Daşınar əmlakın yüklülüyü
haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə uyğun olaraq hazırlanmışdır və öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunun məqsədləri
üçün aşağıdakı anlayışlardan
istifadə edilir:
1.0.1. daşınar
əmlakın yüklülüyü - bu qanunun 4-cü maddəsində
göstərilən əsaslarla öhdəliyin
icrasının təmin edilməsi üçün qanun və
ya əqd əsasında daşınar əmlaka mülkiyyət
hüququnun məhdudlaşdırılması;
1.0.2. yüklülük
predmeti - bu qanunun 3-cü maddəsi ilə müəyyən
edilmiş daşınar əmlak, habelə tələblər
və hüquqlar;
1.0.3. borclu -
yüklülük sahibinin xeyrinə yüklülüklə təmin
edilmiş öhdəliyi icra etməli olan şəxs, yaxud belə
öhdəliyi olan üçüncü şəxs;
1.0.4. yüklülük
verən - yüklülük sahibinin xeyrinə
yüklülüyü yaradan şəxs (yüklülük
verən borclunun özü və ya üçüncü
şəxs ola bilər);
1.0.5. yüklülük
sahibi - yüklülüklə təmin edilmiş öhdəlik
icra edilmədikdə yüklülük predmetinə tutma
yönəldilməsi hüququ olan şəxs (dövlət və
bələdiyyə yüklülüyündə bu qanunun
4-cü maddəsində nəzərdə tutulan qurum);
1.0.6. üstünlük
hüququ - yüklülük predmeti hesabına
yüklülük sahibinin tələbinin digər
yüklülük sahiblərinin və kreditorların tələblərinə
münasibətdə üstün növbədə ödənilməsi;
1.0.7. bildiriş -
daşınar əmlaka yüklülüyün yaranması,
yüklülüyə dəyişikliklər edilməsi, onun
xitamı, habelə daşınar əmlak üzərində
yüklülüyə etiraz edilməsi ilə bağlı
qeydlərin aparılması üçün daşınar əmlakın
yüklülüyünün dövlət reyestrinə daxil
edilən məlumat;
1.0.8. daşınar
əmlakın yüklülüyünün dövlət
reyestri (bundan sonra - reyestr) - bu qanunun 1.0.7-ci maddəsində
göstərilən məlumatların (qeydlərin) sistemləşdirilmiş
məcmusundan ibarət dövlət informasiya sistemi.
Maddə 2. Daşınar əmlakın
yüklülüyü haqqında qanunvericilik
Daşınar əmlakın
yüklülüyü ilə bağlı münasibətlər
Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi, bu qanun, Azərbaycan
Respublikasının digər qanunvericilik aktları və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr ilə tənzimlənir.
2-ci fəsil
Yüklülüyün
predmeti, növləri və üçüncü şəxslər
üçün açıqlanması
Maddə 3. Yüklülüyün
predmeti
3.1. Daşınar əmlakın rəsmi
reyestrlərində qeydiyyata alınan daşınar əşyalar
və dövlət qeydiyyatına alınmalı olan qiymətli
kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən
daşınar əmlak, habelə hüquqlar və tələblər,
o cümlədən gələcəkdə yüklülük
sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil
edir.
3.2. Eyni daşınar əmlak bir
neçə yüklülüyün predmeti ola
bilər.
3.3. Qanunla və ya müqavilə ilə
ayrı qayda nəzərdə tutulmayıbsa, daşınar əmlakın
yüklülüyü aşağıdakılara şamil
olunur:
3.3.1. yüklülük
predmetinin ləvazimatlarına;
3.3.2. yüklülüyün
predmetindən istifadə nəticəsində əldə
edilmiş faydaya (gəlir, artım, bəhər, törəmə
və başqa formalara);
3.3.3. dəyişdirilməli,
əvəz və ya bərpa edilməli
yüklülüyün predmetinə;
3.3.4. yüklülük
predmetinin özgəninkiləşdirilməsindən əldə
edilən gəlirlərə, bu şərtlə ki, onları
yüklülük predmetinin özgəninkiləşdirilməsindən
əldə olunan gəlirlər kimi eyniləşdirmək
mümkün olsun;
3.3.5. yüklülüyün
predmeti qanuna və ya müqaviləyə əsasən
sığorta edilmişdirsə, sığorta hadisəsinin
baş verdiyi zaman sığorta ödənişinə;
3.3.6. qanunla müəyyənləşdirilmiş
əsaslar üzrə və qaydada yüklülük predmetinin
məcburi satılması, rekvizisiyası və ya milliləşdirilməsi
nəticəsində yüklülük verənə ödənilən
kompensasiyanın məbləğinə (yüklülük
sahibinin tələblərinin ödənilməsinə kifayət
edən məbləğdə).
3.4. Əgər qanunla və ya
müqavilə ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, habelə öhdəliyin mahiyyətindən
ayrı qayda irəli gəlmirsə, daşınar əmlakın
yüklülüyü ilə təmin edilmiş öhdəlik
üzrə borclunun vəzifəsini icra etmiş
üçüncü şəxs yüklülük sahibinin
hüquq və vəzifələrini əldə edir.
3.5. Daşınar əmlak üzərində
müqavilə əsasında yüklülük Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada yaranır. Həmin müqavilədə
yüklülük predmeti bu qanunun 22-ci maddəsində nəzərdə
tutulmuş qaydada təsvir edilir, yüklülüyün təmin
etdiyi öhdəliyin mahiyyəti, məbləği
(ölçüsü) və yüklülük predmetinin
kimin sahibliyində qalması göstərilir.
Maddə 4. Daşınar əmlakın
yüklülüyünün növləri
4.1. Daşınar əmlakın
yüklülüyü dövlət, bələdiyyə və
xüsusi yüklülük növlərinə
bölünür.
4.2. Dövlət və bələdiyyə
yüklülüyünə aşağıdakılar daxildir:
4.2.1. Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 65.2-ci maddəsinə uyğun olaraq,
vergi orqanı tərəfindən vergi borclarının, onlara
hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə
sanksiyalarının vergiödəyicisinin milli və ya xarici
valyutada cari və ya digər hesablarından dövlət
büdcəsinə alınması və ya dondurulması
haqqında kredit təşkilatına və ya bank əməliyyatları
aparan şəxsə icra (ödəniş) sənədi olan
sərəncam verilməsi;
4.2.2. Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq,
vergi orqanı tərəfindən vergi borcları, onlara
hesablanmış faizlər və tətbiq olunmuş maliyyə
sanksiyalarının ödənilməsini təmin etmək
üsulu kimi vergiödəyicisinin əmlakının
siyahıya alınması;
4.2.3. “Sosial sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə
uyğun olaraq, məcburi dövlət sosial
sığortası sahəsində idarəetməni həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hesablanmış və ya yenidən hesablanmış məcburi
dövlət sosial sığorta haqları üzrə
borcların və tətbiq edilmiş maliyyə
sanksiyalarının sığortaedənin cari, valyuta və
digər hesablarından həmin orqanın hesabına
alınması üçün banka və ya digər kredit təşkilatına
icra sənədi olan sərəncam verilməsi;
4.2.4. Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə
uyğun olaraq, gömrük orqanı tərəfindən
vaxtında ödənilməmiş gömrük
borclarının ödəyicidən tutulması
üçün vergi borclarının dövlət büdcəsinə
alınmasının qanunvericiliklə müəyyən
edilmiş qaydalarına uyğun olaraq, banka
icra (ödəniş) sənədi verilməsi;
4.2.5. Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin 250.2-ci maddəsinə
uyğun olaraq, gömrük orqanı tərəfindən həm
mövcud, həm də yarana biləcək gömrük
borclarına görə təminat götürülməsi;
4.2.6. Azərbaycan Respublikası
İnzibati Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə
uyğun olaraq, məhkəmə tərəfindən
daşınar əmlak barəsində müvəqqəti
xarakterli müdafiə tədbirinin tətbiq edilməsi;
4.2.7. Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinə
uyğun olaraq, məhkəmə tərəfindən
daşınar əmlak barəsində iddianı təmin etmə
tədbirinin görülməsi;
4.2.8. Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 248-ci və 249-cu maddələrinə
uyğun olaraq, məhkəmə tərəfindən mülki
iddianı və cinayət qanunu ilə nəzərdə
tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək
məqsədi ilə daşınar əmlak üzərinə
həbs qoyulması;
4.2.9. “İcra haqqında” Azərbaycan
Respublikası Qanununun 43.1.1-ci maddəsinə uyğun olaraq, məhkəmə
tərəfindən məcburi icra tədbiri kimi daşınar
əmlak üzərinə həbs qoyulması.
