Birinci vitse-prezident Mehriban Əliyeva:
“Bizim bütün işlərimizin mərkəzində, təməlində
Azərbaycan vətəndaşı durur”
Mayın 30-da Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış kompleksinin baş planı, burada inşa olunacaq məktəb və uşaq bağçasının planı ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məlumat verdi ki, yaşayış kompleksinin tikinti layihəsi üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasının inşası nəzərdə tutulub. Yaşayış binalarında ümumilikdə 1026 mənzil olacaq. Binalardakı mənzillərin ümumu sahəsi 73 min kvadratmetrdir. Mənzillər 1, 2, 3 və 4 otaqdan ibarət olacaq. Bütün mənzillər təmir edilərək və mətbəx mebeli ilə təchiz olunaraq istifadəyə veriləcək. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Yaşayış kompleksinə, həmçinin 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 220 yerlik uşaq bağçası, tibb məntəqəsi daxildir. Ərazidə istirahət parkı salınacaq, uşaq meydançaları yaradılacaq.
Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.
Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında vurğuladı ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Birinci vitse-prezident bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.
Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlini qoydu.
Azərbaycanın Birinci vitse-prezidenti məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxış etdi.
Birinci
vitse-prezident Mehriban Əliyevanın çıxışı
- Xanımlar və cənablar,
hörmətli tədbir iştirakçıları.
Bu gün biz qaçqın və
məcburi köçkünlərin yaşayış şəraitini
yaxşılaşdırmaq məqsədilə Qaradağ
rayonunda yeni yaşayış kompleksinin təməlini qoyduq. Artıq 20 ildən
çoxdur ki, 1 milyondan artıq azərbaycanlı Ermənistanın
hərbi təcavüzü və işğalından əziyyət
çəkir. Soydaşlarımızın
üzləşdiyi problemlər Azərbaycan dövlətinin
diqqət mərkəzindədir. Müstəqilliyimizin
ilk illərindən bu istiqamətdə həyata keçirilən
tədbirlər, atılan addımlar dövlət siyasətinin
əsas istiqamətlərindən biridir. Öz
doğma torpaqlarından didərgin düşmüş
soydaşlarımızın yaşayış şəraitinin
yaxşılaşdırılması, işlə, təhsillə,
tibbi və digər xidmətlə təmin edilməsi
üçün 2004-cü ildə Dövlət Proqramı qəbul
olunmuş, 2007-ci və 2011-ci illərdə bu proqrama əlavələr
təsdiqlənmişdir. Ümumiyyətlə,
bu istiqamətdə həyata keçirilən tədbirlərin
icrası üçün 6 milyard manatdan çox vəsait
ayrılmışdır.
Hələ 2003-cü ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
seçkiqabağı vədlərində bildirmişdi ki, Azərbaycanda
mövcud olan bütün çadır şəhərcikləri
5 il ərzində ləğv ediləcək və biz buna nail
olduq, hətta 5 il yox, 4 il ərzində nail olduq. Son çadır şəhərciyi 2007-ci ildə ləğv
olundu və çadır şəhərciklərində
ağır şəraitdə yaşayan insanlar qaçqın
və məcburi köçkün ailələri
üçün inşa olunmuş 100-dək müasir
yaşayış qəsəbəsinə
köçürüldülər. Ümumilikdə,
bu, 50 min ailənin, 250 mindən çox insanın
yaşayış şəraitinin
yaxşılaşdırılması, yeni mənzillə təmin
olunması demək idi.
Son 13 ildə 400 mindən çox
qaçqın və məcburi köçkün yeni iş
yeri ilə təmin olunub. Hər bir qəsəbədə
məktəblər, uşaq bağçaları
salınıb. Ali və orta ixtisas təhsili
ocaqlarında ödənişli formada təhsil alan
qaçqın və məcburi köçkünlər təhsil
haqqı ödəməkdən azad olunmuşlar. Bu gün də dövlət tərəfindən həyata
keçirilən bir sıra proqramlar, özünüməşğulluq,
regionlarda ictimai işlərə aid yerlərin
açılması məhz bu məqsədə, əhalimizin
bu təbəqəsinin sosial problemlərinin həllinə
yönəldilib və bir çox sosial problemlər öz həllini
tapmaqdadır.
