Şərqin ilk
istiqlal mücahidləri
Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması xalqımızın tarixinin çox əlamətdar
bir dövrünün əsasını qoymuşdu. XX əsrin əvvəllərində
Şərqdə ilk demokratik respublika quran Azərbaycan
xalqı bununla da dünyanın ən mütərəqqi ənənələrini
öz həyatında təcəssüm etdirdiyini bütün
beynəlxalq aləmə bildirmişdi.
Həmin dövrdə əksər
ölkələrdə gedən mürəkkəb proseslər
fonunda belə bir tarixi nailiyyətə imza atmaq kifayət qədər
çətin bir məsələ idi. Lakin xalqımız
müstəqil dövlətini elan etməklə nə qədər
zəngin keçmişə, yüksək intellektual potensiala
və böyük ideoloji dəyərlərə malik
olduğunu təsdiqləmişdir. Bu gün Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasından 99 il
keçir. 1998-ci il yanvarın 30-da ümummilli lider Heydər
Əliyev cümhuriyyətin 80 illik yubileyi ilə əlaqədar
imzaladığı sərəncamda bu möhtəşəm
hadisənin tarixi-siyasi əhəmiyyətini olduqca dəqiq
şəkildə qiymətləndirmiş və xüsusi
vurğulamışdır ki, Şərqdə ilk demokratik
dövlət quruluşunu yaratmış Azərbaycan Xalq
Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək
xalqımızın müstəqillik əzmini nümayiş
etdirmişdir. Doğrudan da Şərqdə
demokratik dövlət quruluşunun meydana çıxması o
zaman həm gözlənilməz, həm təqdirəlayiq, həm
də böyük bir hadisə idi.
Prezident İlham Əliyevin bu il
mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında” sərəncamında da cümhuriyyətin
fəaliyyətinə yüksək dəyər verilir: “Azərbaycanın
ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil
edildi, ölkənin sərhədləri müəyyənləşdirildi,
bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət
dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər
həyata keçirildi. Ölkənin ərazi
bütövlüyü və milli təhlükəsizliyi təmin
edildi, qısa müddətdə yüksək döyüş
qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə
və demokratik prinsiplərə uyğun dövlət
orqanları quruldu, maarifin və mədəniyyətin
inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın
ilk universiteti təsis olundu, təhsil milliləşdirildi,
xalqın sonrakı illərdə mədəni yüksəlişi
üçün zəmin hazırlayan, ictimai fikir tarixi
baxımından müstəsna əhəmiyyətli işlər
görüldü”.
Xalq Cümhuriyyətinin
qurucuları - Azərbaycan xalqının ən öndə gedən
ziyalıları və maarifçiləri xalqın ümumi tərəqqisinin
təmin olunmasında, demokratik cəmiyyətin formalaşdırılması
və müstəqil dövlətin sosial-siyasi əsaslarının
möhkəmləndirilməsində mühüm işlər
görmüşlər. Respublikanın iqtisadiyyatında milli
kapitalın rolunun artırılması, xarici ölkələrlə
iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi,
əhalinin sosial həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində ciddi
islahatlar aparmışlar.
İstiqlal hərəkatının
fədailəri milli mənlik şüurunun, milli ruhun və
ideologiyanın dirçəldilməsi sahəsində, tarixi və
milli varislik ənənələrinin təbliği və tədqiqində
önəmli rol oynamışlar. Azərbaycanın
istiqlalı ideyası əksər ziyalıları bir amal
altında birləşdirmişdi. “Türkləşmə,
islamlaşma və müasirləşmə” ideyası irəli
sürülmüş və onun qələbəsinə
çalışılmışdı. Bu
ideya Azərbaycanda siyasi, sosioloji və fəlsəfi istiqamətə
yönəlmişdi, ən əsası isə azərbaycançılıq
təlimi ilə qaynayıb-qarışmışdı.
Yeni qurulan Xalq Cümhuriyyəti
fəaliyyət göstərdiyi qısa zamanda öz üzərinə
götürdüyü çətin tarixi vəzifəni
imkanları son həddə çatanadək şərəflə
yerinə yetirmişdi. Kiçik zamanda böyük işlər
həyata keçirilmişdi.