4.3. Xüsusi yüklülüyə
aşağıdakılar daxildir:
4.3.1. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 263-268-ci maddələrinə
uyğun olaraq, daşınar əmlakın uzufruktu;
4.3.2. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun
olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın
girovu;
4.3.3. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 606-cı maddəsinə
uyğun olaraq mülkiyyət hüququnun saxlanması
haqqında qeyd-şərt;
4.3.4. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 698.1-ci maddəsinə uyğun
olaraq, kirayəyə verənin girov hüququ;
4.3.5. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 702.1-ci maddəsinə uyğun
olaraq, icarəçinin girov hüququ;
4.3.6. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 716-cı maddəsinə uyğun
olaraq, icarəyə verənin girov hüququ;
4.3.7. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 747.1-ci maddəsinə uyğun
olaraq, daşınar əmlakın lizinqi;
4.3.8. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 757-ci maddəsinə uyğun
olaraq, podratçının hazırladığı daşınar
əşyaya girov hüququ;
4.3.9. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 820.1-ci maddəsinə uyğun
olaraq, komisyonçunun təminat (girov) hüququ;
4.3.10. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 830.3-cü maddəsinə
uyğun olaraq, anbar sahibinin girov hüququ;
4.3.11. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 836.3-cü maddəsinə
uyğun olaraq, mehmanxana və ya restoran sahibinin girov hüququ;
4.3.12. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 860.1-ci maddəsinə uyğun
olaraq, daşıyıcının yükə girov hüququ;
4.3.13. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 48-ci fəslinə uyğun
olaraq, daşınar əmlakın rentası;
4.3.14. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 655-ci maddəsinə uyğun
olaraq, pul tələbinin faktora güzəşt edilməsi
hüququ;
4.3.15. əsas
öhdəliyin icrasının təmini üsulu olan digər
yüklülüklər.
4.4. Dövlət orqanları və bələdiyyələr
mülki hüquq münasibətlərində
çıxış etdikləri zaman bu qanunun 4.3-cü maddəsində
göstərilən yüklülüklər üzrə
yüklülük sahibi ola bilərlər.
4.5. Dövlət orqanının, bələdiyyənin
və ya məhkəmənin qərarı əsasında
yüklülük bu qanunun 4.2-ci maddəsində, müqavilə
əsasında yaranan yüklülük bu qanunun
4.3.1-4.3.3-cü, 4.3.7-ci, 4.3.13-4.3.15-ci maddələrində,
qanun əsasında yaranan yüklülük isə bu qanunun
4.3.4-cü-4.3.6-cı və 4.3.8-4.3.12-ci maddələrində
nəzərdə tutulmuş hallarda yaranır.
Maddə 5. Yüklülüyün
üçüncü şəxslər üçün
açıqlanması
5.1. Yüklülük sahibinin
yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə
tutulmuş qaydada üçüncü şəxslərə
açıqlaması xüsusi yüklülük növləri
üçün könüllü, dövlət və bələdiyyə
yüklülüyü növləri üçün isə
məcburi xarakter daşıyır.
5.2. Yüklülük sahibinin
yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə
tutulmuş qaydada üçüncü şəxslərə
açıqlaması bu qanunun 3-cü fəslində müəyyən
edilmiş hallarda və üstünlük qaydalarına
uyğun olaraq tələblərin ödənilməsi növbəliliyinə
təsir edir.
5.3. Yüklülük sahibi
yüklülüyün üçüncü şəxslərə
açıqlanmasını aşağıdakı
üsullardan biri və ya bir neçəsi vasitəsilə həyata
keçirir:
5.3.1. yüklülük
predmetinə dair qüvvədə olan hüquqları və ya
bu qanunun 21.4-cü maddəsində nəzərdə
tutulmuş halda gələcəkdə yarana biləcək
hüquqları barədə bildirişləri reyestrdə qeydə
aldırmaqla;
5.3.2. yüklülük
predmeti üzərində sahiblik hüququnu əldə etməklə;
5.3.3. yüklülük
predmeti üzərində nəzarəti əldə etməklə.
5.4. Yüklülük predmetinə
dair hüquqların reyestrdə qeydə alınması istənilən
yüklülük predmeti barəsində tətbiq olunur.
5.5. Yüklülük predmeti üzərində
sahiblik hüququnun əldə edilməsi nağd pul vəsaitlərinə,
zinət əşyalarına, dövlət qeydiyyatına
alınmalı olmayan qiymətli kağızlara, anbar şəhadətnaməsi,
konosamentlərinə tətbiq olunur və qanuna və ya
müqavilə şərtlərinə görə yüklülük
predmeti üzərində sahiblik hüququnun
yüklülük sahibinə faktiki verildiyi
(yüklülük predmeti üzərində faktiki sahibliyin əldə
edilməsi) hallarda yaranır.
5.6. Yüklülük predmeti üzərində
nəzarətin əldə edilməsi yüklülük verənin
bank hesabında və ya notariusun depozit hesabında olan vəsaitlərinə
tətbiq olunur və yüklülük sahibi,
yüklülük verən və bank və ya notarius
arasında nəzarət haqqında müqavilənin
bağlanması vasitəsilə həyata keçirilir. Bu müqaviləyə əsasən bank və ya
notarius yüklülük verənin razılığı
olmadan onun bank hesabında və ya depozitdə olan pul vəsaitləri
barədə yüklülük sahibinin göstərişlərini
yerinə yetirmək öhdəliyi götürür.
5.7. Eyni yüklülük predmeti barəsində
bu qanunun 5.3-cü maddəsində nəzərdə
tutulmuş üsullardan biri və ya bir neçəsi tətbiq
oluna bilər. Yüklülük sahibi tətbiq
etdiyi üsulu həmin üsulun qüvvədə olduğu
müddətdə başqası ilə əvəz etmək və
ya əlavə üsul tətbiq etmək hüququna malikdir.
