Ali Baş Komandan
və bayraqdarları
Dənizkənarı Milli
Parkda ölkənin göylərdə üzən Baş
bayrağının altında dayanmışıq. Elə
düşünəcəksiniz ki, bu bayraq sakit
dalğalanır, səmalarda səssiz-səmirsiz üzüb
gedir. Yanılırsınız. Ağlınıza belə gəlməz ki, bayraq da
dil açıb danışa, oxuya bilərmiş. Ancaq bu, doğrudan da belədir. Xəzərin
çılğın küləkləri ölkənin
Baş bayrağını dalğalandırdıqca onun
ayağında duran hər bir kəs küləklərin və
bayrağın göylərdən gələn qoşa bəstəsini
eşidəcək. Əgər siz də
buna cəhd etsəniz, dənizin, şəlalələrin səsi
bir-birinə qarışacaq, səmalardan ruhunuza yağan
suların pıçıltısını, nəğməyə
dönən gur səsini eşidəcəksiniz. Vətən və bayraq haqqında ən gözəl
musiqini dinləyirmiş kimi, səmaların səsinə
heyran qalacaqsınız.
Ölkədə başa çatan
İslamiadaya da elə bu bayrağın altından, ya da onun
dalğalandığı ucalıqlardan baxanda elə
düşünürsən ki, sanki Oyunlara qatılan 54
dövlətin bayraqlarını əziz qonaq kimi qəbul edib
qanadının altına alan, onlara
evsahibliyi edən də ölkənin Baş
bayrağıdır.
Oyunlar boyu 54 dövlətdən
yarışa qatılan qalib idmançıların təmsil
etdikləri ölkələrin bayraqlarını göyə
qaldıran 100-ə yaxın əsgər, gizir və zabit isə
Dövlət Sərhəd Xidmətinin hərbçiləri
idi. Yalnız bir neçə kəlmə ilə onu qeyd
edək ki, dövlət sərhədlərinin qorunma tarixi əsrlərin
dərinliyinə gedib çıxır. Lakin ilk sərhəd
postu Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il iyun ayının 22-də Poylu stansiyasında
yaradılmışdır. Bu postun ardınca Azərbaycan
Respublikasının əksər sərhəd ərazilərində
Daxili İşlər Nazirliyinin tabeliyində olan sərhəd
mühafizə qüvvələri təşkil edildi. Bu
gün ölkəmizin sərhədlərini qoruyan
qoşunları isə ulu öndər Heydər Əliyev Milli
Təhlükəsizlik Nazirliyinin tabeçiliyindən
çıxararaq 2002-ci il 31 iyul tarixli fərmanı
ilə Dövlət Sərhəd Xidmətinı yaratdı,
yeni quruma mərkəzi icra hakimiyyəti orqanı statusu verdi. İslamiada bayraqdarları da bu xidmətın
tabeçeliyindəki hərbi hissələrdən
seçilmişlər idi.
Sərhəd Xidmətinin
Şüvəlandakı Təlim Mərkəzində bizə
danışdılar ki, medal mərasimi üçün
bayraqdarları seçmək o qədər də asan
olmayıb. Hərbçilərin xarici görkəmlərinə,
bioqrafiyasına, sağlamlıqlarına və
döyüş qabiliyyətlərinə xüsusi fikir verilib.
Bir sözlə, sərhəd xidmətinin
müxtəlif hərbi hissələrinin qaymağı
yığılıb, məğrurların məğruru, cəsurların
cəsuru seçilib. Əsgər, gizir və
zabitlərdən ibarət bu tərkib hələ Oyunlardan bir
neçə ay əvvəl - təlim mərkəzinə ezam
edildikləri gündən ciddi hazırlıqlara start verilib.
Onlar qarda, yağışda, qızmar istilərdə belə
gözlərini qırpmadan günlərlə pusquda dura bilən,
cəsarətlə sərhəd pozucularının
qarşısını alan, onlarla hətta
əlbəyaxa savaşa cəsarətlə atılmağı
bacaran sərhədçilərdir. Nağıllarımızın
dili ilə desək, dəyirmanın gözündən diri
çıxmağı bacaran qəhrəmanlar. Lakin Təlim Mərkəzində tələblər
fərqli, sadə göründükləri qədər də
çətin idi. Burada nə pusquya, nə də əlbəyaxa
döyüşə ehtiyac vardı, sadəcə, medal mərasimini
mükəmməl başlamaq və qüsursuz başa
çatdırmaq lazım idi.
Bütün bayraqdarlar 54
ölkənin bayraqlarını gözü yumulu
tanımalı, səhv buraxmalı deyildi. Medal mərasimində
bayraqların düzgün bükülməsi, açılması,
taxılmasında, trapesiyada qaldırıldıqdan sonra
yığılmasında səhv buraxmaq olmazdı.
