Yüz gəncin
faciəli həyat hekayəsi
Onlar yüz nəfər idilər. Yüzü də gənc,
yüzü də istedadlı... Əzəmətli
bir ağacın kökündə qol atan yüz cavan budaq kimi
üzü günəşə - işıqlı gələcəyə
boylanırdılar. Onlar, əslində,
çox xoşbəxt idilər. Çünki
gələcəklərini düşünən,
qayğılarına qalan Azərbaycan adlı müstəqil məmləkətin
gəncləri idilər. Onlar yüz arzu,
yüz ümiddirlər. Doğma millətin
seçilmişləri idilər. Vətəndən
uzaqlara gedirdilər. Geri dönməmək,
dönə bilməmək düşüncələrindən
çox-çox uzaqlardaydı. Onlar
qayıtmaq üçün gedirdilər. Həm
də daha güclü gələcəkdilər. Çünki bu yüz gənci yola salanlar
gücü, qüvvəti təhsildə, elmli olmaqda
görürdülər. Özləri kimi
gənc olan dövlətlərinin onlara ehtiyacı var idi.
Bundan böyük şərəf, bundan əzəmətli
vüqar ola bilərdimi?!
Haqlarında qərar 1919-cu
ildə verildi.
O zamanlar ki Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları
çox müşkülləri mümkün edirdilər. Bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni
sahələrdə böyük işlərə
başlanılmışdı. Cümhuriyyət
qurucularının doğma xalq qarşısında ən
mühüm xidmətlərindən biri də maarifin, təhsilin
inkişafına göstərdikləri xüsusi diqqət,
qayğı idi. Bu sahədə planları
çox böyük olan AXC hökuməti milli kadrların
hazırlanmasına xüsusi önəm verirdi. 1919-cu il sentyabrın 1-də Parlament Bakı Dövlət
Universitetinin yaradılması haqqında qanun qəbul etdi.
Universitetlərin təsisi ilə yanaşı, 1919-1920-ci tədris
ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin
hökumət hesabına təhsil almaq üçün xarici
ölkələrin nüfuzlu ali məktəblərinə
göndərilməsi məsələsi də müzakirə
edildi.
Azərbaycanın gələcəyi
naminə ən böyük qərarlardan biri də bu oldu. Xaricə
göndəriləcək gəncləri müəyyən etmək
üçün Parlament M.Rəsulzadənin
başçılığı ilə M.Hacınski,
Ə.Pepinov, Q.Qarabəyov, A.Əfəndizadədən ibarət
xüsusi müsabiqə komissiyası yaratdı.
Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin 1919-1920-ci tədris illərində xaricdə təhsil
almağa göndəriləcək azərbaycanlı tələbələrə
vəsait ödənilməsi haqqında qərara əsasən,
bu iş üçün dövlət xəzinəsindən
Xalq Maarifi Nazirliyinin sərəncamına 7 milyon manat vəsait
ayrıldı. Avropa ali məktəblərinə göndəriləcək
hər tələbəyə ayda 400 frank təqaüd və
1000 frank yol xərci, Rusiya ali məktəblərinə
göndəriləcək tələbələrə isə hər
ay 3 min rubl təqaüd və 1000 manat yol xərci
ayrılmalı idi. Komissiyanın diqqətlə seçdiyi tələbələrdən
10 nəfərinin İngiltərəyə, 23 nəfərinin
İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin
Türkiyəyə göndərilməsi nəzərdə
tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən
xaricə göndərilən tələbələrdən 49
nəfərinə Almaniyanın, 27 nəfərinə
Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə
İngiltərənin, 6 nəfərinə isə
Osmanlının müxtəlif ali məktəblərinə
göndərilmələri barədə rəsmi sənəd
verildi. Rusiyada oxumaq üçün
seçilmiş 13 nəfər gənc orada vətəndaş
müharibəsi başlandığı üçün təhsil
almağa gedə bilmədi.
1919-cu ildə yüz nəfər gənc
soydaşımızın xarici ölkələrə ali təhsil almağa göndərilməsi
bütövlükdə Azərbaycanın həyatında əlamətdar
hadisəyə çevrildi. Xəbər sevincə
dönüb məmləkəti dolaşdı. Ən çox şad, məmnun görünənlərdən
biri də böyük maarifpərvər, millət atası Hacı
Zeynalabdin Tağıyev idi.