Bu halda yüklülüyün
üçüncü şəxslər üçün
açıqlanması ilkin üsulun tətbiq edildiyi tarixdən
qüvvəyə minmiş hesab olunur.
3-cü fəsil
Üstünlük
qaydaları
Maddə 6. Yüklülük sahiblərinin
tələblərinin ödənilməsi növbəliyi
6.1. Bu qanunun 6.4-cü maddəsində
nəzərdə tutulan növbəlilik istisna olmaqla, eyni
daşınar əmlak bir neçə
yüklülüyün predmeti olduqda, yüklülük sahiblərinin
tələbləri aşağıdakı növbəliklə
ödənilir:
6.1.1. birinci
növbədə yüklülük predmeti barəsində bu
qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş
üsullardan birini və ya bir neçəsini tətbiq
etmiş yüklülük sahibinin tələbləri ödənilir;
6.1.2. ikinci
növbədə yüklülük predmeti barəsində bu
qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş
üsulları tətbiq etməmiş yüklülük
sahibinin tələbləri ödənilir;
6.1.3. bütün
digər tələblər qanunvericiliklə müəyyən
edilmiş qaydada ödənilir.
6.2. Üstünlük hüququ
yüklülük sahibləri arasında müqavilə əsasında
istənilən vaxt dəyişdirilə bilər. Yüklülük sahiblərinin sayı ikidən
çox olduqda üstünlük hüququnun dəyişdirilməsi
maraqlarına toxunan yüklülük sahiblərinin
yazılı razılığı ilə həyata
keçirilir.
6.3. Dövlət
yüklülüyü üzrə yüklülük sahibi
öz üstünlük növbəsini xüsusi
yüklülük üzrə yüklülük sahibinə
güzəşt edə bilməz.
6.4. Bu qanunun digər maddələrinin
müddəalarından asılı olmayaraq, hesabda olan pul vəsaitinə
yüklülük sahiblərinin tələbləri Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində
müəyyən edilmiş növbəliklə ödənilir.
Maddə 7. Eyni növbəli
yüklülük sahiblərinin tələblərinin ödənilməsi
qaydası
7.1. Bu qanunun 7.2-ci maddəsində
göstərilən hallar istisna olmaqla, eyni daşınar əmlak
bir neçə yüklülüyün predmeti olduqda və həmin
yüklülük predmetinə münasibətdə bu qanunun
5.3-cü maddəsində nəzərdə tutulmuş
üsullardan biri və ya bir neçəsi iki və daha
çox yüklülük sahibi tərəfindən tətbiq
edildikdə, belə yüklülük sahiblərinin tələblərinin
ödənilməsi ardıcıllığı həmin
üsulların tətbiq etmə anı (tarixi və saatı)
ilə müəyyən edilir. Yüklülük
sahibi tətbiq etdiyi üsulu başqası ilə əvəz
etmişsə və ya əlavə üsul tətbiq etmişsə,
həmin üsulun tətbiq etmə anı onun bu qanunun 5.7-ci
maddəsinə əsasən qüvvəyə minmiş hesab
olunan tarixlə müəyyən edilir.
7.2. Eyni daşınar əmlaka
münasibətdə bu qanunun 5.3-cü maddəsində nəzərdə
tutulmuş üsullardan biri və ya bir neçəsinin tətbiq
edilməsi ardıcıllığından asılı
olmayaraq aşağıdakı hallarda yüklülük sahiblərinin
tələbləri daha əvvəl ödənilir:
7.2.1. bu qanunun
4.3.8-ci maddəsində nəzərdə tutulmuş hallarda, bu
şərtlə ki, yüklülük predmeti
yüklülük sahibinin sahibliyində olsun;
7.2.2. yüklülük
sahibinin borcluya təqdim etdiyi və onun maliyyələşdirilməsi
hesabına borclunun əldə etdiyi əmlakın
yüklülüyü ilə təmin olunmuş tələblər,
bu şərtlə ki, yüklülük sahibi
yüklülük predmeti borclunun və ya yüklülük
verənin sahibliyinə verildiyi tarixdən 3 (üç)
iş günü müddətində yüklülük barədə
bildirişi reyestrdə qeydə aldırsın;
7.2.3. yüklülük
sahibinin təqdim etdiyi əmlak və ya maliyyə vəsaiti
hesabına istehsal və ya emal edilmiş əmlakın
yüklülüyü ilə təmin olunmuş tələblər,
bu şərtlə ki, yüklülük sahibi
yüklülük predmeti borclunun və ya yüklülük
verənin sahibliyinə verildiyi tarixdən 3 (üç)
iş günü müddətində yüklülük barədə
bildirişi reyestrdə qeydə aldırsın.
7.3. Eyni daşınar əmlak bir
neçə yüklülüyün predmeti olduqda və həmin
yüklülük predmetinə münasibətdə bu qanunun
5.3-cü maddəsində nəzərdə tutulmuş
üsullardan heç biri tətbiq edilmədikdə, belə
yüklülük sahiblərinin tələblərinin ödənilməsi
ardıcıllığı yüklülüyün
yaranması tarixi əsasında müəyyən edilir.
Maddə 8. Daşınmaz əmlakın
ləvazimatına (daşınar əşyalara)
üstünlük hüququ
8.1. Yüklülük sahibi
daşınar əmlak üzərində yüklülük
hüququnu həmin daşınar əmlak daşınmaz əmlakın
ləvazimatına çevrilənədək, habelə belə
çevrilmədən sonra reyestrdə qeydə aldıra bilər.
8.2. Daşınmaz əmlakın
ipoteka saxlayanı ilə həmin daşınmaz əmlakın
ləvazimatı olan daşınar əmlakın
yüklülük sahibi arasında tələblərin ödənilməsində
üstünlük aşağıdakı qaydada müəyyən
edilir:
8.2.1. daşınmaz
əmlaka birləşdirilmiş ləvazimat üzərində
yüklülük hüququ reyestrdə qeydə
alınmayıbsa, ipoteka saxlayan üstün hüquqa malikdir;
8.2.2. daşınmaz
əmlaka birləşdirilmiş ləvazimat üzərində
yüklülük hüququ reyestrdə qeydə
alınıbsa və ləvazimat mövcud ipotekada olan
daşınmaz əmlaka birləşdirilibsə,
yüklülük sahibi üstün hüquqa malikdir;
8.2.3. daşınmaz
əmlaka birləşdirilmiş ləvazimat üzərində
yüklülük hüququ reyestrdə qeydə
alınıbsa və ipoteka ləvazimata yüklülük
hüququnun qeydə alınmasından sonra yaranıbsa,
yüklülük sahibi üstün hüquqa malikdir;
8.2.4. daşınmaz
əmlaka birləşdirilmiş ləvazimat üzərində
yüklülük hüququ ləvazimat daşınmaz əmlaka
birləşdirildikdən sonra ipoteka isə ləvazimat üzərində
yüklülük hüququnun reyestrdə qeydə
alınmasından əvvəl yaranıbsa, ipoteka saxlayan
üstün hüquqa malikdir;
8.2.5. ipoteka
hüququ ləvazimat daşınmaz əmlaka birləşdirildikdən
sonra yaranıbsa və ləvazimat üzərində
yüklülük hüququ reyestrdə qeydə alınıbsa,
üstünlük ipoteka hüququnun yaranması və
yüklülük hüququnun reyestrdə qeydə
alınması anı ilə müəyyən edilir.
