“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarına

 

Hörmətli konqres iştirakçıları!

Sizi – Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi qəlbdən salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə nailiyyətlər arzulayıram.

“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin təşkilinin artıq ənənəvi şəkil alması onun kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafı sahəsində nüfuz qazandığını göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan konqresinizin işində dünyanın müxtəlif mötəbər tibb mərkəzlərini, o cümlədən ABŞ-ın Klivlend Klinikasını, Almaniyanın Berlin Ürək Mərkəzini, Türkiyə, Rusiya, İsveçrə, Avstriya və digər ölkələrin tibb müəssisələrini təmsil edən 400-ə yaxın kardioloq alim və cərrahın iştirakı təqdirə layiqdir.

Yaxşı məlumdur ki, kardioloji xəstəliklər müasir dövrdə insanların ən çox məruz qaldığı xəstəliklərdəndir. Dünyanın nüfuzlu kardioloji mərkəzlərində aparılan ən çətin əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqların fəaliyyəti sayəsində uğurla həyata keçirilməsi fərəh doğurur. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual problemlərinin həllinə yönəlmiş birgə səylərinizin gözəl bəhrə verəcəyinə inanıram. Sevindirici haldır ki, Azərbaycan səhiyyəsinin bugünkü vəziyyəti təbabətin sürətlə inkişaf edən sahələrindən biri kimi kardiologiya elminin ən son nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaradır.

Ölkəmizdə gerçəkləşdirilən bir çox tədbirlər, xüsusilə əhalinin müntəzəm dispanserizasiyası, sağlam həyat tərzinin təbliği, idmanın və bədən tərbiyəsinin geniş vüsət alması kardioloji xəstəliklərin profilaktikasına xidmət edir. Builki konqresinizin böyük müvəffəqiyyətlə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının ardınca keçirilməsi idman və təbabət arasında bağlılıq baxımından rəmzi məna daşıyır. Son illər Azərbaycanda mütəmadi təşkil olunan beynəlxalq səviyyəli mötəbər tədbirlər müxtəlif ölkələrdən gələn qonaqlara dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakı ilə, xalqımızın mədəniyyət, elmiqtisadiyyatda nail olduğu parlaq nəticələrlə tanışlıq imkanı yaratmışdır. Əminəm ki, sizdoğma vətəninizə xalqımız və şəhərimiz haqqında aldığınız xoş təəssüratlarla dönəcəksiniz.

Ümidvaram ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və tibb elminin inkişafına layiqli töhfəsini verəcəkdir.

Ən səmimi arzularla,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2017-ci il.

 

Azərbaycan.- 2017.- 28 may.- S.2.