Azərbaycanda
turizmin inkişafına diqqət artırılıb
Son illər ölkəmizdə
bir sıra sahələrlə yanaşı, turizmin
inkişafına da diqqət artıb. Onun müxtəlif
növlərinə yeniləri əlavə olunur. Çimərlik turizmi isə ölkəmizdə ənənəvi
və ən çox maraq göstərilən istiqamətlərdən
biri olaraq qalır. Bu sahədə
mövcud olan problemlər isə indiyədək onun
inkişafını ləngidirdi.
Prezident İlham Əliyev “Azərbaycan
Respublikasında çimərlik turizminin inkişafına dair
2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam
imzalayıb. Sənəddə qeyd olunan tədbirlər
çimərlik turizminin ayrıca bir istiqamət kimi inkişafı
üçün geniş imkanlar açır. Belə ki, sənəddə çimərliklərə
dair hüquqi bazanın, infrastrukturun yaradılması və təkmilləşdirilməsi,
çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi,
ətraf mühiti mühafizə və təhlükəsizlik
tədbirlərinin həyata keçirilməsi, eləcə də
çimərliklərə dair informasiya bazasının
yaradılması və çimərlik turizminin təşviqi
ilə bağlı işlərin icra edilməsi nəzərdə
tutulub.
Mədəniyyət və Turizm
Nazirliyinin Planlaşdırma və inkişaf sektorunun müdiri
Mahir Qəhrəmanov təsdiq olunan sənədin çimərlik
turizminə kompleks yanaşmağa imkan verəcəyini qeyd
edir: “Ölkə başçısının
imzaladığı sərəncam 4 ili əhatə edir. Bu müddət ərzində ölkəmizdə
çimərlik turizminin inkişaf etdirilməsi
üçün ölkə başçısı tərəfindən
müvafiq tapşırıqlar verilib. Azərbaycanda
həm Bakı və Abşeron yarımadasında, həm də
Xəzər dənizi sahilində olan regionlarda çimərlik
turizminin daha da inkişaf etdirilməsi üçün
geniş imkanlar mövcuddur. Amma bu sərəncam
yalnız Xəzər dənizi sahilləri ilə məhdudlaşmır,
ölkə ərazisində olan müxtəlif göllər,
çaylar və insanların istirahəti üçün
imkanları olan su anbarlarını da əhatə edir”.
Ötən ildən ölkəmizə
başlayan turist axınının bu il
daha çox olacağı gözlənilir. Bunu
nəzərə alaraq, Azərbaycanda çimərlik turizminin
beynəlxalq standartlara uyğun təqdim olunması, eyni zamanda
mövsüm günlərinin artırılması nəzərdə
tutulub. Məlumdur ki, Azərbaycanda hava
şəraitindən asılı olaraq çimərlik
turizmindən təxminən iyul-avqust aylarında istifadə
olunur. Normalara uyğun çimərlik
turizmi infrastrukturu yaradılarsa, iyunun sonundan sentyabrın əvvəllərinədək
həm Azərbaycan vətəndaşları, həm də
xarici turistlər bu imkanlardan istifadə edə biləcəklər.
İstər yerli vətəndaşlar,
istərsə də xaricilər çox zaman hotel qiymətlərinin
baha olmasından gileylənirlər. “Azərbaycanda
ixtisaslaşmış turizm sənayesinin inkişafına dair
Strateji Yol Xəritəsi”ndə mehmanxana və yerləşdirmə
obyektlərinin sayının artırılması, turizm
rekreasiya zonalarının yaradılması qiymət məsələsini
tənzimləməyə imkan yaradacaq. Yeni
mehmanxanaların sayı artdıqca, xidmət səviyyəsi
yüksəldikcə onlar arasında rəqabətin də
artacağı, bunun nəticəsində isə daha ucuz qiymət,
yüksək keyfiyyət strategiyasının
formalaşacağı gözlənilir.