Maddə 9. Daşınar əşyaların
toplusuna üstünlük hüququ
9.1. Başqa daşınar əmlaklarla
öz ilkin xüsusiyyət və keyfiyyətlərini saxlamaqla
(eyni növ daşınar əmlak kimi qalmaqla) və ya
onları itirməklə (başqa bir daşınar əmlak əmələ
gətirməklə) qarışdırılan daşınar əmlak
üzərində üstünlük hüququ əmlak
qarışdırılanadək olduğu kimi qüvvədə
qalır.
9.2. Başqa daşınar əmlaklarla
qarışdırılan daşınar əmlak üzərində
yüklülük sahiblərinin üstünlük
hüquqları həmin daşınar əmlakın topluda
qarışdırılma tarixinə olan qiymətinə
mütənasib şəkildə saxlanılır.
Maddə 10. Gələcək əmlak
barəsində üstünlük hüququ
10.1. Gələcək əmlakın
yüklülüyü zamanı yüklülük hüququ
yüklülük verənin həmin daşınar əmlak
üzərində mülkiyyət hüququnu əldə etdiyi
andan yaranır.
10.2. Gələcək əmlakın
yüklülüyü zamanı üstünlük hüququ
yüklülüyün reyestrdə qeydə
alındığı andan yaranır və bu hüquq
daşınar əmlak üzərində mülkiyyət
hüququ əldə edildiyi andan həyata keçirilə bilər.
Maddə 11. Yüklülük predmetinin
özgəninkiləşdirilməsi
11.1. Aşağıda müəyyən
olunan hallar istisna olmaqla, yüklülük predmeti üzərində
mülkiyyət hüququnun dəyişməsi, habelə onun
üçüncü şəxslərin istifadəsinə və
ya icarəsinə verilməsi yüklülük sahibinin
yüklülük və ya üstünlük hüququnu dəyişdirmir:
11.1.1. yüklülük
predmeti özgəninkiləşdirilərkən onun
yüklü olması haqqında reyestrdə qeydlər olmadıqda;
11.1.2. yüklülük
sahibi yüklülüyə xitam verməklə
yüklülük predmetinin özgəninkiləşdirilməsinə
razılıq verdikdə;
11.1.3. yüklülük
predmetinin özgəninkiləşdirilməsi dövriyyədəki
mallar üzərində mülkiyyət hüququnun dəyişdirilməsi
prosesində baş verdikdə.
4-cü fəsil
Yüklülük
predmetinə tutma yönəldilməsi
Maddə 12. Yüklülük predmetinə
tutmanın yönəldilməsi əsasları
12.1. Yüklülük predmetinə
tutmanın əsasları bu qanunun 4-cü maddəsində
göstərilən və digər normativ hüquqi aktlarla
müəyyən olunur.
12.2. Xüsusi yüklülükdə
yüklülük predmetinə tutma yönəldilməsi bu
qanunun 13-19-cu maddələri ilə müəyyən
olunmuş qaydada həyata keçirilir.
Maddə 13. Yüklülük sahibinin
yüklülük predmeti barədə hərəkətləri
13.1. Yüklülük sahibi
yüklülük predmetinə aşağıdakı qaydada
tutma yönəldə bilər:
13.1.1. yüklülük
predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor
borcun) yüklülük sahibinə ödənilməsini tələb
etmək;
13.1.2. yüklülük
predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə,
yüklülük verənlə yazılı razılaşma əsasında
yüklülük predmetini öz sahibliyə götürmək
və ya yüklülük predmetinin məhkəmənin qərarı
və ya notariusun icra qeydi əsasında onun sahibliyinə
verilməsi üçün müvafiq olaraq məhkəməyə
və ya notariusa müraciət etmək;
13.1.3. yüklülük
predmeti yüklülük sahibinin sahibliyindədirsə,
yüklülük predmetinin satışını təşkil
etmək;
13.1.4. yüklülük
predmetini bu qanunla müəyyən olunmuş şərtlərlə
mülkiyyətinə götürmək;
13.1.5. qanunvericiliklə
müəyyən olunmuş digər hüquqi müdafiə
vasitələrindən istifadə etmək.
13.2. Aşağı növbəli
yüklülük sahibi qarşısında öhdəliyin
pozulması halında onun başladığı tutma yönəldilməsinə
üstün növbəli yüklülük sahibi istənilən
mərhələdə qoşularaq satışı
özü həyata keçirə bilər. Bu,
borclunun üstün növbəli yüklülük sahibi qarşısında
öhdəliyinin pozulması ilə şərtləndirilmir və
hər iki yüklülük sahibinin satış
üçün çəkdiyi xərclər
yüklülük predmetinin dəyərindən ödənilməlidir.
Maddə 14. Debitor borclara tutma yönəldilməsinin
xüsusiyyətləri
14.1. Yüklülük sahibi tələbin
təmin olunması üçün debitor borcluya bildiriş
göndərə bilər. Bildirişdə
aşağıdakılar göstərilir:
14.1.1. yüklülük
müqaviləsinin tərəfləri və tarixi barədə
məlumat;
14.1.2. yüklülük
verənin və ya borclunun icra etməli olduğu öhdəliyi
pozması barədə məlumat;
14.1.3. debitor borcun
yüklülük sahibinə ödənilməsi tələbi;
14.1.4. debitor borcun
ödənilməli olduğu alan tərəf və onun bank
hesabının rekvizitləri;
14.1.5. bildirişin
tarixi, bildirişi imzalayan şəxsin adı və imzası.
14.3. Debitor borcun yüklülük
sahibinə ödənilməsi haqqında bildiriş alan debitor borclu həmin tarixdən ödənişləri
bildirişdə göstərilən alan tərəfə etməyə
borcludur.
14.4. Məhkəmə Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinin
13-cü fəsli ilə müəyyən edilmiş qaydada
iddianı təmin etmə tədbiri kimi debitor borcların
yüklülük sahibinə ödənilməsini və ya
satışını dayandırmaq barədə qərar qəbul
edərsə, iş üzrə qanuni qüvvəyə
minmiş qərar çıxarılanadək debitor borcun həmin
qərarda göstərilən xüsusi hesaba ödənilməsini
və orada saxlanılmasını müəyyən edir.
Maddə 15. Yüklülük predmetinin
yüklülük sahibinin sahibliyinə verilməsi
15.1. Yüklülük sahibi
yüklülüyün təmin etdiyi öhdəliyin
pozulmasından əvvəl və ya sonra yüklülük verənlə
yazılı formada bağlanmış razılaşma əsasında
yüklülük predmetini sahibliyinə götürə bilər.
Belə razılaşma yüklülük
müqaviləsində də müəyyən edilə bilər.
15.2. Borclu yüklülüklə təmin
edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən
icra etmədikdə və ya lazımınca icra etmədikdə
yüklülük sahibi öz sahibliyində olan
yüklülük predmetini bu qanunla müəyyən
olunmuş qaydada sata bilər.