Sıra yürüşındə başların
düzgün baxılması, çənələrin
yuxarı düzgün qalxması, sırada gedərkən
yandakı, qarşıdakı bayraqdarla ara
məsafələrin santimetrinə qədər dəyişməməsi
təmin edilməli idi. “Yerində addımla”,
“Addımla marş” və “Yerində dur” komandaları mükəmməl
yerinə yetirilməli idi. Bayraqların
daşınması zamanı liderin - sırada birinci
bayraqdarın digərlərini arxasınca cəsarətlə
aparması, bayrağa salam verməsi məşqlərin
ən çətini idi. Bayrağı çıxarıb
sağa və sola dönərək “Addımla marş”
komandası altında iki kolondan birinə keçməyə də
alışmaq lazım idi.
Dəstədə olan
bütün bayraqdarların düzgün addımlaması,
qolların düzgün və sərt fiksasiyası, medal mərasiminin
döngələrində, bayraq nöqtəsində
düzgün dönmələrə təlimlərdə həftələr,
aylarla vaxt sərf edildi. Bu məşqlərin heç birini heç kim görməyib. Lakin idman
saraylarındakı, teleekranların qarşısındakı
milyarddan yuxarı tamaşaçı Oyunlar zamanı Azərbaycan
əsgərinin mükəmməl və cilalanmış
simasını gördü. Bayraqdarların
qürurlu sıra ilə meydana daxil olmalarını, şəstlə
yerimələrini hamı gördü. 6-8
nəfərdən ibarət dəstələr bütün
idman zallarında bir nəfər kimi addımlayırdı.
Hərbçilərimiz yüz milyonlarla tamaşaçıya
virtuoz qənirsiz medal mərasimlərini nümayış
etdirdilər! Ayaqlar yerdən eyni vaxtda qalxıb
döyüş təbili kimi eyni zamanda yerə zərblə dəyirdi,
bütün döngələrdə dönüşlər səlis
və qüsursuz olmaqdan savayı gözəl
görünürdü. Qollar dümdüz irəli
atılır, bircə an göydə donaraq
aşağı gedirdilər. Oyunlar boyu sərt
təlimlərin sınaqlarından keçən bayraqdarlar
heç bir səhv buraxmadılar, gərgin məşqlərə
yüksək nəticələrlə yekun vurdular. Ona görə ki, bayraqdarların təlimləri
heç də Kreml kursantlarının
hazırlıqlarından geri qalmırdı.
Teleekranlarda izlədiyimiz
medal mərasimləri bir şou qədər təntənəli
görünsə də, yaxşı bilirik ki, düşmən
də bunları izlədikcə içi didim-didim didilir,
dişi bağırsağını kəsir, müzəffər
ordumuzun əzəməti qarşısındakı əbədi
acizliyini dərk edirdi. Və qorxusundan müəmmalı himayədarlarının
qucağına daha dərin sığınmağa
çalışırdı. Aldığımız
qızıl medalların şərəfinə 75 dəfə
göylərə millənən Azərbaycan
bayrağının əzəməti düşməni
sıxdı, türk bayrağının 71 uçuşu
xoflandırdı, hətta qonşu dost İranın İslam Həmrəyliyi
Oyunlarında 26 dəfə göylərə yüksələn
bayraqlarına da qısqandılar. Düşmənə
bizim kiminləsə dostluğumuz lazım deyil, bizi hamı ilə
qarşı-qarşıya qoymaq, yaratdığı
çaxnaşmalardan, müharibələrdən xal qazanmaq əsas
məqsədləridir.
Amma İslamiadanın Azərbaycanda
keçirilməsi Qafqazdan bütün dünyaya edilən
barış çağırışı, sülh mesajı
idi. Bakıda sülhə qanadlanan bayraqların sayı
artdıqca tərəfdaşlarımız çoxalır,
sülh məramımız barış rəmzi kimi
yaddaşlara həkk edilir. “Yenilməz”
qiyafəsində təlxəkliyindən qalmayan düşmən
acizliyini anlayır. Mənəvi məğlubiyyətin
arxasınca gələn cismani məhvinin qaçılmaz
olduğunu dərk edir.
Heydər Əliyevin
adını daşıyan idman arenasında bayraqdarların səhnəarxası
həyatını bir neçə dəfə izləyə
bildik. Şən, sevinc içində idilər, sanki
toy-bayram idi. Amma diqqətli idilər,
bayraqların yerini əzbər bilir, sehirbaz kimi cəld tərpənirdilər.
Biz göydə bayrağın ütülənməsini
də gördük. Sərhədçilərdən
birinə əlinə aldığı bayraq ütüsüz
gələn kimi iki hərbçi hərəsi bir tərəfdən
bayrağı dartıb göydə tarıma çəkir, o
birisi də ütünü əlinə alıb göyə “sərilən”
bayrağı rahatlıqla ütüləyir və medal mərasiminə
yola salırdı.
- Sizin üçün bu Oyunlarda
yadda qalan və qeyri-adi görünən nələrdir - deyə
soruşduq.
- Azərbaycan bayrağını dəfələrlə
daşımağımız, hər
çıxışımız unudulmaz bir xatirə oldu.
Adını soruşanda isə
üzr istəyir ki, deyə bilməyəcək, komandiri indicə
gələcək, 4-5 dəqiqə gözləmək
lazımdır.
