Əbədi Cümhuriyyət
Heydər
Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən
qüdrətli dövrünü yaşatdığı
müstəqil Azərbaycanın nailiyyətləri
cümhuriyyətçilik prinsiplərinin təntənəsidir
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 99 il ötür. Tarixi faktlar sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti kifayət qədər mürəkkəb və çətin mərhələdə belə, demokratik ideallardan geri çəkilməmiş, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atmışdır.
1917-ci ilin fevralında
Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi
aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn
Müvəqqəti hökumət uzun müddət mövqeyini
qoruya bilmədi. 1917-ci ilin
oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində
Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə
seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər.
Onlar 1918-ci il fevralın 14-də Tiflisdə
Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini
yaratdılar. Zaqafqaziya Seymində Müsəlman
Fraksiyasını Müəssislər Məclisinə
seçkilər zamanı Azərbaycanın, habelə
bütün Cənubi Qafqazın bir milyondan çox
türk-müsəlman seçicisinin səsini qazanmış
44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin
Müsəlman Fraksiyası faktiki olaraq Zaqafqaziya müsəlman
parlamenti funksiyasını yerinə yetirirdi. Maraqlı, eyni zamanda qanunauyğun hal idi ki, Rusiya
dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seymində də
ən aparıcı üzvlər Azərbaycan nümayəndələri
idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın
müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya
Cümhuriyyəti yaradıldı. Lakin istər
daxili, istərsə də xarici siyasət sahəsində kəskin
milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və
Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin
konkret addımlar atmasına imkan vermədi. Nəticədə
1918-ci il mayın 25-də gürcü
nümayəndələr Seymdən çıxdılar və
ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini
elan etdilər.
Mayın 27-də isə
Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya
Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya
müsəlman parlamentinin) üzvləri ayrıca
iclaslarını keçirdilər və Azərbaycanın
müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə
Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan
Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan
etdi. Bununla ilk Azərbaycan parlamenti
yarandı və Azərbaycanda parlamentli respublikanın təməli
qoyuldu. 1918-ci il mayın 27-də
keçirilən həmin iclasda Azərbaycan Milli
Şurasının Rəyasət Heyəti və sədri
seçildi. Məhəmməd Əmin Rəsulzadə
Milli Şuranın sədri oldu.
Mayın 28-də Həsən
bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli
Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən
Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli
xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy
Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman Nərimanov, Heybətqulu
Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əsgər
bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə,
Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov,
Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov,
Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski,
Firidun bəy Köçərlinski, Camo bəy Hacınski,
Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy
Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov,
Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın
İstiqlal Bəyannaməsini qəbul etdilər. İstiqlal Bəyannaməsi türk-müsəlman
dünyasında, ümumiyyətlə, Şərqdə, ilk dəfə
Azərbaycanda ən demokratik respublika idarə üsulunun -
parlamentli respublikanın yaradılacağından xəbər
verirdi.
1918-ci il mayın
30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi
barədə dünyanın əsas siyasi mərkəzlərinə
radioteleqrafla məlumat verildi. Milli Şura Azərbaycan
hökumətinin təşkilini F.Xoyskiyə
tapşırdı. İlk hökumət “Müsavat”,
“Müsəlman sosialist bloku”, “Hümmət”, “İttihad” və
bitərflərdən ibarət 9 naziri təmsil edirdi. Bu dövrdə Azərbaycan Milli Şurasının
və hökumətin Gəncəyə köçməsi ilə
əlaqədar müxtəlif qüvvələr arasında
mübarizə gedirdi. İyunun 19-da Azərbaycanda
yaranmış gərgin vəziyyət nəzərə
alınaraq, ölkə ərazisində hərbi vəziyyət
elan edildi. Nazirlər Kabinetinin 1918-ci il
26 iyun tarixli 164 saylı sərəncamına əsasən Azərbaycan
Milli Ordusu yaradıldı.
1918-ci il
sentyabrın 15-də ağır döyüşlərdən
sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin
köməyi ilə Bakını azad etdi.
Şəhər
S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti
ələ keçirmiş menşevik-daşnak - “Sentrokaspi”
diktaturasından da təmizləndi. 1918-ci il
sentyabrın 17-də AXC hökuməti Bakıya
köçdü. Bakı paytaxt elan olundu.
