İlham Əliyevin “Dəmir İpək Yolu”
layihəsi Türkiyənin əsas gündəm mövzusuna çevrildi
Bütün türk
mediası Azərbaycanın təşəbbüsü ilə
gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
açılışını manşet
xəbəri kimi təqdim etdi
“Dəmir İpək Yolu” kimi artıq adı tarixə həkk olunan Bakı-Tbilisi-Qars layihəsi işə düşməklə Avropa və Asiya arasında yeni bir körpü yaradıb.
İştirakçı ölkələrin, xüsusən də Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi hesabına ərsəyə gələn bu dəmir yolu xətti kifayət qədər böyük bir coğrafiyada ticarət əlaqələrini daha da sərfəli edəcəkdir. Eyni zamanda onu ərsəyə gətirən ölkələrə, ilk növbədə də Azərbaycana beynəlxalq tranzit ölkə statusu qazandıracaqdır. Yükdaşımalardakı intensivliyi əhəmiyyətli dərəcədə artıracaq bu dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, həm də İpək yolu üzərində Asiya və Avropanı birləşdirən bütün ölkələrin nəqliyyat-tranzit əməkdaşlığının inkişafına təkan verəcək irimiqyaslı layihə sayılır.
“Hürriyət”:
BTQ 14 ölkəni bir-birinə bağladı
Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Türkiyə mediasının əsas gündəm xəbəri olub. Əsrin ən böyük layihəsi Türkiyənin bir neçə yüz minlik tirajlı qəzetlərinin əsas manşet mövzusuna çevrilib. Baxış sayı milyona çatan internet portalları, sosial şəbəkədəki səhifələr açılış mərasimini anbaan yeniləyərək oxuculara çatdırıblar. Teleşirkətlər isə həmin tarixi hadisəni canlı yayımlar vasitəsilə izləyicilərə göstəriblər. Hətta əyalət mediasında da bu hadisə günün ən aktual mövzusu kimi gündəmi zəbt edib. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:
Türkiyənin ən çox oxunan qəzetlərindən “Hürriyət” tarixin möhtəşəm hadisəsini oxuculara “Tarixi an” başlıqlı xəbərlə çatdırıb. Qeyd edilib ki, 5 lider Londondan Çinə 14 ölkəni bir-birinə bağlayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə çivləri vurdular. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə yer ayıran qəzetdə yazılıb: “Gələcək üçün çox önəmli addımlar atılır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti 1 milyon sərnişin və 6,5 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Bu dəmir yolu xəttinin daşıma imkanları 2034-cü ildə isə 3 milyon sərnişin, 17 milyon ton yükə çatacaq. Təbii ki, bu, yükdaşımalarda xərcləri ciddi şəkildə azaldacaq”.
“Milliyyət”:
İllərdir böyük həyəcanla
gözlənilən gün
Türkiyənin digər nəşri “Milliyyət” qəzəti isə “Əsrin layihəsi” başlıqlı xəbərə yer ayırıb. Bildirilib ki, Bakıda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi ilə bağlı açılış mərasimi keçirildi: “İllərdir böyük həyəcanla və səbirsizliklə gözlənilən gün gəlib çatdı. Nəhayət, ilk qatar Bakıdan Qarsa yola düşdü. BTQ dəmir yolu xəttilə ilkin olaraq 1 milyon sərnişin, 6,5 milyon ton yük, gələcəkdə isə təxminən 3 milyon sərnişin, 17 milyon ton yükdaşınması nəzərdə tutulur”.
“Axşam”:
Firavanlığa ilk səfər
“Axşam” qəzetinin “Firavanlığa ilk səfər” başlıqlı xəbərində isə yazılır ki, Dəmir İpək Yolu xəttinin ilk rəsmi qatarı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş nazir Giorgi Kvirikaşvili, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev və Özbəkistanın Baş naziri Abdulla Aripovun iştirakı ilə Bakıda keçirilən açılış mərasimindən sonra yola düşdü. Bildirilib ki, BTQ dəmir yolu xətti Şərq-Qərb enerji-nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla, beynəlxalq birlik tərəfindən ali məqsəd kimi region üçün bəyan edilmiş davamlı iqtisadi artıma və rifahın yüksəldilməsinə yol açacaq.
Xəbərdə BTQ-nin yaranma tarixinə də nəzər yetirilir. Bildirilir ki, BTQ dəmir yolu bağlantısı layihəsi ilə bağlı danışıqlara hələ 1993-cü ilin iyulunda Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılmışdı. Lakin ondan sonrakı 11 ildə bu sahədə heç bir irəliləyiş olmayıb: “Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin iyununda Tbilisidə rəsmi səfərdə olarkən Gürcüstanın ovaxtkı Prezidenti Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirib. Nəhayət, həmin tarixi hadisə 30 oktyabr 2017-ci ildə gerçəkliyə çevrildi”.
“Habertürk”:
İpək körpü
“Habertürk” qəzeti də əsrin layihəsini oxuculara “İpək körpü” başlıqlı xəbərlə təqdim edib. Prezident İlham Əliyevin fikirlərinə yer verən qəzetdə qeyd olunub ki, dəmir yolu xətti ilə bağlı ilkin mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi ilə yanaşı, qarşılıqlı sərmayə qoyuluşu da artacaq, bu yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlıq dərinləşəcək.