Ümumiyyətlə, Azərbaycan
dövlətinin bu sahədə təcrübəsi - həm
çadır şəhərciklərinin ləğvi, həm
də demək olar ki, humanitar faciənin
qarşısının alınması çox nadir bir təcrübədir. Bu təcrübə
bütün beynəlxalq təşkilatlar tərəfindən
çox yüksək qiymətləndirilir. Bu sahədə hələ də öz həllini
tapmayan problemlər mövcuddur. Bakı və
Sumqayıt şəhərlərində yararsız, qəzalı
vəziyyətdə olan binalarda hələ də minlərlə
insan yaşayır. Qaçqın və məcburi
köçkün ailələrinin əksəriyyəti
müvəqqəti məskunlaşdıqları bu ictimai
binalarda, uşaq bağçalarında, pansionatlarda, tikintisi
bitməmiş binalarda çox ağır vəziyyətdə
yaşayırlar. Bu ilin mart ayında məhz
bu problemə - qaçqın və məcburi
köçkün ailələrinin Bakı və Sumqayıt
şəhərlərində qəzalı binalardan
köçürülməsinə həsr olunmuş
müşavirə keçirilmiş, bütün lazımi
tapşırıqlar verilmişdir. Birinci mərhələdə
ən qəzalı binalarda yaşayan 4 min ailənin
köçürülməsi üçün tədbirlər
planı hazırlanmışdır. Hazırda
bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində
3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina
inşa olunur. Sumqayıt şəhərində
qaçqın və məcburi köçkün ailələri
üçün artıq 5 binanın tikintisi başlayıb və
digər 5 binanın inşası üçün yer
ayrılıb, yaxın zamanda tikinti işləri başlayacaq.
Bununla yanaşı, həm Bakı şəhərində,
həm də Sumqayıtda artıq tikilmiş hazır binalarda
həmin məqsəd üçün dövlət tərəfindən
mənzillər alınır.
Bu gün təqdim etdiyimiz
layihə, təməlini qoyduğumuz müasir
yaşayış kompleksi ölkəmizin özəl sektorunun
bu nəcib işə töhfəsidir. Burada, Qaradağ rayonunda 6
hektardan çox ərazidə yeni yaşayış kompleksi
yaradılacaq, ümumilikdə, 1026 ailə üçün
onbirmərtəbəli 9 bina inşa olunacaq. Qəsəbənin
bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik
uşaq bağçası, 624 şagird yerlik orta məktəb
binası tikiləcək. Əminəm ki, çox
yaxın gələcəkdə - 1 il ərzində
insanların rahat yaşaması üçün burada yeni bir
qəsəbə salınacaq.
Hesab edirəm, çox
gözəl haldır ki, dövlətlə yanaşı,
biznes strukturları da, sahibkarlar da ölkəmiz
üçün çox vacib olan bu məsələyə,
soydaşlarımızın yaşayış şəraitinin
yaxşılaşmasına biganə yanaşmayıblar və
öz dəstəyini verməyə hazırdırlar. Mən
çox şadam ki, bu təşəbbüsə artıq bir
sıra şirkətlər qoşulub. Mən bu şirkətlərin
adlarını sadalamaq istərdim – “Kristal Abşeron” 5 mənzil
təmin edib, “Azercell Telekom” - 2 mənzil, “Kontakt Home”
mağazalar şəbəkəsi - 1 mənzil, “Sədərək”
ticarət mərkəzi - 1 mənzil, “Retro Holdinq” - 164 mənzil,
“Askorp” - 1 mənzil, “Azinşaat N” - 3 mənzil, “Dərhal” MTK
- 50 mənzil, “Xəzər” MTK - 2 mənzil, “Araz-2011 A” - 3 mənzil,
“Vesta Konstrakşn” - 2 mənzil, “Paşa İnşaat” şirkəti
təməlini qoyduğumuz yaşayış kompleksində
inşa olunan - 1022 mənzil. Mən
soydaşlarımızın problemlərinə biganə
qalmayan, dəstək verən bu şirkətlərin rəhbərlərinə
dərin minnətdarlığımı
çatdırıram. Hesab edirəm ki, bu,
çox yüksək qiymətə layiq olan təşəbbüsdür
və fürsətdən istifadə edərək Azərbaycanda
fəaliyyət göstərən digər şirkətləri,
digər sahibkarları bu təşəbbüsü dəstəkləməyə
və ona qatılmağa dəvət edirəm. Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas
olan xeyriyyəçilik ənənələrinin
davamıdır, eyni zamanda, bu, xalqımızın həmrəyliyinin,
dövlətimizin gücünün və
inkişafının təzahürüdür. Bizim bütün işlərimizin mərkəzində,
təməlində Azərbaycan vətəndaşı durur.