15.3. Yüklülük verən və
ya borclu yüklülük sahibinin sahibliyində olan
yüklülük predmetinə tutma yönəldilməsindən
məhkəməyə şikayət etdikdə
yüklülük predmetinin satılması
dayandırılmır, bu şərtlə ki, məhkəmə
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
13-cü fəsli ilə müəyyən edilmiş qaydada
iddianı təmin etmə tədbiri kimi satışı
dayandırmaq barədə qərar qəbul etməsin.
15.4. Yüklülük predmetinin
yüklülük sahibinin sahibliyinə verilməsi barədə
işlərə Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinin 23-cü fəslinə uyğun
olaraq əmr icraatı qaydasında baxılır.
15.5. Yüklülük predmetinin
yüklülük sahibinin sahibliyinə verilməsi barədə
məhkəmə əmri 3 (üç) iş günü
müddətində icra edilir.
Maddə 16. Yüklülük predmetinin
satış üsulları
16.1. Yüklülük sahibi
yüklülük predmetini sahibliyinə qəbul etdikdən
sonra onu hərracda (açıq auksionda) və ya istənilən
üsulla sata bilər.
16.2. Yüklülük sahibi
yüklülük predmetinin satılması ilə
bağlı yüklülük predmetinin
yaxşılaşdırılması üçün xərc
çəkə bilər.
16.3. Yüklülük sahibinin bu maddə
ilə müəyyən edilmiş hüquqları məhdudlaşdırıla
bilməz.
Maddə 17. Yüklülük predmetinin
satılması
17.1. Yüklülük sahibi bu qanunun
17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks
etdirən bildirişi yüklülük predmetinin
satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl
yüklülük verənə və borcluya, bildirişin surətini
isə reyestrdə qeydə alınmış və ona məlum
olan digər yüklülük sahiblərinə verilməsini
təsdiq etmə üsulu ilə göndərməlidir.
17.2. Yüklülük predmetinin
satılması haqqında bildirişdə
aşağıdakı məlumatlar göstərilməlidir:
17.2.1. yüklülük
predmetinin təsviri;
17.2.2. icra
olunmalı öhdəliyin məbləği;
17.2.3. satışın
üsulu;
17.2.4. satışın
həyata keçirildiyi yer, tarix və vaxt;
17.2.5. bildirişin
tarixi, bildirişi imzalayan şəxsin adı və imzası.
17.3. Yüklülük sahibi
yüklülük predmetini ağlabatan qiymətə (oxşar
əşyanın oxşar şəkildə alınması
zamanı qoyulan qiymət) satmalıdır.
17.4. Yüklülük verən və
ya borclu bu qanunun 17.1-ci maddəsində müəyyən edilən
bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində
yüklülük predmetini satın almaqda üstünlük
hüququna malikdir.
17.5. Yüklülük predmetinin daha
baha qiymətə satılması mümkünlüyü həmin
satışın ağlabatan qiymətə həyata
keçirilməməsini təsdiq etmir.
17.6. Yüklülük sahibi
yüklülük predmetini ağlabatan qiymətdən
aşağı qiymətə satdıqda, o,
yüklülük verən, hər hansı başqa
yüklülük sahibi və yüklülük predmeti üzərində
hüquqları olan digər şəxs (şəxslər)
qarşısında onlardan hər hansı birinə bununla əlaqədar
vurulmuş zərərə görə qanunvericiliklə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyır.
Maddə 18. Yüklülük predmetinin
satılmasından əldə olunan gəlirin
bölüşdürülməsi
18.1. Yüklülük predmetinin
satılmasından əldə olunan məbləğ
yüklülük sahibi tərəfindən
aşağıdakı qaydada
bölüşdürülür:
18.1.1. yüklülük
predmetinin saxlanması, salamatlığı,
yaxşılaşdırılması və onun
satılmasına çəkilmiş xərclərin ödənilməsinə;
18.1.2. bu qanunun
3-cü fəslində müəyyən edilmiş hallarda və
qaydada daha üstün hüquqa malik olan tələblərin
ödənilməsinə;
18.1.3. yüklülük
predmetini satan yüklülük sahibinin tələblərinin
ödənilməsinə;
18.1.4. bu qanunun
3-cü fəslində müəyyən edilmiş hallarda və
qaydada daha aşağı hüquqa malik olan tələblərin
ödənilməsinə.
18.2. Yüklülük sahibi
yüklülük predmetinin satılmasından 5 (beş) iş günü müddətində
yüklülük verəni və borclunu yüklülük
predmetinin satışından götürülmüş məbləğin
bölüşdürülməsi barədə yazılı
formada məlumatlandırmalıdır.
18.3. Bu qanunun 18.1-ci maddəsində nəzərdə
tutulmuş ödənişlər həyata keçirildikdən
sonra yüklülük predmetinin satışından əldə
olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin
satılmasından 10 (on) iş günü müddətində
yüklülük verənə qaytarılır.
18.4. Əgər yüklülük
predmetinin satışından götürülən məbləğ
yüklülük sahibinin tələbini ödəmək
üçün yetərli deyildirsə, o,
çatışmayan məbləği, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından
almaq hüququna malikdir. Bu halda
yüklülük sahibinin yüklülüyə əsaslanan
üstünlük hüququ yoxdur.
18.5. Yüklülük sahibi bu qanunun
18.3-cü maddəsinin tələblərini pozduqda,
yüklülük verən qarşısında bununla əlaqədar
vurulmuş zərərə görə qanunvericiliklə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyır.
Maddə 19. Yüklülük predmetinin
yüklülük sahibinin mülkiyyətinə
götürülməsi
19.1. Yüklülüklə təmin
edilmiş öhdəliyin və ya onun müəyyən hissəsinin
müqabilində yüklülük predmetini mülkiyyətinə
götürmək istəyən yüklülük sahibi bu
qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı
əks etdirən bildirişi yüklülük verənə və
borcluya, bildirişin surətini isə ona məlum olan digər
yüklülük sahiblərinə verilməsini təsdiq etmə
üsulu ilə göndərməlidir.
19.2. Bildiriş aldıqdan 10 (on)
iş günü ərzində yüklülük verən və
borclu yüklülüyün təmin etdiyi öhdəliyin və
ya onun müəyyən hissəsinin müqabilində
yüklülük predmetinin yüklülük sahibinin
mülkiyyətinə keçməsinə yazılı
razılıq verdikdə və bildirişi alan
digər yüklülük sahibləri buna etiraz etmədikdə,
bildirişi göndərmiş yüklülük sahibi
bildirişdə göstərilmiş şərtlərlə
yüklülük predmetini mülkiyyətinə götürə
bilər.
19.3. Yüklülük verən və
borclu yüklülüyün təmin etdiyi öhdəliyin və
ya onun müəyyən hissəsinin müqabilində
yüklülük predmetinin yüklülük sahibinin
mülkiyyətinə keçməsinə yazılı
razılıq vermədikdə və ya bildirişi alan digər yüklülük sahibləri buna
yazılı etiraz etdikdə, bildirişi göndərmiş
yüklülük sahibi bu qanunun 16-cı maddəsinin tələblərinə
əməl etməlidir.
5-ci fəsil
Daşınar əmlakın
yüklülüyünün dövlət reyestri və
yüklülüyün qeydə alınması
Maddə 20. Reyestr
20.1. Reyestr elektron informasiya sistemi
formasında təşkil olunur, bildirişlərin daxil edilməsi
və bildirişlər üzrə axtarış
aparılması üçün fasiləsiz fəaliyyət
göstərir.