İstiqlal mücahidlərinin
tərcümeyi-halına baxdıqda onlarda oxşar cəhətlərin
olduğunu görürsən. Talelələrindəki
bənzərlik, hətta bu insanların mübarizələrində
də öz əksini tapır. Moskvada, Sankt-Peterburqda və
Avropanın digər şəhərlərində yüksək
təhsil alan, xüsusən Qərb mədəniyyəti ilə
yaxından tanış olan bu ziyalılar öz intellektual
potensialı, millətinə olan sevgisi, sədaqəti ilə
XX əsrin əvvəllərində gedən proseslərdə
fəal iştirak edir, ictimai-siyasi xidmətləri ilə
xalqın milli oyanışında misilsiz rol
oynayırdılar. Vətənə, millətə
xidmət missiyasında onları vahid bir amal - milli mənafeyin
hər şeydən üstün tutulması birləşdirirdi.
Zəngin və keşməkeşli mübarizələrlə
dolu, nəsillərə nümunə olan ömür
yaşamış bu insanlar Azərbaycanın milli istiqlal hərəkatının
iştirakçıları olmuşdular. 120
nəfər Xalq Cümhuriyyəti parlamentinin üzvü kimi fəaliyyət
göstərmiş, müxtəlif vəzifələrdə
çalışmışlar. Bir an
belə dayanmadan işləmiş, öz dəstxətləri,
xalqına sədaqətləri ilə fərqlənmiş,
dövlətçilik tariximizdə şərəfli yer tutan
şəxsiyyətlərdən olmuşlar.
Müstəqil
iqtisadi xəttin müdafiəçisi - Ağa Aşurov
Dövlətin müstəqil
iqtisadi xəttini prinsipial mövqedən müdafiə edən
və bunun uğrunda mübarizə aparanlardan biri Ağa
Hacı Aslan oğlu Aşurov idi. Cümhuriyyətin
mövcudluğunun ilk mərhələsində dövlətin
ticarət-sənaye və ərzaq siyasətini əsasən
Aşurov müəyyən etmişdir. Belə ki, Ağa
Aşurov cümhuriyyətin ikinci hökumətində ticarət
və sənaye naziri vəzifəsini tutmuş, 1918-ci il oktyabrın 6-dək eyni zamanda ərzaq naziri
olmuşdur. Həmin vaxt, yəni oktyabrın 6-da
Hökumət Kabinetində bəzi dəyişikliklər
baş verdiyinə görə, Aşurov poçt və
teleqraf naziri təyin edilmişdir.
Lakin onun fəaliyyəti
yalnız ölkənin iqtisadi məsələlərinin həllindəki
fəal işi ilə bitmir. Aşurov, ümumiyyətlə,
dövrünün tanınmış ziyalısı, mütəxəssisi,
ictimai-siyasi xadimi olmuşdur. Belə ki,
1880-ci ildə Bakıda dünyaya göz açan Ağa
Aşurov burada gimnaziyanı bitirmişdi. Sonra Almaniyada ali təhsil almış və mühəndis-texnoloq
ixtisasına yiyələnmişdi. Vətənə
qayıtmış və Bakı şəhər bələdiyyə
idarəsində çalışmışdı. Gənc olmasına baxmayaraq, şəhərin
abadlıq-quruculuq işlərində fəal iştirak
etmişdi. 1908-ci ildə 28 yaşlı
mühəndisin rəhbərliyi ilə hətta yeni elektrik
stansiyasının tikilməsi barədə müqavilə
bağlanmışdı. Aşurov eləcə
də Bakıya şollar suyunun çəkilməsində
geniş fəaliyyət göstərmişdi.
Almaniyadan qayıtdıqdan bir
neçə il sonra Aşurov siyasi həyata
qoşulur. 1906-cı ildə Əlimərdan bəy
Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının
Nijni-Novqorodda keçirilən III qurultayında iştirak edir.
Onu qurultayın rəyasət heyətinin tərkibinə
seçirlər.
İllər keçdikcə
bu istiqlal mücahidi milli hərəkatın ən fəal
üzvlərindən birinə çevrilir. 1917-ci ilin
fevral inqilabından sonra Müsəlman Milli Şurasının
Müvəqqəti İcraiyyə Komitəsinin üzvü
seçilir, Qafqaz müsəlmanlarının Bakı
qurultayında iştirak edir. Həmin vaxt
artıq səriştəli siyasətçi olan Aşurov
1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları
dayandırmaq üçün müsəlman nümayəndə
heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin,
Erməni Milli Şurasının üzvləri və
İranın Bakıdakı konsulu Həbibulla xanla
danışıqlar aparır.
Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin üzvü seçilən Ağa Aşurov
Müsavat və bitərəflər fraksiyasında təmsil
olunub. 1918-ci il dekabrın ortalarında bütün Hökumət
Kabineti ilə birlikdə istefaya çıxıb.
Hökumətdə iki dəfə
nazir kürsüsü tutan Aşurov cümhuriyyətin fəaliyyəti
dövründə Bakıda həyata keçirilən bir
sıra mədəni-maarif tədbirlərinin də təşkilatçılarından
olub.
...1920-ci il aprelin
27-si saat 12:00-da bolşeviklər AXC parlamentinə verdiyi
ultimatuma cavab gözləyirdilər. Hakimiyyət
Qırmızı Orduya keçməli, yaxud silahlı
mübarizə başlanmalı idi. Qızğın
müzakirələrdən sonra parlament hakimiyyəti dinc yolla
təhvil vermək qərarına gəlir. Üç nəfər bitərəf qalmaqla qərar
yerinə yetirilir.
Bolşeviklərin hakimiyyəti
təslim etmək tələbinin əleyhinə səs verən
isə bir nəfər olur - Ağa Aşurov. Elə buna
görə də ertəsi gün bolşeviklər onun həbs
edilməsinə göstəriş verirlər. Aşurovu ələ keçirmək mümkün
olmur. O, Türkiyəyə mühacirət etməyə
can atır, lakin buna nail ola bilmir. Rostov şəhərinə köçüb orada
öz ixtisası üzrə mühəndis işləyir.
Deyilənlərə görə,
Ağa Aşurovun məzarı Rostovun tatar qəbiristanlığındadır,
orada 1936-cı ildə dəfn olunub. Lakin çox təəssüf
ki, həmin qəbiristanlıqda onun qəbrinin dəqiq yerini
indiyə qədər müəyyən etmək mümkün
olmayıb.
Təəssüf doğuran
cümhuriyyətin təkcə bu fədaisinin taleyi deyil.
“Xalq düşməni”
kimi güllələnən azadlıq fədaisi - Nəriman bəy
Nərimanbəyli
Azərbaycan Xalq Cümhuriyyətinin
görkəmli xadimlərindən biri də Nəriman bəy Həşim
bəy oğlu Nərimanbəyli idi. O, 4-cü Hökumət Kabinetində
dövlət müfəttişi vəzifəsində
çalışmışdı.
Milli İstiqlal hərəkatının
fəal iştirakçısı, AXC Parlamentinin üzvü
olan bu insan əslən şuşalı idi. O, bu şəhərdə
anadan olmuş, sonra valideynləri İrəvana
köçdüyü üçün orta təhsilini
oradakı gimnaziyada almışdı. Əvvəlcə
Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində oxusa
da, sonra Xarkov Universitetinin hüquq fakültəsinə qəbul
olunmuşdu. İnqilabi hərəkata da məhz
o dövrdə qoşulmuşdu. “Azərbaycanlı tələbələrin
həmyerlilər cəmiyyəti”nin rəhbərlərindən
olmuşdur.
Həmin cəmiyyətin
üzvləri, o cümlədən Nəriman bəy də
tamaşalar göstərir və əldə etdikləri gəliri
Birinci Dünya müharibəsindən zərər çəkmiş
müəllimlərin ailələrinə paylayırdılar.
1915-ci ildə N.Nərimanbəyli ali təhsilini başa çatdırıb vətənə
qayıdır. O, Bakıda vəkil işləməklə
yanaşı, bir qrup yoldaşları ilə “Müsəlman
xeyriyyə cəmiyyəti”nə rəhbərlik edir. 1917-ci il Rusiya fevral inqilabından sonra “Müsavat”
partiyasına daxil olur. Qafqaz müsəlmanlarının
Bakı qurultayında və “Müsavat” partiyasının
birinci qurultayında iştirak edir.
1918-ci ilin əvvəlindən
Nərimanbəylinin həyatında bir-birinin ardınca
mühüm hadisələr baş verir. Fevral
ayında Zaqafqaziya Seyminin üzvü seçilir. May ayında seymin müsəlman fraksiyasının,
Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan
Milli Şurasının üzvlüyünə qəbul edilir.
