı olub.
Türkiyə kimi liderlər
məmləkətində də Heydər Əliyev
dühasına böyük maraq göstərilir. Bu
böyük dövlət adamının mənəvi-siyasi
irsi öyrənilir.
Bu, qətiyyən kortəbii bir maraq
deyil…
Heydər Əliyevin
yaratdığı əsərin, qurduğu dövlətin,
qoyduğu yolun dünya qarşısında sərgilədiyi tərəqqi
və qüdrət mənzərəsidir…
Ölkələrin və xalqların
xoşbəxt gələcəyi bu cür mənzərələrdə
yaranır…
Azərbaycan türk-müsəlman
dünyasını da eyni mənzərənin bir hissəsi
olmağa, həmrəyliyimizin gücü ilə yeni
yüzillikdə bu inkişafın hüdudlarını
böyük bir mənəvi-coğrafi arealda genişləndirməyə
səsləyir.
Bu amal da gerçəkləşəcək…
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı,
yazıçı-publisist
Azərbaycan.- 2017.-27 may.- S.1; 6.