20.2. Bu qanunun 21.1.8-ci-21.1.13-cü maddələrində
göstərilənlər istisna olmaqla, reyestrə daxil edilən
bildirişdə göstərilən məlumatlar reyestrdə
axtarış aparan bütün şəxslər
üçün açıqdır.
20.3. Bu qanunun 21.1.8-ci-21.1.12-ci maddələrində
göstərilən məlumatlar rəsmi statistikanın
aparılması məqsədi üçün istifadə
olunur.
20.4. Reyestrə
aşağıdakı bildirişlər daxil edilir:
20.4.1. yüklülük
haqqında bildiriş;
20.4.2. yüklülüyə
dəyişikliklər edilməsi haqqında bildiriş;
20.4.3. yüklülüyə
etiraz etmə haqqında bildiriş;
20.4.4. yüklülüyə
xitam vermə haqqında bildiriş.
20.4. Bildiriş onlayn rejimində məlumatların
reyestrə daxil edilməsi yolu ilə qeydiyyata alınır və
ona unikal qeydiyyat nömrəsi verilir. Dövlət
və bələdiyyə yüklülükləri üzrə
bildirişlər reyestrə inteqrasiya olunmuş digər
elektron informasiya sistemləri vasitəsilə daxil edilə bilər.
20.5. Bildiriş axtarış aparan
şəxslər üçün reyestrdə
göründüyü andan qüvvəyə minmiş hesab
olunur.
20.6. Bildirişi reyestrə daxil edən
şəxs həmin bildirişdəki məlumatların
düzgünlüyünə görə məsuliyyət
daşıyır.
20.7. Reyestrə yüklülük
haqqında müqavilədən əhəmiyyətli dərəcədə
fərqlənən məlumatı əks etdirən
bildirişin daxil edilməsinə və ya bu qanunun 25.1-ci maddəsində
müəyyən olunmuş hallarda və müddətdə
bildirişin daxil edilməməsinə görə vurulan zərər
həmin bildirişi reyestrə daxil edən və ya daxil etməli
olan qurum və ya şəxs tərəfindən ödənilir.
20.8. Reyestri aparan qurumun vəzifəli
şəxsləri tərəfindən məlumatların
saxlanması və reyestrin aparılması qaydalarının
pozulması qanunla müəyyən edilmiş inzibati və
cinayət məsuliyyətinə səbəb olur.
20.9. Reyestrin fəaliyyəti bu qanunun
27-ci maddəsinə uyğun olaraq reyestrdən istifadəyə
görə toplanmış haqlar hesabına maliyyələşir.
20.10. Reyestrin aparılması
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 21. Reyestrə
yüklülük haqqında bildirişin daxil edilməsi ilə
bağlı ümumi qaydalar
21.1. Reyestrə daxil edilən
yüklülük haqqında bildirişdə
aşağıdakı məlumatlar göstərilir:
21.1.1. yüklülük
sahibi fiziki şəxs olduqda onun soyadı, adı,
atasının adı və ünvanı, fərdi identifikasiya
nömrəsi (FİN) və ya vergiödəyicisinin eyniləşdirmə
nömrəsi (VÖEN), əlaqə məlumatları, əcnəbi
olduqda isə onun pasportunun seriyası, nömrəsi və əlaqə
məlumatları;
21.1.2. yüklülük
sahibi dövlət və ya bələdiyyə orqanı, habelə
hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı,
vergiödəyicisinin eyniləşdirmə nömrəsi
(VÖEN) və əlaqə məlumatları, xarici hüquqi
şəxs olduqda isə latın hərfləri ilə tam
adı və əlaqə məlumatları;
21.1.3. borclu və
ya yüklülük verən fiziki şəxs olduqda onun
soyadı, adı, atasının adı və ünvanı,
FİN və ya vergiödəyicisinin eyniləşdirmə
nömrəsi (VÖEN), əlaqə məlumatları, əcnəbi
olduqda isə onun pasportunun seriyası, nömrəsi və əlaqə
məlumatları;
21.1.4. borclu və
ya yüklülük verən dövlət və ya bələdiyyə
orqanı, habelə hüquqi şəxs olduqda onun adı,
hüquqi ünvanı, vergiödəyicisinin eyniləşdirmə
nömrəsi (VÖEN) və əlaqə məlumatları,
xarici hüquqi şəxs olduqda isə latın hərfləri
ilə tam adı və əlaqə məlumatları;
21.1.5. yüklülük
predmetinin təsviri;
21.1.6. yüklülük
haqqında bildirişin etibarlılıq müddəti;
21.1.7. yüklülük
verənin məlumatların reyestrə daxil edilməsi
üçün razılıq verməsinin xananın işarələnməsi
yolu ilə təsdiqi;
21.1.8. yüklülüyün
təmin etdiyi əsas öhdəliyin həcmi;
21.1.9. borclunun
cinsi (fiziki şəxs olduqda);
21.1.10. borclunun
yeni və ya təkrar müştəri olması;
21.1.11. borclunun fəaliyyət
dairəsi;
21.1.12. daşınar
əmlakın növü;
21.1.13. bu qanunun
20.10-cu maddəsində nəzərdə tutulan qaydalarda
göstərilən digər məlumatlar.
21.2. Bu qanunun 21.1.6-cı-21.1.12-ci maddələrində
göstərilən məlumatların dövlət
orqanlarının, bələdiyyələrin və məhkəmənin
qərarı əsasında bu qanunun 4.2-ci maddəsində
müəyyən edilmiş yüklülüklər üzrə
bildirişlərə daxil edilməsi tələb olunmur.
21.3. Yüklülük haqqında
bildiriş aşağıdakı hallarda və şəxslər
tərəfindən reyestrə daxil edilir:
21.3.1. müqavilə
əsasında yaranan yüklülük halında həmin
müqavilə əsasında və ya bu qanunun 21.4-cü maddəsində
nəzərdə tutulmuş qaydada həmin müqavilənin
qüvvəyə minməsindən əvvəl
yüklülük sahibi tərəfindən;
21.3.2. dövlət
orqanının, bələdiyyənin və ya məhkəmənin
qərarı əsasında yaranan yüklülük
halında qərarın qüvvəyə minməsindən
sonra həmin qərarı qəbul etmiş dövlət
orqanına, bələdiyyəyə və ya məhkəməyə
bu barədə müraciət etmiş şəxs tərəfindən
və ya bu qurumların təşəbbüsü ilə
yüklülük tətbiq edildiyi halda həmin qurumların
özü tərəfindən;
21.3.3. qanun əsasında
yaranan yüklülük halında borclu tərəfindən
öhdəliklərin icra edilməməsi və ya
lazımınca icra edilməməsi faktı aşkar olunduqdan
sonra yüklülük sahibi (kreditor) tərəfindən.
21.4. Müqavilə əsasında
yaranan yüklülük haqqında bildiriş
yüklülük yaradan müqavilə tərəflər
arasında imzalanmamışdan əvvəl yüklülük
verənin yazılı razılığı əsasında
yüklülük sahibi tərəfindən reyestrə daxil
edilə bilər. Bu halda yüklülük
sahibi yüklülük haqqında bildirişin qeydiyyata
alındığı tarixdən 30 (otuz) gün ərzində
yüklülük verənlə müqavilə
bağlamalı və ya yüklülük haqqında
bildirişə dərhal xitam verməlidir.