Bizim məqsədimiz güclü və
inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının
rahat yaşamasına nail olmaqdır.
Şübhəsiz ki, hər
bir azərbaycanlının ən böyük arzusu ölkəmizin
ərazi bütövlüyünün bərpa olunması,
torpaqlarımızın işğaldan azad edilməsidir. Mən
inanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi öz ədalətli həllini
tapacaq və soydaşlarımız doğma torpaqlarına
qayıdacaqlar. İşğaldan azad olunan
torpaqlarda Azərbaycan dövləti bütün lazımi
infrastrukturu quracaq, şəhərlərimizi, qəsəbələrimizi
bərpa edəcək. Bir daha deyirəm ki,
bizim əziz soydaşlarımız öz doğma
torpaqlarına qayıdacaqlar. Buna heç bir şübhə
ola bilməz.
Çox gözəl
haldır ki, bu gün dövlət qurumları ilə bərabər,
özəl sektor, biznes strukturları da bu təşəbbüsə
qoşulur. Bir daha qeyd edirəm ki, Azərbaycan dövləti bu
sahədə böyük uğurlar əldə edib. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanı
nümunə göstərir. Baxmayaraq ki,
müstəqilliyimiz bərpa olunandan sonra ölkəmiz ilk illəri
çox ağır vəziyyətdə yaşayırdı.
Amma biz bu humanitar faciənin qarşısını
ardıcıl surətdə almağa nail olduq. İndi
qarşımızda duran əsas məqsəd ilk mərhələdə
4 min ailəni yeni mənzillərlə təmin etmək, qəzalı,
yararsız binalardan köçürməkdir. Əminəm ki, biz buna birlikdə nail
olacağıq.
Mən sizin hər birinizi
mübarək Ramazan ayının başlanması münasibətilə
təbrik edirəm, Azərbaycan xalqına sülh və əmin-amanlıq
arzulayıram.
Çox sağ olun.
***
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli HƏSƏNOV çıxış edərək dedi:
-Xanım Birinci vitse-prezident.
Hörmətli tədbir
iştirakçıları.
İcazə verin, Azərbaycan
Respublikasının Prezidenti möhtərəm cənab
İlham Əliyevin rəhbərliyi ilə və çox
hörmətli Mehriban xanım, şəxsən Sizin mükəmməl
təşkilatçılıq və idarəçiliyiniz sayəsində
mütəşəkkil səviyyədə keçirilən,
Azərbaycanın idman tarixinə yeni qələbələr bəxş
edən, hazırkı təlatümlü zamanda bütün
İslam ölkələri üçün həmrəylik
kimi qəbul edilən IV İslam Həmrəyliyi
Oyunlarının uğurla başa çatması münasibətilə
Sizi səmimi qəlbdən təbrik edim.
Hörmətli Mehriban
xanım, Birinci vitse-prezident kimi Siz ilk müşavirəni
Bakı və Sumqayıt şəhərlərində qəzalı
binalarda ağır şəraitdə yaşayan 4 min məcburi
köçkün ailəsinin mənzil şəraitinin
yaxşılaşdırılmasına həsr etdiniz. Verdiyiniz
tapşırıqlara əsasən, müşavirədən dərhal
sonra bu istiqamətdə genişmiqyaslı işlərə
başlanıldı. Bu gün 1026 məcburi
köçkün ailəsi üçün
yaşayış kompleksinin təməlinin qoyulması da bu
işlərin davamıdır.
Bundan əlavə, Heydər
Əliyev Fondunun müraciətinə əsasən özəl
təşkilatlardan 210 mənzil ayrılıb və hazırda
onlarda son tamamlama işləri həyata keçirilir. Həmçinin
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi tərəfindən
260 ailəlik dörd yaşayış binasının tikintisi
sürətlə davam etdirilir və cari ilin iyul ayında
başa çatdırılacaq.