Cümhuriyyət hökuməti
tələbələrin nümayəndələrindən ibarət
təşkilat yaratdı. Təşkilat
bürosunun sədri Teymur bəy Aslanov Maarif Nazirliyinin
nümayəndəsi Şahtaxtinski ilə birlikdə lazımi
yol vəsiqələri almaq üçün Tiflis və Batum
şəhərlərinə getdilər.
Bütün məsələlər
dərindən, çox diqqətlə
düşünülüb hazırlanırdı. Tələbə
bürosunun qərarı ilə xaricə yola düşən
gənclərin bəzi ərzaq və digər ləvazimatla təmin
olunmaları məsələləri də həllini tapdı.
Ticarət və Sənaye nazirlikləri hər bir tələbəyə
40 arşın parça, 2 cüt döşəkağı,
2 ədəd əl-üz dəsmalı, 6 ədəd
yaylıq və digər əşyalar verdilər.
1920-ci il
yanvarın 14-də tələbələr müxtəlif
ölkələrə parlament və hökumət üzvlərinin,
tanınmış xeyriyyəçilərin, iş
adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin
və valideynlərin iştirakı ilə təntənəli
surətdə yola salındılar. Batuma getmələri
üçün onlara xüsusi vaqon ayrıldı.
1920-ci il fevralın 11-də Parisə
çatdılar. Orada tələbələri
Paris Sülh Konfransında iştirak edən Azərbaycan
nümayəndə heyəti qarşıladı. Nümayəndə heyətinin rəhbəri Əlimərdan
bəy Topçubaşov onların qarşısında
geniş nitq söylədi. Sonra tələbələr
təhsil almaq üçün Avropanın müxtəlif
ölkələrinə getdilər.
Yeni qurulmuş Azərbaycan Xalq
Cümhuriyyəti yüz nəfər gənci Avropa ölkələrinə
ali təhsil almağa aşıb-daşan
büdcəsinin hesabına göndərmirdi. Digər
tərəfdən də müstəqilliyinə son qoymaq istəyən
düşmənləri gözlərini ona dikib, yıxmaq
üçün fürsət axtarırdılar. Bunu çox gözəl bilən cümhuriyyət
qurucuları tarixin gərdişində böyük çətinliklərlə
bir dövlət yaratmışdılar. Onu
qorumaqla bərabər, gələcəyini də
düşünürdülər. Böyük arzularla
seçib ali təhsil almaq
üçün göndərdikləri gənclər
onların yolunda baş qoyduqları doğma millətin, azad
dövlətin sabahı, sahibi olmalı idilər.
Bu yüz nəfər gənc
tələbə onlara göstərilən etimadın fərqində
idilər. Məsuliyyətləri böyük idi. Bunu bilərək yola çıxmışdılar.
Cümhuriyyət tələbələri and içərək
demişdilər: “Qadir Allah və öz vicdanım
qarşısında söz verir və and içirəm ki, Azərbaycana
sədaqətimi müqəddəs və sarsılmaz tutacaq,
bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan
vətəndaşlığının bütün vəzifələrini
dönmədən yerinə yetirəcək və Azərbaycan
Cümhuriyyətinin səadəti naminə can-başla qulluq
edəcək, onun üçün nə gücümü, nə
əmlakımı, nə də lazım gələrsə, həyatımı
belə əsirgəməyəcəm. Qoy bu
andı yerinə yetirməkdə Allah mənə yar olsun”.
Ancaq 1920-ci ildə Vətəndən
gələn, Vətənə gedən yollar bağlandı. Doğma məmləkətləri
bolşeviklər tərəfindən işğal olundu.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin həssaslıqla
yanaşdığı, böyük arzularla xarici ölkələrin
ali məktəblərinə yola
saldığı bu tələbələrin ağır
günləri başladı. Yeni,
işğalçı hökumət ölkələrini
bolşevikləşdirməklə məşğul idi. Cümhuriyyət tələbələri
“unudulmuşdu”. Onlara pul göndərilmirdi.
Tələbələr bu barədə Nəriman
Nərimanova müraciət etdilər. Azərbaycan
İnqilab Komitəsinin 1920-ci ilin 9 avqustunda Nəriman Nərimanovun
şəxsi təşəbbüsü və sədrliyi ilə
keçirilən iclasında keçmiş Azərbaycan
hökumətinin xaricə göndərdiyi tələbələrin
təhsillərini başa vurmaları üçün vəsait
ayrılması və ümumiyyətlə, onlara maddi
yardım göstərilməsi məsələsi müzakirə
edildi. Müsbət qərar qəbul olundu.