Noyabrda Milli Şuranın “Azərbaycan Məclisi-Məbusanının
təsisi haqqında qanun”una əsasən seçkisiz
Cümhuriyyət Parlamentinin tərkibinə daxil olur. Parlamentdə Müsavat və bitərəf
fraksiyasının üzvü olan Nəriman bəy 4-cü
hökumət kabinetində dövlət müfəttişi vəzifəsini
tutur.
Azərbaycanda sovet hakimiyyəti
qurulandan sonra Nərimanbəyli müxtəlif idarələrdə
hüquq məsləhətçisi kimi
çalışır. Lakin Xalq Cümhuriyyəti
dövrünün ictimai-siyasi və dövlət xadimi kimi
daim təqiblərə məruz qalır. Bu
səbəbdən onu işdən çıxarırlar.
Müəyyən müddət yenidən vəkil
işləməyə başlayır.
Cümhuriyyətin bir
sıra nümayəndələri kimi N.Nərimanbəylinin həyatı
da acı sonluqla bitir. 1937-ci ildə 48 yaşlı Nəriman bəy
Stalin repressiyasının qurbanı olur.
Qırmızı
terrorun daha bir günahsız qurbanı - Heybətqulu Məmmədbəyli
1937-ci ilin burulğanları
Azərbaycan Xalq Cümhuriyyətinin daha bir yadigarını -
Heybətqulu Həbibulla oğlu Məmmədbəylini də
aparır. O,
1888-ci ildə Bakının Şağan kəndində
anadan olmuşdu. Kənd yerində böyüməsinə
baxmayaraq, təhsilə maraq göstərmiş, əvvəlcə
Bakı realnı məktəbini, sonra da texniki sənaye
texnikumunu bitirmişdi. Fevral inqilabından
sonra isə siyasi fəaliyyətə qoşulmuşdu.
H.Məmmədbəyli
Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının tərkibinə
daxil olub. AXC-nin 5-ci Hökumət Kabinetində dövlət
naziri kimi məsul vəzifədə çalışıb.
İstiqlal Bəyannaməsinin lehinə səs
verən 24 Milli Şura üzvündən biri olub.
Heybətqulu Məmmədbəyli
“İttihad” fraksiyasının rəhbərlərindən idi. Bu fraksiya
Cümhuriyyət Parlamentində “İttihad” partiyasını təmsil
edirdi. Heybətqulu Məmmədbəyli
parlamentdə həmin fraksiyanı təmsil edən 11 deputatdan
biri idi. Bu deputatlar parlamentin
ayrı-ayrı komissiyalarında iştirak edirdilər. Heybətqulu Məmmədbəyli təsərrüfat
komissiyasının üzvü seçilmişdi. O, eləcə
də Müəssislər Məclisinin
çağırılması üzrə Mərkəzi
Komissiyanın üzvü idi.
“İttihad” Qərb
imperializminə qarşı mübarizədə kommunistlərlə
ittifaqa çağırırdı. Həmin dövrdə
“Müsavat” M.H.Hacınskini daxili işlər naziri vəzifəsindən
geri qaytarmaq istəyirdi. “İttihad” isə
baş nazir Nəsib bəy Yusifbəyliyə partiyalarla məsləhətləşməyi
təklif edirdi. Ümumiyyətlə,
ittihadçılar “Müsavat”ı, hakimiyyəti zorla ələ
keçirməkdə günahlandırırdılar. Eləcə də hökumətin kommunistlərə
qarşı gördüyü tədbirlərin də əleyhinə
çıxırdılar. “Müsavat”ın
hakimiyyətdən getməsinə
çalışırdılar.
1920-ci ilin aprelində
“İttihad” fraksiyası hakimiyyətin kommunistlərə təhvil
verilməsi təklifini müdafiə etdi”.
Sovet hakimiyyəti illərində
ittihadçı Heybətqulu Məmmədbəyli müxtəlif
idarələrdə çalışsa da, daim güclü təzyiqlərə,
təqiblərə məruz qalırdı. Bu təqiblər
nəticədə 1937-ci ildə qanlı terrorla
yekunlaşdı.