Məqsəd müvafiq
standartlara uyğun, ekoloji cəhətdən təmiz çimərlik
imkanlarının həm ölkə vətəndaşlarına,
həm də xarici turistlərə təqdim olunmasından ibarətdir. Tədbirlər planına əsasən,
bütün sahilboyu çimərliklərdə təmizlənmə
işləri görüləcək, 200 metr ara
məsafəsi məsələsinə nəzarət olunacaq,
qum olmayan yerlərdə süni qumluqlar yaradılacaq.
Çimərliklərimizin ən
böyük nöqsanlarından biri də mövsüm
vaxtı tullantılarla ətraf mühitin çirkləndirilməsidir. Bu problemin
aradan qaldırılması istiqamətində də vacib
işlər görüləcək. Ətraf mühitin
çirkləndirilməsinin qarşısının alınması
məqsədilə çimərlik ərazilərinə
axıdılan təmizlənməmiş təsərrüfat-məişət
tullantı sularının hermetik qapalı sistemə
keçirilməsi, axıntıların birbaşa yox,
mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi,
sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi
üçün stasionar təmizləyici qurğular şəbəkəsinin
yaradılması və mütəmadi araşdırmaların
təşkili, ərazilərdən çimərliklərə
birbaşa çıxışı olan bütün drenaj,
yağış və digər axıntı sularının zərərsizləşdirilməsinin
təmin edilməsi tədbirlər planına uyğun olaraq nəzərdə
tutulub.
Çimərliklərə
üz tutanlar istirahət etmək, gözəl anlar yaşamaq
arzusundadırlar. Amma təhlükəsizlik tədbirlərinə
yetərincə əməl olunmaması bəzən onların
faciəsinə çevrilir, özlərinin, ya da
yaxınlarının həyatına son qoyur. İndiyədək əsas şikayətlərdən
biri də bu istiqamətdə mədsədyönlü işlərin
aparılmaması idi. Sənədə əsasən
çimərlik ərazisində təhlükəsizlik tədbirləri
barədə müvafiq təlim keçmiş əməkdaşlar
olmadıqda, çimərlik operatorlarının fəaliyyəti
məhdudlaşdırılacaq, su hövzəsinin çimərliyə
aid olan hissəsində xilasetmə, su nəqliyyatı vasitələri
ilə xidmət göstərilməsi mexanizmi yaradılacaq,
çimərlik operatorları ilə müqavilə əsasında
çimərlik ərazisinin su akvatoriyasını təmizləmək
mexanizminin yaradılması ilə bağlı tədbirlər
görüləcək.
Azərbaycanın hədəfi
yaxın 5 ildə dünya ölkələri arasında
populyar turizm məkanına çevrilməkdir. Ölkə
başçısı son bir neçə ildə turizm
sektorunun inkişafı ilə əlaqədar bir sıra sərəncam
və fərmanlar imzalayıb. Ən son sərəncam
çimərlik turizmi ilə bağlı oldu. Sənəddə
Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri
üçün daha səmərəli istifadə edilməsi,
mövcud çimərliklərin fəaliyyətinin təkmilləşdirilməsi
və xidmət səviyyəsinin
yaxşılaşdırılmasına dair təkliflərin
hazırlanması və müasir tələblərə
uyğun təşkil edilməsi, beynəlxalq təcrübə
nəzərə alınmaqla, Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin sahilboyu və çimərlik
üçün müəyyən edilmiş yararlı ərazilərinin
yaxınlığında müvafiq infrastruktur obyektlərinin
inşasına, həmçinin aidiyyəti üzrə
sahibkarların təklif etdiyi layihələrin dəstəklənməsi,
bu sahə üzrə ölkələr arasında beynəlxalq
əməkdaşlığın daha da sürətlənməsi
növbəti dörd il ərzində çimərlik
turizminin inkişafı üçün prioritet məsələlər
hesab olunur. Nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsi turizm potensialımızı
turizmin ayrıca xətti kimi inkişaf etdirməyə şərait
yaradacaq.