Başqa bir bayraqdar söhbətə
qoşuldu:
- Dövlətimizin himni. Valeh olurdum. Heç vaxt onu bu qədər
çox dinləməmişdim. Bütün
himnlər çalınırdı, amma ən yaddaqalanı Azərbaycan
himnini zalın bütünlükdə ayağa durub oxuması
idi.
Başqa bir bayraqdar əlavə edir:
- Oyunlar başa çatandan sonra
buranı tərk edib geri qayıdacağıq. Şahidi
olduğumuz səhnələr isə yaddaşımıza ən
əziz xatirə kimi həkk olunacaq. Oyunlarda
ən müqəddəs vəzifəni yerinə yetirdik, 40
dövlətin bayrağını qaldırdıq. 14 dövlətin də bayraqlarını hər
gün hörmətlə ütüləyib yerindən
asdıq. Onlardan qalib gələn
olmadı.
Digər hərbçi isə
adlarını qeyd edə bilmədiyimizdən keçirdiyimiz
narahatlığı başa düşdü və zarafatla
gülümsəyib dedi ki, sizə ad çəkəcəyəm:
- Qızım Gülünün 4
yaşı var, bilir ki, bayraqdaram. Evdə hər dəfə
televizorda medal mərasimini görən kimi hay-küy salır
ki, baba, ata gəlir, baba, bayraqlar gəlir!!!
“Oyunlar iç dünyanızda,
daxilinizdə nəyisə dəyişdimi” - sualına hərə
bir cümlə ilə cavab verməyə
çalışdı:
- Nə dəyişmədi ki? Ağlımıza sığmayan qürur sahibiyik bu
gün.
- Göyə ucalan bayraqlar bizə Vətənin
ucalıqlarını bəxş etdi. Hər
şey möhtəşəm və unudulmaz oldu. Ölkəmizlə, gördüyümüz işlə
fəxr edirik.
- Dövlət Sərhəd Xidmətinin
rəisi hamımızın valideynlərinə təşəkkür
məktubu göndərəcək. Anam oxuyub
sevinəcək, kövrələcək.
O biri bayraqdar əlini dostunun
çiyninə qoyub gülümsədi:
- Məzuniyyətin var, anana
generalımızın məktubundan tez çatacaqsan.
Xaricdən dəvət olunan mütəxəssislərdən biri medal mərasiminin supervayzeri Jayme Alsopdan bayraqdarlarımızı bir hərbçi kimi qiymətləndirməsini, digər ölkələrinki ilə müqayisə etməsini xahiş etdik. Jayme məmnuniyyətlə cavab verdi:
- Şəxsən mən Azərbaycan əsgərinə heyran olduğumu gizlətmirəm. Bayraqdarlar çox sərbəst idilər, bu vacibdir. Medal mərasimindəki bütün hərəkətləri əsgər mətinliyi və zərgər dəqiqliyi ilə icra etdilər. Mən fəaliyyətlərindən zövq aldığım üçün onları alqışlamağı özümə borc bilirəm. Onlarla fəxr etməmək mümkün deyil. Elə peşəkardırlar ki, sanki çiyinlərində bayraqla anadan olublar. Müqayisəyə gəldikdə isə bilirsinizmi, mənim tədbirlərimin hamısında hərbçilər iştirak etmir. Amma bayraqdarları olan tədbirləri də müqayisə etməzdim. Ona görə ki, onlar tez yorulur və ciddi gərginliklər yaradırdılar. Azərbaycan bayraqdarları ilə müqayisədə onlara hərbçi deməyə də dilim gəlmir. İslamiadanın bayraqdarları peşəkar idilər, yorulmaq nədir bilmədilər. Hətta günün sonunda belə, üzlərində təbəssüm gəzirdi.
Sərhəd Xidmətinin rəhbər heyətindən zabitlərdən biri ilə görüşdük, heç olmasa, bir bayraqdarın adını çəkməsini xahiş etdik.
- Bilirsinizmi - dedi - məsuliyyətli bir tapşırığı uğurla başa vurduq. Ad çəkilməsinə gəldikdə isə yüz nəfərə yaxın sərhədçinin hamısının adı çəkilməlidir. Lakin məşqlər və yüksək məsuliyyətlə başa vurduğumuz Oyunlarda hamı bir nəfər idi, bir nəfər də özünü 100 nəfər kimi saya bilirdi. Hamının adı çəkilməlidir, ona görə də birinin adını çəkib, o birisini deməmək mümkün deyil.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin isə fikri belə oldu: “Əlbəttə, vacibdir. Biz dövlət başçısının xüsusi tapşırığını şərəf və ləyaqətlə, qüsursuz yerinə yetirdik. Medal mərasimində iştirak edən hərbçilərimizlə öyünə bilərik. Bayraqdarlarımızın hamısının IV İslam Həmrəyliyi Oyunlarında bir adı vardı. Biz hamımız Ali Baş Komandanın bayraqdarları idik və bu missiyadan şərəf duyduq. Bayraqdarlarımızın adını belə də qeyd edin - Ali Baş Komandanın bayraqdarları”.
Bahadur
İMANQULİYEV,
Azərbaycan.- 2017.-28 may.- S.5.