Noyabrın 9-da AXC-nin dövlət
bayrağı üzərində aypara və səkkizguşəli
ulduz təsviri olan üçrəngli bayraqla əvəz
olundu. Müsəlman Şərqində ilk
parlamentli respublikanın tarixi Azərbaycan parlamentarizminin
tarixidir. Demokratik, hüquqi dövlət
yaradan AXC hakimiyyəti qanunların aliliyini təmin etməli
olan təsisatların, ilk növbədə, parlamentin
yaradılması zərurətini ən ümdə vəzifələrdən
biri hesab edirdi. Parlamentin fəaliyyətə
başlamasına qədər Azərbaycan Təsis Məclisi -
Milli Şura və icraedici orqan - Nazirlər Kabineti çox
mürəkkəb şəraitdə fəaliyyət göstərərək
Azərbaycan Xalq Cümhuriyyətinin qorunub
saxlanılmasında əhəmiyyətli işlər
görmüşlər. Dünya təcrübəsində,
ekstremal şəraitdə Milli Şura kimi ali
hakimiyyət orqanının yaradılması presidentləri
mövcud olmuşdur.
Azərbaycan hökuməti,
eləcə də parlamenti respublikanın müstəqilliyinin
Paris Sülh Konfransının iştirakçısı olan
qalib dövlətlər tərəfindən tanınmasına
çalışırdı. 1918-ci il dekabrın 28-də Azərbaycan
hökuməti tərəfindən parlamentin ağsaqqallar
şurası nümayəndələrinin iştirakı ilə
Paris Sülh Konfransında iştirak etmək üçün
Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri, cümhuriyyətin
beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri
olmuş Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya
nümayəndə heyəti göndərildi. Böyük əziyyətlərdən
və erməni təbliğatı ilə uzunmüddətli
mübarizədən sonra, nəhayət, həmin nümayəndə
heyəti 1920-ci il yanvarın 12-də
sülh konfransındakı əsas ölkələr tərəfindən
Azərbaycanın de-fakto tanınmasına nail oldu.
1920-ci il aprelin 22-də Azərbaycan
Cümhuriyyəti Parlamenti Paris Sülh Konfransında
missiyasını uğurla yerinə yetirmiş Azərbaycan
nümayəndə heyətini buraxmaq, Qərbi Avropa ölkələrində
(İngiltərə, Fransa, İtaliya, İsveçrə,
Polşa) və ABŞ-da diplomatik nümayəndəliklər
açmaq haqqında qanun qəbul etdi. Müzakirələr
zamanı sosialistlər blokundan olan deputatlar Almaniya və Azərbaycan
hökumətinin ciddi səylərinə baxmayaraq, onu de-fakto
belə tanımayan sovet Rusiyasında da nümayəndəliklərin
açılmasını təkid edərək buna nail oldular.
1918-ci il mayın
28-də müstəqilliyini elan etmiş Azərbaycan xalqı
müəyyən obyektiv və subyektiv səbəblərdən
bu nemətin şirinliyini uzun müddət dada bilmədi: milli
hökumət 1920-ci ilin 28 aprelində bolşevik qaragüruhu
tərəfindən devrildi, ölkə işğala məruz
qaldı. Xalqın şüurunda dərin iz
salmış milli müstəqillik və dövlətçilik
amalı növbəti dəfə amansızlıqla
boğuldu, respublikamız uzun illər sovet imperiyasının
ideoloji buxovları altında fəaliyyət göstərməyə
məcbur oldu.
70 il totalitar
rejimin ideoloji-siyasi buxovları altında yaşayan Azərbaycan
xalqının qəlbində bir müstəqil dövlətçilik
idealı kök salmışdı. Ötən əsrin
ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli
çəkilən ulu öndər Heydər Əliyev ilk
gündən həyata keçirdiyi tədbirlərlə
xalqın gələcək müstəqilliyinə iqtisadi,
siyasi və hüquqi zəmin hazırlamağa
çalışmış, bu məqsədlə
genişmiqyaslı tədbirlər həyata
keçirmişdir. Ümummilli lider həmin
illərdə müstəqil Azərbaycan üçün
möhkəm siyasi və iqtisadi təməl yaratmaqla
yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin
də əsasını qoymuş, yüksək siyasi iradə
göstərərək qanunverici orqanın xalqın milli
maraqlarına uyğun çevik və işlək fəaliyyətini
təmin etmişdir. Ötən əsrin
50-60-cı illərində respublikada milli-mənəvi
dirçəliş istiqamətində müəyyən
ehtiyatlı addımlar atılsa da, bu sahədə kompleks tədbirlər
məhz ulu öndər Heydər Əliyevin Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçildiyi vaxtdan başlanmışdır. Ümummilli lider böyük hakimiyyət ustadı kimi
dövlət hakimiyyəti orqanlarının, o cümlədən
parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə,
milli dirçəliş siyasətinin reallaşmasına
yönəltmişdir. Xüsusi
xatırlatmaq lazımdır ki, bu gün Milli Məclisin yerləşdiyi
əzəmətli bina da məhz ulu öndər Heydər
Əliyevin respublikaya birinci rəhbərliyi dövründə
- keçmiş ittifaqda analoqu olmayan memarlıq üslubunda
inşa edilmişdir.