İlk müşavirədən
sonra minlərlə məcburi köçkün bizə
müraciət edərək onların minnətdarlığını
Sizə çatdırmağı xahiş etdilər. Bu gün
fürsətdən istifadə edərək, bu xoş
missiyanı yerinə yetirir, onların dərin hörmət və
ehtiramını Sizə bildirirəm.
Hörmətli Mehriban
xanım, yaşadığımız dövr çox çətin,
kritik, təlatümlü hadisələrlə zəngindir. Bir faktı nəzərinizə
çatdırım ki, əgər 30 il əvvəl dünyada
30 milyon qaçqın və məcburi köçkün, 25
münaqişə zonası var idisə, bu gün dünyada
qaçqın, məcburi köçkünlərin sayı 65
milyonu keçib və münaqişəli zonaların sayı
isə 70-ə qədərdir.
Hesab edirik ki, bu münaqişələr
hegemon dövlətlər tərəfindən öz siyasi və
iqtisadi məqsədlərinə nail olmaq üçün
müxtəlif bölgələrdə bilərəkdən
yaradılır. Bu dövlətlərin məqsədi yeni
coğrafi ərazilərə, təbii sərvətlərə,
xüsusən enerji resurslarına sahib çıxmaq,
regionların idarəçiliyinə nəzarət etməkdir.
Nəticədə kiçik dövlətlər,
xalqlar və günahsız insanlar əziyyət çəkir.
Bu problemləri yaradanlar isə dünyaya
demokratiya dərsi keçir və insan hüquqlarının
qorunmasından danışırlar.
Azərbaycan Prezidenti və
Siz daim sülhsevər siyasət yeridir, ölkələri həmişə
həmrəyliyə dəvət edir, öz xalqına xidmətlə
bütün dünyaya nümunə göstərirsiniz.
Dünyanın super dövləti
olan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın
Azərbaycan Prezidenti İlham Əliyevə Respublika
Günü münasibətilə bu günlərdə
ünvanladığı təbrik məktubundan bir cümləni
vurğulamaq yerinə düşərdi. O qeyd edib ki, “həm ölkələrimiz,
həm də dünya üçün daha gözəl gələcək
naminə Sizinlə fəal tərəfdaşımız kimi
işləməyi səbirsizliklə gözləyirəm”. Bu,
məhz ölkə Prezidentinin və Sizin
xalq üçün gördüyünüz işlərə
beynəlxalq ictimaiyyət tərəfindən verilən ən
yüksək qiymətdir. Ancaq ən layiqli qiyməti
Azərbaycan xalqı verib.
Azərbaycan Prezidenti dəfələrlə
qeyd edib ki, bizim əsas vəzifəmiz, məqsədimiz
xalqımıza xidmət etməkdir. Son 13 ildə öz tarixi
yurdlarından didərgin düşmüş
soydaşlarımız üçün 95 qəsəbənin
tikilməsi, 250 min nəfərin mənzillə təmin edilməsi
bu xidmətin əyani sübutudur.
Ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan, möhtərəm Prezidentimiz İlham
Əliyev və Sizin tərəfinizdən uğurla davam etdirilən
bu siyasətin dünyada analoqu yoxdur və dünyanın
heç bir münaqişə zonasında, həmçinin
bütün Avropa ölkələrində qaçqın və
məcburi köçkünlərə belə qayğı
yoxdur. Məhz buna görə də
qaçqın və məcburi köçkünlərimizin
ölkə başçısına və Sizə olan tükənməz
inamlarının da dünyada analoqu yoxdur.
Kaş belə münasibəti
qaçqın və məcburi köçkün problemi ilə
guya məşğul olan dövlətlərdə, beynəlxalq
qurumlarda və təşkilatlarda görə biləydik. Buna görə
də əminliklə deyirik ki, Azərbaycan xalqının, o cümlədən
bütün qaçqın və məcburi
köçkünlərin inam və ümid yeri yalnız
möhtərəm Prezidentimiz İlham Əliyevdir və
Sizsiniz. Hesab edirəm ki, Prezidentimizin və
Sizin öz xalqına, qaçqın və məcburi
köçkünlərə xidmətiniz, qayğınız
biz məmurlar üçün ən yaxşı nümunədir.