Xaricdə oxuyan tələbələrə
lazımi maddi kömək göstərilməsi
yollarının müəyyənləşdirilməsi və
göndərilməsi məsələlərinin həlli Xalq
Maarifi və Xalq Xarici İşlər komissarlıqlarına
tapşırıldı. Azərbaycan SSR Xalq
Komissarları Sovetinin sədri kimi Nəriman Nərimanov xaricdə
təhsil alan azərbaycanlı tələbələrə
yardımın davam etdirilməsi haqqında xüsusi qərar
imzaladı. 1919-cu ildən xaricdə oxuyan azərbaycanlı
tələbələrin işi ilə Bəhram bəy Axundov
məşğul olurdu. Bu dəfə də
Nəriman Nərimanov onu seçdi. 1921-ci
ilin 18 iyununda Bəhram bəy Axundovu xaricdə oxuyan azərbaycanlı
tələbələrin işləri üzrə xüsusi
müvəkkil təyin etdi.
Xaricdə oxuyan azərbaycanlı
tələbələrin maddi vəziyyətini öyrənmək
və kömək göstərmək məqsədilə
B.Axundov 1921-ci ilin iyulunda Qərbi Avropa ölkələrinin
paytaxtlarına ezam olundu. O, mənzil başına yetişmək
üçün böyük maneələrdən keçdi.
Və yalnız həmin il oktyabrın
axırlarında Parisə gedib çata bildi. 1922-ci
ilin yanvarınadək Paris, Berlin və Avropanın digər
şəhərlərində oldu. Müəyyənləşdirdi
ki, Fransanın müxtəlif məktəblərində 28,
Almaniyanın ali məktəblərində
49, İtaliyada 3 nəfər tələbəmiz oxuyur.
Bəhram bəy Axundov
Bakıya döndü. 1922-ci il martın 2-də Azərbaycan
SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun
adına əhatəli hesabat təqdim etdi. Hesabat
əsasında N.Nərimanovun şəxsi göstərişi
ilə xaricdə oxuyan tələbələrə təhsillərini
müvəffəqiyyətlə davam etdirmələri
üçün lazımi şərait yaradılması
tapşırıldı. Həmin ilin
sonlarında N.Nərimanov Moskvaya yeni vəzifəyə
aparıldı. Bundan sonra xaricdə oxuyan tələbələrə
münasibət yenə dəyişdi.
Bolşevik hökuməti öz siyasətinə uyğun olaraq, ölkədə seçim edirdi. Bəy, ağa, xan, seyid, mir soyadlıların əksəriyyətinə düşmən kəsildilər. Bu yüz tələbənin arasında isə hər təbəqədən olan, hətta Azərbaycan Xalq Cümhuriyyəti hökuməti zamanı müxtəlif vəzifələrdə işləmiş gənclər var idi. Ona görə də bu tələbələr iki qismə bölündü: müsavatçı olan və müsavatçı olmayan. Onlara münasibət də bu cür quruldu.
Nəticə çox ağır oldu. Təhsil haqqını ödəyə bilməyən tələbələr çörəyə möhtac qaldılar. Millətimizin bu seçilmiş, qabiliyyətli, savadlı övladları zamanın amansız fırtınalarında çabalamağa başladılar. Acından ölməmək üçün ən ağır şəraitdə işləmək məcburiyyətində qalanları da oldu, həbsxanalara düşənləri də, hətta məşəqqətlər içərisində, böhranlı vəziyyətdə çıxış yolu tapmayıb intihara əl atanları da. Böyük çətinliklərlə təhsilini başa vurub yüksək ixtisaslı mütəxəssislər kimi vətənə dönənlərin də hamısının üzünə taleləri gülmədi. Onların da əksəriyyəti sonralar sovet hakimiyyətinin repressiya siyasətinin qurbanları oldular.
Bu yüz gənc millətinin, dövlətinin, vətəninin vüqarı idi. Doğma məmləkətləri onların hər biri ilə bir boy da ucalacaqdı. Ancaq dövrün siyasi təlatümlərində, zamanın qarışıq işlərində güdaza getdilər. Bu cavanlara rəhm etmədilər. Cümhuriyyət tələbələrinin çoxunun həyat hekayəsi, beləcə, yarımçıq qaldı...
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-
2017.-28 may.- S.8.