1991-ci ildə Azərbaycan
özünün dövlət müstəqilliyini elan etsə
də, bu, əslində formal xarakter
daşımışdır. 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində
dövlətçilik ideyalarının bərqərar
olması fundamental mahiyyət kəsb etməyə
başlamışdır. Bu mərhələdən
etibarən respublikada müstəqil dövlət təsisatları
formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş,
Milli Məclisə ilk seçkilər keçirilmişdir.
Bütün bunlar respublikamızın demokratik və
hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin
əsasını qoymuşdur.
1998-ci il yanvarın 30-da ümummilli
lider Heydər Əliyev ilk dəfə “Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” sərəncam
imzalamış və bu yubiley dövlət səviyyəsində
geniş keçirilmişdir. Ümummilli liderin qeyd etdiyi kimi, əgər
XX əsrin əvvəllərində xalqımız milli
azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə
böyük addım atıbsa, XX əsrin sonunda milli
azadlığa, dövlət müstəqilliyinə tam nail
olubdur: “Müsəlman Şərqində ilk demokratik
cümhuriyyətin məhz Azərbaycan torpağında
yaranması xalqımızın o dövrdə və o illər
ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində
milli müstəqillik və azadlıq duyğularıyla
yaşaması ilə bağlıdır. O illərdə
xalqımızın qabaqcıl şəxsiyyətləri,
mütəfəkkir adamları, ziyalıları
xalqımızda milli azadlıq, milli müstəqillik
duyğularını gücləndirmiş, milli dirçəliş,
milli oyanış əhvali-ruhiyyəsini yaymış və
bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasına gətirib
çıxarmışdır”.
Ulu öndərin layiqli
davamçısı Prezident İlham Əliyev 15 fevral 2008-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin
90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam
imzaladı. Azərbaycan Respublikası Milli Məclisi
də Xalq Cümhuriyyəti Parlamentinin 90 illik yubileyinə həsr
olunmuş xüsusi tədbir keçirdi.
28 may - Respublika Günü münasibətilə
keçirilən rəsmi qəbulda Prezident
İlham Əliyev Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə
kimi səciyyələndirib. Dövlət
başçısı bildirib ki, Azərbaycan dövləti və
xalqı Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə
böyük hörmətlə yanaşır.
Cümhuriyyətin müstəqilliyinin qısamüddətli
olduğunu qeyd edən dövlət başçısı bu
iki il ərzində böyük işlərin
görüldüyünü bildirib: “Doxsan doqquz il bundan əvvəl
müsəlman aləmində ilk dəfə olaraq demokratik
respublika yaradılmışdır. Azərbaycan
xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu
respublikanı yaradıb. Bu, tarixi hadisədir,
xalqımız üçün və dünya miqyasında
tarixi hadisədir. Azərbaycan xalqı
müstəqilliyə qovuşurdu. Dünya
miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda
yaradılmışdır. Bu,
özlüyündə xalqımızın nə qədər
mütərəqqi və istedadlı olduğunu bir daha
göstərirdi.
Azərbaycan dövləti və
xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə,
onun qurucularının xatirəsinə böyük hörmətlə
yanaşır.
Bakının mərkəzində Azərbaycan
Xalq Cümhuriyyətinin şərəfinə abidə
ucaldılmışdır. Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək
üçün bu yaxınlarda mənim tərəfimdən sərəncam
imzalanmışdır”.
Müsəlman Şərqində ilk
demokratik, hüquqi və dünyəvi dövlətin məhz
Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni,
iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin
formalaşmasına təkan verən çoxşaxəli
islahatların bu məkanda gerçəkləşdirilməsi
xalqımızın zəngin dövlətçilik ənənələrinə
malik olduğunu bir daha təsdiq edir.
Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın azadlıq hərəkatı tarixində dərin
iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC sübut
etdi ki, ən qəddar müstəmləkə və repressiya
rejimləri belə Azərbaycan xalqının azadlıq
ideallarını və müstəqil dövlətçilik ənənələrini
məhv etməyə qadir deyil.
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.-28 may.- S.1; 7.