“Yeni Şəfəq”:
Yüzillik səfər
“Yeni Şəfəq” qəzeti də “Yüzillik səfər” başlığı altında verilən xəbərdə qeyd edilib ki, dəmir yolu xəttilə ilkin mərhələdə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşınacaq: “Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Ölkələr arasındakı ticarət dövriyyəsi ilə yanaşı, qarşılıqlı sərmayə qoyuluşu da artacaq, bu yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlıq dərinləşəcək”.
“Türkiyə” qəzeti də açılış mərasimini manşetində “Yeni dünya dəmir yolu xətti” başlıqlı xəbərlə verib. Prezident İlham Əliyev və R.Ərdoğanın fikirlərinə geniş yer ayıran müəllif bildirib ki, bu layihə sayəsində Çindən gələn yük Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sayəsində “Orta dəhliz” vasitəsilə 12-15 gündə Avropa İttifaqı ölkələrinə çatacaq.
“Sabah”:
Üç ölkə, tək ürək, ortaq nailiyyət
“Sabah” qəzeti də BTQ-nin açılış mərasimini oxuculara “Üç ölkə, tək ürək, ortaq nailiyyət” başlıqlı xəbərlə çatdırıb. Bildirilib ki, “Budur, tarixi an: Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatar belə hərəkət etdi”: “Dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar. Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salındı. Dövlət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşdülər”.
“Star”:
Şərqdən Qərbə mədəniyyət körpüsü
“Star” qəzeti də BTQ-nin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına yer ayırıb. “Şərqdən Qərbə doğru uzanan mədəniyyət körpüsü” başlıqlı xəbərdə qeyd olunur ki, ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.
Türkiyənin rəsmi “Anadolu” Xəbər Agentliyinin xəbərində qeyd olunur ki, BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. 2030-cu ildə isə təxminən 30 milyon sərnişin daşıya biləcəyi proqnozlaşdırılır.
“TRT”:
Səfər 62 gündən 15 günə enəcək
Məşhur “TRT Haber” kanalının “Bakı-Tbilisi-Qars dəmir yolu açıldı” başlıqlı xəbərində deyilir ki, Çindən İngiltərə, Fransa, Almaniya kimi Avropa ölkələrinə yükdaşıma müddəti təxminən BTQ-nin istifadəyə başlaması ilə 45-62 gündən 12-15 günə enəcək. Bu o deməkdir ki, Çin tərəfindən Avropaya göndərilən yüklər BTQ xətti ilə birlikdə əvvəlki dövrdəki müddətin dörddə biri qədər vaxt ərzində həmin ünvana çatmış olacaq.
“Ahaber” kanalının “Bakı-Tbilisi-Qars dəmir yolu səfərlərinə başlanıldı” başlıqlı xəbərdə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının ölkələr üçün əhəmiyyətinə diqqət çəkərək bunun böyük məsuliyyətindən, missiyalarından geniş şəkildə bəhs edir: “Bakı-Tbilisi-Qars dəmir yolu xəttində ilk qatar yola düşdü. Bununla, artıq Londondan Çinə qədər Orta dəhliz vasitəsilə birbaşa dəmir yolu əlaqəsi yaradıldığı elan edildi”.
NTV:
Ortaq uğur
“NTV” kanalında da Prezident R.Ərdoğanın “Bu layihə hamımızın ortaq uğurudur” başlıqlı xəbərə yer ayrılıb. Qeyd edilib ki, BTQ iqtisadi üstünlükləri ilə yanaşı, siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracaq, yük və sərnişin axını ilə bərabər, məlumat axını ilə də ölkələrin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcək.
Türkiyənin daha bir məşhur kanalı “Habertürk” də “Bakı-Tbilisi-Qars dəmir yolu xətti açıldı” başlıqlı xəbər yayımlayıb. Vurğulanır ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək: “Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır”.
“Doğan Xəbər Agentliyi”, “TRT Avaz”, “TGRT” telekanalları, “Karar”, “Təqvim”, “Milliqazete”, “Akit” qəzetləri, “haberler.com”, “sanalbasin.com”, “yurtgazetesi.com.tr”, “habersitesi.com”, “kanal5.com.tr” “Aydinlik.com.tr”, “t24.com.tr”, “timeturk.com”, “gercekgundem.com”, “internethaber.com” agentlikləri və digər media orqanları da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi ilə bağlı xəbərə geniş yer ayırıb, səslənən fikirləri diqqətə çatdırıblar.
Beləliklə, Azərbaycan bu layihəni istismara verməklə mühüm logistik mərkəzlərdən birinə çevrilir, eyni zamanda, öz tranzit imkanlarını daha da artırır. Bu da öz növbəsində, ölkəmizin beynəlxalq müstəvidə iqtisadi əlaqələrinin səmərəliliyini daha da yüksəldəcək, onun tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.
Elçin CƏFƏROV
Azərbaycan.-
2017.-1 noyabr.- S.1; 5.