Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsində
mühüm rol oynayır
Azərbaycanın Latviyadakı
səfirliyi 28 May – Respublika
Günü münasibətilə
Latviya paytaxtında təntənəli qəbul
təşkil edib.
Qəbulda Azərbaycan
Milli Məclisinin sədri Oqtay Əsədov, Latviya Seyminin spikeri İnara Murniyetse, yüksək vəzifəli
rəsmi şəxslər,
Seymin deputatları,
XİN-in əməkdaşları, Azərbaycan parlamenti nümayəndə heyətinin
üzvləri, Latviyanın
sabiq prezidenti Valdis Zatlers, bu ölkədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, işgüzar
dairələrin təmsilçiləri,
ictimai-siyasi xadimlər,
Azərbaycan diasporunun
üzvləri, KİV nümayəndələri
iştirak ediblər.
Ümumlatviya Mahnı və Rəqs Bayramının baş dirijoru Xarald Bardzinşin rəhbərliyi ilə orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib.
Tədbirin rəsmi hissəsində Azərbaycanın Latviyadakı
səfiri Cavanşir Axundov çıxış
edib. Səfir tədbir iştirakçılarını
Azərbaycanın dövlət
bayramı - Respublika Günü münasibətilə
təbrik edib və çıxış
üçün Azərbaycan
parlamentinin sədri Oqtay Əsədova söz verib.
Oqtay Əsədov müsəlman
Şərqində ilk demokratik
respublikanın məhz
Azərbaycanda yaradılması
barədə məlumat
verib. O qeyd edib ki, Azərbaycan
Xalq Cümhuriyyəti
xalqımızın demokratik
ənənələrinin əsasını
qoyub, milliyyətindən,
siyasi mövqeyindən
və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlar üçün
bərabər hüquqlar
təmin edib. Spiker diqqətə çatdırıb ki,
1991-ci il oktyabrın 18-də Azərbaycanın
dövlət müstəqilliyi
bərpa edilib. Müstəqilliyin bərpasından
sonrakı ilk illərdə
ölkəmiz Ermənistan
tərəfindən Azərbaycan
ərazilərinin 20 faizinin
işğal edilməsi,
1 milyondan çox həmvətənimizin qaçqın
və məcburi köçkün vəziyyətinə
düşməsi faktları
ilə üzləşib.
Spiker Azərbaycan dövlətinin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq xatırladıb ki, ATƏT-in Minsk qrupu bu münaqişənin tənzimlənməsi üçün yaradılıb. Lakin təəssüf ki, bu qurumun fəaliyyəti gözlənilən nəticələri verməyib. Oqtay Əsədov vurğulayıb ki, heç şübhəsiz, Azərbaycan istənilən yolla bu problemi həll edəcək, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə nail olacaq.
Parlamentin sədri qeyd edib ki, bu gün beynəlxalq arenada nüfuzlu bir dövlət olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz Avropa ölkələri ilə, o cümlədən Latviya ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.
Latviya Seyminin spikeri İnara Murniyetse öz adından və Latviya xalqı adından tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi münasibətilə təbrik edib. İ.Murniyetse vurğulayıb ki, bu gün Latviya və Azərbaycan qürurla deyə bilər: “Biz müstəqil və azad dövlətlərik!”.
Spiker vurğulayıb ki, onun ölkəsi Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan ilə Latviyanı möhkəm dostluq telləri bağlayır. İki ölkə arasında fəal siyasi dialoq aparılır. Latviya Azərbaycan ilə Avropa İttifaqı arasında inkişaf etməkdə olan əlaqələri alqışlayır. Gələn il hər iki ölkə öz müstəqilliyinin 100 illiyini qeyd edəcək. Vətənə məhəbbət hissi bizə öz dövlətçiliyimizi qoruyub saxlamaq üçün güc verir.
Bayram tədbirində orkestr Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, habelə latış və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.
Riqa Klassik Gimnaziyası nəzdində Bazar günü Azərbaycan məktəbinin şagirdləri Azərbaycan haqqında ana dilində şeirlər oxuyublar.
Qonaqlar Azərbaycan milli mətbəxinin ləziz nümunələrini dadıblar.
AZƏRTAC
Azərbaycan.-
2017.-31 may.- S.4.