Hörmətli Mehriban xanım,
bugünkü tədbirdə ölkəmizdəki iş
adamlarını bu məsələyə cəlb etməklə
yeni ənənənin əsasını qoyursunuz. Necə ki, cənab Prezident dünyanı iqtisadi
böhran bürüyən, neftin qiyməti sürətlə
aşağı düşən zaman vəziyyətdən
çıxış yolu üçün Ulu Öndərin
1970-ci illərdəki təcrübəsinə müraciət
edərək kənd təsərrüfatının, qeyri-neft
sektorunun inkişafını ön plana çəkdi. Bütün bunlar onu göstərir ki, ölkəmizdə
ehtiyat potensial hələ çoxdur və mövcud problemlərin
həllində belə imkanlardan səmərəli istifadə
etmək olar.
Hesab edirik ki, burada iştirak edən
və digər imkanlı iş adamlarımız bu
çağırışa qoşularaq, məcburi
köçkünlərin vəziyyətini
yaxşılaşdırmaq üçün öz
imkanlarını əsirgəməyəcəklər.
Məlumat üçün bildirim ki,
bu il Tərtər rayonunda 1170 məcburi
köçkün ailəsi üçün bütün zəruri
sosial infrastruktura malik yeni qəsəbə tikilir. 2016-cı ilin aprel döyüşləri zamanı
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
ordumuz tərəfindən Lələtəpə yüksəkliyinin
azad edilməsindən sonra Cəbrayıl rayonunun
işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində
yaşayışın bərpa edilməsi üçün
imkan yarandı. Prezident İlham Əliyev tərəfindən
kənddə birinci mərhələdə 50 fərdi
yaşayış evinin, məktəb binasının,
müvafiq infrastrukturun tikintisi, yolun çəkilişi ilə
bağlı sərəncamlar imzalandı. Eyni zamanda, Şuşa məscidinin oxşarı olan məscidin
tikintisi ilə bağlı tapşırıq verildi.
Bütün bu tikinti işləri
son 2 ay müddətində başa çatdırılıb və
yaxın günlərdə qəsəbənin açılış
mərasimindən sonra Cocuq Mərcanlı sakinlərinin öz
evlərinə qayıdışı təmin ediləcək. Bu,
Böyük Qayıdışın
başlanğıcıdır. Aprel zəfəri
isə Azərbaycan Ordusunun hərb tarixində şanlı səhifədir.
Bu gün daha bir yeni
yaşayış kompleksinin təməli qoyulur. Məcburi
köçkünlər yaxşı bilirlər və bunu dəfələrlə
xarici qonaqlara da qətiyyətlə bildiriblər ki, inşa
edilən bu yeni qəsəbələr onların müvəqqəti
məskunlaşma yerləridir. Məcburi
köçkünlər yaxşı şəraitdə
yaşamağa layiqdirlər. Çünki
onlar həmişə bütün ictimai-siyasi proseslərdə
dövlətçilik mövqeyindən çıxış
edib, ulu öndər Heydər Əliyevə, cənab Prezidentə
və Sizə öz sadiqliyini daim nümayiş etdiriblər.
Ölkə Prezidenti cənab
İlham Əliyevi və şəxsən Sizi tam əmin edirəm
ki, bundan sonra da verəcəyiniz hər bir tapşırıq,
o cümlədən məcburi köçkünlərlə
bağlı göstərişləriniz vaxtında, sürətlə
və keyfiyyətlə icra olunacaq.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Sonra “Paşa İnşaat” şirkətinin
layihə rəhbəri Kamil ƏLİYEV
çıxış edərək dedi:
- Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
doğma yurdlarından qovularaq qaçqın və məcburi
köçkünə çevrilən
soydaşlarımıza dövlətimiz tərəfindən
daim diqqət göstərilir. Bu istiqamətdə
həyata keçirilən dövlət siyasəti, müvafiq
proqramların qəbulu və onların icrası göz
qabağındadır.
Azərbaycan dövləti məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması və onların məşğulluğunun
artırılması üçün çox böyük
işlər görür. Son 13 ildə 400 min
qaçqın və məcburi köçkün işlə
təmin edilib. Ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil
haqqını ödəməkdən azad olunublar. Qaçqın və məcburi köçkünlər
üçün 100-dək müasir yaşayış kompleksi
salınıb, 250 min məcburi köçkün yeni mənzillə
təmin olunub. Bütün bunlar dövlətimizin
və şəxsən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi
köçkünlərə olan diqqət və
qayğısının əyani göstəricisidir.