21.5. Müqavilə əsasında
yaranan yüklülük haqqında bildirişin reyestrə
daxil edilməsi üçün yüklülük verənin
yazılı razılığı tələb olunur. Belə razılıq müqavilədə və ya
ayrıca tərtib olunmuş sənəddə göstərilməlidir.
21.6. Dövlət orqanının, bələdiyyənin
və ya məhkəmənin qərarı, habelə qanun əsasında
yaranan yüklülük haqqında bildirişin reyestrə
daxil edilməsi üçün yüklülük verənin
razılığı tələb olunmur.
21.7. Yüklülük haqqında
bildiriş onda göstərilmiş müddətədək
qüvvədədir və reyestrdə yüklülüyə
xitam vermə haqqında bildiriş daxil edilmədən
yüklülük barədə bildirişə onda göstərilən
müddət bitənədək qabaqcadan yalnız məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı əsasında
xitam verilə bilər.
Maddə 22. Reyestrdə
yüklülüyün predmetinin təsviri
22.1. Yüklülüyün
predmetinin təsviri elə verilməlidir ki, həmin təsvir əsasında
daşınar əmlakın, hüquqların və tələblərin
(əvəzedilən və ya əvəz edilməyən əşyalar,
istehlak malları, mürəkkəb əmlak, habelə
onların ləvazimatları və ya tərkib hissələri
və s.) yüklülük predmeti kimi ağlabatan dərəcədə
eyniləşdirilməsi mümkün olsun.
22.2. Yüklülük predmetinin təsvirində
yüklülük verənin bütün mövcud və ya gələcək
daşınar əmlakından ibarət olması göstərilə
bilər. Bu cür təsvir, həmçinin
daşınar əmlakın müəyyən bir
növünü (kateqoriyasını), debitor borcları və
ya onların müəyyən hissəsini ehtiva edə bilər.
Maddə 23. Yüklülüyə
etiraz etmə haqqında bildirişin reyestrə daxil edilməsinin
ümumi qaydaları
23.1. Əgər yüklülük
verən reyestrə daxil edilmiş yüklülük
haqqında bildirişdə göstərilən məlumatların
düzgün olmadığını hesab edirsə və
yüklülük sahibi həmin bildirişi xəbərdarlığı
aldığı tarixdən 5 (beş) iş günü
müddətində dəyişdirməkdən və ya ona
xitam verməkdən imtina edərsə və ya edilmiş dəyişikliklər
yüklülük verəni və ya borclunu qane etməzsə,
yüklülük verən və ya borclu reyestrə
yüklülüyə etiraz etmə haqqında bildiriş
daxil etmək hüququna malikdir.
23.2. Yüklülüyə etiraz etmə
haqqında bildirişdə aşağıdakı məlumatlar
göstərilməlidir:
23.2.1. etiraz olunan
yüklülük haqqında bildirişin qeydiyyat nömrəsi;
23.2.2. yüklülüyə
etiraz etmə haqqında bildirişi reyestrə daxil edən
şəxs barədə bu qanunun 21.1.1-ci və 21.1.2-ci maddələrində
nəzərdə tutulan məlumatlar;
23.2.3. etiraz olunan
yüklülük haqqında bildirişin dəyişdirilməsinə
və ona xitam verilməsinə əsas olan hallar haqqında əsaslandırılmış
məlumatlar;
23.2.4. bu qanunun
20.10-cu maddəsinə uyğun olaraq təsdiq ediləcək
qaydalarda göstərilən digər məlumatlar.
23.3. Yüklülüyə etiraz
edilməsi haqqında bildirişin reyestrə daxil edilməsi
etiraz olunan yüklülük haqqında bildirişin
xitamına səbəb olmur və reyestrdə etiraz haqqında
bildirişlər axtarış aparan bütün şəxslər
üçün açıq şəkildə
saxlanılır.
23.4. Yüklülüyə etiraz etmə
haqqında bildirişdən, habelə yüklülük
haqqında bildirişin dəyişdirilməsindən və ya
xitamından imtinadan şikayətlərə məhkəmələrdə
baxılır.
Maddə 24. Yüklülüyə dəyişikliklər
edilməsi haqqında bildirişin reyestrə daxil edilməsinin
ümumi qaydaları
24.1. Aşağıdakı hallarda
yüklülük sahibi tərəfindən ona məlum
olduğu andan yüklülüyə dəyişikliklər
edilməsi haqqında bildiriş reyestrə daxil edilir:
24.1.1. yüklülük
predmeti əvəz edildikdə və ya yüklülük
predmetinin tərkibində hər hansı dəyişikliklər
edildikdə, o cümlədən bir növ daşınar əmlak
digər növ daşınar əmlaka çevrildikdə,
habelə yüklülük predmetinin təsvirində dəyişiklik
edildikdə;
24.1.2. qanun və
müqavilə əsasında yüklülük sahibi,
yüklülük verən və borclu başqası ilə əvəz
edildikdə;
24.1.3. bu qanunun
21.1.1-ci - 21.1.4-cü maddələrində nəzərdə
tutulan məlumatlarda dəyişiklik baş verdikdə;
24.1.4. qanun və
müqavilə əsasında yüklülük haqqında
bildirişin etibarlılıq müddəti dəyişdirildikdə;
24.1.5. qanunla və
müqavilə ilə müəyyən edilmiş digər
hallarda.
24.2. Yüklülüyə dəyişikliklər
edilməsi haqqında bildirişdə aşağıdakı
məlumatlar göstərilməlidir:
24.2.1. dəyişiklik
olunan yüklülük haqqında bildirişin qeydiyyat
nömrəsi;
24.2.2. yüklülüyə
dəyişikliklər edilməsi haqqında bildirişi reyestrə
daxil edən qurum və ya şəxs barədə bu qanunun
21.1.1-ci və 21.1.2-ci maddələrində nəzərdə
tutulan məlumatlar;
24.2.3. reyestrə
inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə
daxil edilən dövlət və bələdiyyə
yüklülükləri üzrə bildirişlər istisna
olmaqla, yüklülüyə dəyişikliklər edilməsi
haqqında bildirişin reyestrə daxil edilməsinə əsas
olan hallar haqqında məlumatlar;
24.2.4. yüklülüyün
predmetində dəyişikliklər edildikdə və ya borclu əvəz
edildikdə, yüklülük verənin məlumatların
reyestrə daxil edilməsi üçün razılıq verməsinin
xananın işarələnməsi yolu ilə təsdiqi
(yüklülük sahibinin dövlət orqanı və ya bələdiyyə
olması istisna olmaqla);
24.2.5. bu qanunun
20.10-cu maddəsinə uyğun olaraq, təsdiq ediləcək
qaydalarda göstərilən digər məlumatlar.
24.3. Bu qanunun 24.2.4-cü maddəsində
göstərilən təsdiqin edilməsi üçün bu
qanunun 21.5-ci maddəsində nəzərdə tutulan qaydada
razılıq verilir.