Xalqın tərəqqisi
üçün mübarizə aparan müəllim - Mustafa
Mahmudov
Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin digər deputatı Mustafa Hacımusa oğlu Mahmudov
silahdaşlarının bir çoxunun payına
düşmüş tale yaşamışdır. 1920-ci ilin
aprel işğalından sonra təqiblərə məruz
qalmışdır. Sovet hökuməti onu
“əksinqilabi” fəaliyyətinə görə ittiham
etmişdir.
Lakin Mustafa Mahmudovu
cümhuriyyətin digər siyasi nümayəndələrindən
fərqləndirən cəhətlər də çox idi. 1878-ci ildə
ovaxtkı Göyçay qəzasının Kürdəmir kəndində
doğulan Mustafa Qori Müəllimlər Seminariyasını
bitirməyə müvəffəq olmuşdu. 21 yaşında ikən Bakıdakı 1-ci rus-müsəlman
məktəbində müəllimlik etməyə
başlamışdı. Burada 1907-ci ilə
qədər çalışmış, 1910-1920-ci illərdə
həmin məktəbin müdiri olmuşdur. 1908-1910-cu illərdə daşınmaz şəhər
mülkiyyətini qiymətləndirən komissiyada məmur
kimi işləmək onu müvəqqəti olaraq pedaqoji fəaliyyətindən
ayırmışdı.
1907-ci ildə Bakı
quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilməsi
Mustafa Mahmudovun bir sıra potensial imkanlarını üzə
çıxarır. Dumada müsəlman fraksiyasının,
9-cu şöbənin və 4 komissiyanın üzvü kimi fəaliyyət
göstərir.
Mustafa Mahmudov hərbi-səhra
məhkəmələrinin ləğvinə tərəfdar
çıxır. Fətəli Xan Xoyski və Xəlil bəy
Xasməmmədovla birlikdə hərbi nazirə müraciət
edir və Qafqaz hərbi-səhra məhkəməsi tərəfindən
ölüm cəzasına məhkum olunanların cəzasını
yüngülləşdirmək barədə məsələ
qaldırır. Eyni zamanda o, işçilərə
yardım komissiyasının da üzvü kimi “Proqres” qəzeti
vasitəsilə işsizlər və onlara lazımi
yardımın həcmi barədə məlumat göndərilməsi
üçün oxuculara müraciət edir.
Mustafa Mahmudov müəllim idi və ömrü boyu çalışdığı bütün vəzifələrdə bu missiyanı unutmamışdı. O, Dumanın xalq təhsili komissiyasının da üzvü idi. Bu mövqeyindən xalq üçün istifadə edərək maarif nazirini müsəlman əhalinin təhsilinin vəziyyətinə göz yummaqda təqsirləndirmişdi. Eləcə də müsəlman müəllimlərinə qarşı ayrı-seçkiliyin olduğunu və onların “kastalar”a bölündüyünü tənqid etmişdi.
1917-ci ildə Mustafa Mahmudov Zaqafqaziya Seyminin, 1918-ci ilin mayında Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü seçilmişdir. Onun 1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı seçilməsi Milli Şuranın “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu”na əsasən olmuşdu. İstiqlal mücahidi Müsavat fraksiyasının, parlamentin aqrar komissiyasının üzvü idi.
Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra Mustafa Mahmudov bilavasitə öz sevimli peşəsi
ilə məşğul olmuşdu. Bakıdakı 132 nömrəli
məktəbdə dərs demişdi. Lakin onu daim təqib
edirdilər. 1923 və 1929-cu illərdə işdən
çıxarılması barədə məsələ qaldırmışdılar.
İstiqlal mücahidini rahat buraxmayaraq, nəhayət, həbs
edib güllələmişdilər. Beləliklə, 1937-ci ilin
qurbanları sırasına bir ad da əlavə olunmuşdu.
Cümhuriyyətin bu və
digər nümayəndələrinin tərcümeyi
halını vərəqlədikcə bir daha aydın olur ki,
Azərbaycanın müstəqillik tarixində öyrənməli,
üzə çıxarılmalı məqamlar hələ
çoxdur. Odur ki, azadlıq, müstəqillik mübarizlərinin
hər birinin həyatının, fəaliyyətinin ətraflı
araşdırılması qarşıda duran mənəvi borc
və müqəddəs vətəndaşlıq vəzifəsidir.
İradə ƏLİYEVA,
Azərbaycan.-
2017.-28 may.- S.7.