Cümhuriyyətin yaşıdı
Oğlu hər gün evə bir qucaq qəzet gətirsə də, Famil Abbasov onları oxuya bilmir, sadəcə, vərəqləyir, şəkillərinə baxır, sonra da büküb bir kənara qoyur. Heç televiziya verilişlərinə də baxa bilmir. Amma radionu dinləyir. Xəbərləri də radiodan eşidir. Əsasən, cəbhə xəbərlərinə qulaq asır, siyasi hadisələrlə maraqlanır, əhvalı yaxşı olanda muğamlarımızı, xalq mahnılarını və saz havalarını dinləyir. Bu dəfə də radioya qulaq asarkən eşitdi ki, möhtərəm Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında sərəncam imzalayıb. Gözləri yaşardı, ömür-gün yoldaşı Nənəş xanımı səslədi:
- A Nənəş, de görüm, mənim neçə yaşım var?
- Nə bilim, ay kişi, mənim öz yaşım yadımdan çıxıb. Sən məndən nəvələrinin, nəticələrinin sayını soruş, mən də deyim 18 nəvən var, 20 nəticən... Yoxsa, məndən yaşını soruşursan...
Famil baba Nənəşin əlindən yapışdı:
- Yox ey, ay arvad, mənim 100 yaşım olur, heç birinizin xəbəri yoxdur...
- Hardan bildin, ay kişi?
- Elə indicə radiodan eşitdim ki, ölkəmizin Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında sərəncam imzalayıb. Mən də cümhuriyyətimizin yaşıdıyam. Deməli, mənim də 100 yaşım var...
- Sənin 100 yaşın olanda mənimki neçə olur, ay kişi?
- Özün hesabla da... Məndən cəmi yeddi yaş kiçiksən...
- Eh, ay kişi, hesab yadımda qalıb? Yaxşı, nəvələrimdən birinə zəng edib soruşaram ki, 100-dən 7-sini çıxanda neçə yaş qalır...
- Yox, dayan, mən
özüm hesablayım.
Famil baba ciddiləşdi, barmaqlarını
saydı, sevincək dedi:
- Tapdım, ay Nənəş, sənin də 93 yaşın olur... Yaxşı, dur bir çay dəmlə görək. Amma o çaydan olsun ha, 75 il əvvəl
dəmlədiyin çaydan...
Famil baba ilk baxışdan xoşbəxt görünür. Niyə də görünməsin? 100 yaşı var, dünyanın hər üzünü görüb, Hitleri evinəcən qovub, müharibədən sonra bax, bu yanındakı Nənəş xanımla evlənib, üç oğul, üç qız atası olub. Amma yox, Famil baba bir əsrin düz dörddə birini Vətən həsrətilə yaşayıb. 25 ildir hər gün yuxudan duran kimi pəncərənin qarşısına gəlir, səmaya baxır, öz-özünə nəsə danışır, sonra üzünü ömür-gün yoldaşına tutur:
- Ay Nənəş, hava tutulub, görəsən, Cəbrayıla da yağış yağacaq? Neçə ildir Balyad kəndindəki həyətimizdə əkdiyimiz meyvə ağaclarına su verən yoxdur, yağış yağsaydı...
- Ay kişi, heç bilirsən o vaxtdan neçə il ötüb, indiyə ağac qalar...
- Qalar, Nənəş, qalar... Bax, görərsən, bu yaxınlarda gedib görəcəyik ki, səni gəlin gətirdiyimiz evimiz də, birgə əkdiyimiz ağaclar da yerindədir. Bir az yır-yığış eləyəcəksən, evin tozunu alacaqsan, pəncərələrin şüşəsini siləcəksən, yığışacağıq evimizə. Bax, bunları görürsən?
- Hə, bir topa açardır, onları neynirsən?
- Necə yəni neynirsən? Balyaddakı evimizin açarlarıdır. Kənddən çıxanda qapıları möhkəm bağlayıb açarları da qoymuşam cibimə. Erməni olmur, kim olur-olsun, bir köpək uşağı qapımızı açıb içəri girə bilməz!..
...Heç bilirsiniz Famil baba kimdir? Hamının
yaxşı tanıdığı
yazıçı-jurnalist, məşhur “Qara qan” trilogiyasının müəllifi, ərəbşünas
Fazil Güneyin atası... Bəzən zarafatla deyirəm ki, özünün yetmiş iki yaşın var, amma hələ də uşaqsan, atan qulağından çəkir, anan danlayır, daim valideyn nəzarəti altındasan... Ötən
il aprelin
əvvəllərində bir-neçə
dəfə xəbər
yayıldı ki, əsgərlərimiz Cəbrayılı
düşməndən azad
ediblər. Həmin günlərdə Famil baba tez-tez
oğlundan soruşurdu
ki, bəs məni kəndimizə niyə aparmırsınız?
Fazil Güney də nə desin, 100 yaşlı atasını birtəhər
ovundururdu... Famil baba Cəbrayılın
son bir əsrlik tarixinin canlı şahididir. Yaddaşı da möhkəmdir, Qumlaq kəndində məktəb direktoru olduğu, Məzrə kəndində kənd sovetinin sədri işlədiyi, Xudafərin
körpüsünün üstündə
ayaqyalın gəzdiyi
illəri yaxşı
xatırlayır. Çoxlu kitab
oxuyub. Şübhəsiz, Famil babanın
oxuduğu sonuncu kitab oğlunun “Qara qan” romanıdır.
O həm də bu tarixi romanın
qəhrəmanlarından biridir.
Fazil Güney əsərində atasının
obrazını məharətlə
yaradıb...
...Famil babanın özünün
də şeirləri
var. Amma heç kəsə, hətta ömür-gün yoldaşı
Nənəş xanıma
da oxumur. Deyir ki, bu
şeirləri Cəbrayılda,
doğma Balyad kəndində, ocaq başında oxuyacağam...
Allah səni arzuna çatdırsın,
Famil baba! İnşaallah, tezliklə
torpaqlarımız düşməndən
azad olunar, sənin ocağının
başına övladların,
nəvələrin, nəticələrinlə
yanaşı biz də
toplaşarıq!..
...100 yaşı
olsa da, Famil baba hamıdan
tez oyanır. Ona elə gəlir ki, Günəşlidən,
yaşadığı evin
pəncərəsindən Cəbrayıl
da görünür.
Sevinir ki, Qarabağa böyük qayıdış
Cocuq Mərcanlıdan,
onun hər qarışına bələd
olduğu torpaqlardan başlayıb. Famil baba əmindir ki, Ali Baş Komandanımız
İlham Əliyevin yeritdiyi siyasət, göstərdiyi
qətiyyət sayəsində
Qarabağ düşməndən
tam azad olunacaq.
Məzahir SÜLEYMANZADƏ
Azərbaycan.-
2017.-28 may.- S.10.