Maddə 25. Yüklülüyə xitam
vermə haqqında bildirişin reyestrə daxil edilməsinin
ümumi qaydaları
25.1. Borclu reyestrə daxil edilmiş
yüklülüklə bağlı öhdəliyi tam həcmdə
icra etdikdən sonra yüklülük sahibi 5 (beş)
iş günü ərzində yüklülüyə xitam
vermə haqqında bildirişi reyestrə daxil etməlidir, bu
şərtlə ki, yüklülük haqqında bildiriş
onda nəzərdə tutulan müddət bitdikdən sonra və
ya reyestrə inteqrasiya olunmuş digər elektron informasiya
sistemləri vasitəsilə avtomatik qaydada reyestrdə
görünən məlumatların siyahısından silinməmiş
olsun.
25.2. Əgər yüklülük
haqqında bir bildirişdə bir neçə
yüklülük sahibi varsa (birgə kreditorlar) və onlardan
birinin yüklülük hüququna xitam verilirsə,
yüklülüyə xitam vermə haqqında bildiriş
yalnız buna razılıq vermiş yüklülük
sahibinin hüququ ilə bağlı tətbiq olunur.
25.3. Yüklülüyə xitam vermə
haqqında bildirişdə aşağıdakı məlumatlar
göstərilməlidir:
25.3.1. xitam olunan
yüklülük haqqında bildirişin qeydiyyat nömrəsi;
25.3.2. yüklülüyə
xitam vermə haqqında bildirişi reyestrə daxil edən
şəxs barədə bu qanunun 21.1.1-ci və 21.1.2-ci maddələrində
nəzərdə tutulan məlumatlar;
25.3.3. bu qanunun
25.2-ci maddəsində göstərilənlər nəzərə
alınmaqla yüklülüyün qüvvədən
düşməsinin xananın işarələnməsi yolu ilə
təsdiqi;
25.3.4. bu qanunun
20.10-cu maddəsinə uyğun olaraq təsdiq ediləcək
qaydalarda göstərilən digər məlumatlar.
25.4. Yüklülüyə xitam vermə
haqqında bildirişin yüklülük sahibi tərəfindən
reyestrə daxil edilməsindən imtinadan şikayətlərə
məhkəmədə baxılır və reyestrdə olan
yüklülüyə məcburi qaydada xitam verilməsinə
yalnız qüvvəyə minmiş məhkəmə qərarı
əsasında yol verilir.
25.5. Yüklülük sahibi bu qanunla
müəyyən edilmiş müddətdə və qaydada
yüklülüyə xitam vermə haqqında bildirişin
reyestrə vaxtında daxil edilməməsi nəticəsində
vurduğu zərərə görə yüklülük verən
qarşısında Azərbaycan Respublikasının Mülki
Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyır.
Maddə 26. Reyestrdə məlumat
axtarışı və reyestrdən
çıxarışın verilməsi
26.1. Reyestrdə borclu və ya
yüklülük verən barədə məlumat
axtarışı dövlət və ya bələdiyyə
orqanı, habelə hüquqi şəxslə bağlı onun
vergiödəyicisinin eyniləşdirmə nömrəsi
(VÖEN), xarici hüquqi şəxslə bağlı
latın hərfləri ilə tam adı, fiziki şəxslə
bağlı onun FİN, xarici vətəndaşla bağlı
onun pasportunun seriyası və nömrəsi,
yüklülüklə bağlı reyestrdə olan
bildirişin unikal qeydiyyat nömrəsi əsasında həyata
keçirilir.
26.2. Reyestrdə məlumat
axtarışı və məlumat axtaran şəxsin reyestr
vasitəsilə sorğusu əsasında ona
axtarışın nəticələrinə dair elektron sənəd
formasında hesabatın verilməsi ödənişsiz həyata
keçirilir. Hesabatda göstərilən məlumatlar
bu qanunun 20.10-cu maddəsinə uyğun olaraq təsdiq ediləcək
qaydalarla müəyyən edilir.
Maddə 27. Reyestrdən istifadə
haqqı
Yüklülük,
yüklülüyə dəyişikliklər edilməsi və
yüklülüyə xitam vermə haqqında bildirişlərin
reyestrə daxil edilməsinə, habelə reyestrdə məlumat
axtaran şəxsin sorğusu əsasında ona
axtarışın nəticələrinə dair kağız
daşıyıcılarda təsdiqlənmiş hesabatın
verilməsinə görə haqq tutulur. Haqqın məbləği
və bu haqqı ödəməkdən azadolmalar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
6-cı fəsil
Yekun müddəalar
Maddə 28. Keçid müddəalar
28.1. Yüklülük sahibi bu qanun
qüvvəyə minənədək yaranmış
daşınar əmlakın yüklülüyü ilə
bağlı bu qanunun 5.3-cü maddəsində nəzərdə
tutulmuş digər üsullardan istifadə edə bilər.
28.2. Bu qanun qüvvəyə minənədək
yaranmış daşınar əmlakın
yüklülüyü ilə bağlı yüklülük
sahibi yüklülük verəni xəbərdar etmək şərti
ilə reyestrə yüklülük haqqında bildiriş
daxil edə bilər. Bu halda yüklülük
verənin əvvəlcədən razılığı tələb
olunmur və yüklülük haqqında bildiriş reyestrin fəaliyyətə
başladığı tarixdən sonrakı 9 ay müddətində
reyestrə daxil edilə bilər.
28.3. Bu qanun qüvvəyə minənədək yaranmış daşınar əmlakın yüklülüyü ilə bağlı yüklülük sahibi reyestrin fəaliyyətə başladığı tarixdən sonrakı 9 ay müddətində yüklülük haqqında bildirişi reyestrə daxil etdikdə və ya bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş digər üsullardan istifadə etdikdə bu açıqlama yüklülüklə bağlı öhdəliyin yarandığı tarixdən hesablanır.
28.4. Bu qanun qüvvəyə minənədək yaranmış daşınar əmlakın yüklülüyü ilə bağlı bu qanunun 5.3.2-ci və 5.3.3-cü maddələri ilə nəzərdə tutulmuş üsullardan biri tətbiq edilərsə, yüklülük sahibi yüklülük predmeti üzərində sahibliyini və nəzarətini davam etdirə, habelə yüklülük haqqında bildirişi reyestrə daxil edə bilər.
28.5. Bu qanun qüvvəyə minənədək yaranmış daşınar əmlakın yüklülüyü ilə bağlı yüklülük sahibi reyestrin fəaliyyətə başladığı tarixdən sonrakı 9 ay müddətində bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etmədikdə, bu müddətdən sonra həmin üsulların tətbiq edilməsi üsulun faktiki tətbiq edildiyi tarixdən hesablanır.
28.6. Bu qanun qüvvəyə minənədək yaranmış yüklülüklə bağlı bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan birini bu qanunun qüvvəyə minməsi tarixindən 9 ay müddətində tətbiq etməmiş yüklülük sahibi ilə bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan birini tətbiq etmiş yüklülük sahibi arasında üstünlük bu qanunda göstərilmiş qaydada müəyyən edilir. Bu məqsədlər üçün yüklülük ona münasibətdə bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş üsullardan biri tətbiq edilmiş kimi qəbul edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 may 2017-ci il
Azərbaycan. - 2017.-28 may.-
S.3, 4.