Tədbirlər planı
çərçivəsində artıq bir sıra işlər
həyata keçirilib. Belə ki, Mədəniyyət və Turizm
Nazirliyində nazir Əbülfəs Qarayevin sədrliyi ilə
dövlət qurumlarının nümayəndələri ilə
birgə görüş təşkil olunub. Görüşdə çimərliklərin
heç bir standarta cavab verməyən fəaliyyəti,
aşağı xidmət səviyyəsi, təhlükəsizlik
tədbirlərinə əməl olunmaması və qanunsuz fəaliyyət
göstərən çimərliklərin aqibətinin müəyyən
olunması məqsədilə bu sahədə müvafiq
qaydaların təsdiq olunmasının vacibliyi qeyd edilib.
Sərəncam ölkəmizdə
çimərlik turizminin inkişafına müsbət təsirini
göstərəcək. Belə ki, artıq bu istiqamətdə işlər
aparılır və cari ildə çimərlik
mövsümünün açılışına qədər
Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2
ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl,
1 ictimai çimərliklərin yaradılması nəzərdə
tutulub. Çimərlik turizmi ilə
bağlı müvafiq standart hazırlanaraq təsdiq
üçün Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinə təqdim olunub.
Göz
açdığımız gündən
gördüyümüz Azərbaycanın zəngin təbiətinin,
gözəlliklərinin qədrini, qiymətini bəzən
lazımınca bilmirik. Bu gözəlliklərin yalnız gözlərimizin,
könüllərimizin oxşamadığını, həm də
dinclik gətirdiyini, sağlamlığımızın
qayğısına bizdən çox qaldığını
unuduruq. Xəzər dənizi də bizim ən
böyük sərvətlərimizdən biridir.
Havası, suyu, qumu can dərmanıdır. Babası
Böyük Vətən müharibəsindən ağır
güllə yaraları ilə dönən universitet müəlliməsi
olan bir tanışım danışmışdı:
“Müalicələrin xeyri yox idi. Babam artıq
ümidini kəsirdi. Ayağındakı
yaralar sağalmırdı. Moskvaya getdi.
Orda babamın ayaqlarını müayinə edən
həkim heç bir dərman yazmamışdı. Əvəzində
babama məsləhət vermişdi: “Sizin dərdlərin dərmanı
olan dəniziniz var. Xəstəxanalara getmək lazım deyil. Sizin dənizin suyu da, qumu da əsl möcüzədir.
Sənin də dərmanın o dənizin
qumudur”. Babam Bakıya qayıdan kimi dənizin sahilində
ev kirayələdi. Üç
ay yayı orada qaldıq. Rus həkimin
dediyi möcüzə baş vermişdi. Geri
dönəndə babamın ayaqlarındakı yaraların
ancaq izləri qalmışdı. O, şəhərdəki
evini satıb dəniz sahilində ev
aldı. Ömrünün sonunadək orada
yaşadı”. Bəzən tibb elminin aciz
qaldığı xəstəliklərin çarəsi belə
tapılır. Çimərlik
mövsümündə isə Xəzər dənizi ən
gözəl istirahət məkanına çevrilir.
Qarşıdan isti yay fəsli
gəlir. Çimərliklər yenə insanları
özünə səsləyir. İstirahət
və sağlamlıq bəxş edən bu turizm
növünün inkişaf etdirilməsi üçün
ölkəmizdə hər cür şərait var. Dənizə
çıxışı olan ölkə kimi bu potensialdan bəhrələnərək
çox gəlir əldə edə bilərik. Bu sahəyə dövlət diqqəti də yüksək
səviyyədədir. Bütün bunlar
deməyə əsas verir ki, Azərbaycanda çimərlik
turizminin inkişafının tezliklə şahidi
olacağıq.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.- 2017.- 27 may.- S.8.