Hörmətli Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban
Əliyeva, bu ilin mart ayında Sizin sədrliyinizlə
keçirilmiş müşavirə Bakı və Sumqayıt
şəhərlərinin yataqxanalarında müvəqqəti
məskunlaşmış qaçqın və məcburi
köçkün ailələrinin köçürülməsinə
həsr olunmuşdu. Azərbaycan xalqının xeyriyyəçilik
ənənələrinin davam etdirilməsi ilə
bağlı Sizin fikirlərinizi rəhbər tutaraq “Paşa
İnşaat” şirkəti dövlətimiz tərəfindən
qaçqın və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində
görülən işlərə öz töhfəsini verməyi
qərara aldı.
X X X
Şuşa rayonundan məcburi
köçkün Vəsilə XƏLİLOVA
çıxış edərək bildirdi ki, qaçqın və
məcburi köçkünlərin sosial problemlərinin həlli
hər zaman dövlətin sosial siyasətinin əsas prioritetlərindən
olub. Prezident
İlham Əliyevlə yanaşı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın da bu kateqoriyadan olan
insanların sosial problemlərini hər zaman diqqət mərkəzində
saxladığını vurğulayan Vəsilə Xəlilova
dedi:
-Sizin rəhbərliyinizlə Heydər
Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi
çərçivəsində məcburi köçkünlərimiz
üçün müasir tipli məktəblərin tikilməsində,
təmir olunmasında, orada təhsil alacaq şagirdlər
üçün kompüter otaqlarının, zəngin fənn
kabinetlərinin, məktəb ləvazimatları ilə təmin
olunmasında misilsiz xidmətləriniz var. Bütün bu
xeyirxah işlərlə bərabər, münaqişənin
dünya ictimaiyyətinə çatdırılmasında Heydər
Əliyev Fondunun, şəxsən Sizin, Fondun vitse-prezidenti
Leyla xanım Əliyevanın zəhməti danılmazdır. Leyla xanımın rəhbərlik etdiyi “Xocalıya ədalət!”
kampaniyası Qarabağ həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılmasında mühüm
rol oynayıb.
Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi ilk imzaladığı sərəncamlardan birinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına həsr olunduğunu, Birinci vitse-prezident kimi Mehriban Əliyevanın ilk müşavirəsini məhz məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltdiyini deyən Vəsilə Xəlilova bunun minlərlə insanın mənzillərlə təmin edilməsinə, onların ağrı-acılarına bir məlhəm olduğunu diqqətə çatdırdı. “Dünyanın heç bir yerində məcburi köçkünlər üçün bu qədər yeni mənzillər tikilib istifadəyə verilməyib”, - deyən Vəsilə Xəlilova hər zaman dövlət qayğısı ilə əhatə edilən iş adamlarını bu xeyirxah təşəbbüsə qoşulmağa dəvət edərək bildirdi:
- Biz həyatın ağrı-acısını görmüş, doğmalarını, əzizlərini itirmiş həssas təbəqəyik. Bu illər ərzində daim dövlətimizin göstərdiyi diqqət və qayğı bizi hər an ruhlandırıb, gələcəyə nikbin baxmaq üçün qüvvət verib. Bunun təzahürüdür ki, mən də dövlətimizin bu diqqət və qayğısından ruhlanaraq öz dissertasiya işimin tədqiqat obyekti kimi məhz məcburi köçkünlərin məşğulluq imkanlarının yaxşılaşdırılması istiqamətini seçmişəm. Hər dəfə bu sahəni tədqiq etdikcə məcburi köçkünlərin arxasında güclü dövlət dəstəyi olduğunun bir daha şahidi oluram. Son 13 ildə 400 mindən çox məcburi köçkünün yeni iş yerləri ilə təmin olunması da buna bariz nümunədir.
Vəsilə Xəlilova
görülən xeyirxah işlərə görə
bütün məcburi köçkünlər adından
Prezident İlham Əliyevə və birinci xanım Mehriban
Əliyevaya minnətdarlığını bildirdi.
Azərbaycan.-
2017.-31 may.- S.1; 3.