Bakının musiqili payızı
Paytaxt sakinləri bu dəfə
dünyanın məşhur cazmenlərinin canlı
ifalarını dinlədi
Musiqinin dili digər sənətlərdən fərqlidir. Doğrudur, burada nostalji hislər də az deyil, lakin ümumilikdə götürdükdə, musiqi insana itirdiyi enerjini qaytaran, ruhunu belə müsbət ovqata kökləyən vasitədir. Məhz elə bu keyfiyyətlərinə görə, janrından asılı olmayaraq, hər bir xalqın musiqisi sevilir, dinlənilir və bəzən də “özününküləşdirilir”.
Azərbaycan xalq mahnıları və muğamları dünyanı fəth edir. Nəğmələrimiz müxtəlif xalqların dilində ifa olunur, UNESCO-nun qeyri-maddi irs siyahısına salınır.
Paytaxt Bakı, eləcə də hərtərəfli inkişafı ilə diqqət çəkən respublikamızın regionları da mədəniyyət mərkəzlərinə çevrilib. Bir-birinin ardınca keçirilən teatr, musiqi festivalları artıq ənənə halını alıb.
Bakının builki payızı da musiqili, nəğməli keçir. Oktyabrın 20-də paytaxtda başlayan ənənəvi Beynəlxalq Caz Festivalı bu qəbildən idi. Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı ilə açılış mərasimi “Elektra Events Hall”da keçirilən Beynəlxalq Caz Festivalı oktyabrın 28-dək davam etdi. Bu müddət ərzində caz musiqisi həvəskarları Fransa, ABŞ, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Meksika, Polşa, eləcə də Azərbaycanın tanınmış ifaçı və qruplarının çıxışlarını dinlədilər.
Festivalın proqramı olduqca zəngin idi. Buraya caz
sənətinə dair
ustad dərsləri, seminarlar və film nümayişləri də
daxil edilmişdi.
Tədbir çərçivəsində
oktyabrın 20-də “Landmark”da
iki rəsm sərgisi açıldı
ki, burada şagirdlərin 60-dan çox
yağlı boya, qarışıq texnika, akvarel və batika janrlarında çəkdikləri rəsmlər
nümayiş olundu. Əsasən
caz janrının görünən və görünməyən tərəflərinə,
məşhur cazmenlərin
portretlərinə həsr
edilmiş sərgi tamaşaçılarda xoş
təəssürat yaratdı.
Festivalın proqramı
uşaq caz konsertləri, kino-caz günləri, caz sənətinə həsr
olunan ustad dərsləri, seminarlar və film nümayişi ilə yadda qaldı. Oktyabrın 21-də festival çərçivəsində
Almaniyanın “Siminoloc”
caz kvartetinin iştirakı ilə ustad dərsləri təşkil edildi. Oktyabrın
23-də isə “Landmark”da
məşhur vokalçılardan
olan Təranə Mahmudova və Elbəy Məmmədzadənin
konserti keçirildi.
Həmin
caz axşamında Təranə Mahmudovanı
pianoda Elbəy Məmmədzadə, bass-gitarada
Levan Deisadze, zərb alətlərində
Zaza Tsertsvadze müşayiət etdilər.
Həmin gün “YARAT”
Müasir İncəsənət
Mərkəzində də
caz musiqisindən ibarət konsert verildi. “Ukraynanın parlaq
uşaqları” ictimai
təşkilatı və
Ukraynanın Azərbaycandakı
səfirliyinin təşkilatçılığı
ilə gerçəkləşən
konsertdə milli koloritli mahnılarla yanaşı, məşhur
caz hitləri də ifa olundu.
Konsert çərçivəsində belaruslu Maşa Yermakova isə “Oops” mahnısını səsləndirdi.
Oktyabrın 23-də “Rotunda” caz klubunda əvvəlcə
norveçli cazmen, saksafonçu Bendik Hofsethin kvarteti, sonra isə Polşadan Artur Dutkieviçin triosu konsert verdi.
Konsert görkəmli caz ifaçısı, xalq artisti Rafiq Babayevin
xatirəsinə həsr
olunmuşdu. Tədbirdə “Azəri Jazz” musiqi qrupu da sənətsevərlərin
görüşünə gəlmişdi.
Oktyabrın 28-dək davam edən festivalın əsas qonaqları arasında dünya şöhrətli
fransız akkordeonçu
Rişar Qalyano da var idi.
Festivalda “Kennedy Administreyşn”
(ABŞ) qrupu, Bob Stenson
(İsveç), Mixael
Bortslava (Niderland), Omri Mor (İsrail),
Ondera Forca (Türkiyə), Bendik Xofset (Norveç), Edmar Kastaneda (Kolumbiya), Pako Penteria (Meksika), Artur Dutkeviç (Polşa) və başqa tanınmış
cazmenlər, habelə
Azərbaycanın caz ifaçıları iştirak
edirdilər.
Bakı Beynəlxalq Caz Festivalı ərəfəsində
ənənəvi olaraq
gənc ifaçılar
arasında “I am Jazzman” adlı
beynəlxalq müsabiqə
də təşkil edildi. Oktyabrın 21-də Beynəlxalq
Muğam Mərkəzində
“I am Jazzman” müsabiqəsinin qala konserti və
qaliblərin mükafatlandırılma
mərasimi keçirildi.
Azərbaycan, Koreya, Özbəkistan, İtaliya,
Rusiya və Ukraynadan olan gənc ifaçılar klassik və müasir caz musiqi nömrələrini
təqdim etdilər. Müsabiqədə caz nominasiyası
üzrə I, II və
III yerlərə müvafiq
olaraq Le Seat Nair, Anastasiya
Budakova, Cəmilə Nəsirzadə layiq görüldü. İnstrumental nominasiyada isə Maksim Medvedev və Nurlan Abdullayev I, Məhəmməd Məhəmmədli
II, Yulya Perminova isə III yerləri tutdular.
2002-ci ildən başlayaraq Bakıda hər il
müxtəlif təşkilatlar
tərəfindən festivallar
keçirilir, dünya
caz musiqisinin təmsilçiləri azərbaycanlı
ifaçılarla bir səhnəni bölüşürlər.
2009-cu ildən isə Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
təşkil edilir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2017.-1 noyabr.- S.8.