Avropanın təhsil məkanına inteqrasiya
genişlənir
Litvanın Vilnüs
şəhərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris
Universiteti arasında magistratura
səviyyəsində ikili diplom
razılaşması imzalanıb. Razılaşma UNEC-in magistrlərinə Mikolos Romeris Universitetinin diplomunu əldə etmək imkanı verir. Bu, UNEC-in ikili diplom haqqında razılaşma imzaladığı
Avropa İttifaqına
üzv 4-cü ölkənin
universitetidir.
Cari ilin sentyabr ayından başlayacaq proqrama qəbul olunan magistrlər ilk semestri UNEC-də başa vuraraq, ikinci semestr Mikolos Romeris Universitetində təhsil alacaqlar. Növbəti 3-cü və 4-cü semestr təhsillərini isə yenidən UNEC-də davam etdirəcəklər.
Qeyd olunan ikili diplom proqramı UNEC magistrlərinə UNEC professorları ilə yanaşı Mikolos Romeris Universitetinin professorları ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir. Belə ki, hər iki universitetin professorlarının rəhbərliyi altında magistr dissertasiyalarını uğurla müdafiə edən magistrlərə həm UNEC-in, həm də Mikolos Romeris Universitetinin diplomları təqdim olunacaq.
Səfər zamanı UNEC-in rektoru professor Ədalət Muradov və Mikolos Romeris Universitetinin rektoru professor Algirdas Monkeviçius arasında ikitərəfli əlaqələrin bütün spektrləri haqqında müzakirələr aparılıb. Hər iki rektor əlaqələrin son illər daha da vüsət alaraq yüksələn xətt üzrə inkişaf etməsindən, reallaşdırılan tələbə və müəllim mübadiləsindən məmnunluğunu ifadə edib. Professor Algirdas Monkeviçius UNEC tələbələrinin uğurlu təhsil almalarını vurğulayaraq onların universitetin sosial həyatında fəal iştirak etməsini təqdirəlayiq hesab edib.
Eləcə də proqram üçün seçilən tələbələrə hər iki universitet tərəfindən ölkələrə səfər etmək üçün viza və miqrasiya məsələlərində, yaşayış ünvanlarının müəyyən olunması və bank əməliyyatlarında dəstək göstərilməsi razılaşdırılıb.
Qeyd edək ki, bu sahədə kifayət qədər təcrübəsi olan UNEC son 3 ildə tələbələrə London Universitetinin, London İqtisadiyyat Məktəbinin, Fransanın Montpellier Universitetinin, eyni zamanda İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin diplomlarını almaq imkanı verir.
Azərbaycan.- 2017.-31 may.- S.8.